• cümə, 29 Mart, 04:14
  • Baku Bakı 7°C

İran-Azərbaycan əməkdaşlığının genişləndirilməsi üçün əsaslar var

07.03.17 10:30 1134
İran-Azərbaycan əməkdaşlığının genişləndirilməsi üçün əsaslar var
Prezident İlham Əliyevin martın 5-də İrana rəsmi səfəri başa çatıb. Səfər çərçivəsində Azərbaycanla İran arasında sənədlər imzalanıb. Onlardan biri Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası və İran İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair anlaşma memorandumudur. Eyni zamanda, "Azərbaycan Dəmir Yolları” QSC ilə İran Dəmir Yolları Şirkəti arasında dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair anlaşma memorandumu da imzalanıb. Bəs bu görüş iki ölkənin əlaqələrində nə kimi rol oynayacaq?

Millət vəkili Aydın Mirzəzadə "Kaspi”yə açıqlamasında bildirdi ki, İran-Azərbaycan əməkdaşlığının genişləndirilməsi üçün kifayət qədər sahə var: "Tarixən qonşu olan Azərbaycan və İran ümumi mədəniyyətə, dəyərlərə malik olan ölkələrdir. Hər iki ölkə mehriban qonşuluq münasibəti yeridir, bir-birinin daxili işlərinə qarışmır. Vaxtaşırı ölkə başçılarının, rəsmilərinin qarşılıqlı səfərləri də bu münasibətləri daha da dərinləşdirməyə xidmət edir. Hər iki ölkənin əməkdaşlıq sahələri kifayət qədər çoxdur. Ancaq bununla belə, həyat inkişaf edir, münasibətləri daha da dərinləşdirməyə, yeni əməkdaşlıq sahələri tapmağa ehtiyac yaranır”.

A.Mirzəzadə bildirdi ki, ölkə başçısının İrana səfəri iki ölkə arasındakı münasibətlərin Azərbaycan dövlət başçısının diqqətində olduğunu göstərir: "Tərəflər mehriban qonşuluq münasibətlərinin saxlanmasında, dərinləşməsində, beynəlxalq birlikdə bacardıqları qədər ümumi mövqedən çıxış etməkdə maraqlıdırlar. Bu səfərin nəticələri göstərdi ki, İran və Azərbaycan beynəlxalq aləmdə qarşıdurmaların, münaqişələrin aradan qaldırılmasında həmfikirdirlər”.

Millət vəkili qeyd etdi ki, ölkələr arasında iqtisadi əməkdaşlıq da diqqət mərkəzindədir: "Əgər siyasi münasibətlər iqtisadi əlaqələrlə möhkəmlənərsə, bu, dostluq münasibətlərinə töhfə verər. Tərəflər həm neft, həm də qeyri-neft sahəsində əməkdaşlıq üçün razılığa gəldilər. Azərbaycan tərəfi Rəşt-Astara dəmiryol xəttinin çəkilişində iştirak etməyə özünün marağını göstərdi. Qarşılıqlı investisiyaların qoyulması, birgə layihələrin hazırlanması da bu qəbildən olan addımlardandır. Səfər iki dövlətin beynəlxalq birlikdə nüfuzunu, dostluq münasibətlərini inkişaf etdirməkdə, istənilən problemin beynəlxalq hüquq norması çərçivəsində həll edilməsində maraqlı olduğunu göstərir”.

Millət vəkili Vahid Əhmədov isə bildirdi ki, İran-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün işlər görülməkdədir: "Son vaxtlar İrana qarşı beynəlxalq sanksiyalar vardı. Sonra bu sanksiyalar götürüldü və İran dövləti faktiki olaraq dünyaya açıldı, ticarət əlaqələrini genişləndirməyə başladı. Azərbaycan da bu vəziyyətdən bəhrələnərək İranla iqtisadi əlaqələri genişləndirməyə, birlikdə bir sıra layihələr həyata keçirməyə başladı. Bir neçə dəfə İranın rəhbər şəxsləri Bakıda, bizimkilər İranda oldu. İran Astarası ilə Azərbaycan Astarası arasında dəmiryolu çəkilir. Naxçıvanla Məşhəd arasındakı dəmiryolu isə artıq çəkilərək istifadəyə verilib”.

V.Əhmədovun sözlərinə görə, əlaqələrin inkişaf etdirilməsində hər iki ölkə maraqlıdır: "İran Azərbaycanda dərman zavodu tikir, maşınqayırma ilə əlaqədar müəyyən danışıqlar gedir və s. Azərbaycan dövlət başçısının İrana səfəri çərçivəsində bir sıra müqavilələr imzalandı. İran Azərbaycan, biz də İran üçün maraqlıyıq. Biz həm enerji daşıyıcıları ilə bağlı layihələrin həyata keçirilməsində, həm də İranın iş adamlarının Azərbaycana sərmayə qoymasında maraqlıyıq. İranın turizm sahəsində imkanları da çox genişdir. Hər il ordan ölkəmizə xeyli sayda turist gəlir. İndiyə qədər əlaqələrimiz çox da yaxşı olmayıb. Embarqo ilə əlaqədar olaraq İran beynəlxalq aləmdən təcrid olunmuşdu. Amma indi bu problem yoxdur, imkanlar genişlənib. İki ölkə arasında ticarət dövriyyəsini qaldırmaq olar. İllik ticarət dövriyyəmiz hardasa 130 milyon dollara yaxın idi. Bu, çox aşağıdır. Məsələn, qonşu Türkiyə, Rusiya ilə bizim 2 milyard dollardan çox ticarət əlaqəmiz var. Bunu 10 milyarda qaldırmaq planlaşdırılır. Ona görə İranla da əlaqələri genişləndirmək lazımdır. İki ölkə arasında vizanın ləğvi məsələsi də var. Yəqin ki yaxın zamanda bu məsələlərə də baxılacaq. Ümumiyyətlə, bu əlaqələr həm biz, həm də İran üçün əlverişlidir”.

Millət vəkili Fazil Mustafa bildirdi ki, İran qonşu ölkədir, bura edilən səfərlər hər hansı şəkildə əlaqələrimizin inkişafına səbəb olur: "Qonşuda sabitliyin olması, müəyyən qədər bizə təhdidlərin azalması ümumi sabitliyimizin xeyrinədir. Ona görə də Prezidentin bu səfərini faydalı və yüksək qiymətləndirirəm. İranla uzlaşma içində olmağımız bölgənin barışı, sülhü üçün ciddi bir zəmin yarada bilər. Hansı ölkənin İrana münasibətinin nə olmasına əhəmiyyət verməməliyik, özümüz münasibətlərimizi birbaşa səmimi əsaslarda qurmalıyıq. Ona görə Prezidentin bu səfərindən nəticələr gözləyirəm. Ümid edirəm ki, İran da Azərbaycanın əhəmiyyətini dərk edərək, öz siyasətində müəyyən korrektələr edəcəkdir”.

F.Mustafa dedi ki, İranla iqtisadi əlaqələrimizin inkişaf etdirilməsi önəmlidir: "Dəmir yolu, nəqliyyat daşımaları vasitəsilə bizə ən münasib olan ölkə İrandır. İranın potensialından, tranzit imkanlarından istifadə etməyimiz vacibdir. Ümid edirəm ki bu istiqamətdə də müəyyən irəliləyişlər olacaq”.

Aygün

banner

Oxşar Xəbərlər