• çərşənbə axşamı, 19 mart, 14:31
  • Baku Bakı 8°C

İqbal Əliyev: “Heç vaxt məşhur olmaq kimi bir istəyim olmayıb”

12.10.17 22:12 16293
İqbal Əliyev: “Heç vaxt məşhur olmaq kimi bir istəyim olmayıb”
Bəzən bir fırçadan qopub gələn o əsərlər bizi bizdən alır, sirli, sehrli bir aləmə aparır. Bir rəssamın xəyal dünyası bizi rənglərə boyayır. Hələ sizə uşaqların dünyasını demirəm. Bu macəra dolu dünyanın qonağı olmaq üçün isə uşaq olmağa ehtiyac belə yoxdur. Axı hər birimizin daxilindən kiçik bir uşaq boylanır. Bu gün sizə təqdim edəcəyim müsahibim fırçası ilə uşaqların xəyal dünyasını boyayır. O, Abdulla Şaiq adına Dövlət Kukla Teatrının baş rəssamı İqbal Əliyevdir. Respublikanın fəxri mədəniyyət işçisi olan müsahibim sehrli fırçası ilə maraqlı obrazlar yaradır. O, nəinki teatrda, eyni zamanda film və serialların rəng dünyasına qonağı olur.
- Siz uzun müddətdir ki, Kukla Teatrında çalışırsınız. İstərdik bizə bu teatrla ilk tanışlığınızdan danışasınız.
- Bu teatr mənim üçün çox doğma bir teatrdır. Çünki mən ilk maaşımı bu teatrdan almışam. Mənim uğurlarımın çoxu bu teatrda həyata keçib. Arzularıma gedən yol məhz Kukla Teatrından başlayıb. 2004-cü ildə Kukla Teatrında aktyorlar üçün müsabiqə elan olunmuşdu. 16 nəfər gənc aktyor teatra müraciət etdik, ancaq onlardan üçü, mən də daxil olmaqla müsabiqədən keçdi. Aktyor kimi 4 ay maaşsız çalışdım. sonra ştata qəbul edildim. O vaxtın pulu ilə 16 şirvan maaş alırdım. İlk maaşımı alanda sevincimin həddi-hüdudu yox idi. Düzdür o vaxt üçün də böyük pul deyildi, amma insanın öz əməyinin bəhrəsi olaraq qarşılığında pul almasının yerini heç bir hiss verə bilməzdi. Bir il aktyor işlədikdən sonra gördülər ki, mənim eyni zamanda yaxşı rəsm çəkmək qabiliyyətim də var. Ona görə məni quruluşçu rəssam təyin etdilər. Teatrdan əlavə Space Televiziyasında "Bizim saat” verilişi üçün məşhurların kuklalarını hazırlayırdım. Onların arasında, xalq artistimiz Aygün Kazımovanın, Faiq Ağayevin, mərhum sənətkarımız İlhamə Quliyevanın, megastar Tarkanın kuklaları var idi.
- Bəs necə oldu ki, Kukla Teatrını tərk edib Gənc Tamaşaçılar Teatrında çalışdınız?
- Kukla Teatrında işlədiyim müddətdə avtoqəza keçirdim. Bir il fasilədən sonra Gənc Tamaşaçılar Teatrından dəvət aldım və 2 il orada çalışdım. Daha sonra Rəşad müəllim 2014-cü ildə məni teatra baş rəssam kimi dəvət etdi. Əslində, bu təklifi qəbul etməyə çox çəkinirdim...
- Çəkinməyinizə səbəb nə idi?
- Ümumiyyətlə yaradıcı insanlar heç zaman hakimiyyəti, kiməsə rəhbərlik etməyi sevmirlər. Kukla Teatrının spesifik xüsusiyyətləri var. Bu teatrın hər bir üzvünün qəlbində sanki kiçik bir uşaq yaşayır. Yəni hər kəsin içində bir saflıq var və mən o saf hisslərə toxuna bilməzdim. Bu tamaşaları, hazırlanan kuklaları ərsəyə gətirmək üçün onların heç birini incitməyə ürək etmirdim. Təbii haldır ki, hər hansı tamaşanın qızğın iş prosesi nəticəsində başa gəlir. Açığı mən də rəhbərlik etməyə çəkinirdim. Şükürlər olsun ki, teatrın bütün kollektivi mənə dəstək oldu. Bu kollektivin yerini heç nə vermir. Kukla Teatrının kollektivini və teatrın sexini heç bir yerə dəyişmərəm. Burda insanlar tamam fərqlidir.
- Fərqli deyərkən nəyi nəzərdə tutursunuz?
- Kollektivimiz çox çalışqandır. Misal üçün səhər tezdən kollektivimizi teatra çağırsaq ki, gəlin bir tamaşa hazırlayırıq, hər biri sıravi əsgər kimi teatrda olacaq. Onlar işləməyi, daha doğrusu işlərini sevən insanlardır. Belə kollektivlə işləmək həqiqətən də zövqvericidir.
- Sizi nəinki teatrda eyni zamanda son dönəmlər çəkilən yeni film və seriallarda da quruluşçu rəssam kimi görürük.
- Bu mənim teatrdan geriyə qalan asudə zamanlarımda baş verir. İndiyə qədər 2 serialda və 7 filmdə quruluşçu rəssam kimi çalışmışam. Belə ki, "My name is İntiqam -1”, ”My name is İntiqam 2”, "Gizlənpaç”, "Axırıncı yol”, "Bir xalanın sirri”, Xəzər televiziyasında "Qızqaçırma əməliyyatı”, "Ər quyusu”, "Şər qarışanda”. Seriallardan isə "28 İyun” və "Həyat varsa” seriallarında çalışmışam. Mənim üçün teatrdan əlavə serial sektoru bir məktəb oldu.
- Bu film və seriallarda özünüzü aktyor kimi təqdim etmək üçün yaxşı şərait yarandığı halda siz bu fürsətdən nə üçün istifadə etmədiniz?
- Çox çəkinirdim. Əslində serial və film sahəsində çalışdıqdan sonra anladım ki, bu sahədə bildiklərim tamamilə yanlış imiş. Çünki ekran vasitəsi ilə rənglər tamam başqa cür görünür. Kamera qarşısına keçəndə həyəcan keçirirdim. Heç vaxt məşhur olmaq kimi bir istəyim olmayıb. Məşhurluğa meylli bir insan deyiləm. Tanınmaq üçün o qədər imkanlarım olub ki... Mən azad insanam. Simamın tanınması ola bilərdi ki, azadlığımı əlimdən alardı. Məşhurların çəkdiyi əziyyəti görə-görə gəlmişəm. Onları sevənlər olduğu kimi sevməyənlər də var.
- Teatrdakı rəssamlıq işiniz daha çətindir, yoxsa serialdakı?
- Teatr konkretliyi sevir. Teatrda bir dəfə tamaşanı hazırlayırsan və onun üzərinə bir də gəlmirsən. Filmdə isə belədir ki, əgər bir kadr alınmırsa onu yenidən çəkirsən, amma teatrda belə deyil. Hər ikisinin də öz çətinlikləri var. Nə iş olur olsun teatrı daha doğma hesab edirəm. Teatr mənim üçün nə qədər çətin olsa da müqəddəsdir. Bəzən mənə deyirlər ki, il ərsində 3 film çəksən sənə kifayət edir, niyə gedib teatrda çalışırsan. Ancaq anlamırlar ki, film teatrın yerini vermir.
- İqbal bəy, bir dəfə səhv etmirəmsə sizi uşaq verilişi olan "Mən böyümüşəm” layihəsində görmüşdüm.
- Bəli, mən o verilişin layihə rəhbəri idim.
- Bəs indi necə uşaq verilişləri üzərində çalışırsınızmı?
- Əslində uşaq verilişləri ilə bağlı çox gözəl ideyalarım və layihələrim var. Ancaq təəssüflər olsun ki, bizim yerli telekanallarımıza uşaq verilişləri lazım deyil. Düzdür məni dəvət edirlər ki, belə bir şey edək, amma mən istədiyim o şəraiti yaratmırlar. Əslində onlardan böyük bir şey istəmirəm. Çox istəyərdim ki, bir uşaq filmi çəkilsin. Belə bir ideyam da var. Bir çox yerdən dəvət aldım, getdim danışdım, gördüm ki, mənim istədiyim film deyil. Baxın qardaş Türkiyədə uşaq filmləri necə maraqlıdır. Estetik baxımdan nə qədər gözəl çəkirlər. İndi televiziyalarımız efirlərdə uşaqlarla bağlı söhbət xarakterli verilişlər edirlər. Bu uşağın nəyinə lazımdır? Uşağa hər şeyi onun öz dilində, oyun dilində izah etmək lazımdır. Oyunla uşaq onu daha asan öyrənir. Türklər uşaqlara animasiya filmləri ilə istədikləri mesajları ötürürlər, ona görə onların verilişləri yaxşı baxılır. Bu sahədə də çox irəli gedirlər.
- Son illər Kukla Teatrında böyük inkişaf prosesinin şahidi oluruq. Artıq bu teatrda böyüklər üçün də tamaşalar hazırlanır, teatrın nəzdindəki "Oyuq” studiyasının səsi xaricdən gəlir, daha nələr... Hesab edirəm ki, bu işdə iştirak etdiyiniz festivalların da böyük rolu olub.
- Siz çox doğru buyurdunuz. İlk növbədə teatrın direktoru Rəşad müəllimə dərin təşəkkürümü bildirirəm ki, özümüzü realizə etmək üçün bizə belə bir şərait yaradıb. Teatrda hansı yeniliyi etmək istəmişiksə Rəşad müəllim ona razılıq verib. Bu gün gedib desəm ki, bizə 3D formatı üçün monitor, işıq effekti lazımdır, büdcədə olmasa belə, bizi əliboş geri qaytarmayacaq. Biz yaradıcılıq baxımından tam şəkildə təmin edilmişik. Rəhbərlik teatrda çalışan hər bir işçiyə xüsusi diqqətlə yanaşır. Teatrımızın yaradıcı kollektivi hansı festival səfərinə gedibsə oradan əli dolu qayıdıb. Hərdən yarızarafat deyirik ki, biz artıq birinciliyə öyrəşmişik. Bilirsiniz ki, teatrımızın nəzdində "Oyuq” teatr studiyası da fəaliyyət göstərir. Bu teatrın azyaşlı istedadlı uşaqları dünyanın harasına gedirlərsə-getsinlər teatrımızı yüksək səviyyədə təmsil edirlər. Xarici festivallara gedəndə məni daha çox maraqlandıran o olur ki, digər ölkələrin kuklalarının formasına, fiquruna baxım, onların kukla mətbəxinə girim görüm nəyi necə hazırlayıblar. Çox zaman da görürəm ki, heç də bizim kuklalarımızdan mükəmməl deyillər. Əksinə, bəzi hallarda xaricilər bizdən öyrənməyə çalışırlar. Xarici festivallarda bizim tamaşalara heyranlıqla baxırlar. Ona görə də əminliklə deyə bilərəm ki, bizim teatrda sağlam sistem hökm sürür.
Kuklanın elə bir növü yoxdur ki, bizim Kukla Teatrında olmasın.
- Siz bu teatrda həm aktyor, həm də rəssam kimi çalışmısınız. Hansı sizin üçün daha çətindir?
- Kukla Teatrında adi bir rolda oynayan hər bir aktyor digər teatrda çox rahat şəkildə işləyə bilər. Çünki Kukla Teatrının aktyorları təkcə özləri hiss və həyəcanları ifa etmir, eyni zamanda kuklaları da idarə etməli olurlar. Bu ikiqat çətindir. Rəssam Kuklaya elə bir xarakter verməlidir ki, aktyor onunla işləyə bilsin. Bizdə güzgülü zal var və aktyor bu zalda kukla ilə işləyir. Kukla düzələrkən aktyorla rəssamın iş birliyi olmalıdır. Misal üçün aktyor deyir ki, mən istəyirəm ki, mənim kuklamın əlində hansısa bir jest olsun və ya gözünün biri qıyıq olsun. Bizim teatrda rəssam olmaq da aktyor olmaq da çox çətindir. Kukla Teatrında aktyor olmaq daha çətindir. Elə hesab edirəm ki, nə peşəkar aktyor, nə də peşəkar rəssam yalnız rejissorun dediyi kimi etməməlidir. Özündən də ora nələrisə əlavə etməlidir. Misal üçün, teatra bələd olmayan rejissor bizim teatra gəlsə səhnəni rəssamdan yaxşı tanıya bilməz. Rəssam bilir ki, bu səhnədə hara kimi gedə bilərsən. Məsələn, Kukla Teatrının kulislə bərabər səhnəsi 6 metrdir. Rejissor rəssamdan istəyə bilər ki, 4 metrlik kukla hazırlansın. Rəssam ona başa salmalıdır ki bunu istəyirsənsə foyedə oyna, sən o böyük kuklanı səhnəyə çıxarsan orada yer qalmaz. Bizdə aktyorlar var, 60 sm kuklanın arxasında elə gizlənirlər ki, onları heç kim görmür, tamaşaçı bunu hiss etmir. Bizim teatrda 40-50 il işləyən aktyorlar var ki, onların simasını heç kim tanımır. Çünki onlar Kuklanın arxasında qalıblar və tamaşaçılar onların obrazlarını seviblər. Vaxtı ilə Ələkbər Hüseynov çox tanındı, o da yalnız televiziyadakı verişinə görə. Halbuki, Ələkbər əmi kimi bizim nə qədər aktyorlarımız olub. Ələkbər əmiyə də allah rəhmət eləsin, onların ruhu qarşısında biz baş əyirik. Bizim Lətifə Quluzadə kimi sənət fədailərimiz var. Mən bu siyahını daha da uzada bilərəm.
- Qeyd etdiyiniz o istedadlı tələbələri harada yetişdirirsiniz?
- Biz onları ancaq öz teatrımızda yetişdiririk. Çox istəyərdim ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unuversitetində kukla sənəti fakültəsi açılsın. Azərbaycanda görün dövlət statusu alan nə qədər Kukla teatrları var. Ora işləməyə gedən yaradıcı insanlar bu ixtisası harada oxuya bilərlər axı? Biz də məcbur oluruq ki, kukla teatrı olaraq müraciət edən istedadlı gənclərə məktəb keçək. Onlar Universitetdə öyrənib gəlsələr bizim üçün daha səmərəli olar.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər