• cümə axşamı, 28 mart, 14:40
  • Baku Bakı 16°C

“İran əslində, Ermənistan üçün narahat olub”

22.12.16 11:00 2298
“İran əslində, Ermənistan üçün narahat olub”
Dekabrın 21-də İran prezidenti Həsən Ruhaninin Ermənistana rəsmi səfəri baş tutub. Buna münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyi səfərin İranın öz daxili işi olduğunu qeyd edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-nın sorğusuna cavabında deyib ki, İran müstəqil dövlətdir və bu səfər İran hökumətinin öz qərarıdır: "Azərbaycan-İran münasibətlərinin təməl prinsiplərindən biri də ölkələrin bir-birinin daxili işlərinə qarışmamasıdır. Amma nəzərə almaq lazımdır ki, Ermənistan regionda destruktiv siyasət yürüdən, qonşu dövlətlərə ərazi iddiaları irəli sürən, Azərbaycana qarşı təcavüz və işğal törətmiş dövlətdir. Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində törətdiyi qanlı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşamaq məcburiyyətindədir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrini, o cümlədən İslam dininə aid ibadət ocaqlarını, məscidləri talan və məhv etmiş, təhqir obyektinə çevirmiş ölkədir”.

Mövzu ilə bağlı fikirlərini "Kaspi” ilə bölüşən millət vəkili Asim Mollazadənin sözlərinə görə, İran parlamentinin deputatı da bildirib ki, "bir millət - iki dövlət” sistemi çərçivəsində fəaliyyət göstərirlər: "Ermənistana istər iqtisadi, istər enerji, istərsə də başqa sahələrdə ən böyük dəstək verən ölkə məhz İrandır. İsrail baş nazirinin səfəri ilə bağlı İran tərəfindən nümayiş olunan narazılıq məhz Ermənistana görə olan narazılıqdır. İran tərəfi çox narahat idi ki, Azərbaycan silahlı qüvvələri İsraillə əməkdaşlıq nəticəsində müasir silahlarla təmin oluna bilər və nəticədə Ermənistan əziyyət çəkmiş olar. Yəni etirazlarının səbəbi sırf bu faktdır, Ermənistanı düşünürlər. Bir məsələni də nəzərə çatdırım. Ruhani Qazaxıstana getmişdi. İsrail baş naziri Netanyahunun Azərbaycandan sonra Qazaxıstana səfəri olmuşdu. Qazaxıstanın İsraildə səfirliyi var və münasibətlər yüksək səviyyədədir. Amma Ruhani heç vaxt bu məsələlər ətrafında Qazaxıstana narazılıq etməyib. Bu kimi faktlar bir daha sübut edir ki, İran sadəcə, Ermənistan üçün narahat olur. Əsas məqsədləri Ermənistanı qorumaq, ona dəstək verməkdir. İsrail-Azərbaycan münasibətlərinin işğalçılar üçün təhlükə törədə biləcəyindən narahatdırlar. Sırf bu məqamlar üçün etiraz edirlər”.

Millət vəkili Elşən Musayev isə İran prezidentinin Ermənistana səfərinin heç bir işgüzar xarakter daşımadığını bildirdi. Qeyd etdi ki, bu, İsrailin baş naziri Netanyahunun Azərbaycana gəlişinə cavabdır: "Həm də çox məntiqsiz cavab. Guya hiddətləniblər və indi də qarşılıqlı jest edirlər. Fəqət, lüzumsuz yerə. Çünki, ortalıqda yetərincə motiv fərqi var. Birincisi, Ermənistan işğalçı dövlətdir. Onu Azərbaycanla eyniləşdirmək olmaz. İkincisi, İsrailin uzaqdan-uzağa bizlərə verdiyi dəstəyi İran qonşu olaraq verməyib. Elə ən azından, aprel döyüşləri ərəfəsində və sonrasında sərgilənən mövqe İsrailin haqq tərəfində olduğunu göstərdi. Və nəhayət - Azərbaycan tərəfi acıq çıxmaq, İranı qıcıqlandırmaq istəsə, bunu başqa yollarla da edərdi. Amma bunu heç zaman etməyib. Çünki qonşulara qarşı hər zaman dürüst olub, qonşu marağını kimsəyə satmayıb, qonşu mənafeyinin əksinə getməyib. İran unutmasın ki, zamanında Azərbaycan ABŞ-ın İrana giriş üçün tranzit ərazi xahişinə müsbət cavab versəydi, əsl fəlakət bax, onda olardı. İran anlasın ki, Azərbaycanda inanclıların əksəriyyəti müsəlmandır. Xristianın xristianı necə qoruduğu, qeydinə qaldığı, ayağını vermədiyi dönəmdə, həm də din acısından, bu səfəri etmək heç bir məntiq yükü daşımır”.

Millət vəkili Fazil Mustafa İran siyasətinin onun gerçək islam dövləti olmadığının sübutu kimi qiymətləndirir: "İslam prinsipləri ilə idarə olunduğunu iddia edən bir ölkə hər hansı dövlətə münasibətdə müəyyən dərəcədə islam prinsiplərindən kənara çıxmamalıdır. Amma İranın Ermənistanla münasibətləri istisnadır. İranın bu siyasəti onun gerçək bir islam dövləti olmadığının sübutudur. Çünki hər hansı bir şəkildə müsəlman torpaqlarını qəsb etmiş bir dövlətlə qəsbkar kimi davranmaq zorunda olan bir ölkə tamamilə başqa prinsiplərlə davranır. Ona görə də İranın Ermənistana maddi, iqtisadi, siyasi - hər cür dəstək verməsi rəsmi Tehranın islama səmimi yanaşmadığının bir göstəricisidir. Bunu dəfələrlə qeyd edirdik, lakin ən gözəl nümunəsi artıq burada üzə çıxdı. Bütün hallarda, İranın Ermənistanla münasibətlərinin bu qədər inkişaf etməsi Azərbaycan əleyhinə olan bir mövqeyin göstəricisidir. Çünki bu kimi məsələlərdə birinci növbədə İran tərəfindən Azərbaycanın maraqlarının nəzərə alınması vacib idi. Həm Azərbaycanda, həm də İranda bu ölkəni ideallaşdıran insanlar utanmalıdır. İslam dininə mənsub olduqlarını bir az utanaraq deməlidirlər. Bizlər bu məsələdə ümumi mövqe nümayiş etdirərək İranın bu siyasətinə qarşı sərt etirazlarımızı ortaya qoymalıyıq”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər