• cümə axşamı, 25 aprel, 02:49
  • Baku Bakı 19°C

İran-Ermənistan dəmir yolu layihəsi iflas oldu

17.01.17 09:00 838
İran-Ermənistan dəmir yolu layihəsi iflas oldu
Ermənistanın vaxtilə bəh-bəhlə cəmiyyətə təqdim etmək istədiyi İranla dəmir yolu layihəsi tam iflas olub. Erməni nəşrlərinin yaydığı məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyanın yaxın illərdə İranla dəmiryolu çəkiləcəyinə dair vədindən düz səkkiz il keçəndən sonra bəlli olub ki, bu layihə reallaşmayacaq. Hökumət elan edib ki, "optimallaşdırma tədbirləri çərçivəsində bu xəttin layihələndirilməsi və tikilməsi ilə məşğul olacaq şirkəti ləğv edib”. Hökumətin ötən həftənin sonunda keçirilən iclasında nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vaqan Martirosyan qeyd edib ki,"Dəmiryolu tikintisi müdiriyyəti” Qapalı Səhmdar Cəmiyyətinin ləğvi nəticəsində 13 ştat ixtisar ediləcək və 35 milyon drama (100 min dollar) yaxın vəsaitə qənaət olunacaq.
Təxminən bir ay öncə jurnalistlərlə görüşündə Vaqan Martirosyan demişdi ki, Ermənistan-İran dəmiryolu tikintisində hansısa inkişaf yoxdur, hələ ki, yalnız potensial sərmayədarlarla müzakirə aparılır. İndi isə aydın olur ki, Sarkisyanın vədindən səkkiz il keçsə də, hətta heç dəmiryolunun layihəsi belə hazır deyil."Təxmini hesablamalara görə, tikinti üçün tələb olunan vəsait 3,2 milyard dollardır. Ancaq bu, dəqiq deyil, çünki hələ son layihə hazır deyil”, - deyə nazir hökumətin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. Uzunluğu 305 km olacaq dəmiryolu Sünik əyalətində dağların arasından keçməli idi. Erməni jurnalistlərinin "prezidentin bəyanatından keçən səkkiz ildə niyə layihə belə hazır deyil” sualının cavabında nazir deyib: "Çünki sərmayə qoyacaq investor özü üçün uyğun layihə üzərində işləməlidir”.
2008-ci ilin oktyabrında xalqa müraciətində yeni seçilmiş prezident Serj Sarkisyan vəd vermişdi:"Yaxın illərdə İran-Ermənistan dəmiryolunun tikintisi başlayacaq”. Ermənistan-İran dəmiryolu S.Sarkisyanın təklif etdiyi üç iri layihədən biri idi. Bir neçə ay sonra hətta yeni atom stansiyasının tikintisi də başlamalı idi, Dünya Bankı isə bu layihəni maliyyələşdirəcəkdi. Bu təşəbbüslərin heç biri reallaşmadı. Son zamanlar hətta hakimiyyətin yüksək dairələri belə yaxın gələcəkdə İran-Ermənistan dəmiryolunun tikintisinin mümkün olacağına dair şübhələrini gizlətmirdilər. 2015-ci ilin fevralında hökumətin iclasında o vaxtkı baş nazir Ovik Abramyan o vaxtkı nəqliyyat və rabitə naziri Hahik Beqlapyana müraciətlə demişdi: "Beqlaryan, ümumiyyətlə, sənin bu məsələylə bağlı ümidin varmı?”. "Dəmiryolu tikintisi müdiriyyəti” QSC-nə dövlət büdcəsindən təxminən 5 il ərzində 185 milyon dram (700 min manata yaxın) ayrılıb. Nəşrlər Vaqan Martirosyandan soruşublar ki, bu 185 milyon dramı şirkət nə edib?​ "Şirkət boş yerə çalışmayıb. Onlar işləyiblər, müzakirələr aparıblar. Bu müddət ərzində bizim bir konsessiya qaydası ilə təşkil edilmiş müəssisəmiz olub. Bu müəssisə araşdırıb ki, neçə tunel, körpü lazım ola bilər. 185 milyon üçün bu iş azdır, ya çoxdur, bunu qiymətləndirə bilmərəm, ancaq iş aparılıb”, – deyə nazir baş verənlərə haqq qazandırmağa çalışıb.
"Əgər hökumət hətta 13 əməkdaşa bu layihəni gerçəkləşdirmək üçün maaş belə vermək istəmirsə, bu o deməkdirmi ki, hakimiyyət bu dəmiryolunun tikintisini yaxın gələcəkdə mümkün saymır” sualının cavabında Vaqan Martirosyan deyib:"Mən müddət göstərə bilmərəm, amma bu proqram hökumətin nəzarətinə keçir”. Nazirin sözlərinə görə, ilkin hesablamalar, investorun 3,2 milyard dollarlıq sərmayəsini təxminən 22 ilə çıxara biləcəyini göstərir. Erməni iqtisadçıları isə hesab edirlər ki, layihə çox mənasız olub. Məsələn, iqtisadçı şərhçi Hayk Gevorqyanın fikrincə, Ermənistan-İran dəmiryolu iqtisadi cəhətdən əlverişsizdir, rentabelli deyil. Buna görə də yaxın on illiklərdə onun tikintisi, çətin ki, mümkün ola: "İnvestoru bu vəsaiti qoymağa cəlb etmək üçün yükdaşıma, sərnişin dövriyyəsi yüksək deyil. Hökumətin hesablaması ki, sərmayədar 22 ilə qoyduğunu götürəcək, sonra gəlirlə çalışacaq, inandırıcı görünmür”.
Azər
banner

Oxşar Xəbərlər