İqtisadiyyat Nazirliyi jurnalistləri mükafatlandırıb - Fotolar
Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat
Nazirliyi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan
olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir
keçirilib. "Azərlotereya” ASC-nin və Bakı Biznes Mərkəzinin dəstəyi ilə
keçirilmiş tədbirdə rəsmi şəxslər və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə
həsr olunmuş film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan iqtisadiyyat
nazirinin müavini Niyazi Səfərov müasir Azərbaycanın memarı Heydər Əliyevin ölkəmizin inkişafı üçün
gördüyü mühüm işlərdən geniş bəhs edib, bu dahi şəxsiyyətin dövlətçiliyimizin
möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən
danışıb. Vurğulanıb ki, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən Ulu
Öndər ölkəni xaos və böhrandan qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı,
atəşkəsə nail oldu, ölkədə siyasi sabitlik yaratdı. Heydər Əliyevin müdrikliyi,
siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi
sahədə də genişmiqyaslı islahatlar həyata keçirilib. Ümummilli Liderin davamlı və dayanıqlı, sosialyönümlü və innovativ
iqtisadiyyatın formalaşması istiqamətində həyata keçirdiyi strategiya, o cümlədən
neft, aqrar islahatlar, özəlləşdirmə, regionların
tarazlı inkişafı siyasəti, sahibkarlığın inkişafı,
infrastrukturun, yeni istehsal sahələrinin yaradılması, nüfuzlu beynəlxalq maliyyə institutları ilə əlaqələrin
qurulması kimi kompleks tədbirlər sonrakı illərdə ölkə iqtisadiyyatının
dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Heydər Əliyevin siyasi kursu
möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam
etdirilir, dünyada layiqli yerini tutmuş və regionun siyasi, iqtisadi və mədəni
mərkəzinə çevrilmiş Azərbaycan inkişaf edir, siyasi sabitliyi, toleranlığı,
özünəməxsus iqtisadi inkişafı ilə seçilir.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov
çıxışında Ümummilli Lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, mətbuatın
inkişafına da böyük diqqət və qayğı göstərdiyini vurğulayıb.
Sonra Heydər
Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin
Azərbaycan Mətbuat Şurası ilə birlikdə KİV nümayəndələri arasında təşkil etdiyi "Heydər Əliyev və iqtisadi
islahatlar” mövzusunda yaradıcılıq müsabiqəsinin
nəticələri açıqlanıb. Qeyd edilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən belə
müsabiqələr ənənəvi olaraq hər il keçirilir. Bu ilki müsabiqəyə 46 KİV tərəfindən
84 material təqdim edilib. Təqdim edilmiş materiallar İqtisadiyyat Nazirliyində
yaradılmış və Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu
Müsabiqə
Komissiyası tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib.
Tədbirdə qaliblər elan olunub,
onlara diplomlar və mükafatlar təqdim edilib. Ümumiyyətlə isə, bütün müsabiqə
iştirakçıları diplomlarla təltif olunub, onlara mükafatlar verilib.
Sonda Ümummilli Liderimizin yaradıcısı olduğu Yeni Azərbaycan
Partiyası sıralarına yeni qəbul edilmiş İqtisadiyyat Nazirliyinin əməkdaşlarına
YAP-ın vəsiqələri təqdim olunub.