• çərşənbə, 08 May, 16:26
  • Baku Bakı 16°C

İqtisadi əməkdaşlığın Azərbaycan-Rusiya nümunəsi

07.10.19 18:51 1461
İqtisadi əməkdaşlığın Azərbaycan-Rusiya nümunəsi
Ötən həftə Rusiyanın Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirak edən Prezident İlham Əliyev çıxış edib. Dövlət başçısı çıxışı zamanı Azərbaycanla Rusiya arasındakı iqtisadi əlaqələrin dinamik inkişafından söz açıb. O qeyd edib ki, ticari-iqtisadi münasibətlərimizin inkişafında müsbət dinamika müşahidə olunur: "Biz əmtəə dövriyyəsini hər il artırırıq. Bu, get-gedə çətinləşir, çünki keçən il biz təqribən 20 faiz artım barədə danışırdıqsa, bu il artım daha çox olub. Beş "Yol xəritəsi” çərçivəsində əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsi, şübhəsiz ki, ticari əlaqələrin daha da genişlənməsinə səbəb olacaq. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan Rusiyada 1,2 milyard dollar, Rusiya Azərbaycanda 4,6 milyard dollar həcmində sərmayə qoyub. Burada biz geri qalırıq, lakin bunun obyektiv səbəbləri var. Onu da qeyd etmək istərdim ki, sənayeləşmə məsələsində Rusiya bankları bizə çox kömək edir. Onlar iqtisadiyyatın real sektorunda həyata keçirilən layihələr üçün təqribən 1 milyard dollar kredit ayırıblar”.
Prezident İlham Əliyevin Rusiyaya səfərinin iqtisadi aspektləri barədə iqtisadiyyat naziri, Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev isə bildirib ki, Soçidə aparılan müzakirələr Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının gələcək inkişafı üçün möhkəm əsas yaradır: "Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planında əks olunan 5 "Yol xəritəsi” iqtisadi əlaqələrimizin genişlənməsinin mühüm istiqamətlərini müəyyən edir.
Bu "Yol xəritələri” ticarət, nəqliyyat, Azərbaycan ərazisində birgə istehsalın yaradılması, büdcə-vergi sektorunun rəqəmsallaşdırılması üzrə qarşılıqlı fəaliyyəti və humanitar sahədə əməkdaşlığı nəzərdə tutur. "Yol xəritələri”ndə ticarət əməkdaşlığının daha da dərinləşməsi məsələlərinə xüsusi yer ayrılır. Bununla yanaşı, Azərbaycan və Rusiya arasındakı Sərbəst ticarət haqqında Saziş ticarət əməkdaşlığının daha da genişləndirilməsi üçün əlverişli imkanlar yaradır”.
Nazir vurğulayıb ki, hazırda ticarət əlaqələrimiz yüksək templərlə inkişaf edir: "Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin təxminən yarısı Azərbaycanın payına düşür. Rusiya qeyri-neft məhsullarımızın ixracı üzrə ilk yerdədir.
Ötən il Azərbaycan-Rusiya ticarət dövriyyəsi 20 faiz, bu ilin yanvar-avqust aylarında isə 24 faiz artıb”.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Azər Badamov bildirdi ki, Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələr artan dinamika ilə inkişaf edir: "Bu inkişafın təməlində ilk olaraq prezidentlər Vladimir Putinlə İlham Əliyev arasındakı dostluq və səmimi münasibətlər dayanır. Həm də ki, Azərbaycanla Rusiya yaxın qonşulardır və ölkələr arasında münasibətlər çox yüksək səviyyədədir. İki ölkə arasında strateji "Yol xəritələri” imzalanıb, həyata keçirilir. Bu ilin 8 ayı ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dollarına yaxın olub. O cümlədən Rusiya Azərbaycana 4,6 milyard dollar həcmində sərmayə qoyub. Eyni zamanda Azərbaycan da Rusiyaya 1,2 dollar məbləğində sərmayə yatırıb”.
A.Badamov qeyd etdi ki, bu gün Azərbaycan Cənubi Qafqazda regional layihələrin təşəbbüskarı və təşkilatçısıdır: "Bu layihələri Şimal-Cənub və hətta Qərb-Şərq nəqliyyat dəhlizləri kimi də qeyd etmək olar. Şimal-Cənub nəqliyyat dəhlizi ilə Rusiyanın Azərbaycan üzərindən daşıdığı yüklər bu il 63 faiz artıb. Qərb-Şərq dəhlizi üzrə isə daşınan yüklərin artım göstəricisi 70 faizdən çox olub. Bu onu deməyə əsas verir ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq daha da genişlənir. Onu da qeyd edim ki, hazırda Rusiya-Azərbaycan birgə müəssisələri fəaliyyət göstərir, ölkəmizə investisiya yatırırlar. Eyni zamanda, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ən çox ixrac olunduğu ölkə elə Rusiyadır. Bu gün ölkəmizin kənd təsərrüfatı məhsulları Rusiya bazarlarında geniş yer alır. Düşünürəm ki, gələcəkdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı daha genişlənəcək. Başqa sözlə desək, bu ixracı 2 dəfədən çox artırmaq potensialı mövcuddur. Eləcə də Azərbaycanın Rusiyada ticarət evləri, nümayəndəlikləri fəaliyyət göstərir. Bütün bunları nəzərə alaraq, Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin perspektiv inkişaf imkanlarının daha da geniş olduğunu qeyd etmək olar”.
Milli Məclisin deputatı Tahir Rzayev bildirdi ki, Prezident İlham Əliyevin Valday Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı və orada söylədiyi fikirlər Azərbaycan ilə Rusiya arasında münasibətlərin dinamik inkişafına əyani sübutdur: "Azərbaycanla Rusiya arasında həmişə isti münasibətlər mövcud olub. Rusiya ilə Azərbaycan qonşu ölkələrdir və daim bir-birilərini dəstəkləyiblər. Eyni zamanda, iki ölkə arasında iqtisadi münasibətlər, qarşılıqlı ticarət əlaqələri, kənd təsərrüfatı sahəsində əməkdaşlıq daim inkişaf edir. Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları Rusiyaya ixrac edilir və hər iki ölkənin xalqları bundan bəhrələnir".
T.Rzayev vurğuladı ki, Azərbaycan ilə Rusiyanın regionları arasında da münasibətlər daim inkişaf edir, mütəmadi olaraq iki ölkənin iş adamlarının iştirakı ilə regionlararası biznes forumlar və digər tədbirlər keçirilir: "Bu tədbirlər çərçivəsində hər iki ölkənin regionlarından olan iş adamları bir-biriləri ilə tanış olur, əməkdaşlıq münasibətləri qurulur ki, bu da öz növbəsində iki ölkə arasında həm investisiya qoyuluşunun, həm də ticarət dövriyyəsinin artmasına səbəb olur. Təkcə bu il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 23 faizdən çox artıb. Eyni zamanda, Rusiyanın Azərbaycana qoyduğu investisiya 4.6 milyard dolları, Azərbaycanın Rusiya qoyduğu investisiya isə 1.2 milyard dolları ötüb. Bundan əlavə, Azərbaycanda çoxlu sayda Rusiya şirkətləri fəaliyyət göstərir. Əlbəttə ki, bunlar kiçik rəqəmlər deyil, ancaq buna baxmayaraq, əməkdaşlıq potensialı daha böyükdür. Prezident İlham Əliyev öz çıxışında da bunu qeyd etdi. Hesab edirəm ki, Azərbaycan və Rusiya dövlət başçılarının qarşılıqlı səfərləri, iki ölkə arasında keçirilən biznes forumlar və digər tədbirlər əməkdaşlığın daha da inkişaf etdirilməsinə, ticarət dövriyyəsinin və investisiya qoyuluşlarının artmasına şərait yaradacaq”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər