AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İnvestisiya Holdinqi şəffaf idarəetmənin formalaşmasına imkan verəcək

İnvestisiya Holdinqi şəffaf idarəetmənin formalaşmasına imkan verəcək

Cəmiyyət
09 Avqust 2020, 13:00 338
Azərbaycanda dövlət müəssisələrinin rolu kifayət qədər böyükdür. Belə ki, məşğulluğun 25 faizi dövlət müəssisələrinin payına düşür.

Bu barədə AZƏRTAC-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, eyni zamanda, dövlət müəssisələri vergi daxilolmalarının formalaşmasında xüsusi rola malikdir. Azərbaycan İnvestisiya Holdinqinin yaradılması dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də şəffaflığın artırılması baxımından çox vacibdir. Bu, imkan verəcək ki, korporativ metodların dövlət müəssisələrində tətbiq edilməsi mümkün olsun. Belə ki, hesabatlılıq artacaq, ictimai nəzarət imkanları genişlənəcək. Holdinq tərəfindən səmərəliliyi və şəffaflığı ölçən meyarlardan istifadə olunması hər bir dövlət müəssisəsinin nə qədər səmərəli işlədiyini, şəffaflığını müəyyən etmək imkanı yaradacaq. Bu, həmçinin dövlət müəssisələrinin ixrac imkanlarının genişləndirilməsinə imkan verəcək.

V.Bayramov qeyd edib ki, holdinqin yaradılması ixrac bazarlarının tapılması, rəqabətqabiliyyətli məhsulların istehsalının genişləndirilməsi və ixracı baxımından vacibdir. Holdinq dövlət müəssisələri sferasında şəffaf idarəetmənin formalaşmasına imkan verəcək. Bu, bir tərəfdən büdcədən ayrılan vəsaitlərin səmərəli və qənaətlə istifadəsinə, digər tərəfdən isə özəl sektoru cəlb etməklə iqtisadiyyatda rəqabətin gücləndirilməsinə gətirib çıxaracaq.