İqbal Əliyev: “Heç vaxt məşhur olmaq kimi bir istəyim olmayıb”
Bəzən bir fırçadan qopub
gələn o əsərlər bizi bizdən alır, sirli, sehrli bir aləmə aparır. Bir rəssamın
xəyal dünyası bizi rənglərə boyayır. Hələ sizə uşaqların dünyasını demirəm. Bu
macəra dolu dünyanın qonağı olmaq üçün isə uşaq olmağa ehtiyac belə yoxdur. Axı
hər birimizin daxilindən kiçik bir uşaq boylanır. Bu gün sizə təqdim edəcəyim
müsahibim fırçası ilə uşaqların xəyal dünyasını boyayır. O, Abdulla Şaiq adına
Dövlət Kukla Teatrının baş rəssamı İqbal Əliyevdir. Respublikanın fəxri
mədəniyyət işçisi olan müsahibim sehrli fırçası ilə maraqlı obrazlar yaradır.
O, nəinki teatrda, eyni zamanda film və serialların rəng dünyasına qonağı olur.
- Siz uzun müddətdir ki, Kukla Teatrında çalışırsınız. İstərdik bizə bu teatrla
ilk tanışlığınızdan danışasınız.
- Bu teatr mənim üçün çox
doğma bir teatrdır. Çünki mən ilk maaşımı bu teatrdan almışam. Mənim
uğurlarımın çoxu bu teatrda həyata keçib. Arzularıma gedən yol məhz Kukla
Teatrından başlayıb. 2004-cü ildə Kukla Teatrında aktyorlar üçün müsabiqə elan
olunmuşdu. 16 nəfər gənc aktyor teatra müraciət etdik, ancaq onlardan üçü, mən
də daxil olmaqla müsabiqədən keçdi. Aktyor kimi 4 ay maaşsız çalışdım. sonra ştata
qəbul edildim. O vaxtın pulu ilə 16 şirvan maaş alırdım. İlk maaşımı alanda
sevincimin həddi-hüdudu yox idi. Düzdür
o vaxt üçün də böyük pul deyildi, amma insanın öz əməyinin bəhrəsi olaraq
qarşılığında pul almasının yerini heç bir hiss verə bilməzdi. Bir il aktyor
işlədikdən sonra gördülər ki, mənim eyni zamanda yaxşı rəsm çəkmək qabiliyyətim
də var. Ona görə məni quruluşçu rəssam təyin etdilər. Teatrdan əlavə Space
Televiziyasında "Bizim saat” verilişi üçün məşhurların kuklalarını
hazırlayırdım. Onların arasında, xalq artistimiz Aygün Kazımovanın, Faiq Ağayevin,
mərhum sənətkarımız İlhamə Quliyevanın, megastar Tarkanın kuklaları var idi.
- Bəs necə oldu ki, Kukla Teatrını tərk edib Gənc Tamaşaçılar Teatrında
çalışdınız?
- Kukla Teatrında işlədiyim
müddətdə avtoqəza keçirdim. Bir il fasilədən sonra Gənc Tamaşaçılar Teatrından
dəvət aldım və 2 il orada çalışdım. Daha sonra Rəşad müəllim 2014-cü ildə məni
teatra baş rəssam kimi dəvət etdi. Əslində, bu təklifi qəbul etməyə çox çəkinirdim...
-
Çəkinməyinizə səbəb nə idi?
- Ümumiyyətlə yaradıcı insanlar
heç zaman hakimiyyəti, kiməsə rəhbərlik etməyi sevmirlər. Kukla Teatrının
spesifik xüsusiyyətləri var. Bu teatrın hər bir üzvünün qəlbində sanki kiçik
bir uşaq yaşayır. Yəni hər kəsin içində
bir saflıq var və mən o saf hisslərə toxuna bilməzdim. Bu tamaşaları,
hazırlanan kuklaları ərsəyə gətirmək üçün onların heç birini incitməyə ürək
etmirdim. Təbii haldır ki, hər hansı tamaşanın qızğın iş prosesi nəticəsində
başa gəlir. Açığı mən də rəhbərlik etməyə çəkinirdim. Şükürlər olsun ki, teatrın
bütün kollektivi mənə dəstək oldu. Bu kollektivin yerini heç nə vermir. Kukla
Teatrının kollektivini və teatrın sexini heç bir yerə dəyişmərəm. Burda insanlar
tamam fərqlidir.
-
Fərqli deyərkən nəyi nəzərdə tutursunuz?
- Kollektivimiz çox çalışqandır. Misal üçün səhər
tezdən kollektivimizi teatra çağırsaq ki, gəlin bir tamaşa hazırlayırıq, hər
biri sıravi əsgər kimi teatrda olacaq. Onlar işləməyi, daha doğrusu işlərini
sevən insanlardır. Belə kollektivlə işləmək həqiqətən də zövqvericidir.
- Sizi nəinki teatrda eyni zamanda son dönəmlər çəkilən yeni film və
seriallarda da quruluşçu rəssam kimi görürük.
- Bu mənim teatrdan geriyə
qalan asudə zamanlarımda baş verir. İndiyə qədər 2 serialda və 7 filmdə
quruluşçu rəssam kimi çalışmışam. Belə ki, "My name is İntiqam -1”, ”My name is
İntiqam 2”, "Gizlənpaç”, "Axırıncı yol”,
"Bir xalanın sirri”, Xəzər televiziyasında "Qızqaçırma əməliyyatı”, "Ər quyusu”, "Şər qarışanda”. Seriallardan isə "28 İyun” və "Həyat varsa” seriallarında çalışmışam.
Mənim üçün teatrdan əlavə serial sektoru bir məktəb oldu.
- Bu film və seriallarda özünüzü aktyor kimi təqdim etmək üçün yaxşı
şərait yarandığı halda siz bu fürsətdən nə üçün istifadə etmədiniz?
- Çox çəkinirdim. Əslində
serial və film sahəsində çalışdıqdan sonra anladım ki, bu sahədə bildiklərim
tamamilə yanlış imiş. Çünki ekran vasitəsi ilə rənglər tamam başqa cür görünür.
Kamera qarşısına keçəndə həyəcan keçirirdim. Heç vaxt məşhur olmaq kimi bir
istəyim olmayıb. Məşhurluğa meylli bir
insan deyiləm. Tanınmaq üçün o qədər
imkanlarım olub ki... Mən azad insanam. Simamın tanınması ola bilərdi ki, azadlığımı
əlimdən alardı. Məşhurların çəkdiyi əziyyəti görə-görə gəlmişəm. Onları
sevənlər olduğu kimi sevməyənlər də var.
- Teatrdakı rəssamlıq işiniz daha çətindir, yoxsa serialdakı?
- Teatr konkretliyi sevir. Teatrda bir dəfə
tamaşanı hazırlayırsan və onun üzərinə bir də gəlmirsən. Filmdə isə belədir ki,
əgər bir kadr alınmırsa onu yenidən çəkirsən, amma teatrda belə deyil. Hər
ikisinin də öz çətinlikləri var. Nə iş olur olsun teatrı daha doğma hesab edirəm. Teatr mənim üçün nə qədər çətin
olsa da müqəddəsdir. Bəzən mənə deyirlər ki, il ərsində 3 film çəksən sənə
kifayət edir, niyə gedib teatrda çalışırsan. Ancaq anlamırlar ki, film teatrın yerini
vermir.
- İqbal
bəy, bir dəfə səhv etmirəmsə sizi uşaq verilişi olan "Mən böyümüşəm”
layihəsində görmüşdüm.
- Bəli, mən o verilişin
layihə rəhbəri idim.
- Bəs indi necə uşaq verilişləri üzərində çalışırsınızmı?
- Əslində uşaq verilişləri
ilə bağlı çox gözəl ideyalarım və layihələrim var. Ancaq təəssüflər olsun ki, bizim yerli telekanallarımıza
uşaq verilişləri lazım deyil. Düzdür
məni dəvət edirlər ki, belə bir şey edək, amma mən istədiyim o şəraiti yaratmırlar. Əslində
onlardan böyük bir şey istəmirəm. Çox istəyərdim ki, bir uşaq filmi çəkilsin. Belə bir ideyam da var. Bir çox
yerdən dəvət aldım, getdim danışdım, gördüm ki, mənim istədiyim film deyil.
Baxın qardaş Türkiyədə uşaq filmləri necə maraqlıdır. Estetik baxımdan nə qədər
gözəl çəkirlər. İndi televiziyalarımız efirlərdə uşaqlarla bağlı söhbət
xarakterli verilişlər edirlər. Bu uşağın nəyinə lazımdır? Uşağa hər şeyi onun öz dilində, oyun dilində
izah etmək lazımdır. Oyunla uşaq onu daha asan öyrənir. Türklər uşaqlara
animasiya filmləri ilə istədikləri mesajları ötürürlər, ona görə onların
verilişləri yaxşı baxılır. Bu sahədə də çox irəli gedirlər.
-
Son illər Kukla Teatrında böyük inkişaf prosesinin şahidi oluruq. Artıq bu
teatrda böyüklər üçün də tamaşalar hazırlanır, teatrın nəzdindəki "Oyuq”
studiyasının səsi xaricdən gəlir, daha nələr... Hesab edirəm ki, bu işdə
iştirak etdiyiniz festivalların da böyük rolu olub.
- Siz çox doğru buyurdunuz.
İlk növbədə teatrın direktoru Rəşad
müəllimə dərin təşəkkürümü bildirirəm ki, özümüzü realizə etmək üçün bizə belə
bir şərait yaradıb. Teatrda hansı yeniliyi etmək istəmişiksə Rəşad müəllim ona
razılıq verib. Bu gün gedib desəm ki, bizə 3D formatı üçün monitor, işıq
effekti lazımdır, büdcədə olmasa belə, bizi əliboş geri qaytarmayacaq. Biz yaradıcılıq baxımından tam şəkildə təmin edilmişik. Rəhbərlik teatrda
çalışan hər bir işçiyə xüsusi diqqətlə yanaşır. Teatrımızın yaradıcı kollektivi
hansı festival səfərinə gedibsə oradan əli dolu qayıdıb. Hərdən yarızarafat
deyirik ki, biz artıq birinciliyə
öyrəşmişik. Bilirsiniz ki, teatrımızın nəzdində "Oyuq” teatr studiyası da fəaliyyət
göstərir. Bu teatrın azyaşlı istedadlı uşaqları dünyanın harasına gedirlərsə-getsinlər
teatrımızı yüksək səviyyədə təmsil edirlər. Xarici festivallara gedəndə məni daha çox maraqlandıran
o olur ki, digər ölkələrin kuklalarının formasına, fiquruna baxım, onların kukla
mətbəxinə girim görüm nəyi necə hazırlayıblar. Çox zaman da görürəm ki, heç də bizim kuklalarımızdan mükəmməl deyillər.
Əksinə, bəzi hallarda xaricilər bizdən öyrənməyə
çalışırlar. Xarici festivallarda bizim tamaşalara heyranlıqla baxırlar. Ona
görə də əminliklə deyə bilərəm ki, bizim teatrda sağlam sistem hökm sürür.
Kuklanın elə bir növü
yoxdur ki, bizim Kukla Teatrında olmasın.
- Siz bu teatrda həm aktyor, həm də rəssam kimi
çalışmısınız. Hansı sizin üçün daha
çətindir?
- Kukla Teatrında adi bir
rolda oynayan hər bir aktyor digər teatrda çox rahat şəkildə işləyə bilər. Çünki
Kukla Teatrının aktyorları təkcə özləri hiss və həyəcanları ifa etmir, eyni
zamanda kuklaları da idarə etməli olurlar. Bu ikiqat çətindir. Rəssam Kuklaya
elə bir xarakter verməlidir ki, aktyor onunla işləyə bilsin. Bizdə güzgülü zal
var və aktyor bu zalda kukla ilə işləyir. Kukla düzələrkən aktyorla rəssamın iş
birliyi olmalıdır. Misal üçün aktyor
deyir ki, mən istəyirəm ki, mənim kuklamın əlində hansısa bir jest olsun və ya
gözünün biri qıyıq olsun. Bizim teatrda rəssam olmaq da aktyor olmaq da çox
çətindir. Kukla Teatrında aktyor olmaq daha çətindir. Elə hesab edirəm ki, nə
peşəkar aktyor, nə də peşəkar rəssam yalnız rejissorun dediyi kimi etməməlidir.
Özündən də ora nələrisə əlavə etməlidir. Misal üçün, teatra bələd olmayan
rejissor bizim teatra gəlsə səhnəni rəssamdan yaxşı tanıya bilməz. Rəssam bilir
ki, bu səhnədə hara kimi gedə bilərsən. Məsələn, Kukla Teatrının kulislə
bərabər səhnəsi 6 metrdir. Rejissor
rəssamdan istəyə bilər ki, 4 metrlik kukla hazırlansın. Rəssam ona başa salmalıdır ki bunu istəyirsənsə
foyedə oyna, sən o böyük kuklanı səhnəyə çıxarsan orada yer qalmaz. Bizdə aktyorlar var, 60 sm kuklanın arxasında
elə gizlənirlər ki, onları heç kim görmür, tamaşaçı bunu hiss etmir. Bizim
teatrda 40-50 il işləyən aktyorlar var ki, onların simasını heç kim tanımır.
Çünki onlar Kuklanın arxasında qalıblar və tamaşaçılar onların obrazlarını
seviblər. Vaxtı ilə Ələkbər Hüseynov çox
tanındı, o da yalnız televiziyadakı
verişinə görə. Halbuki, Ələkbər əmi kimi
bizim nə qədər aktyorlarımız olub. Ələkbər əmiyə də allah rəhmət eləsin, onların
ruhu qarşısında biz baş əyirik. Bizim Lətifə Quluzadə kimi sənət fədailərimiz
var. Mən bu siyahını daha da uzada bilərəm.
- Qeyd
etdiyiniz o istedadlı tələbələri harada
yetişdirirsiniz?
- Biz onları ancaq öz teatrımızda yetişdiririk. Çox
istəyərdim ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unuversitetində kukla
sənəti fakültəsi açılsın. Azərbaycanda görün dövlət statusu alan nə qədər Kukla
teatrları var. Ora işləməyə gedən yaradıcı insanlar bu ixtisası harada oxuya
bilərlər axı? Biz də məcbur oluruq ki, kukla teatrı olaraq müraciət edən
istedadlı gənclərə məktəb keçək. Onlar Universitetdə
öyrənib gəlsələr bizim üçün daha səmərəli olar.
Xəyalə Rəis