AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“İran parçalanmış millətlər həbsxanasıdır”

“İran parçalanmış millətlər həbsxanasıdır”

Müsahibə
12 Aprel 2013, 09:41 2097
Ərdəbildən olan deputat Kəmaləddin Pirmoazzənin İran parlamentarilərinin “Türkmənçay müqaviləsi”nə yenidən baxması, Azərbaycan ərazilərinin İrana birləşdirməsini nəzərdə tutan qanun layihəsi üzərində işlərin getməsi barədə açıqlamaları, həmçinin İran cəmiyyətində ölkəmizin ünvanına səsləndirilən təhdid dolu fikirlər, ərazi iddiası, rəsmi Tehranın belə məsələlərə yanaşma tərzi və sairlə bağlı “Kaspi”nin suallarını Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan cavablandırır.

- İran parlamentində “Türkmənçay müqaviləsi”nə yenidən baxılması ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılmasına münasibətiniz necədir?

- Əslinə qalsa bu, heç bir hüquqi əsası olmayan bir iddiadır. Əksinə, Azərbaycan beynəlxalq subyektdir və bu, Azərbaycana qarşı təhdiddir. Eyni zamanda, İran parlamentində belə bir fikrin səslənməsi beynəlxalq hüquq normalarının pozulmasıdır. Çünki varislik məsələsi var. Ötən illərdən bəri nə indiki иslam respublikası o dövrün varisidir, nə də indiki Rusiya Federasiyası. Demək olar ki, çar Rusiyasının indiki varisi elə də ciddi varis sayılmaz. Hər iki dünya dəyişibdir, hər iki dövlət daha modern çağdaş dünya siyasətilə idarə olunur. O vaxt beynəlxalq hüquq normaları bu şəkildə deyildi. Ona görə də dünya dəyişdiyindən, dünya siyasəti dəyişdiyindən, beynəlxalq hüquq olduğundan Ərdəbil şəhərindən olan deputatların çıxışı yersizdir. Daha çox ağasına yarınmaqdır. Ağası da panfarsizm ideologiyası və bu ideologiyanı yürüdənlərdir. Kəmaləddin Pirmoazzən kimi deputatlar indiyə qədər dünya Azərbaycan türklərinin milli mədəni haqları ilə bağlı bir cümlə, bir ifadə belə işlətməyiblər. Məsələn, Qaradağda ötən ilin avqustunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı heç bir fikir söyləmədilər. İllər uzunudur İrandakı azərbaycanlıların ana dilində təhsil almaq haqqının tanınması, Urmiya gölünün qurudulmasının qarşısının alınması barədə ölkə parlamentində hər hansı bir fikir söyləməyiblər. Çoxsaylı bu kimi faktları söyləmək olar. Odur ki, bu deputatlar paniranizm və panfarsizm ideologiyasına xidmət edən qulbeçələrdir. Mahmud Kaşqarinin belə bir söz var: “Özgə məhəlləsindən öz məhəlləsinə hürən tülkü”. Yəni, bu deputatcıqlar öz ayranına turş deyənlər dəstəsindəndir. Bunları başqa şəkildə heç cürə adlandırmaq olmaz.

- Rəsmi Tehran bu məsələni gündəmə gətirməklə nə demək istəyir?

- İstər Gülüstan, istərsə də Türkmənçay müqavilələri Abbas Mirzə tərəfindən imzalanıb. Abbas Mirzə də Qacar dövlətinin vəliəhdi olub. O vaxt çar Rusiyası da var idi. Üstəgəl o zaman Qacar dövləti böyük bir ərazilərdən, o cümlədən indiki Gürcüstan, Ermənistan, eləcə də Orta Asiyadakı böyük bir ərazidən imtina etdi. Rusiyaya müəyyən mənada təslim oldu. İndiki dövrdə bu bir tarixdir. Dünyada sonsuz sayda o sayaq müqavilələr olub. O müqavilələrin heç birinin indiki dövrdə heç bir hüquqi əsası yoxdur. Belə olan halda İran hakimiyyəti bununla nə etmək istəyir? Bəllidir ki, Güney Azərbaycanda illər uzunu, az qala 150 ilə yaxındır ki, milli mədəni haqq uğrunda bir mücadilə gedir. Bu mücadilənin aşağı-yuxarı çeşidli nailiyyətləri də olub. Səttarxan dövründə başlayan hərəkat Konstuitisiyalı Monarxiya çıxardı ortaya, İranın inkişafına təkan verdi. Şeyx Məhəmməd Xiyabanı hərəkatı İrana Demokratiya, Azərbaycana muxtariyyət, yəni Azərbaycan türklərinin milli haqlarının təmin olunması mərhələsi idi. 1945-46-cı ildə mövcud olmuş Azərbaycan milli hökuməti yenə də orda Azərbaycan türklərinin haqqının təmin olunması, hətta 1946-cı ilin yanvarında Seyid Cəfər Pişəvərinin BMT-yə müraciəti ilə tamamlandı. Həmin müraciətdə Azərbaycanın milli-müqəddəratının təmin edilməsi hüququnun tanınması istənilirdi.

