İqtisadiyyat Nazirliyində müşavirə keçirilib
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıdaduran vəzifələrə həsr olunan iclasında və Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika
müşavirəsində dövlət başçısı tərəfindən
verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin
struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə
müşavirə keçirilib.
Müşavirədə
İqtisadiyyat naziri Şahin Mustafayev Nazirlər Kabinetinin iclasında və qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlət başçısı tərəfindən verilmiş tapşırıqların
icrasının iqtisadiyyatın davamlı
inkişafı və rəqabət qabiliyyətinin artırılması, istehsal və ixrac potensialının genişləndirilməsi və s. kimi
strateji məsələlərdə mühüm əhəmiyyətini vurğulayıb. Nazir 2017-ci ilin birinci rübünün
yekunlarının dövlət başçısı tərəfindən müsbət qiymətləndirildiyini diqqətə
çatdıraraq, qeyd edib ki,
dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin
iqtisadiyyata təsirini neytrallaşdırmaq, ölkənin davamlı inkişafını təmin etmək
məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli islahatlar həyata
keçirilir. Bu islahatların əsas istiqaməti məhz qeyri-neft sektorunun
inkişafıdır və islahatların uğurlu icrası sayəsində bu sahədə ciddi dönüş əldə
edilib, Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin olunub.
Şahin Mustafayev
vurğulayıb ki, Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti
qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı
makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, Dövlət İnvestisiya
Proqramının tam şəkildə icrası, xarici sərmayənin cəlb edilməsi ilə bağlı daha
fəal iş aparılması, kənd təsərrüfatı və sənaye istehsalının, xüsusilə
ixracyönümlü məhsulların həcminin artırılması, hər bir rayonda sənaye zonasının
yaradılması, ənənəvi ixrac bazarlarına daha geniş çeşiddə məhsulların
çıxarılması və yeni ixrac bazarlarına çıxışın təmin edilməsi, logistik mərkəzlərin
yaradılması, aqropark və təsərrüfatların müasir texnologiyalar əsasında
qurulması, bölgələrdə məşğulluğun artırılması, yeni iş yerlərinin
yaradılmasının davam etdirilməsi və s. tapşırıqlar verib.
Müşavirədə
İqtisadiyyat naziri dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələrin
icrası məqsədilə makroiqtisadi təhlillərin, dövlət investisiya layihələrinin
monitorinqinin aparılması, istehlak bazarına nəzarətin gücləndirilməsi, yeni iş
yerlərinin yaradılması imkanlarının araşdırılması barədə Nazirliyin aidiyyəti
struktur bölmələrinə konkret göstərişlər verib.
Bildirilib ki,
2017-ci ilin I rübündə 40 mindən çoxu özəl sektor tərəfindən olmaqla 85 min
yeni iş yeri yaradılıb. Hazırda özünüməşğulluq səviyyəsinin yüksəldilməsi üçün
İqtisadiyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə təkliflər
hazırlayır.
Dövlət başçısının
sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və
yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan
vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin
istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə sənaye parkları və sənaye
zonalarının yaradılması davam etdirilir.Hazırda
ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Qaradağ Sənaye parkları fəaliyyət
göstərir, Mingəçevir və Pirallahı sənaye parklarının təşkili istiqamətində işlər
aparılır.
Hazırda 10
rezidenti olan Sumqayıt Kimya Sənaye Parkında bu il 5, gələn il isə 2 müəssisə istifadəyə veriləcək. Mövcud layihələr üzrə
rezidentlər tərəfindən sənaye parkına 1,2 milyard ABŞ dolları həcmində
investisiyanın yatırılması və 2000-ə yaxın daimi iş yerinin açılması nəzərdə
tutulur. Sənaye Parkında istehsal olunacaq məhsullar daxili bazarın tələbatını
ödəməklə yanaşı, "Made in Azerbaijan” brendi ilə xarici bazarlara da ixrac ediləcək.
Artıq Sənaye Parkının rezidenti olan "Azertexnolayn” müəssisəsi istehsal etdiyi
məhsulun 52%-ni ixrac edib.
Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən ən böyük layihələrdən
olan "SOCAR Polimer"in iqtisadi əhəmiyyətindən danışan nazir diqqətə
çatdırıb ki, bu layihə Azərbaycanda
sahibkarlığın inkişafında xüsusi önəm kəsb edir və burada istehsal olunacaq polipropilen və yüksək sıxlıqlı polietilen ixrac
olunmaqla yanaşı, yerli müəssisələrin xammala olan tələbatını ödəyəcək. Nəticədə
hazırda idxal olunan yüzlərlə adda məhsul ölkə daxilində istehsal ediləcək.
7 hektar sahəni əhatə edən Balaxanı Sənaye Parkında 22
milyon manat investisiya ilə tullantıların təkrar emalı üzrə 5 müəssisənin bu
ilin birinci yarısında fəaliyyətə başlaması və bu müəssisələrdə 400-ə yaxın
yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sənaye Parkının rezidentləri
olan "Ekokat" MMC və "Metak" MMC parkın ərazisində
test rejimində fəaliyyətə başlayıblar.
Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkına indiyədək
470 milyon dollar investisiya qoyulub ki, bu, 2000 nəfərin daimi işlə təmin
olunmasına imkan verir.
Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları,
o cümlədən ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab
istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya
qoyuluşu və 5500-dən çox yeni iş yerinin açılması gözlənilir. Parkda
yaradılacaq müəssisələr üçün xammal bazası, o cümlədən pambıq mahlıcı yerli məhsullar
hesabına təmin ediləcəkdir. Bütün bunlar ölkədə ilk dəfə olaraq yüngül sənaye
sahəsində klaster yanaşmasının geniş tətbiqinə imkan verəcəkdir.
Azərbaycanda qeyri-neft sektorunun
inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən biri də ölkəmiz
üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsullarının istehsalı sənayesinin
yaradılmasıdır. Bu məqsədlə xüsusi olaraq yaradılmış Pirallahı Sənaye Parkında
artıq 2 dərman zavodunun təməli qoyulub. Növbəti zavodun təməlinin isə yaxın vaxtlarda qoyulacağı gözlənilir.
Müşavirədə regionlarda yerli
potensiala əsaslanan sənaye zonalarının yaradılması imkanlarının araşdırılması
və sənaye parklarının təşkili istiqamətində
işlərin davam etdirilməsi barədə müvafiq struktur bölmələrə tapşırıqlar
verilib.
Neftçala Sənaye
Zonasında 2 müəssisə artıq fəaliyyətə başlayıb, 3 müəssisənin isə bu il fəaliyyətə
başlaması nəzərdə tutulur. Masallı Sənaye Zonasının yaradılması istiqamətində
müvafiq torpaq sahəsi ayrılıb, layihələndirmə işləri tamamlanıb. Sənaye
zonasına sahibkarlar tərəfindən böyük maraq göstərilir və artıq onlar tərəfindən
dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub.
Nazir Şahin
Mustafayev Hacıqabul və Ağdam rayonlarında da sənaye zonalarının yaradılması
imkanlarının araşdırılmasının qısa müddətdə başa çatdırılması barədə Nazirliyin
aidiyyəti strukturlarına müvafiq tapşırıqlar verib.
Müşavirədə
bildirilib ki, investisiya təşviqi mexanizmi uğurla həyata keçirilir və indiyədək sahibkarlar tərəfindən verilmiş 140-a yaxın
investisiya təşviqi sənədi üzrə 1,2 milyard manatlıq investisiya qoyuluşu və 8
min iş yerinin açılması nəzərdə tutulur. Artıq investisiya təşviqi sənədi
verilmiş 45 layihə reallaşdırılıb.
Dövlət başçısının tapşırığına uyğun olaraq, ərzaq təhlükəsizliyinin
möhkəmləndirilməsi tədbirləri daim diqqətdə saxlanılacaq. Müşavirədə məlumat
verilib ki, hazırda 24 rayonda 32 aqroparkın, o cümlədən 12 heyvandarlıq
kompleksinin, 20 iri bitkiçilik təsərrüfatının yaradılması üzrə işlər aparılır.
Bütün bunların qarşıdakı dövrdə qeyri-neft sektorunda istehsal və ixrac
potensialını daha da artıracağını vurğulayan iqtisadiyyat naziri bu sahədə işlərin
sürətləndirilməsi, sənayedə və aqrar
sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi
barədə tapşırıqlar verib.
Hazırkı dövrdə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması,
ixrac məhsullarının çeşidinin və həcminin artırılması, ixrac coğrafiyasının
genişləndirilməsi prioritet istiqamətlərdəndir. Bununla bağlı Azərbaycan
Respublikasının Prezidentinin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində
dövlət başçısı mühüm tapşırıqlar verib. Bu sahədə görülən işlər barədə məlumat
verən Şahin Mustafayev bildirib ki, indiyədək "Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı Honq Konq
da daxil olmaqla Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana,
Pakistana, Qətərə 7 ixrac missiyası həyata keçirilib. Növbəti ixrac missiyası
isə aprelin 23-də Qazaxıstana yola düşüb.
Prezident İlham Əliyevin qeyri-neft
ixracatçılarının respublika müşavirəsində ən yaxşı potensial bazar olan ölkələrə
ixrac missiyalarının təşkili, dünyanın aparıcı sərgilərində iştirakın təmin
edilməsi barədə tapşırıqlarının icrası məqsədi ilə 2017-ci ildə Rusiya, ABŞ və digər ölkələrə ixrac missiyaları təşkil
olunacaq, "World Food Moscow”, "Anuga”, "Honq-Konq Beynəlxalq Şərab və Spirtli
İçkilər” sərgilərində Azərbaycan məhsullarının vahid ölkə stendində nümayiş
olunması təmin ediləcəkdir. Dövlət başçısının tapşırığına əsasən, bir sıra ölkələrlə
yanaşı, böyük ölkələrin bölgələrinə də ixrac missiyalarının təşkili istiqamətində
təhllilər aparılır.
Bununla
yanaşı, ixracın stimullaşdırılması məqsədilə sahibkarlara ixrac etdikləri
qeyri-neft məhsullarının gömrük dəyərinin 3%-dən 6%-dək büdcə vəsaitləri
hesabına təşviq verilir. Bu ilin I rübündə İqtisadiyyat Nazirliyinə bu istiqamətdə
84 müraciət daxil olub və Rusiya, ABŞ, Çin, Belarus və digər ölkələrə ixrac
olunmuş kənd təsərrüfatı və sənaye məhsulları üzrə 520 min manatdan çox ixrac təşviqi
ödənilib. Dövlət başçısının ixracın təşviqi üzrə müəyyənləşdirdiyi hədəflərə
nail olmaq məqsədi ilə iqtisadiyyat naziri bu istiqamətdə işlərin davam
etdirilməsi və daha da genişləndirilməsi barədə Nazirliyin müvafiq
strukturlarına göstərişlər verib.
Eyni
zamanda, ixrac bazarlarında ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət
maraqlarının daha dolğun qorunması və təmsil edilməsi məqsədilə dövlət
başçısının müvafiq Fərmanına əsasən, səfirlik və konsulluqlarda ticarət nümayəndələrinin
təyin edilməsi ilə bağlı tədbirlərin icrası davam etdirilir, Azərbaycanın ilk
ticarət nümayəndəsi qeyri-neft məhsulları üzrə əsas ticarət tərəfdaşımız olan
Rusiya Federasiyasına təyin olunub.
Belarusda
Azərbaycan Ticarət Evi yaradılması işləri tamamlanmaq üzrədir və bu yaxınlarda
fəaliyyətə başlayacaqdır. Ukraynada da bu istiqamətdə işlər aparılır. Müşavirədə
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Rusiya, Qazaxıstan, Asiya qitəsi və Körfəz
ölkələrində də Azərbaycanın Ticarət Evlərinin
yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə müvafiq göstərişlər
verilib.
