İqtisadiyyat naziri Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
İqtisadiyyat
naziri Şahin Mustafayev Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Mixael Kindsqrabı qəbul edib.
İqtisadiyyat nazirliyinin mətbuat xidmətindən "Kaspi"yə bildirilib ki, görüşdə nazir
Şahin Mustafayev Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə əməkdaşlığın
genişləndirilməsinə böyük önəm verildiyini diqqətə çatdırıb. Şahin Mustafayev vurğulayıb
ki, Azərbaycan Respublikası Prezidentinin bu ilin iyun ayında Almaniyaya səfəri
zamanı rəsmilərlə bir sıra görüşlər keçirilib. Səfər çərçivəsində təşkil edilən
Almaniya-Azərbaycan biznes forumuna iş adamlarının göstərdiyi maraq ölkələrimiz
arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın
olmasından xəbər verir. Ölkələrimiz ticarət, investisiya, maliyyə, səhiyyə, təhsil
və digər sahələrdə əməkdaşlıq edir. Alman şirkətləri Cənub Qaz Dəhlizi layihəsində
iştirak edirlər. Tvinninq layihəsi üzrə əməkdaşlıq çərçivəsində 11 layihə icra
edilib, 3 layihənin icrası isə davam etdirilir. Sumqayıt Kimya Sənaye Parkında Almaniya təcrübəsi əsasında sənaye sahəsində
Peşə Tədris Mərkəzi yaradılır. Birgə proqram çərçivəsində 2009-2016-cı illərdə 300-ə
yaxın sahibkar və gənc menecer
Almaniyada ixtisasartırma kursu keçib. Şahin Mustafayev Azərbaycan iş
adamlarının 2017-ci ildə Almaniyanın Berlin, Köln və Düseldorf şəhərlərində
keçiriləcək bir çox sərgilərdə iştirak edəcəyini qeyd edib. Diqqətə çatdırılıb
ki, 24-25 noyabr tarixlərində Bakıda 6-cı iclası keçiriləcək Ticarət və İnvestisiyalar
üzrə Almaniya-Azərbaycan Yüksək səviyyəli İşçi Qrupunun, eləcə də Alman-Azərbaycan
Xarici Ticarət Palatasının fəaliyyəti ölkələrimiz arasında əlaqələrin
inkişafında əhəmiyyətlidir.
Ölkəmizdə
biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı sahəsində
həyata keçirilən iqtisadi islahatlardan danışan İqtisadiyyat naziri alman iş
adamlarını yaradılmış əlverişli imkanlardan yararlanmaqla fəal əməkdaşlığa dəvət
edib. Qeyd olunub ki, əczaçılıq, kənd təsərrüfatı, tranzit və logistika sahələrində
əməkdaşlıq üçün böyük potensial var. Kənd təsərrüfatı texnikasının istehsalı
sahəsində Azərbaycan Almaniya təcrübəsi əsasında birgə müəssisə yaradıla bilər.
"Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında”
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan-Almaniya humanitar,
eləcə də turizm əlaqələrinin genişlənməsində mühüm əhəmiyyət kəsb edir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə
çatdıran Şahin Mustafayev bir sıra alman şirkətlərinin Azərbaycanın işğal
olunmuş ərazilərində fəaliyyət göstərməsinin yolverilməz olduğunu vurğulayıb.
Almaniya
Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael
Kindsqrab Azərbaycandakı fəaliyyətindən məmnunluğunu bildirib, Azərbaycan
Respublikası Prezidentinin 2016-cı ilin iyun ayında Almaniyaya səfərinin əhəmiyyətini
vurğulayaraq, dövlət başçısının səfər çərçivəsində keçirilmiş biznes forumdakı
çıxışının alman iş adamlarına azərbaycanlı həmkarları ilə əlaqələrin genişləndirilməsinə
əlavə stimul verdiyini və alman şirkətlərinin ölkəmizə marağını artırdığını diqqətə
çatdırıb. Səfir Mixael Kindsqrab Almaniyanın Cənub Qaz Dəhlizi layihəsini dəstəklədiyini
vurğulayıb. Qeyd olunub ki, tranzit və logistika sahəsində də əməkdaşlığın
genişləndirilməsi imkanları böyükdür və artıq bir sıra alman şirkətləri tranzit
yükdaşımaları üçün Azərbaycan marşrutundan istifadə edir. Səfir Mixael
Kindsqrab Azərbaycanın işğal olunmuş ərazilərində alman şirkətlərinin fəaliyyət
göstərməsi məsələsinin Almaniya hökumətinin diqqətinə çatdıracağını bildirib.