İpoteka kreditləri niyə bərpa olunmur?
Bu il ipoteka kreditləşməsinə dövlət büdcəsindən 50
milyon manat, daxili bazardan isə 200 milyon manat cəlb edilməsi gözlənilirdi.
Üstəlik, ipoteka kreditləşməsində sadələşdirmələrin olması da gözlənilən idi.
Maliyyənin çox olması, sadələşdirmələrin aparılması bir çox ailənin ipoteka
kreditləri ilə bağlı ümidini artırmışdı.
Amma ilin sonuna 4 aydan az bir vaxt qalsa da, hələ
ki ipoteka kreditlərinin verilməsinə başlanılmayıb. Bəs ipoteka kreditləri niyə
bərpa bərpa olunmur? İlin sonuna kimi bu istiqamətdə maliyyənin ayrılması
mümkündürmü?
İqtisadçı ekspert
Qadir İbrahimli qəzetimizə
açıqlamasında bildirdi ki, ipoteka bazarı ölkəmizdə normal şəkildə
formalaşmayıb. Ona görə də bu gün bu sahədə maliyyə problemləri yaşanır:
"İpoteka bazarı yaranandan düzgün tənzimlənmədi, bazara əlavə vəsaitlər cəlb
edilmədi. İpoteka yalnız məhdud bir qrup üçün açıq oldu. Bunun obyektiv və
subyektiv səbəbləri var. Obyektiv səbəbləri odur ki, ölkəmizdə insanların
çoxunun gəlirləri rəsmiləşdirilməyib, ikili mühasibatlıqlar var, onlar ipoteka
şərtlərinə cavab vermir. Eyni zamanda, İpoteka Fondu vaxtında bazara maliyyə
resursları cəlb edə bilmədi. İpoteka bazarı yalnız dövlət büdcəsi hesabına
formalaşmağa başladı. Bu amillər ipoteka bazarını yalnız kiçik məhdud bir qrup
üçün açıq saxlamışdı. Ancaq son iki ildir ki, neftin qiymətinin düşməsi,
manatın iki dəfədən çox dəyərini itirməsi ölkənin, əhalinin gəlirlərini
azaldıb. Belə olduğu halda, ipoteka götürə bilən məhdud qrupun əhatə dairəsi
daha da daralıb. Digər məsələ odur ki, ipoteka əsasən dövlət büdcəsindən maliyyələşir,
dövlət büdcəsinin isə maliyyə vəziyyəti elə də yaxşı deyil. Ola bilsin ki, həmin
vəsait İpoteka Fonduna hələ ki yönləndirilməyib. Çox güman ki, ilin sonuna qədər
də bu proses baş verməyəcək”.
Q.İbrahimlinin sözlərinə görə, ipoteka kreditləşməsinə
ayrılan vəsait bankların deyil, dövlətin maliyyəsi olduğu üçün banklar valyuta
məsələsində nəsə narazılıq etməyəcəklər: "Əgər dövlət bu sektora maliyyəni
ayırsa, banklar manatla ipoteka krediti verəcəklər. Banklar buradan əlavə gəlir
götürürlər, itirəcəkləri heç nə yoxdur. Hansısa özəl bankın maliyyəsi deyil ki,
burada risk amili yüksək olsun. Buna görə də bankların manatla ipoteka verilməsi
ilə bağlı hər hansı problem yaradacağını düşünmürəm”.
İpoteka Fondu ASC-nin işinin tam qurulmamasının
kreditləşmə məsələsində hər hansı problem yaratmasına gəlincə, Q.İbrahimli
bunları söylədi: "Yəqin ki, İpoteka Fondunun işinin tam qurulması məsələsi də
var. Amma ümumiyyətlə hansısa bazarın qurulması üçün ilk növbədə alıcı qrupunun
olması vacibdir. Bu gün alıcı qrupu yoxdursa, həmin bazarın işləməsi də çox çətin
olur”.
Əmlak
Ekspert Mərkəzinin rəhbəriRamil Osmanlı da
deyir ki, ilin sonuna qədər ipoteka üçün nəzərdə tutulan məbləğin bazara daxil
olmasına ümid azdır: "Hazırda
əsas məsələ maliyyə ilə bağlıdır. Maliyyə olarsa, İpoteka Fondu bu il əzində həmin
vəsaiti yerləşdirə, ipoteka kreditləri verə bilər. Amma ilin sonuna doğru
getdikcə maliyyənin ayrılmasına ümidlər azalır. Ölkənin maliyyə ilə bağlı vəziyyəti
ürəkaçan deyil. Ona görə Maliyyə Nazirliyinin ilin sonuna qədər maliyyələşmə ilə
bağlı konkret addım atmasına ümid azdır. Ehtimal olunan odur ki, bu sahəyə dövlət
büdcəsindən ayrılacaq məbləğin cüzi hissəsi ayrıla bilər. Amma bu bir
ehtimaldır. Konkret fikir söyləmək olmaz”.
R.Osmanlı bildirdi ki, əsas olan maliyyənin
ayrılması və kreditləşmədə sadələşdirmələrin aparılmasıdır. Hər bir məsələ
konkretləşsə, banklar, kredit təşkilatları kreditin verilməsi ilə bağlı hər
hansı ciddi problem yaratmayacaqlar: "İpoteka kreditlərinin kommersiya kreditlərindən
fərqi odur ki, dövlət banklara, müvəkkil kredit təşkilatlarına faizsiz vəsait
verir. Onlar da həmin maliyyəni aşağı faizlə vətəndaşlara verirlər. Bankların
işi əsas girov təminatı ilə bağlıdır. Banklar girov təminatını qəbul edir, öhdəliklərlə
bağlı müqavilələri, vəsaitin ayrılmasını isə fond həyata keçirir. O baxımdan
banklar üçün vəsait ayrılacağı təqdirdə, valyuta məsələsinə görə ciddi nəsə
problem ola bilməz. Amma söhbət ondan gedir ki, hələlik İpoteka Fondu ASC-nin Müşahidə
Şurası ölkə başçısının imzaladığı sonuncu fərmandan irəli gələn faizlə bağlı qərarı
qəbul etməyib. Faizlərə yenidən baxılması, azaldılması-artırılması ilə bağlı məsələlər
fondun Müşahidə Şurasına həvalə olunurdu. Hələlik bu addım da atılmayıb. Ona
görə maliyyə ayrılacağı təqdirdə, ilk olaraq bu istiqamətdə qərar qəbul edilməlidir.
Faiz dərəcələri müəyyən olunmalıdır. Bu zaman kommersiya bankları, kredit təşkilatları
üçün sual yaradan hansısa məqam qalmaz”.
İpoteka kreditləşməsinə başlanılmasının mənzil
bazarına təsirinə gəlincə, R.Osmanlı bildirdi ki, bu adətən qısamüddətli bir dövr
üçün canlanmaya səbəb ola bilir. Uzunmüddətli dövdə
bazarda canlanma yaratmır: "Aparılan hesablamalar, araşdırmalar göstərir ki,
İpoteka Fondunun il ərzində verdiyi kreditlərin sayı hardasa 1000 ətrafındadır.
2009-cu ilin iyul ayında ipoteka kreditlərinə başlanarkən qısa müddət ərzində mənzil
bazarında müəyyən bir canlanma yaranmışdı. Yəni passiv dövrdən aktiv mərhələyə
keçid idi. Müraciətlərin sayı da artmışdı. Bu, böhran dövründə mənzillərin qiymətlərinə
müəyyən mənada təsir göstərmişdi. Bu hal indi də baş verə bilər. Amma ipoteka
kreditləşməsinin bazarda canlanma yaratması qısamüddətli bir prosesdir. Uzun
müddət üçün ciddi bir dəyişikliyə gətirib çıxarmayacaq. Çünki 1000, 1200, 1500
mənzilin il ərzində alqı-satqı əməliyyatına cəlb olunması bazarda böyük mənada
dinamikanın dəyişməsinə gətirib çıxara bilmir”.
Aygün Asimqızı