• cümə axşamı, 28 mart, 18:12
  • Baku Bakı 13°C

İran da Avrasiya İqtisadi İttifaqına üzv olacaq?

28.04.15 05:30 997
İran da Avrasiya İqtisadi İttifaqına üzv olacaq?
Keçmiş sovet məkanında yeni inteqrasiya layihəsi kimi qarşılanan Avrasiya İqtisadi İttifaqı özünün problemli dövrünü yaşayır. İqtisadi böhran layihənin əsas himayəçisi Rusiyanı ciddi sınaq qarşısında qoyub, qurumun gələcək perspektivinin necə olacağına dair suallar yaradıb. Maraqlıdır ki, son vaxtlar əksəriyyətin gələcəyinə şübhə ilə yanaşdığı bu layihəyə İranın da qoşulması məsələsi gündəmə gətirilir. Bəlli olduğu kimi, 2014-cü ildə Rusiya, Qazaxıstan və Belarus Astanada Avrasiya İqtisadi İttifaqının yaradılması barədə sazişə imza atdılar. Bu sənəd hər üç ölkənin parlamentləri tərəfindən ratifikasiya olundu. İlkin mərhələdə 2015-ci il yanvarın 1-dən imza atan tərəflərin layihənin reallaşdırılması prosesinə başlayacaqları nəzərdə tutulurdu.
Prinsip etibarilə Avrasiya İqtisadi İttifaqı 2007-ci ildə əsası qoyulan Avrasiya Birliyi və Gömrük İttifaqının bazasında yaradılıb. Buna qədər də ölkələr konkret məsələlər, o cümlədən xaricdən gətirilən mallar üzərində tariflər və bir sıra gömrük prosedurları ilə bağlı razılıq əldə etmişdilər. Bunun ardınca 2009-cu ilin sentyabrında Rusiya, Belarus və Qazaxıstan vahid gömrük tariflərinin yaradılması ilə bağlı razılıq əldə etdilər, noyabrın 27-də isə üç ölkənin liderlərinin iştirakı ilə Minskdə müvafiq razılaşmaya imza atıldı. Bu razılaşmaya uyğun olaraq 2010-cu il yanvarın 1-dən Gömrük İttifaqı yaradılır, bu ölkələr arasında gömrük baxışı isə iyulun 1-dən fəaliyyətə başlayırdı. Avrasiya İqtisadi İttifaqı hazırda əhalisinin sayı 170 milyonu keçən (onun 84 faizi ruslardan ibarətdir) ölkələri özündə birləşdirir. Bu yaxınlarda isə Rusiyanın təzyiq və təsiri altında Ermənistan da quruma üzv oldu. Bu ilin mayında isə Qırğızıstan da quruma üzv qəbul olunmalıdır. Müvafiq saziş ötən ilin dekabrında imzalanıb. Perspektiv Tədqiqatlar Mərkəzinin rəhbəri Sergey Masaulov hesab edir ki, Qırğızıstan baş nazirinin istefası da məhz bu ölkə ilə bağlı həyata keçirilən planın bir hissəsi hesab edilməlidir. Bu plan Qırğızıstanda vəziyyətin nəzarətdən çıxmasına və gərginliyə hesablanıb.
Ümumiyyətlə, heç kimə sirr deyil ki, ittifaqla bağlı adı hallananların əksəriyyəti Rusiyanın asılılığında olan dövlətlərdir. Ermənistan və Qırğızıstan quruma özlərinin milli maraqlarından çıxış edərək qoşulduqlarını bildirirlər. Xüsusən Rusiya qazına tələbatı güclü olan Ermənistan quruma üzv qəbul olmaq istəməzdisə, onda xeyli baha qiymətə qaz almalıydı. Qırğızıstan da Rusiya bazarından asılıdır və üzv olacağı təqdirdə Rusiyanın siyasətini can-başla müdafiə edəcəyini açıq bəyan edir. Qazaxıstan və Belarus isə rublun devalvasiyasından sonra özləri üçün bir sıra üstünlüklər tələb etməyə başlayıblar. Qazaxıstan hətta bəyan edib ki, qurumun istənilən üzvü təşkilatın sıralarını tərk edə bilər. Beləliklə, Avrasiya İqtisadi İttifaqının üzvlərinin qısa xarakteristikası bu qənaətə gəlməyə imkan verir ki, Qərbin sanksiyaları və neftin qiymətinin kəskin aşağı düşməsi fonunda qurumun hansısa ciddi uğur qazanacağı sual altındadır.
Son vaxtlar İranın da quruma üzv olacağı barədə məsələlər qabardılır və ekspertlər hesab edir ki, İranın ittifaqda iştirakı Tehranın quruma üzv olan ölkələrin bazarlarına daxil olmasını asanlaşdırar. Müəyyən şərtlər də irəli sürülür. Belə ki, Rusiya Avrasiya İqtisadi İttifaqında liderlik rolundan imtina etməlidir. Yəni qurumda bütün üzvlərin iştirakı təmin edilməlidir. İranla Rusiya neftlə zəngin ölkələrdir və İran Avrasiya İqtisadi İttifaqının üzvü olmaqla güclü iqtisadi dövlətə çevrilə bilər. Tranzit ölkə kimi əlverişli mövqeyə malik İran öz mallarının tranzitinə də imkan yarada bilər. Bir tərəfdən Xəzər dənizi, digər tərəfdən isə Fars körfəzi bu imkanları daha da genişləndirir. İranın digər bir xüsusiyyəti onun faktiki olaraq Şərq və Qərbi birləşdirməsidir. Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin milli bazarları İran məhsullarını satmaq üçün gözəl fürsət ola bilər. Bundan əlavə, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlər öz aralarında gömrük tariflərini ləğv edirlər ki, bu da onlar arasında ticarətin yüksək həcmdə artmasına səbəb ola bilər. Ancaq son hadisələr fonunda İranın quruma üzvlüyü reallaşmaya da bilər. Bəlli olduğu kimi, İrana qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı Tehranla Vaşinqton arasında danışıqlar gedir. Bu sanksiyaların ləğvi isə İranın iqtisadi cəhətdən yüksəlişinə səbəb ola bilər. Belə olan halda İrana heç Avrasiya İqtisadi İttifaqı da gərək olmayacaq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər