İqtisadiyyat naziri AİB-nin vitse-prezidenti ilə müzakirələr aparıb
İqtisadiyyat naziri Şahin Mustafayev Asiya İnkişaf Bankının (AİB)
vitse-prezidenti Vençay Zanqla görüşüb.
İqtisadiyyat nazirliyinin mətbuat xidmətindən "Kaspi"yə bildirilib ki, görüşdə Azərbaycan və AİB əməkdaşlığının genişləndirilməsi
perspektivləri, bankın dəstəyi ilə həyata keçirilən layihələrin icrası və qarşılıqlı
maraq doğuran digər məsələlər müzakirə edilib. Nazir Şahin Mustafayev Azərbaycanın
Asiya İnkişaf Bankı ilə əməkdaşlığa önəm verdiyini, bankın ölkəmizdə bir sıra
layihələrin reallaşdırılmasına maliyyə dəstəyi göstərdiyini qeyd edib.
Bildirilib ki, indiyədək AİB tərəfindən ölkəmizdə həyata keçirilən müxtəlif
layihələrə 2,8 mlrd. dollar kredit ayrılıb. Azərbaycan AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramında da fəal iştirak
edir. 2008-ci və 2011-ci illərdə
CAREC-in Nazirlər Konfransının, 2015-ci ilin mayında AİB-in Müdirlər Şurasının
48-ci İllik Toplantısının Bakıda keçirilməsi uğurlu əməkdaşlığımızın göstəriciləridir.
Azərbaycanda həyata keçirilən iri enerji və infrastruktur layihələrindən
danışan Şahin Mustafayev Xəzərdə Dəniz Limanının tikintisi layihəsi üzrə I mərhələnin
yekunlaşdığını, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və ölkəmizdə
azad ticarət rejimli xüsusi iqtisadi zonanın yaradılması istiqamətində işlərin
davam etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, AİB-lə infrastruktur layihələrinin
icrası istiqamətində əməkdaşlıq davam etdirilə bilər. Bu istiqamətdə həmçinin
xüsusi iqtisadi zonalara, xüsusilə Ələt azad ticarət rejimli xüsusi iqtisadi
zonasında və sənaye parklarında birgə layihələr həyata keçirilmişi mümkündür.
Azərbaycan Prezidentinin islahatlar paketi çərçivəsində ökəmizdə biznes və
investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində həyata
keçirilən tədbirlər barədə məlumat verən Şahin Mustafayev bankın özəl sektora
maliyyə dəstəyi göstərməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, AİB-in
kiçik və orta sahibkarlarla işləyən kredit ittifaqları ilə əməkdaşlığının
genişləndirilməsi və özəl sektora ayrılan kreditlərin həcmini artırılması önəmlidir.
Həmçinin qeyd olunub ki, AİB real sektora birbaşa kredit xətləri açmaqla bərabər,
şirkətlərin səhm kapitalında payçı kimi iştirak edə, kənd təsərrüfatı sahəsində
aqrobiznes layihələrində dövlət-özəl-bank əməkdaşlığı formatında layihələrə
qoşula bilər. Nazir Şahin Mustafayev iqtisadiyyatın digər sahələrində də AİB-lə
əməkdaşlıq perspektivləri barədə fikirlərini bildirib.
Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Zanq bankın Azərbaycanla 1999-cu ildən uğurlu əməkdaşlıq etdiyini
qeyd edərək, AİB-in növbəti 3 il üçün prioritetləri barədə məlumat verib. Azərbaycan-AİB
əlaqələrinin genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşən Vençay
Zanq infrastruktur, enerji, göllərin təmizlənməsi, xüsusi iqtisadi zonaların
yaradılması və s. sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.