AZE | RUS | ENG |


İpoteka ilə bağlı yenilik əmlak bazarda əhəmiyyətli dəyişikliyə səbəb olmayacaq

İpoteka ilə bağlı yenilik əmlak bazarda əhəmiyyətli dəyişikliyə səbəb olmayacaq
Əmlak ekspertləri bazarda dinamikanın artacağına ümid edirlər

Prezident İlham Əliyev "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında yeni fərman verib. Fərmana əsasən, Azərbaycanda güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizi həcmində veriləcək. Bu rəqəm indiyədək 85 faiz idi.

Bundan başqa, kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli yaşayış sahələrinin alınmasına veriləcək. 

Dəyişikliyin ipoteka və əmlak bazarına necə təsir edəcəyini, bunun aztəminatlı ailələr üçün hansı üstünlükləri olduğunu araşdırmağa çalışdıq. 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC)  sədri, əmlak eksperti Ramil Osmanlı deyir ki, bu, fərman ipoteka kreditləri verilən zaman sosial ipotekanın şərtlərinin bir qədər yüngülləşdirilməsi xarakteri daşıyır. "Fərmana əsasən, ipoteka ilə alınan mənzilin doxsan faizini fond maliyyələşdirəcək, yalnız on faizini ipoteka götürən ödəyəcək. Təbii ki, bu ipotekaya əlçatanlığı və eyni zamanda sosial ipotekaya olan marağı da artıracaq. Amma bütövlükdə ipoteka kreditləri mənzil bazarında mahiyyət etibarı ilə  əhəmiyyətli, nəzərəçarpan dəyişikliyə gətirib çıxara bilmir. Əsas səbəbi də bundan ibarətdir ki, ipoteka kreditlərinin ümumi mənzil bazarındakı, alqı-satqı əməliyyatlarındakı payı hələ o qədər də yüksək deyil. Bu göstərici təqribən 10-15 faiz civarında dəyişir. Buna görə də, bu yenilik bazarda əhəmiyyətli bir canlanmaya səbəb olmayacaq. Amma müəyyən mənada nisbi də olsa təbii ki, müraciətlərin sayını və marağı artıracaq. Bu da az da olsa mənzil bazarındakı dinamikliyi artıracaq. Sərəncamda da qeyd olunduğu kimi, kreditlər təmirli evlərə verilir. Yaş həddinə gəlincə isə sosial ipoteka maksimum 30 il müddətinə verilir. Buna görə də, hazırkı dövrdəki pensiya yaşı nəzərə alınır”.
 
"MBA Konsaltinq” Şirkətinin rəhbəri Nüsrət İbrahimli isə bildirdi ki, Mənzil İnşaatı Dövlət Agentliyində güzəştli mənzillərin verilməsi şərtləri ilə Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin mənzillərin maliyyələşdirilməsi şərtləri arasında uyğunsuzluq var idi. "Bu fərman həmin uyğunsuzluğun aradan götürülməsinə yönəlib. Çünki ipoteka fondunun şərtlərində ilkin ödəniş on beş faiz, Mənzil İnşaatı dövlət agentliyinin şərtlərində isə on faiz göstərilmişdi. Bu da iki qurum arasında fikir ayrılığı yaradırdı. İkinci bir tərəfdən isə Mənzil İnşaatı Dövlət Agentliyinin şərtlərində yazılıb ki, binanın tikintisi otuz faizi keçəndən sonra agentlik mənzil satışına başlayır. Bu da o deməkdir ki, bina tamamlanmamış və təmir olunmamış satışa çıxarılır. Və bu da ipoteka fondunun şərtləri ilə ziddiyyət təşkil edirdi. Bu fərmanda isə qeyd olunub ki, bu ipoteka krediti təmirli və tamamlanmış binalardakı mənzillərə aid edilir. Təbii ki, bu fərman ilk növbədə Mənzil İnşaatı Dövlət Agentliyinin satış işinin yüngülləşməsinə, həyata keçirilməsinə və həmçinin aktivləşməsinə birbaşa təsir göstərəcək. Bu, həm də aztəminatlı ailələrin mənzil probleminin həllində də əhəmiyyətli rol oynayacaq. Eyni zamanda, bazarda da qiymətlərin stabilləşməsinə yönəlmiş bir addım olacaq”. 
 
Günel Azadə
 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7084
GBP 1 İngilis funt sterlinqi 2.1911
TRY 1 Türk lirəsi 0.4862
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2104
EUR 1 Avro 2.0081
CHF 1 İsveçrə frankı 1.7650
USD 1 ABŞ dolları 1.7008