Prezident İlham Əliyevin Azərbaycanın xaricdə logistik
mərkəzlərin yaradılmasını vəzifə olaraq qarşıya qoyduğunu vurğulayan Şahin
Mustafayev bu istiqamətdə araşdırmaların aparıldığını bildirib, işlərin
sürətləndirilməsi barədə Nazirliyin aidiyyəti struktur bölmələrinə tapşırıqlar
verib. Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən Azərbaycanın xaricdəki
ilk Logistik Mərkəzi də məhz qeyri-neft sektorunun inkişafına, ölkəmizin ixrac
və tranzit imkanlarının genişləndirilməsinə xidmət edir.
Vurğulanıb ki, Yevlaxda keçirilmiş qeyri-neft
ixracatçılarının respublika müşavirəsində Prezident İlham Əliyev meyvə-tərəvəz
məhsullarının, fındıq, badam, zeytun yağı, şəkər çuğunduru, ipək istehsalının və
ixracının artırılması,
pambıqçılığın, tütünçülüyün, xalçaçılığın inkişaf etdirilməsi, yun emalının təşkili,
şərab zavodlarının
tam gücü ilə işləməsinin təmin olunması, mineral suların ixracının genişləndirilməsi,
kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılmasına dəstəyin
davam etdirilməsi, özünü təminat səviyyəsinin yüksəldilməsi, balıqçılıq sənayesinin
yaradılması istiqamətində mühüm vəzifələr müəyyənləşdirib.
Şahin Mustafayev Nazirliyin müvafiq struktur bölmələrinə
ixracyönümlü yerli istehsalın dəstəklənməsi istiqamətində tədbirlərin gücləndirilməsi
barədə tapşırıqlar verib. Qeyd edilib ki, hazırda şərabçılığın inkişafı və
stimullaşdırılması ilə bağlı təkliflər hazırlanır.
Müşavirədə yun tədarükü müəssisələrinin yaradılması ilə
bağlı tədbirlərin görülməsi, xalçaçılığın inkişafına xüsusi diqqət göstərilməsi,
eləcə də qeyri-neft ixracının artırılmasında əhəmiyyəti nəzərə alınmaqla
qablaşdırma sahəsində mövcud istehsal sahələrinin genişləndirilməsi və yeni müəssisələrin
yaradılması imkanlarının araşdırılması barədə tapşırıqlar verilib.
Müşavirədə həmçinin,
Azərbaycan məhsullarının təbliği məqsədilə xarici KİV-də reklamların yerləşdirilməsi
üçün qısa müddətdə tədbirlərin görülməsi barədə İqtisadiyyat Nazirliyinin
aidiyyəti struktur bölmələrinə tapşırıqlar müəyyənləşdirilib.
Əlverişli coğrafi
mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident
İlham Əliyevin iqtisadi siyasətində mühüm yer tutur. Bununla əlaqədar ölkəmizin
tranzit imkanlarının genişləndirilməsi istiqamətində önəmli işlər görülüb.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə Astara çayı üzərində dəmir yolu
körpüsünün tikintisi, eləcə də Azərbaycan və İran sərhədində dəmir yolu məntəqələrinin
birləşməsi üzrə nəzərdə tutulan inşaat işləri ölkəmiz tərəfindən sürətlə icra
edilib. Hazırda İran ərazisində Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin
maliyyələşdirilməsinə dair müzakirələr aparılır. Bu layihənin icrasından sonra
Fars körfəzindən Rusiyaya, eləcə də Şərqi və Şimali Avropa ölkələrinə yüklərin
daşınması daha səmərəli olacaq, Şimal-Cənub dəhlizinin Azərbaycandan keçməklə
infrastukturu tam təmin olunacaq. Müşavirədə qeyd edilib ki, ötən ilin
dekabrında Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı İrana yola
salınıb ki, bu, Azərbaycanın tranzit imkanlarının daha da artırılmasına, eləcə
də blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının inkişafına öz töhfəsini
verəcəkdir.
Dövlət başçısının Azərbaycanın bütün sahələrdə
inkişafının istiqamətlərini müəyyənləşdirdiyi proqram xarakterli çıxışından
irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında
və keyfiyyətli icrası üçün Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında
konkret icraçısı və icra müddəti göstərilməklə Nazirliyin struktur bölmələrinə
tapşırıqlar əksini tapıb.