• cümə, 19 Aprel, 19:18
  • Baku Bakı 24°C

İqtisadiyyat və dövlət üçün mühüm sektor

14.07.17 10:19 8320
İqtisadiyyat və dövlət üçün mühüm sektor
Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda çıxış edən ölkə başçısı qeyd edib ki, Azərbaycan 2017-ci ilin birinci yarısında uğurla inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub, ölkəmiz daha da güclənib və beynəlxalq əlaqələrimiz daha da dərinləşib: "Qeyri-neft iqtisadiyyatımızda 1,7 faiz artım bizim apardığımız iqtisadi islahatların nəticəsidir. Hesab edirəm ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir. Qeyri-neft sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Hesab edirəm ki, bu da mümkün olan ən gözəl göstəricidir. Bu, onu göstərir ki, islahatlar və apardığımız siyasət öz nəticəsini verir”.
Dövlət başçısı inşaat sektorunun canlanmasının müşahidə olunduğunu da vurğulayıb: " İndi Bakıda 100-dən çox hündürmərtəbəli bina tikilir. Qəzalı binaların yerində yeni binalar tikilir. Onların sayı 80-ə yaxındır. Bu, şəhərimizi daha da gözəlləşdirir, abadlaşdırır. Yararsız, qəzalı binalardan vətəndaşlar köçürülür. Müvəqqəti olaraq onlara kirayə pulu verilir. Tikiləcək yeni binalarda onlara daha da böyük ölçüdə mənzillər veriləcək. Bu qəzalı binaların hər birinin yerində tikilən binanın birinci mərtəbəsində uşaq bağçası da nəzərdə tutulur. Bu, mənim xüsusi göstərişim idi. Beləliklə, ancaq bu yolla Bakı şəhərində bir-iki ilə 80-dən çox uşaq bağçası istifadəyə veriləcək. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə 29 bina tikilir. "Ağ şəhər”də onlarla bina inşa olunub. Yəni, bax, bu üç istiqamətdə artıq 100-dən çox binanın inşaat işləri aparılır. Əlbəttə ki, Bakının digər yerlərində, digər şəhərlərimizdə mənzil tikintisi geniş vüsət alıb, inşaat sektoru artıq bərpa edilir, canlanma var. Əlbəttə ki, bunun tikinti materialları sektoruna da müsbət təsiri var və olacaq. Mən iş adamlarına məsləhət görərdim ki, bu sahəyə daha da böyük diqqət yetirsinlər, sərmayə qoysunlar. Çünki bundan sonra inşaat işləri Azərbaycanda daha sürətlə aparılacaq, tikinti materiallarına böyük ehtiyac olacaq”.
İqtisadçı-alim Vüqar Bayramovqəzetimizə açıqlamasında bildirdi ki, inşaat sektoru qeyri-neft sektorunun aparıcı sahələrindən biridir: "İnşaat sektoru inkişaf etdikcə, bu inkişaf öz növbəsində qeyri-neft sektoruna birbaşa təsir göstərir. Bu, həm də məşğulluğun təmin edilməsi baxımından xeyli vacibdir. Çünki əmək qabiliyyətli vətəndaşların işlə təmin olunmasına imkan yaranır. İnşaat sektorunun inkişafı investisiyaların cəlb edilməsində və xarici investisiyaların qoyuluşuna da birbaşa təsir göstərir. Bütövlükdə, inşaat sektoru məşğulluq, iqtisadiyyatın diversifikasiyası və eləcə də investisiyanın cəlb edilməsi kimi prioritet əhəmiyyətə malikdir. Düzdür, 2016-cı il bu sahə üçün üçün uğurlu il olmadı. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il inşaat sektorunda 35 faizdən çox azalma müşahidə olunub. Bununla yanaşı, 2017-ci il iqtisadi baxımdan stabillik ili elan edilib və cari ilin ilk yarımilliyinin yekunları ondan xəbər verir ki, iqtisadiyyatda sabitlik formalaşmaqdadır. Eyni zamanda, dövlət, inşaat sektorunun canlanması ilə bağlı konkret layihənin icrasına başladı. Artıq bu istiqamətdə dövlət dəstəyinin genişləndirilməsi və dövlət sifarişlərin artırılması müşahidə olunur. Hesab edirəm ki, 2017-ci ildə bu sahədə əsas hədəf məhz stabilliyə nail olunmaqdır. 2018-ci ildə isə artıq sözügedən sektorda inkişafın yenidən bərqərar edilməsinə, məşğulluğun artmasına və ümumilikdə qeyri-neft sektoruna töhfənin həcminin artırılmasına nail olunacaq. Bütün bunlar isə növbəti illərdə bu sahəyə yönəldilən investisiyanın həcminin artmasına gətirib çıxara bilər. İnşaat sektoruna sahibkarların marağı da yüksək olur. Çünki bu sektor dinamik sektordur. Ona görə də inşaat sektoruna marağı həmişə yüksək olur. Qeyd etdiyim kimi, ötənilki durğunluq bu sektorda alıcılıq qabiliyyətinin aşağı düşməsinə və əmlak bazarına mənfi təsir göstərir. Ona görə də sahibkarların yenidən bu istiqamətə yönəldilməsi vacibdir. İnşaat sektorunda yenidən canlanmanın yaradılmasında sahibkarların rolu olduqca vacibdir. Sahibkarlar birbaşa investor rolu oynamaqla, bu sektorda stabilliyin artımla əvəz olunmasına yardım göstərə bilərlər. Mənzil bazarındakı vəziyyətə gəlincə isə deyə bilərəm ki, hələlik mövcud vəziyyətin davam edəcəyi gözlənilir. Nəzərə alsaq ki, bu il qeyd etdiyim kimi, əsas məqsəd stabilliyə nail olmaqdır və bu stabillik kontekstində mənzil bazarında mövcud vəziyyət güman olunur ki, indiki kimi qalacaq. Amma inşaat sektoru yenidən inkişaf edərsə və inşa edilən mənzillərin sayı artarsa, bu, mənzil bazarında təklifi artıra bilər. Bu da nəticə etibarilə qiymətlərin stabilləşdirə və hətta azalda bilər. Amma 2017-ci ildə hələlik mənzil bazarında mövcud qiymətlərin qorunub saxlanacağı gözlənilir”.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirdi ki, bu sahədə görülən işlər qənaətbəxş səviyyədədir: "Dünya təcrübəsində adətən iqtisadiyyatda müəyyən problemlər müşahidə olunduqda, hökumət daha çox inşaat sektoruna diqqət yetirir. Çünki inşaat iqtisadiyyat və bütövlükdə dövlət üçün çox mühüm bir sektordur. Son iqtisadi proseslərdən sonra Azərbaycanda da bu sahəyə böyük diqqət və qayğı göstərilir. Prezident yeni evlərin tikintisinə nəzarət edir. O cümlədən, Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması da bu sahədə atılan vacib addımlardan biridir. Bütün bunların arxasında isə Azərbaycanda insanların yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədi dayanır. İnşaat həm də qeyri-neft sektorunun ümumi inkişafı deməkdir. Görülən işlər hələlik qənaətbəxşdir. Amma daha çox investisiya yatırımlarına ehtiyac var. Bununla yanaşı, yaşayış evlərinin tikintisinə daha çox diqqət yetirilməlidir. Çünki bu, sosial layihədir və əhalinin evlə təmin olunması önəmli məsələlərdən biridir. Təsadüfi deyil ki, dövlət başçısı da bu sahəyə olan diqqəti günü-gündən artırır”.
Şəbnəm Mehdizadə



banner

Oxşar Xəbərlər