• cümə, 29 Mart, 17:21
  • Baku Bakı 14°C

İqtisadiyyatın inkişafına işıq salan hesabat

03.11.17 11:30 2219
İqtisadiyyatın inkişafına işıq salan hesabat
Dünyada biznes mühitinin qiymətləndirilməsi sahəsində ənənəvi olaraq dərc olunan hesabatlarda Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar daim diqqət mərkəzində saxlanılır. Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business” hesabatıdır.
Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar paketinin reallaşdırılmasının nəticəsi olaraq? ölkəmiz 190 ölkənin biznes mühitini qiymətləndirən növbəti "Doing Business 2018” hesabatında 8 pillə irəliləyərək 57-ci mövqeyə yüksəlmiş, ötən il ərzində davam etdirilən uğurlu islahatların nəticəsi olaraq, 6 göstərici üzrə mövqeyini yaxşılaşdırmışdır. Belə ki, oktyabrın 31-də açıqlanmış "Doing Business 2018” hesabatında Azərbaycan "Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 22 pillə irəliləyərək 10-cu pilləyə, "Əmlakın qeydiyyatı” göstəricisi üzrə 1 pillə irəliləyərək 21-ci pilləyə, "Vergilərin ödənişi” göstəricisi üzrə 5 pillə irəliləyərək 35-ci pilləyə, "Müqavilələrin icrasının təmin edilməsi” göstəricisi üzrə 6 pillə irəliləyərək 38-ci pilləyə, "Müəssisənin bağlanması” göstəricisi üzrə 39 pillə irəliləyərək 47-ci pilləyə, "Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 3 pillə irəliləyərək 102-ci pilləyə yüksəlmişdir.
Hesabatda bir sıra göstəricilər üzrə biznes mühitinin yaxşılaşdırılması? qanunvericiliyin təkmilləşdirilməsi sahəsində ölkəmizdə aparılan islahatlar xüsusi qeyd edilmişdir. Belə ki, Azərbaycan "Doing Business 2018” hesabatında Avropa və Mərkəzi Asiyada daha çox islahat aparan 3 ölkədən biri kimi qiymətləndirilmişdir.

Nüfuzlu beynəlxalq hesabatlarda ölkəmizin mövqeyinin davamlı olaraq yaxşılaşması Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatların məntiqi nəticəsidir.

Azərbaycanın bu hesabatda irəliləməsinin səbəbini və növbəti mərhələdə iqtisadi sferada gözlənilən perspektivlə bağlı mütəxəssislərin rəyini öyrəndik.

İqtisadçı Pərviz Heydərov "Doing Business 2018” hesabatında Azərbaycanın ötən illə müqayisədə yüksəlməsini mühüm hadisə kimi qiymətləndirir: "Məlumdur ki, sözügedən hesabat Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2003-cü ildən başlayaraq, hər il hazırlanır. Burada ölkələr üzrə biznesin tətbiqi sahəsində bir sıra göstəricilər baxımdan əlverişlilik səviyyəsi nəzərdən keçirilməklə, mövcud vəziyyət qiymətləndirilir. Həmin göstəricilərə isə müəssisələrin qeydiyyatı, tikintiyə icazənin alınması, elektrik enerjisinə qoşulma, mülkiyyətin qeydiyyatı, kreditləşdirmə, sərmayənin qorunması, vergi yığımı, xarici ticarət, müqavilələrin icrasına təminat, həmçinin iflas kimi məsələlər daxildir. "Doing Business -2016”-ya əsasən, ölkəmiz 100 mümkün xaldan 67,8 xal toplayaraq, 63-cü yeri tutmuşdu. Keçən ilki hesabatda isə 65-ci pillədə, yəni, 2 pillə geridə idi. Bununla belə, çox yaxşı göstərici idi. Xatırladım ki, 2015-ci ildə 80-ci, 2014-cü ildə isə 70-ci yerdə idik. Çünki Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən "Doing Business 2017” hesabatında ölkəmiz bütün xarici və daxili iqtisadi-siyasi çətinliklərə baxmayaraq, belə yer tutmuşdu. Azərbaycan dünyada daha çox islahat aparan 29 ölkədən biri hesab olunmuşdu”.

Ekspert deyir ki, hər şey ölkədə həyata keçirilən islahatların və görülən işlərin nəticəsidir deyir: "Ümumiyyətlə, istər Dünya İqtisadi Forumunun, istərsə də "Doing Business” kimi beynəlxalq hesabatların hazırlanması zamanı nəzərdən keçirilən göstəricilərdə irəliləmək üçün biznes mühiti durmadan yaxşılaşdırılmalı, mövcud qanunlar təkmilləşdirilməli, tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin həlli istiqamətində fasiləsiz islahatlar aparılmalıdır ki, bütün bunlar da Azərbaycan hökuməti tərəfdən mümkün dərəcədə həyata keçirilir. Çünki rəqabətin təşkili, iqtisadiyyatın şaxələndirilməsinin dərinləşdirilməsi, insan kapitalının yaxşılaşdırılması və yeni iqtisadi artım mənbələrinin yaradılması kimi tədbirlər məhz sahibkarlıq fəaliyyətini genişləndirməkdən və bunun üçün zəruri olan şəraiti inkişaf etdirməkdən keçir”.

İqtisadçı ekspert Rəşad Həsənov bildirir ki, bu göstəricilər ölkəyə xarici investorların cəlb edilməsi baxımından əhəmiyyətli rol oynayır: "Belə ki, xarici ölkələr investisiya qoyarkən bu hesabatları əsas götürür, bunun əsasında seçim edirlər. Azərbaycanın bu siyahıda irəliləməsi də çox müsbət haldır. Son illər biznes mühitinin liberallaşması, təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və s. istiqamətlərdə qərarların qəbul edilməsi Azərbaycanın bu hesabatda irəliləməsinə təsir etdi. Hətta deyərdim ki, ölkəmiz bu hesabatda tutduğu mövqeyi möhkəmləndirə bilir. Amma sözsüz ki, nisbətən fərqli durum da var. Belə ki, bir sıra hallarda, qəbul edilən qərarların işlənmə mexanizmləri müəyyən qədər zəif təşkil olunur. Bu baxımdan, yaxşı olardı ki, növbəti dövrlərdə qəbul edilmiş qərarların icrası mexanizmi təkmilləşdirilsin. Çünki bugünkü göstərici xarici investor üçün ilkin təəssürat yaradır. Amma daha sonra real vəziyyətlə bağlı məsələlər ölkəyə investisiya axınında müəyyən problemlərin yaranmasına gətirib çıxarda bilər. Çünki bu statistik göstəricilərdə də özünü büruzə verir. Belə ki, ölkəyə gələn xarici vəsaitin böyük bir qismi məhz neft sektoruna yönəlir. Bunun da qaydaları fərqlidir. Qeyri-neft sektoru isə ölkəmizin prioritet istiqamətidir. Bu isə qeyri-neft sektoruna xarici investisiya axınını zəruri edir. Bu da yerli istehsalın gücləndirilməsi, həmçinin ixrac qabiliyyətinin artırılması baxımından əhəmiyyətli məsələdir”.
Günel Azadə

banner

Oxşar Xəbərlər