• cümə, 26 Aprel, 01:25
  • Baku Bakı 16°C

İpoteka krediti daha əlçatan olacaq Araşdırma

26.09.13 08:58 2135
İpoteka krediti daha əlçatan olacaq Araşdırma
Azərbaycanda ipotekanın inkişafı üzrə yeni strategiyaya hökumətdə və müvafiq qurumlarda baxılır və müzakirə olunur. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyev bildirib. Onun sözlərinə görə, strategiyada ipoteka kreditləşməsinin sadələşdirilməsi, regionlarda ipotekaya çıxış imkanlarının genişləndirilməsi, bürokratiyanın aradan qaldırılması kimi məsələlər yerini tapıb. A.Quliyev deyib ki, strategiya qəbul ediləndən sonra onun bazasında yaxın gələcəyi əhatə edən ipotekanın inkişafına dair dövlət proqramı qəbul olunacaq.
Almaniya təcrübəsi
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli facebook səhifəsində yazır ki, hazırda ipoteka xətti ilə mənzil alınmasına yönəldilən vəsait tələbatdan xeyli azdır: “Digər tərəfdən isə, indiki şərtlərlə verilən ipoteka kreditləri orta statistik azərbaycanlı üçün əlçatan deyil. Buna görə də hökümət ipoteka sistemində, xüsusən də sosial ipoteka sahəsində dəyişikliklər etmək istəyir. Həmin dəyişikliklər daha çox yığım və faiz dərəcələri sahəsində gözlənilir.Yəni ev almaq istəyən vətəndaş bir müddət maliyyə yığımı etdikdən sonra, ipoteka ilə öz arzusunu reallaşdırmaq imkanı olacaq. Almaniyada təcrübədən keçirilən bu model II Dünya Müharibəsi zamanı tikililərinin çox hissəsi darmadağın edilmiş Almaniyanın qısa bir zaman kəsiyində qalxınmasında, Avropanın bir nömrəli dövlətinə çevrilməsində əhəmiyyətli rol oynayıb”.
Həmin modelin Azərbaycanda tətbiqinin səmərəli olub-olmayacağına gəlincə. Millət vəkili hesab edir ki, Azərbaycan reallıqlarını nəzərə almaqla həmin modelin ölkəmizə tətbiqi ipotekanın indiki modelindən daha yaxşı işləyəcək: “Amma bu, heç də ölkə vətəndaşlarının ipoteka hesabına ev almaq probleminin tamamilə həll olunacağı demək deyil. Buna görə də hesab edirik ki, hökümət ipoteka mexanizmini təkmilləşdirən zaman bəzi məsələləri də nəzərə alsa, işin xeyrinə olar. İlk növbədə adi ipoteka üzrə faiz dərəcəsi 8 faizdən 4-5 faizə, sosial ipoteka üzrə isə 4 faizdən 2 faizə endirilsin. İkincisi, ilkin ödəniş sahəsindəki problemi yumşaltmaqdan ötrü xüsusi fond və Tikinti-Əmanət Bankı yaradılsın. Üçüncüsü, ipoteka kreditlərinin verilməsi təkcə Bakı ilə məhdudlaşmasın, rayonlarda yaşayanlar da ipotekadan istifadə edə bilsin. Dördüncüsü, Azərbaycanda orta maaş 400 manatdan bir qədər artıq, büdcə təşkilalarında işləyənlərin xeyli hissəsinin maaşları isə 200 manat ətrafındadır. Bu o deməkdir ki, hazırkı ipoteka mexanizmi şəraitində orta statistik azərbaycanlı, müəllim, həkim, elm, mədəniyyət, incəsənət və s. sahələrdə çalışanların çoxu ipotekadan faydalanana bilmir. Buna görə də dövlətin birotaqlı mənzillərlə yanaşı, həm də 2-3 otaqlı, ucuz başa gələn mənzillər tikilməsini təşkil etməsi məqbul olar. Belə olan halda, vətəndaşlar ayda 60-80 manat civarında pul ödəməklə ev sahibi olar, əhalinin daha çox hissəsinin, xüsusən də gənclərin və gənc ailələrin mənzilə olan tələbatının ödənilməsi probleminin həlli xeyli sürətlənər. Bu, həm də tikinti sektorunun bumuna, tikinti materialları sənayesinin sürətli inkişafına, qiymətli kağızlar bazarının dairəsinin genişlənməsinə ciddi təkan vermiş olar”.
Kimlər ipoteka alıb?
Ə.Məsimli indiyədək, yəni son 7 il ərzində 3 min nəfərin güzəştli, 10 min nəfərə yaxın adamın isə adi ipotekadan yararlanaraq mənzil sahibi olduğunu deyir: “İpoteka kreditləri 2006-cı ildəki 27 milyon manatdan 2013-cü ildə nəzərdə tutulan, bütün kanallar üzrə vəsait tam raellaşarsa 200 milyon manata çatıb və ya 7,5 dəfə artıb. İndiyədək 500 milyon manata qədər ipoteka krediti verilib. Bunun 178 milyon manatı büdcə vəsaitidir”.
Qeyd edək ki, sosial ipoteka kreditləri üçün dövlətin bu il ayırdığı vəsait ötən ilkindən 2 dəfə çox – 40 milyon manat nəzərdə tutulub. İndiyədək ipoteka kreditlərindən yararlananların 27 faizi 36 yaşdan yuxarı, 36 faizi 30-35 yaş arası, 37 faizi 18-29 yaş arasında olanlardır.
