• çərşənbə axşamı, 19 mart, 12:11
  • Baku Bakı 8°C

Çipollinanın macəraları...

12.06.17 12:20 9460
Çipollinanın macəraları...
Canni Rodarinin "Çipollinanın macəraları” nağıl-povestinin nağıl qəhrəmanı... Azərbaycan teatrına təşrif buyurub. Belə ki, Akademik Milli Dram Teatrında məkan salan Çipollinanı sakin edənlər tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyevadır. Məşhur Canni Rodarinin "Çipollinonun macəraları” kitabı dünya şöhrəti qazanıb və bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə "Çipollino” nağıl-filmi çəkilib. Saysız-hesabsız dünya teatrlarının səhnəsini fəth edib. Bu gün isə bizim qonağımızdır...
Macəra axtaranlar səhnədə canlı olan meyvə və tərəvəzlərə baxmaq üçün Akademik teatra təşrif buyurublar. Nağıl-tamaşanın qəhrəmanları tərəvəz və meyvələrdir. Tamaşaçılar kimlərdir? Sözsüz ki, tamaşanın əsas seyrcisi azyaşlı uşaqlardır və ya 3 yaşından yuxarı istənilən macəra axtarışında olanlardır. Bu animasiya deyil, kuklalar da deyil, insan boyunda meyvə və tərəvəzlərdir, onlar oxuyur və oynayır, əylənirlər: Çipollino-soğan (Xədicə Novruzlu), ata-soğan (əməkdar artist Əlvida Cəfərov), üzüm əmi (əməkdar artist Məzahir Cəlilov), senyor pomidor (Rüstəm Rüstəmov), Vəliəhd limon (Rəşad Bəxtiyarov), Professor armud (Cümşüd Zeynalov), qaragilə (Dilarə Nəzərova) və... ardı var...
Tamaşa başlar-başlamaz səhnədə iştah açan meyvə və tərəvəzlər görükür. Rodarinin məşhur nağıl qəhrəmanları, davakar insancıqlar oyun qəhrəmanlarına çevrilir. Cəsarətli və qorxusuz Çipollino həm də şən və zarafatcıldır. Soğan-oğlan (X.Novruzlu) bakılılar demişkən, bitkə boyu ilə, birazcıq canı ilə ordan-bura tullanır, onu əzir, bunu müdafiə edir, özü də boğazını tutsan canı çıxar. Lakin... Çipollino olmaq üçün elə məhz bu keyfiyyətlər lazımdır. Çipollino və dostları günəşin şüaları altında yaşayır, durmadan çalışırlar və rahatlıqla dincəlirlər. Tamaşada bütün bunlar rənglərin bayramı kimi görünürdü. Yeri gəlmişkən, rənglərin harmoniyası səhnədəki dekor-evciklərdə, səhnə pərdələrinin zövqlü formasında da həllini tapmışdı. Bunu da demək mütləqdir ki, tamaşanın canı səhnədə meyvə və tərəvəzə can verən geyimlərdir: qırmızı-yumru pomidor, sarı-acı limon, şipşirin armud. Uşaqların tamaşada heyran edən əsas məsələdə məhz gündəlik yedikləri bu meyvə və tərəvəzi səhnədə görməkdir. Ol səbəbdəndə səhnə geyimlərinin müəlliflərinə böyük təşəkkürlər...
Tamaşa Çipollino və onun dostlarının mübarizəsini, sonda qələbəsini nümayiş etdirir. Burada ata soğanın (Ə.Cəfərov) ağsaqqal davranışları, vəliəhd limonun (R.Bəxtiyarov) ekstravaqant, kaprizli, özünə aşiq olan turşaşirin oyunu, yumrupomidorun (R.Rüstəmov) gillənə-gillənə çevrilmələri və xüsusilə də professor armudun (C.Zeynalov) uşaq dilinə daha yaxın danışığı, uşaq dünyasına uyğun replikaları macəranın əsasını təşkil edir.Macəranın digər qəhrəmanları: albalılar (əməkdar artistlər Mehriban Xanlarova və Sevinc Əliyeva), kaktus (Ramin Şıxəliyev), qraf albalı (Vüsal Mustafayev), xəfiyyə yerkökü (Ziya Ağa), I limon (Ümman Budaqov), II limon (İmran Qurbanov), lobya (Ənvər Məmmədov)...
Albalıların səhnəyə gəlişi istənilən mizanda maraqlıdır, baxımlıdır. Sanki albalılar saray mühitinin qrafinyalarıdır, dünyadan, aləmdən kənarda mövcuddurlar. Aktyorlar səhnədə yüngül oynayır, improvizələrə, daxili imitasiyalara əsaslanırdılar.Qarşıya qoyulan məqsəd bəllidir. Canni Rodarinin nağıl-əsərinin müəyyən dəyişikliyə uğramasına rəğmən qayə eynidir: xeyir şər üzərində qələbə çalır. Lakin burada şər pis deyil, çünki iştahlı pomidordur. Müsbət personajlardır.
Tamaşanın yaradıcı heyəti, rejissoru (Ə.Cahangirli) səhnədə parlaq, şən, sevimli-uşaq auditoriyasına işləyən tamaşa yaratmışdı. Rejissorun səhnə dili sadə, oynaq və emosional idi. Burada C.Rossinin musiqilərinin də əhəmiyyətli təsiri görünürdü.
Ağır detallarla, "fəlsəfi” yük ilə yüklənməmiş tamaşa surətli dəyişən hərəkətlərlə, qəhrəmanların xarakterik oyunu və aktyor ansamblının maraqlı işi ilə balacaların diqqətini çəkə bilirdi. Balacalar demişkən, qoy böyüklər sizdən tamaşaya baxmağı öyrənsinlər. Telefonda oyun oynamadan, yemək yemədən, səsli danışmadan... Uşaq auditoriyası səmimi reaksiyadır... Onlar böyüklər kimi düşünmür: gülüm yoxsa gülməyim, əl çalım yoxsa gərək deyil... sadəcə baxım...
Səhnədə və teatrda bayram əhvalı, dostluğun təmtəraqlı qələbəsi kiçik tamaşaçını xeyirin, düzgünlüyün gücünə və məğlubolunmazlığına inandırır. Yay iştahlı tamaşa "Çipollino” bu istilərin əhvalını öz koloriti ilə sizlərə sevdirəcək: sevimli dostlar...
Aygün SÜLEYMANOVA
teatrşünas
banner

Oxşar Xəbərlər