1979-cu il inqilabında ися Təbriz televiziyasının tutulması, Azərbaycan türklərinin öz milli haqlarının istəməsi ися xalq-müsəlman hərəkatı иди. Deməli, İranda milli məsələ həmişə olubdur və azından 100 ildir var. Bu 100 il ərzində İranın ana yasasında olan 15-ci maddə də icra olunmayıb. O maddə nədir? Bu maddədə məhəlli dillərdə qəzet, jurnal, məktəblərin açılması nəzərdə tutulur. Yaxud başqa bir maddə var. İran ana yasasında Ədalət əncümənlərinin qurulması məsələsi var. Bu nə deməkdir? Bilirik ki, Şərqi, Qərbi Azərbaycan, Ərdəbil əyalətləri var. Bu bölgələrdə əyalət parlamentinin qurulması məsələsi var. Bu da icra olunmur.

İqtisadi sahədə isə İrandakı sərvətlərin bərabər səviyyədə paylanması məsələsi var. Bu məsələdə də Güney Azərbaycanın iqtisadiyyatına sərmayənin qoyulması və sairядя bərabərlik gözlənilmir. İsfahan, Şiraz, Diyəz və sair kimi farsların çox olduğu ərazilərə sərmayələr qoyulur, Güney Azərbaycan ərazilərində isə bu məsələlərə diqqət yönəlmir. İran hakimiyyəti indi nə etmək istəyir? İran hakimiyyəti dünyaya car çəkmək istəyir ki, guya İranda milli haqları istəyənlər içəridən deyil, xaricdən dəstəklənirlər və içəridə belə bir problem yoxdur. Amma hadisələrin gedişatı onu göstərir ki, zaman-zaman İranda hakimiyyətə gələn çeşidli rejimlər bu cür düşünən insanları məhv etsə, həbs etsə, ölkədən sürgün etsə də, o istəklər gerçəkləşmədiyindən, ödənilmədiyindən bu günə qədər Güney Azərbaycan türkü öz milli haqqı uğrunda mücadilə edir. Bu mücadilədə haqlı olaraq dünya ictimaiyyətinin dəstəyini istəyir. Dünya ictimaiyyətinə İranın necə bir faşist və şovinist bir dövlət olduğunu dünyaya göstərmək istəyir. Bu dövlət parçalanmış millətlər həbsxanasıdır. Yəni burada fars olmayan bütün etnik qrupların milli haqqı tapdanır, eyni zamanda dini azlıqların milli haqları tapdanır. Burda yeganə istisna bir hal var, o da ermənilərdir. Ermənilərin nə dini haqqı, nə mili haqqı tapdanmır. Burada haqqı təmin olunan iki etnik qrup var. Biri farslar, biri də dini azlıq sayılan ermənilərdir. Bunlardan başqa bütün istisnasız olaraq ərəblərin, kürdlərin, türkmənlərin və başqa etnik qrupların milli-mədəni haqları tapdanır.

- “Türkmənçay müqaviləsi”nə yenidən baxılması İran və Azərbaycan üçün nə vəd edir?

- Nə “Türkmənçay müqaviləsi”nin hüquqi əsası var, nə də “Gülüstan müqaviləsi”nin. Bunlar boş şeylərdir. Bu, bir tarixdir. Tarixdə sonsuz sayda bu tip müqavilələr olub. Bir zamanlar Hindistan, Çin, Pakistan, Əfqanıstan, Orta Asiya da türklərin çeşidli sülalərinin bayrağı altında olub.

- Sözügedən qanun layihəsindən irəli gələrək, İran tərəfinin Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi nə dərəcədə düzgündür?

- O iddia elə iddia olaraq qalacaq. Həmin deputatlar da kimə qulluq etdiklərini göstərdilər. Bəlli oldu ki, İran parlamentində Güney Azərbaycan türkünün haqlı, təbii, qanuni haqqını müdafiə edəcək, onu tələb edəcək kimsə yoxdur. Bu həm də onu göstərdi ki, nə Güney, nə Quzey Azərbaycanın İran parlamentində, hakimiyyətində sevəni yoxdur.

- İndiki şəraitdə “Türkmənçay müqaviləsi”nin ləğvi, Şimali və Cənubi Azərbaycanın birləşərək vahid dövlətə çevrilməsi nə dərəcədə realdır? Hüquqi baxımdan bu mümkündürmü?

- Bunların hamısı bir vaxtın, zamanın öhdəsində olası bir məsələlərdir. Son yüz ildə dünyada çoxsaylı dövlətlər əmələ gəlib. Bu dövlətlər müstəmləkədən çıxıblar. Afrikada əyninə paltar geyinməyən millətlərin, tayfaların dövlətləri olub. Hindistan ərazisində çoxlu sayda dövlətlər ortalığa çıxıb. Latın Amerikasında da eləcə. Dünyada millətləşmə prosesi sürətləndikcə, Güney Azərbaycan türklərinin də öz milli haqlarının təmin olunması istiqamətində müəyyən məsələlər gerçəkləşəcək. Bu istisnasızdır, bunun qarşısını heç nə ilə almaq mümkün deyil. Çünki Güney Azərbaycanda artıq insanlar Tehranın onlara münasibətinin necə olduğunu dəfələrlə sübuta yetiriblər. Adicə Təbrizin “Traktor” futbol klubu oynayanda, udanda ona qarşı oynayan klubların oyunçularının Təbriz klubunun azarkeşlərinə, tərəfkeşlərinə münasibətini götürün. Bu İran İslam Respublikası hakimiyyətinin ideoloji təbliğatının göstəricisidir. Qulağını uzadıb öz qulağını millətə göstərən futbolçu kimdir? İslam Respublikasının yetişdirdiyi İran vətəndaşıdır. O, panfarsizm ideologiyasının daşıyıcısı, təbliğatçısıdır bu hərəkəti ilə. Ona görə Güney Azərbaycan insanı bütövlükdə Urmiya gölünün qurudulmasında, Qaradağ zəlzələsində İran hakimiyyətinin münasibətini gördü. İki gün öncə İranın Buşəhr əyalətində zəlzələ baş verdi. Zəlzələ baş verən andan başlayaraq İranda 3 günlük matəm elan olundu. Amma 2012-ci ilin avqustunda Qaradağda ondan da betər zəlzələ baş verdi İran hakimiyyəti ona 3 gün sonra reaksiya verdi. Hətta ölkənin rəsmi televiziya xəbərləri bu məsələni işıqlandırmadı 2 gün ərzində. Bax, bu, münasibətdir. Bu münasibəti görən Güney Azərbaycan insanı nə etməlidir? Deməli, öz milli haqqını istəməlidir. Öz milli haqqını istəyəndə də dünyaya car çəkir ki, ay dünya mən 35 milyonam və 35 milyon bir toplumun, bir cəmiyyətin, bir əhalinin nə dil haqqı təmin olunur, nə mili-mədəni haqqı, nə də hər hansı bir siyasi-iqtisadi haqqı. Biz nə etməliyik? Bax, bu neyləmək uğrunda da Güney Azərbaycan türkü öz mücadiləsini davam etdirməkdədir.

- Azərbaycan İranın bu cür təhdidlərindən müdafiə olunmaq üçün hansı addımları ata bilər?

- Azərbaycan Respublikası bir dövlətdir və öz dövlət maraqları istiqamətində fəaliyyət göstərir. Azərbaycan Qərbə, Avropaya inteqrasiya, NATO ilə əməkdaşlığın sürətləndirilməsi, Avropa Cəmiyyətinin üzvü olmaq xəttini seçib. Heç şübhəsiz bu istiqamətdə öz addımlarını atmalıdır. Çünki o istiqamətdə mücadilə etməsə, addımlarını davam etdirməsə, Tehran hakimiyyəti Azərbaycana qarşı təzyiqlərini daha da artıracaq. Yəni, müttəfiqini müəyyən edib Azərbaycan da o müttəfiqi ilə bir sırada olmalıdır. Bu sırada olduğu sürəcdə də beynəlxalq ictimaiyyətin İran hakimiyyətinə qarşı təhdidləri, təzyiqləri qarşısında öz təhlükəsizliyinin təmin olunmasını istəməlidir.

Rufik İSMAYILOV