• şənbə, 20 Aprel, 08:47
  • Baku Bakı 14°C

İqtisadi inkişafa təkan verəcək fərman

03.09.13 08:58 1431
İqtisadi inkişafa təkan verəcək fərman
Ötən həftə ölkə Prezidenti İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və ölkə Prezidentinin aktlarının sözügedən qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Prezidentinə təqdim etmək tapşırılıb. Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun bu il iyulun 2-də Milli Məclisdə qəbul edilib.
Normativ akta ehtiyac vardı
İqtisadçı Pərviz Heydərov bizimlə söhbətində bildirdi ki, Prezidentin adıçəkilən qanunun tədbiqi barədə imzaladığı fərman ölkədə xüsusən orta və kiçik biznesin inkişafı üçün əhəmiyyətlidir: “Son 10 il ərzində ölkədə sahibkarlığın inkişafı üçün çox addımlar atılıb. Bütün bunlar bilavasitə dövlət başçısının təşəbbüsü ilə olub. Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin bütün rüblük iclaslarında dövlət başçısı sahibkarlarla bağlı məsələyə toxunub. O, dəfələrlə iclaslarda qeyd edib ki, sahibkarların qeyri-qanuni yolla, lazımsız şəraitdə yoxlanılması, onların işlərinə müdaxilə edilməsi yolverilməzdir. Amma təcrübə göstərir ki, bütün bunlara baxmayaraq, yenə də nöqsanlar qalır. Çünki bunun müvafiq mexanizmi yox idi. Yəni bu sahədə konkret mexanizm yaradılmalı idi. Mexanizmin yaradılması üçün isə ilkin şərt müvafiq hüquqi, normativ aktın olmasıdır. Bu mənada, sözügedən qanun layihəsinin qəbulu və qanunun icrası üçün fərmanın imzalanması ölkəmizin iqtisadi inkişafı baxımından böyük uğur gətirə bilər”.
Orta və kiçik biznes yersiz yoxlamaları sevmir
P.Heydərovun fikrincə, ölkədə sahibkarlığın inkişafı ilə bağlı aparılan tədbirlər iri sahibkarlığın karına gəlsə də, orta və kiçik biznesin fəaliiyyəti üçün vəziyyət heç də rəvan xarakter daşımır: “Söhbət, adıçəkilən biznes sahələrinin qeydiyyata alınmasından və ilkin fəaliyyətə başlaması üçün hər hansı problemlərin olmasından getmir. Orta və kiçik biznes elədir ki, dəstəyə ehtiyacı var. Ən əsası da hökumət tərəfindən lazımsız və yersiz yoxlamaları və müdaxiləni sevmir. Bizdə isə indiyədək bu məsələləri tənzimləyəcək müvafiq qayda-qanun yox idi. Prezidentin çıxışlarında dəfələrlə sahibkarların fəaliyyətinə müvafiq hökümət qurumlarının müdaxiləsi pislənilsə də, bu sahədə zəruri hüquqi-normativ bazanın olmaması ucbatından vəziyyət dəyişməz olaraq qalırdı. Bu baxımdan sözügedən qanunun qəbuluna, işə düşməsinə böyük ehtiyac var idi”.
P.Heydərovun sözlərinə görə, qanunun icrasından sonra artıq ayrı-ayrı orqanlar öz funksiyalarını, səlahiyyətlərini biləcəklər: “Biləcəklər ki, hansı şəraitdə, hansı tələblər çərçivəsində sahibkarlarla münasibət qurmalıdırlar, onların fəaliyyətini yoxlamalıdırlar, işlərinə müdaxilə etməlidirlər. Ortada qanun olanda bilinəcək ki, aidiyyatı hökumət strukturları hansı səlahiyyətlər çərçivəsində sahibkarların işinə müdaxilə edə bilər. Amma hazırda bu prosesin çərçivələri məlum deyil. Bilinmir ki, Hesablama Palatası, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmək Müfəttişliyi, Səhiyyə Nazirliyi və digər orqanlar hansı şəraitdə və hansı halda sahibkarların işinə müdaxilə edə, nəyisə tələb edə bilər. Ona görə də qeyd olunan sənədin icrası dəqiq və əməli həyata keçirilsə, iri sahibkarlarla yanaşı, orta və kiçik sahibkarlar da bunun xeyrini hiss edəcəklər. Nəzərə alsaq ki hər bir ölkənin iqtisadi inkişafının əsasını məhz sahibkarlar təşkil edir, hesab edirəm ki, qanunun icrasısının səmərəsi yaxın 1-2 ildə özünü göstərəcək”.
Qeyd edək ki, Milli Məclisdən KİV-ə verilən məlumata görə, hazırda Azərbaycanda təxminən 35 yoxlayıcı orqan mövcuddur. Həmin orqanlar tərəfindən aparılan yoxlamaların qaydaları bir çox hallarda Nazirlər Kabineti tərəfindən, digər hallarda özləri tərəfindən müəyyən edilir. Bəzi hallarda isə bü cür qaydalar, ümumiyyətlə, mövcud deyil.
Qanundakı risk qrupları
Millət vəkili Əli Məsimlinin qəzetimizə verdiyi açıqlamaya görə, sözügedən qanunun qəbulunda və icrasında əsas məqsəd sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsindən və həmin yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasından ibarətdir: “Normal ölkələrdə 2-3 yoxlayıcı orqan olur. Amma bizdə yoxlayıcı orqanların sayı çox olduğundan yoxlamalar çox vaxt aparır. Bu həm də zaman etibarı ilə sahibkarın vaxtının daha çox alınması deməkdir ki, bu baxımdan sahibkar üçün ciddi problem yaradır. Beynəlxalq araşdırmalar göstərir ki, hansı ölkədə məmurla sahibkar arasında olan münasibətdə sahibkar öz vaxtının daha az hissəsini məmurla mübahisələrə sərf edirsə, orada sahibkarlıq daha sürətlə inkişaf edir”.
Qeyd edək ki, yeni qanunda üç risk qrupu müəyyənləşib. Yüksək risk qrupuna aid sahibkarların fəaliyyəti ildə bir dəfədən çox olmayaraq, orta risk qrupunda iki ildə bir dəfədən çox olmayaraq, kiçik risk qrupunda üç ildə bir dəfədən çox olmayaraq aidiyyatı təşkilatlar tərəfindən yoxlanılacaq. Amma yeyinti məhsulları ilə bağlı fəaliyyət göstərən sahibkarların fəaliyyətinin yoxlanılmasında rəqəm iki dəfə azalacaq. Yəni yüksək risk qrupuna aid olanlar altı ayda bir, orta risk qrupuna aid olanlar bir ildə bir, digər qrup isə 1.5 ildə bir dəfə yoxlanılacaq. Bundan başqa, plandan kənar yoxlamalar da həyata keçiriləcək. Əgər hansısa anonim olmayan vətəndaş müraciətləri olsa, yaxud hansısa sahibkarlıq fəaliyyəti barəsində mətbuatda müvafiq-neqativ siqnallar verilsə, bunlar əsas götürülərək plandan kənar yoxlamalar həyata keçiriləcək.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər