• şənbə, 20 Aprel, 04:09
  • Baku Bakı 15°C

“İqtisadi inkişaf tempi aşağı düşəcək” proqnozunun endirdiyi qiymət

29.02.20 10:30 1572
“İqtisadi inkişaf tempi aşağı düşəcək” proqnozunun  endirdiyi qiymət
Ekspertin fikrincə, OPEC+ ölkələri adekvat qərar qəbul etməzsə, neftin qiyməti ikinci rübdə 40 dollara qədər enə bilər
Sürətlə yayılan koronavirusun qlobal iqtisadi artıma təsir edəcəyi proqnozlaşdırılır. Bu təhlükə qlobal bazarda qeyr-sabit durum yaradıb. Belə durum neftin qiymətinə də təsirsiz ötüşmür. Təsadüfi deyil ki, son bir ildə neftin qiyməti ən aşağı səviyyəyə düşüb. "Brent” markalı neftinin qiyməti50.76 dollara (-4,7% azalma), ABŞ xam neftinin qiyməti isə45.74 dollara (-6.4% azalma)qədər geriləyib. Azərbaycanın dünya bazarına çıxardığı satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti2,73ABŞ dolları, yaxud4,84%azalıb. Belə ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti53,67ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66ABŞ dolları) qeydə alınıb.
Təbii, son günlər baş verən proseslər neftin qiymətinə mənfi təsir göstərir. Neftə olan tələbat aşağı düşdükcə, qiymətlər də günü-gündən aşağı düşür. Bəs görəsən bu qiymət enmələri ixracatçı ölkələrin neft gəlirlərinə necə təsir edəcək? Bunun üçün hansısa tədbirlər görülübmü?
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirdi ki, hazırda neftin qiymətlərini aşağı salan bir neçə faktorlar var: "Dünyanın iqtisadi inkişaf tempi aşağı düşməkdədir. Bu da neftə olan tələbatın aşağı düşməsinə gətirib çıxarır. Digər tərəfdən, ən əsas səbəblərdən biri də Çində yayılan koronavirus təhlükəsinin dünya ölkələrində sürətlə yayılmasıdır. Bu da neftə olan tələbatı aşağı salmaqdadır. Digər səbəblərdən biri də mövsümi olaraq qiymətlərin aşağı düşməsi ilə bağlıdır. Adətən ilin ilk 3 ayında neftə olan tələbat aşağı olduğuna görə, qiymətlər azalır. Bu, hər il təkrarlanan bir prosesdir. Hazırda həm Asiya, həm Avropa və həm də Amerika bazarlarında normadan artıq kommersiya və strateji neft ehtiyatları mövcuddur. 2019-cu ildə kommersiya və strateji təyinatlı neft ehtiyatlarının böyük bir hissəsi emal edilməyib. Bu da emal güclərinin neftə olan tələbatının aşağı düşməsinə səbəb olur. Qarşıdakı aylarda da bu faktorların neftin qiymətini təsir altında saxlayacağı gözlənilir. Mart ayının ilk 10 günlüyündə keçiriləcək OPEC+ ölkələrinin toplantısında tərəflər qlobal neft bazarlarında hazırkı situasiyanı dərindən araşdırıb adekvat qərar qəbul etməzsə, neftin qiyməti ikinci rübdə 40 dollara qədər enə bilər. Dünya bazarına çıxarılan neftin kəmiyyət yox, keyfiyyət məsələsinə üstünlük verilir. OPEC+ ölkələri hasilat həcmlərinin azaldılması məsələsində kəmiyyətə fikir verir. Amma neft bazarında yüngül və ağır neft balansını qoruyub saxlamaq lazımdır. Vyana sazişi imzalandıqdan sonra Səudiyyə Ərəbistanı və İraq ixrac portfelində ağır neftin iştirak payını kəskin şəkildə aşağı saldı. İraqın keçənilki ixrac həcmlərində ağır və orta ağır neftin 40 faizi ixtisar olundu. Bazara daha çox yüngül neft ixrac olunur. Ona görə də OPEC+ ölkələri bu məsələləri ciddi şəkildə müzakirə etməlidir. Hesab edirəm ki, sazişin müddəti ilin sonuna qədər uzadılmalıdır. Əgər bu sazişin şərtləri pozularsa, qiymətlər 40 dollardan da aşağı düşə bilər. Neft ixrac edən ölkələrə, o cümlədən Azərbaycana gəldikdə isə qiymətlərin aşağı düşməsi təbii ki, neft gəlirlərinə ciddi təsir göstərəcək. Neft ixrac edən ölkələr ciddi büdcə problemləri ilə üzləşə bilər. Ona görə də neftin qiymətini 55-60 dollar dəhlizində saxlamaq üçün neft bazarları ciddi qaydada tənzimlənməlidir”.
İqtisadçı millət vəkili Aydın Hüseynov söylədi ki, Azərbaycan hökuməti 2020-ci il büdcəsində neftin qiymətini optimal qiymət olan 55 dollardan hesablayıb: "Bu məsələlər büdcə müzakirələri zamanı mütləq nəzərə alınır. Bir neçə ay bundan öncə neftin qiyməti büdcədə nəzərdə tutulan qiymətdən yuxarı idi. Hazırda qiymətlər müxtəlif siyasi və iqtisadi səbəblərdən aşağı düşür. Bu dinamika il ərzində davam edəcək. Əlbəttə, qiymətlərin yuxarı olması neft gəlirlərinə birbaşa olaraq müsbət təsir edir. Amma büdcədə neftin qiyməti təyin olunmazdan əvvəl bütün mənfi proqnozlar da nəzərə alınmışdı. Yəni hazırda müxtəlif səbəblərdən baş verən qiymət enmələri əvvəlcədən nəzərə alınıb. Yəqin ki, qısa müddət sonra qiymətlər yenidən 55-60 dollar dəhlizində olacaq. Bu da neft gəlirlərində olan kəsintiləri kompensasiya edəcək. Ona görə də düşünürəm ki, neftin qiymətinin bir neçə aylıq aşağı düşməsi büdcə gəlirlərinə ciddi təsir etməyəcək. Hesab edirəm ki, ikinci rübdən sonra qiymətlərdə stabilləşmə əldə olunacaq”.
Şəbnəm
banner

Oxşar Xəbərlər