İrəliləyiş əldə etmək istəyiriksə...
İqtisadçı Samir Əliyevin fikrincə isə, əgər ipoteka krediti sahəsində irəliləyiş əldə etmək istəyiriksə, ipoteka kreditlərinin məbləği bazar qiymətlərinə adekvat olunmalı, ipoteka kreditinin faiz dərəcələri azaldılmalı və İpoteka Fondunun portfeli genişləndirilməlidir: “Azərbaycanda ipoteka bazarının həcmi çox kiçikdir. İpoteka Fondunun büdcəsi Ukrayna, Rusiya standartına yaxınlaşdırılsa, bizdə ipoteka krediti bazarının həcmi indikindən 10 dəfə çox, təxminən 6-7 milyard manat olmalıdır. İpoteka bazarını inkişaf etdirmək istəyiriksə, mənbələr artırılmalıdır”.
S.Əliyev deyir ki, dövlət büdcəsindən İpoteka Fonduna ayrılan vəsaitin həcmi indikindən ən azı 4-5 dəfə çox olmalıdır: “Bizim büdcəmizin bunun üçün kifayət qədər imkanları da var. Heç olmasa, 200-300 milyon manat ayrılsa, evsizlik probleminin həlli üçün böyük bir addım olar”.
İpoteka proqramının fəlsəfəsi
İqtisadçı Vüqar Bayramov da bizimlə söhbətində vətəndaşlar üçün ipoteka kreditlərinin əlçatan olmadığını dedi: “İpoteka proqramının fəlsəfəsi sosial layihə olaraq mənzilə tələbatı olan Azərbaycan vətəndaşlarına yardım etməkdir. Buna görə də nəinki sosial, həm də adi ipoteka kreditlərinin verilməsi kommersiya məqsədi daşımamalıdır. İpoteka kreditlərinin faiz dərəcələrinin aşağı salınmadığı təqdirdə, bu kreditlərin sosial fəlsəfəsinə nail olmaq mümkün deyil”.
İqtisadçının fikrincə, kredit götürmək istəyənlər üçün digər problem ilkin ödənişlə bağlıdır: “2005-ci ildə qəbul edilmiş «İpoteka haqqında» Azərbaycan Respublikasının qanununa əsasən, AİF sosial və adi ipoteka kreditləri üçün ilkin ödənişləri aradan qaldırmalı, ilkin ödənişin qarşılanması məqsədi ilə İpoteka Zəmanət Fondu yaratmalı idi. Sözügedən fond ilkin ödəniş etmək imkanları olmayan vətəndaşların ilkin ödənişini qarşılamalı idi. Həmin qanunun qəbulundan səkkiz il vaxt keçsə də, hələ də İpoteka Fondu Zəmanət Fondunun yaradılması prosesini başa çatdırmayıb. Buna görə də aztəminatlı ailələrdən belə, ilkin ödəniş tələb olunur. İlkin ödəniş etmək orta aylıq əməkhaqqı səviyyəsində qazancı olan vətəndaşlar üçün heç də asan deyil. Bu baxımdan, İpoteka Zəmanət Fondunun yaradılmasına ehtiyac var”.
İpoteka kreditlərinin alınmasını çətinləşdirən digər məqamın tələb olunan sənədlərin çoxluğu olduğunu deyən V.Bayramov bildirdi ki, ipoteka kreditlərinin verilməsində kifayət qədər ciddi və bürokratik maneələr var ki, bu da kreditlərin verilməsində əlçatanlılığı aşağı salır.
Alimlər və gənclər üçün yaşl işıq
İpoteka kreditləri üzrə güzəştlərdən şəhid ailəsinin üzvləri, Milli Qəhrəmanlar özləri, yaxud ailə üzvləri, məcburi köçkünlər və ya onlara bərabər tutulan şəxslər, üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyənlər, elmlər namizədi və ya doktorluq elmi dərəcəsi olanlar, idman sahəsində xüsusi xidmətləri olanlar istifadə edə bilərlər. Ancaq güzəştli ipoteka krediti almaq istəyən elmi dərəcəyə malik olanların yaşı 35-i ötməməlidir.
Qeyd edək ki, sözügedən qaydalara əlavə və dəyişikliklərin edilməsi məqsədilə AMEA tərəfindən hazırlanan yeni təkliflərdə bu şərtlər yüngülləşdirilib.
Təkliflərdə fəlsəfə və elmlər doktoru elmi dərəcələri, yaşı 40-dək olan, ailəli alimlərlə yanaşı, subay gənc alimlərin də güzəştli ipoteka şərtlərindən yararlanması məsələləri öz əksini tapıb. Gələn ilin əvvəlində yeni təkliflərin əlavə olunduğu sənədin qəbul ediləcəyi gözlənilir. Bu təkliflər təsdiqləndikdən sonra mənzilə ehtiyacı olan 36-42 yaşlı alimlər də ipoteka krediti ilə özlərinə ev ala bilərlər.
Onu da deyək ki, gənclərin mənzil problemini həll etmək məqsədilə gənclər üçün mənzil kooperativlərinin yaradılması layihəsi də hazırlanır. Layihəyə əsasən, çoxmənzilli binalar dövlət hesabına tikilərək gənclərə ilkin ödənişsiz, faiz dərəcəsi olmadan, bir növ kirayə verilir. Lakin müəyyən müddət keçdikdən sonra həmin mənzillər şəxsin mülkiyyətinə keçir. Layihənin məqsədi aşağı və orta gəlirli vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasından ibarətdir.
Lalə
banner

Oxşar Xəbərlər