• şənbə, 20 Aprel, 14:00
  • Baku Bakı 23°C

İran-ABŞ gərginliyi artır

10.12.16 11:47 1482
İran-ABŞ gərginliyi artır
İranla Birləşmiş Ştatlar arasında münasibətlərin yenidən gərginləşə biləcəyi təhlükəsi günbəgün artır. Barak Obamanın prezidentliyinin son dövrlərində İrana qarşı sanksiyalar aradan qaldırılsa da, sonradan vəziyyət dəyişdi. Donald Trampın prezident seçilməsi ilə artıq münasibətlərdə bir gərginlik yaşanır. Səbəb də, ABŞ Konqresinin İran Sanksiyaları Aktını (İSA) daha 10 il müddətinə uzatmasıdır. İran prezidenti Həsən Ruhani növbəti dəfə qərarı kəskin tənqid edib. H.Ruhani ABŞ nüvə sazişini pozduğu təqdirdə, "sərt cavab” verəcəyini bildirib. İran prezidenti onu da deyib ki, ABŞ prezidenti Donald Trampa İran sazişini bitirməyə imkan verməyəcək. Ruhani Trampın hərəkətlərinin İrana heç bir təsirinin olmayacağını vurğulayıb. Prezident Ruhani hazırkı prezident Barak Obamanın İran Sanksiyaları Aktını yeniləcəyi halda, İranın buna qarşı atacağı addımları tezliklə müzakirə etməyə söz verib: "Obama şəxsi imtina hüququndan istifadə edərək, sanksiyaların icrasını müvəqqəti olaraq dayandırsa da, bu yenə də nüvə sazişini pozur və biz buna reaksiya verəcəyik”. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif isə deyib ki, ABŞ tərəfindən sanksiyaların müddətinin uzadılması dünya ictimaiyyətinin ABŞ-a qarşı etimadsızlığına səbəb olacaq: "Əgər ABŞ prezidenti sanksiyaları uzatsa, bunun heç bir təsiri olmayacaq, amma dünya ictimaiyyəti tərəfindən ABŞ etibarsız tərəfdaş kimi qəbul olunacaq”. Onun sözlərinə görə, bu sanksiyalar İranın digər dövlətlərlə münasibətlərinə təsir göstərməyəcək.
Məsələ nədən ibarətdir?
İSA ilk dəfə 1996-cı ildə İran enerji sektoruna qarşı sanksiya tətbiq edilməsi üçün qəbul olunub və məqsəd İranın kütləvi qırğın silahları (KQS) ilə bağlı yeridəcəyi hər hansı planının qarşısının alınması olub.
Nüvə sazişinin 2016-cı ilin yanvar ayında tətbiqindən sonra ABŞ prezidenti Barak Obama İSA-nın İranın neft və qaz sektorunda yatırım ilə bağlı bir neçə müddəasını dayandırmaqdan imtina etdiyini bildirmişdi. Vaxtı 2016-cı ilin 31 dekabrında bitməli olan İSA bir neçə gün əvvəl ABŞ Konqresi tərəfindən yenilənsə də, hazırkı prezident tərəfindən təsdiq edilməlidir. Ağ Ev İSA-nın uzadılmasını qeyri-vacib sayıb, lakin bunun İranla bağlanan sazişə təsir etməyəcəyini bildirib.
İntiqam hədəsi
Qeyd edək ki, İranda İSA-ya qarşı etiraz ali dini lider ayətullah Xameneyinin bunu nüvə sazişinin pozulması kimi izah etməsindən sonra daha da artıb. BƏSİC üzvləri qarşısında çıxış edərkən, o, intiqam alınacağını bildirib. Onun sözlərindən sonra İranın yüksək səviyyəli rəsmiləri də Konqresin addımını pisləyib və hərəkətə cavab verməyi vəd ediblər. "ABŞ Konqresinin son ratifikasiyası bizim nəzərimizdə JCPOA-nı (nüvə sazişi) pozmaq deməkdir. Bu səbəbdən də ABŞ prezidenti öz səlahiyyətindən istifadə edərək, onun təsdiqinin və xüsusilə tətbiqinin qarşısını almalıdır. Mən açıq şəkildə bəyan edirəm ki, əgər bu qərar tətbiq olunarsa, JCPOA pozulacaq və biz sərt cavab verməli olacağıq”, - deyə H. Ruhani deyib.
Sərt siyasət tərəfdarları hücumda
İranda bəzi sərt siyasət tərəfdarları nüvə sazişini "mütləq itki” kimi qiymətləndirir və onun dərhal pozulmalı olduğunu bildirirlər. Onlar Ruhanin, ABŞ-a qarşı "sadəlövh” davranmaqda ittiham edir və ali liderin "İranın prinsipial düşməni” barəsindəki fikirlərini "etibarsız” adlandırırlar. Onlar həmçinin, Ruhani administrasiyasını, nüvə sazişinin tətbiqindən sonra insanların rifahını yüksəldə bilməməkdə ittiham edirlər. Bu arada Xameneyinin son fikirləri prezident seçkilərinə altı ay qaldığı bir vaxtda Ruhaniyə qarşı tənqidləri daha da artırıb. Heç şübhəsiz, saziş həssas dövlət məsələlərində son sözü deyən ali dini liderin istəyi olmadan həyata keçməzdi. Lakin sərt siyasət tərəfdarları onun ictimai çıxışlarını adətən, nüvə sazişinin tənqidi kimi dəyərləndirirdilər.
Noyabr ayındakı çıxışında Xameneyi İSA ilə bağlı yaranmış problemləri saziş barədə "tələsik qərar verilmənin” nəticəsi kimi qiymətləndirib. Ruhaninin tənqidçilərə cavabı isə belə olub: " "Biz JCPOA məsələsində, ali dini liderlə məsləhətləşmədən, heç bir addım atmamışıq”.
Azər
banner

Oxşar Xəbərlər