• cümə axşamı, 28 mart, 23:57
  • Baku Bakı 13°C

«İran rəsmilərini müdrikliyə çağırıram»

14.11.13 08:49 1796
«İran rəsmilərini müdrikliyə çağırıram»
AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli «Kaspi»yə müsahibəsində son vaxtlar İran-Azərbaycan sərhəd keçid məntəqəsində yaranmış gərginliklə bağlı məsələlərə münasibət bildirib. O, Naxçıvandan Azərbaycan parlamentinə seçilmiş millət vəkili kimi bu gərginliyin Muxtar Respublikanın sosial-iqtisadi vəziyyətinə təsirindən söz açıb.
- İsa müəllim, Azərbaycan-İran münasibətlərinin ümumi inkişaf səviyyəsi haqqında sizin fikriniz?
- Azərbaycanın regionda ən böyük sərhəd qonşusu İran İslam Respublikasıdır. Azərbaycanla İran arasında tarixi bir sabit qonşuluq ənənəsi formalaşıb. Azərbaycan-İran İslam Respublikası münasibətləri bütün sahələr üzrə inkişaf etməkdədir. Azərbaycan həmişə İranın timsalında etibarlı qonşu və dost bir ölkə görmək istəyib. Azərbaycan və İran qarşılıqlı əməkdaşlıq üçün də normal bir inkişaf prosesi yaşayıb. Qarşılıqlı əməkdaşlıq hər iki tərəfə inkişaf gətirib. Bütün bunlar Azərbaycan-İran İslam Respublikası əlaqələrində irəliyə doğru inkişafa nikbin şəkildə baxmağa əsas verir.
- Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələr barədə nə deyə bilərsiniz?
- İllərdən bəri ağır blokada şəraitində yaşamağa məcbur edilmiş Naxçıvan Muxtar Respublikası çətin məqamlarda İran tərəfindən həmişə dəstək görmüşdür. Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, mədəni, elmi və ticarət istiqamətlərində mühüm nəticələr əldə olunub. Bunlar təkcə tarixi faktlar deyil, günümüzün reallıqlarıdır. Naxçıvan Muxtar Respublikası daima İran İslam Respublikası ilə əlaqələrə məsuliyyətlə yanaşıb.
- Sizin fikrinizcə, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında bu günlərdə yaranan anlaşılmazlığın səbəbi nədən ibarətdir?
- Mən də belə düşünürəm ki, çoxillik və normal Naxçıvan-İran münasibətlərinin inkişaf etdiyi bir dövrdə son günlərdə baş verən hadisələr həqiqətən də anlaşılmazdır. Mənim müşahidəmə görə, Naxçıvan tərəfi heç vaxt iki region arasında sərt, radikal, inadkar münasibətin tərəfdarı olmamışdır. Naxçıvan Muxtar Respublikasına aid olan Şahtaxtı, Culfa gömrük məntəqələri qarşı tərəf üçün tam açıqdır. Naxçıvan gömrük məntəqələrindən İranın da, Türkiyənin də maşınları asanlıqla, rahat keçib getmək və geri dönmək imkanına malikdir. Ancaq İran tərəfi vəd etməsinə baxmayaraq, artıq altıncı gündür ki, özünün gömrük qapılarını bağlı saxlamaqda davam edir. Biləsuvar-Culfa yolu Naxçıvan üçün hələ də qapalı olaraq qalır. Doğrudur, son günlərdə sərnişinlərin hərəkəti üçün müəyyən şərait yaranıb. Ancaq Bakıdan Naxçıvana göndərilən ərzaq və yük maşınları bir həftəyə yaxındır ki, İran tərəfdən bu taya keçə bilmir. Biləsuvarda və İran Culfasında çoxlu sayda yük maşınları yığılıb qalıb. Bu, Naxçıvanın inkişafına, əhalinin tələbatlarının ödənilməsinə mənfi təsir göstərir. Belə hesab edirəm ki, İranın Naxçıvana münasibəti heç cür Ermənistanın münasibətləri ilə eyniləşməməlidir. Müsəlmanlar üçün xüsusi həmrəylik ifadə olunduğu indiki günlərində Naxçıvanda yaşayan din qardaşlarını bu qədər çətin vəziyyətdə saxlamaq məntiqə sığmayan hadisələrdir. Hesab edirəm ki, mövcud gərginlik İranın siyasətinə də uyğun gəlmir. Bəlkə də İran-Naxçıvan münasibətlərini gərginləşdirməkdə maraqlı olan bəzi qruplar və ya şəxslər qəsdən məsələni bu qədər uzadırlar ki, çoxillik dostluğa və əməkdaşlığa xələl gəlsin. Buna baxmayaraq, Naxçıvan öz etibarını və mövqeyini qoruyub-saxlamaqdadır.
Mən Naxçıvandan Azərbaycan parlamentinə seçilmiş bir deputat kimi və bir elm adamı olaraq İran İslam Respublikasının rəsmilərinə müraciət edirəm: gömrük qapıları təcili şəkildə açılmalı, həmişəki normal münasibətlər bərpa olunmalıdır.
Gömrük qapılarının bu qədər bağlı saxlanılması nəqliyyat, tranzit əlaqə qanunları baxımından da beynəlxalq hüquq qaydaları ilə uyğun gəlmir. Proseslərin uzadılması və gərginləşdirilməsi heç bir tərəf üçün faydalı deyildir. Nəzərə almaq lazımdır ki, biz bir illik yox, həmişəlik, ömürlük qonşuyuq. Dostluqda, əməkdaşlıqda, qonşuluqda qarşıdurmalar deyil, müdriklik qalib gələndə inkişaf olur. Qonşuluq münasibətlərində İranla Naxçıvan arasında həmişə ortaq tarazlıq qorunub saxlanılmışdır. Mən İran tərəfdən bu məsələ ilə məsul olan rəsmiləri müdrikliyə çağırıram. İtirilən vaxt heç bir tərəf üçün qazanc gətirmir. Əməkdaşlıq körpülərini bərpa etməyə və daha da möhkəmləndirməyə ehtiyac vardır.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər