"İran Ermənistandan istifadə etməyə çalışır"
İran İslam Respublikasının prezidenti Həsən
Ruhaninin bu həftə Ermənistana rəsmi səfəri planlaşdırılıb. Azərbaycanın 20
faiz ərazisini işğal altında saxlayan, 1 milyondan artıq müsəlman azərbaycanlını
qaçqın və məcburi köçkünə çevirən, həmçinin ölkəmizlə bərabər, digər qonşular
Gürcüstan və Türkiyəyə qarşı da əsassız ərazi iddiaları irəli sürən Ermənistanda
bu səfərə yüksək səviyyədə hazırlıq gedir. Rəsmi İrəvan əlindən gələn hər şeyi
edir ki, Həsən Ruhaninin bu səfəri uğurlu keçsin, müxtəlif sazişlər imzalansın.
Təbii ki, bu səfər Azərbaycan cəmiyyətində heç də birmənalı qarşılanmır. Böyük əksəriyyət
hesab edir ki, işğalçı siyasətinə görə qonşuları tərəfindən iqtisadi-siyasi
blokadaya salınan Ermənistana İran prezidentinin gözlənilən səfəri işğalçı dövlət
üçün nəfəslik rolunu oynayacaq. Bu isə rəsmi İrəvanın işğalçılıq niyyətlərini
artıracaq. Sözügedən səfər, bununla bağlı irəli sürülən müxtəlif mülahizələrlə
bağlı "Kaspi”nin suallarını politoloq Fikrət Sadıxov cavablandırır.
- Fikrət müəllim,
cənub qonşumuz İranın dövlət başçısı – müsəlman ölkəsinin rəhbəri H.Ruhaninin
Azərbaycanla düşmən olan Ermənistana bu həftə səfəri planlaşdırılıb. Siz bu səfəri
necə dəyərləndirirsiniz?
- Əslində İranın mövqeyi bəllidir. Rəsmi Tehran Azərbaycanın
ərazi bütövlüyünü tanıyır. İranın dövlət rəsmiləri tərəfindən bu barədə dəfələrlə
fikirlər səsləndirilib. Bizim tərəfdaşlıq və qonşuluq münasibətlərimiz kifayət
qədər yaxşıdır. İran tərəfi elan edir ki, xarici siyasət prioritetlərindən biri
də qonşu dövlətlərlə münasibətlərin inkişafıdır, pozulmamasıdır. Ermənistanla əlaqədar
ikitərəfli münasibətlərin inkişaf etdirilməsi də bu siyasətdən irəli gəlir.
Bunu İran tərəfi bu cür təqdim edə bilər. Bununla yanaşı, biz bilirik ki, Ermənistan
bu regionda Rusiyanın dayağı, forfostu, hərbi bazası rolunu oynayır. Bu faktın
özü də İran üçün mühüm amildir. Çünki Ermənistanla Rusiyanın yaxın müttəfiqliyi
ilə paralel olaraq, İranın da Rusiya ilə çox yaxın münasibətləri var. Hətta
Yaxın Şərqdəki bir sıra əməliyyatlarda bu iki ölkə bir yerdə iştirak edirlər.
Digər tərəfdən, İranın Ermənistanla münasibətləri, görünür onların çoxillik
siyasətlərinin nəticəsidir. İran Qafqazda erməni amilinin saxlanması siyasətindən
heç zaman əl çəkməyəcəyini nümayiş etdirir. İran müsəlman ölkəsidir, əhalisinin
mütləq əksəriyyəti İslam dininə etiqad göstərir və şiə məzhəblidir. Azərbaycan
da müsəlman ölkəsidir, əhalimizin böyük əksəriyyəti İslamın şiə məzhəbinə
qulluq edir. İşğalçı Ermənistan isə qeyri-müsəlman dövlətdir, monoetnik
xristian dövlətdir. Üstəlik, bu xristian monoetnik dövlət müsəlman ölkəsi Azərbaycanın
20 faiz ərazisini işğal edib, 1 milyondan artıq müsəlmanı qaçqın və məcburi
köçkünə çevirib. Lakin İran Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan
etməklə, həmçinin bizim ölkə ilə hərtərəfli əlaqələri saxlamaqla paralel
olaraq, işğal faktını nəzərə almadan, müsəlman həmrəyliyi nümayiş etdirmədən
işğalçı Ermənistanla da münasibətlərini inkişaf etdirir. Bu isə onu deməyə əsas
verir ki, işğalçılıq siyasətini bu gün də davam etdirən Ermənistana dəstək vermək
İranın xarici siyasətinin bir istiqamətidir. Görünür rəsmi Tehranı bu cür siyasət
həyata keçirməyə vadar edən bir amil də Türkiyənin regionda rolunun yüksəlməsi,
mövqeyinin güclənməsi, Azərbaycanla daha yaxınlıq etməsidir. Elə buna görə də
İran Ermənistandan istifadə etməyə çalışır. Ola bilsin ki, İran-Ermənistan
münasibətlərində digər məqamlar da var, amma qeyd etdiklərim rəsmi Tehranın
xarici siyasətində prioritetlərdən biridir.
- Siz İranda
Ermənistana olan marağın səbəbini vurğuladınız. Bəs, rəsmi İrəvan üçün bu
münasibətlər, o cümlədən H.Ruhaninin Ermənistana gözlənilən səfəri nə dərəcədə əhəmiyyətlidir?
- Əgər biz regional proseslər prizmasından bu məsələyə
yanaşsaq görərik ki, İrəvan üçün İran prezidentinin Ermənistana səfər etməsi
mühüm əhəmiyyət kəsb edir. Çünki, işğalçılıq siyasətinə görə Ermənistan
regionda həyata keçirilən bütün beynəlxalq layihələrdən, o cümlədən
ticari-iqtisadi layihələrdən təcrid olunub. Əsassız ərazi iddialarına, işğala
görə Azərbaycanla müharibə şəraitində yaşayır, sərhədlər bağlanıb. Elə Türkiyə
ilə də sərhədlər bağlıdır. Gürcüstanla da münasibətlər arzuolunan səviyyədə deyil.
Belə olan halda, Həsən Ruhaninin İrəvana gözlənilən səfəri Ermənistan üçün nəfəslik
rolunu oynayır. İşğalçı ölkənin enerji ilə təmin olunması, hərbi-texniki əməkdaşlığın
genişləndirilməsi baxımından da İran prezidentinin səfəri ermənilər üçün vacib əhəmiyyətə
malikdir. Amma sözügedən səfərə dünya siyasəti kontekstində yanaşsaq, Ruhaninin
İrəvana getməsi Ermənistana hər hansı qazanc gətirmir. Yəni, Ermənistan İran
vasitəsilə hansısa beynəlxalq münasibətlər sisteminə ucalmır, hansısa bir
xarici oyunçuya çevrilmir. Bu yaxınlaşma Ermənistanı beynəlxalq miqyasda
aparıcı rol oynayan dövlətə də çevirmir. Bir qədər əvvəl də qeyd etdiyim kimi,
İran prezidentinin İrəvana getməsi Ermənistana sadəcə bir nəfəs qazandıracaq.
Beləliklə, faktiki olaraq regionda Ermənistana dəstək verən, onun ölü vəziyyətə
düşməsinə imkan verməyən yeganə qonşu dövlət İrandır.
- İran rəsmilərinin
Ermənistana səfərləri İran-Azərbaycan münasibətlərinə hər hansı formada təsir
göstərə bilərmi?
- Belə səfərlər ölkələrimiz arasında münasibətlərə
müəyyən mənada mənfi təsir göstərir. Heç kəsə sirr deyil ki, İran-Ermənistan tərəfdaşlığı,
əməkdaşlığı olmasaydı, Tehran rəsmi Bakının yaxın müttəfiqinə çevrilə bilərdi.
Çünki, belə bir regional, böyük dövlətlə yaxın münasibətlərimizin olması hər
iki tərəf üçün də faydalı olardı. Bizim İrana ehtiyacımızın olduğu kimi, İranın
özünün də Azərbaycana ehtiyacı var. Rəsmi Tehran gözəl anlayır ki, İrandakı azərbaycanlı
amili olduqca mühümdür. Bu dövlətin əhalisinin 50 faizdən çoxu azərbaycanlıdır.
Düşünürəm ki, işğalçı Ermənistana verdikləri dəstək olmasaydı, İranla da Türkiyə
ilə Azərbaycan arasında mövcud olan yaxın münasibətlər qurula bilərdi. Təəssüflər
olsun ki, İranla bərabər, bəzi dövlətlər də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri
halda, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozan, işğalçılıq,
soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirən, konkret forpost rolunu
oynayan Ermənistanla münasibətlər qurur, əməkdaşlıq edirlər. Bu da təəssüf
doğurur.
- Bəzi
ekspertlər hesab edirlər ki, İran prezidentinin İrəvana getməsi əslində İsrail
baş nazirinin dekabrın 13-də Azərbaycana gözlənilən səfərinə cavab xarakteri
daşıyır. Belə yanaşma nə dərəcədə doğrudur?
- Mən Ruhaninin İrəvana səfərini Benyamin
Netanyahunun Azərbaycana gəlişi ilə birbaşa əlaqələndirmirəm. Lakin reallıq
bundan ibarətdir ki, Azərbaycan-İsrail münasibətlərini İran özü üçün təhlükə
hesab edir. Bu münasibətlərin inkişafına rəsmi Tehran narazılıqla yanaşır. Heç
bir halda, İran bu münasibətləri qəbul etmək istəmir. Bundan irəli gələrək, Azərbaycan
və İsrail arasında hər hansı əlaqə, əməkdaşlıq, rəsmilərin qarşılıqlı səfərləri
Tehranda narahatlıqla qarşılanır. Halbuki, Azərbaycan rəsmiləri dəfələrlə bəyan
ediblər ki, Azərbaycan-İsrail münasibətləri heç bir dövlətin əleyhinə yönəlməyib,
heç bir dövlətin maraqlarına zərbə vurmağa hesablanmayıb. İsrail dünyanın
aparıcı dövlətləri tərəfindən dəstəklənən güclü ölkədir. İsrail Azərbaycana hərbi-texniki
yardım edir. İsraildə Azərbaycanın maraqlarını müdafiə edən kifayət qədər güclü
siyasətçilər, ictimai xadimlər var. Bu da Azərbaycanın xeyrinə olan bir
amildir. İranın qıcıqlanmasına rəğmən, Azərbaycan-İsrail münasibətləri bizim cənub
qonşumuzun əleyhinə yönəlməyib. Lakin biz bu münasibətlərlə İran-Ermənistan
münasibətlərində paralellik aparsaq görərik ki, işğalçı Ermənistan məhz İrandan
aldığı hərtərəfli dəstək nəticəsində ayaqda dayanır, nəfəs alır və beləliklə də
Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir. İranın özünün isə
İsrailə qarşı çox sərt siyasəti var. Təbii ki, belə siyasi kurs bizim üçün örnək,
təlimat ola bilməz. Azərbaycan müstəqil dövlətdir və müstəqil dövlət olaraq da
Ermənistan istisna olmaqla, bütün xarici ölkələrlə qarşılıqlı maraqlara, xüsusən
də milli və dövlətçilik maraqlarına söykənən xarici siyasət yürüdür. Azərbaycan
prezidenti yalnız xalqın iradəsinə söykənərək, qonşu dövlətlərlə də dostluq,
mehriban qonşuluq münasibətləri qurur, belə siyasət həyata keçirir. İran bizim
qonşu dövlətdir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu dövlətlə
siyasi, iqtisadi, humanitar sahədə münasibətlərimiz var. Bakıda Azərbaycan,
İran və Rusiya prezidentlərinin iştirakı ilə görüşün keçirilməsi, üçtərəfli
yeni formatın yaradılması da müsbət hal kimi qiymətləndirilməlidir. Heç şübhəsiz
bu format ölkələrimiz arası münasibətlərin inkişafına xidmət edəcək, əlaqələrimizi
daha da möhkəmlədəcək. Lakin bir sıra hallarda rəsmi Tehranın xarici siyasətdə
atdığı addımlar rəsmi Bakının mövqeyi ilə üst-üstə düşmür. Düzdür, bu, ölkələrimiz
arasındakı münasibətlərin pozulması anlamına gəlməməlidir. Lakin düşünürəm ki,
iki qonşu, müsəlman ölkənin xarici siyasət kursunda qarşılıqlı maraqlar nəzərə
alınmalıdır. Biz çox istərdik ki, İran da Azərbaycanın maraqlarına hörmətlə
yanşsın, xüsusən də Dağlıq Qarabağ münaqişəsi, ərazi bütövlüyümüzün məhz Ermənistan
tərəfindən pozulması məsələsini unutmasın. Azərbaycan və İran müsəlman ölkəsidir,
hər iki dövlət İslam Əməkdaşlıq Təşkilatında bir yerdə təmsil olunurlar. Çox
istərdik ki, İran Ermənistanla münasibətlər qurarkən, işğalçı dövləti düzgün
mövqe tutmağa, işğalçılıq siyasətindən əl çəkməyə də səsləsin, vadar etsin.
Rufik
İSMAYILOV