• cümə axşamı, 28 mart, 16:10
  • Baku Bakı 16°C

İntiharı çıxış yolu bilən şair

16.12.19 13:30 1230
İntiharı çıxış yolu bilən şair
Yer­li-ye­rin­də hər söz
Qiy­mət­li bir inc­i­dir.
Ürək­dən gəl­məy­ən­lər
Ürək­lə­ri inc­i­dir.

Ürək… Bu dörd hərfdən ibarət sözün arxa planında nələr yatmır. "Ürək ağrısı”, "ürək çırpıntısı”, "ürəkdən gələn söz”, "Ürəkdən gülmək”, "ürəkdən kədərlənmək”, yaxud filankəsin böyük ürəyi var, ürək… ürək, filankəs ürəyindən getdi. Ən dəhşətlisi də budur. Ürək ucbatından həyatdan getmək. Ürəyindən gedənlər əsasən vaxtsız gedirlər. Yuxarıdakı misraların müəllifi kimi. Sərdar Əsəd də ürəyinin ucbatından getdi. Yox, ürək xəstəliyindən deyil, ürəyi ilə bacarmadığından. Özünü getməyə məcbur etdi, ürəyindən qurtulmaq, rahatlığa qovuşmaq üçün, könüllü, məqsədli surətdə.
Sər­dar Əsəd Əli Kərim ilə eyni dövrün, eyni nəslin şairlərindən idi.Y axın dostuydular. Əli Kərim 38 yaşında həkimlərin diaqnozuna görə "ürək çatışmazlığından” vəfat etdi. Əslində, ürək çatışmazlığından deyil, ürək artıqlığından olar, çünki bu qəbilli insanların ürəyi digərlərininkindən artıqdır. Buna görə yükü də ağır olur. Başqalarının heç fərqinə varmadıqları nəsnələri o geniş ürək o qədər süngər kimi özünə çəkir ki, sahibini yarı yolda qoymalı olur. Ya da sahibi onun hökmünü verir. Bu və ya başqa formada. Sərdar Əsəd kimi hökm verənlər də var, başqa cür də.
Sərdar Əsəd kimi hökm verənlərin arxasınca həkim diaqnozu belə olur: "psixoloji durum”.
Daha heç kimi maraqlandırmır ki, həmin o diaqnoza qədər insan nələr yaşayır.
Sərdar Əsəd intihar edəndə 46 yaşı vardı. Qoymadı ürək onun axırına çıxsın, o, çıxdı ürəyinin axırına.
Sər­dar Hey­dər oğ­lu Əsə­dov qarabağlıdır. Cə­b­ray­ıl rayo­nu­nun Soltan­lı kən­din­də ana­dan ol­muş­du. Ata­sı Hey­dər ki­şi sa­vad­sız bir kənd­li, ana­sı Həsyə xa­nım təh­sil gör­mə­miş kənd qa­dın­la­rın­dan idi. Hey­dər ki­şi ca­van­lığ­ın­da ig­id bir oğ­lan ol­ubmuş. Ba­şı üstə at çaparmış, bu azmış kimi ça­pa-ça­pa tul­la­nıb atın be­lin­də ay­aq üstə du­rar­mış. Ata­sın­da­kı güc, qüvvət Sər­da­ra da ke­ç­ib.
Tələbə vaxtı Sərdar ali məktəblər arasında keçirilən idman yarışlarında dəfələrlə qalib olub. O vaxtkı V.İ.Le­nin adı­na Azərbaycan Pedaqoji İnstitutunun (APİ) fi­lo­lo­g­iya fakültə­si­nin bu məzunu ilə həmin ali ocaq sonralar da fəxr edirmiş, şəklini divarda saxlayarmışlar. O vaxt Sərdar Əsəd şeirləri mətbuatda dərc olunan, 25 ya­ş­la­rın­da sağlam, ya­ra­şıq­lı, iti ba­xı­ş­lı bir gənc idi.
Atası Hey­dər ki­şi kənd dəy­ir­ma­nın­da işlədiyi, kənd mək­tə­binin həy­ət-bac­a­sı­na ba­xdığı ahıl yaşlarında öz gəncliyini ona xatırladan oğlu Sərdarla həm də ona görə fəxr edərmiş ki, oğlunun şəkli qəzet-jurnallarda çıxırmış. Sər­da­rın qə­zet­lər­də çı­xan şeir­lə­ri­ni kəsib ci­bi­nə qoy­ar, sa­va­dı olan­la­ra oxu­dar, öyü­nər­di.
Sər­dar ədə­biyy­a­ta 50-ci il­lər­də gə­lən Əli Kə­rim, Qu­lu Xə­li­lov, Əl­fi Qa­sı­mov, To­fiq Mütəl­li­bov, Fi­k­rət Sa­dıq nəs­li­nin nümayəndələrindəndir. Bu nə­sil 60-cı­lar hə­rə­ka­tı­nın önündə gedirdi. Sər­dar ya­ra­dıc­ı­lığa ba­ş­lay­an­da öl­kə­də "iq­lim” tədricən mülay­im­lə­şir, 30-cu il­lər­də hər an ölümlə qar­şı­laş­mış ya­ra­dıcı insan­la­rın müstə­qil­lik ar­zu­la­rı ye­ni­dən qa­nad­lan­mağa ba­ş­lay­ır­dı. «Yer ul­du­zu» (1974) ki­ta­bın­dan ay­dın olur ki, mər­kə­zi mət­buat­da hə­lə APİ-nin fi­lo­lo­g­iya fa­kültə­si­nin bi­rinci kurs tə­lə­bə­si ol­duğu dövr­dən - 1952-ci il­dən çap olun­mağa ba­ş­la­yıb. «Gənc­lik il­lə­ri» ad­lı ilk şeir ki­ta­bı­nı 1957-ci il­də nəşr et­di­rə bil­miş­di. Bu ki­tab­da və bun­dan üç il so­nra çap et­dir­diyi «Sə­ni ax­ta­rı­ram» ki­ta­bın­da hər bir şe­rin ya­zıl­ma ta­ri­xi var­. «Sə­ni ax­ta­rı­ram» ki­ta­bın­da son şeir­lə­ri 1957-ci ilə aid­dir. Bu, o dövr­də nəşr işi­nin nə qə­dər çə­tin olduğunu, bir ki­ta­bın ça­pı üçün ən azı üç il göz­lə­mək la­zım gəldiyini gö­s­tə­rən bir fakt­dır. 50-ci il­lə­rə aid bir sı­ra şeir­lə­ri­nin «Ya­nan me­mar» (1963), «Cər­rah ürəyi» (1965), «Sim­lə­rin tu­fa­nı» (1971) ki­tab­la­rı­na da­xil edil­mə­si gö­s­tə­rir ki, ilk ki­tab­la­rı yazdıqlarını tam əha­tə et­məyib, yalnız se­ç­mə şeir­lər­dən iba­rət olub. Sağ­lı­ğın­da bun­lar­la ya­na­şı, «Gö­zəl», «Me­şə­də qo­naq­lıq» və baş­qa şeir, həm­çi­nin Bar­to­dan, Ro­da­ri­dən tərcümə ki­tab­la­rı­nı da çap et­di­rə bil­ib. Ki­tab­la­rı İ.Sol­tan, N.Hə­sən­za­də, M.Araz, E.Bor­ça­lı, Ə.Sa­lah­za­də və baş­qa­la­rı­nın re­dak­tor­luğu ilə çap olun­ub.

Şərab da kömək etməyib

Dostlarından biri onun haqqında xatirələrində yazır: "Bu dünyada bəlkə də ən həssas kardioqramma şair ürəyinin ağrılarını hiss edəmməz. Sərdar Əsəd Cəbrayılın Soltanlı kəndində dünyaya gələn bir insan elə ağlı, şüuru kəsəndən repressiya qasırğasına tuş olub. Atası Heydər kişi Sovetin əleyhinə qaçaqçılıq edirmiş. Və qaçaq atasına görə anası və böyük bacısıyla bir yerdə Sibirə sürgün olunur. Doğrudur, tezliklə onlar Sibirdən qayıdırlar, çünki atası qaçaqçılıqdan çəkinir. Amma bu hadisə gələcək şairin həyatından hələm-hələm silinib gedə bilməzdi. Sonrakı illər sakit keçir. O da hamı kimi orta məktəb bitirir. O zaman Leninin adını daşıyan Pedaqoji İnstitutun filologiya fakültəsində təhsil alır. Sonra da Süleyman Rəhimovun köməkliyi ilə "Ədəbiyyat və incəsənət" qəzetində işə düzəlir. Sonra şeir kitabları çap olunur. Əlfi Qasımovla, Əli Kərimlə, Tofiq Bayramla, Məmməd Arazla, Ələkbər Salahzadə, Səttar Bəhlulzadə ilə oturub-durur. Xoşbəxt ədəbi həyat...”
Xoşbəxt? Xoşbəxtliklə intihar kəlmələri bir araya sığır? Xoşbəxtlikdən intihar edilərmi?
Araşdırmalardan anlaşılır ki, Sərdar Əsədin faciəsi onun "Ədəbiyyat və incəsənət" qəzetindən işdən çıxarılması ilə başlayır.
"O, düz beş il-1958-1963-cü illərdə-işsiz qalır. Sonra bir nəşriyyatda işə düzəlir. Sonra... sonra... yenə işsizlik. Və beləliklə, laübalı bir ömür. Bir az da içkiyə meyl və aludəlik... pulsuzluq, işsizlik və bütün bunları unutdurmaq üçün yenə içki... Bəli, gizlətməyək: Əli Kərim də içirdi, Tofiq Bayram da, İslam Səfərli də... Yazı stolunda yox, yeməkxanalarda, bufetlərdə, şərab stolunda yaşanan o günlər, o saatlar, o dəqiqələr bəlkə də neçə şeirin, poemanın, hekayənin, povestin elə oradaca boğulması, o şərab istisində əriyib buxarlanmasıydı. Bəlkə də, bu mənim subyektiv fikrimdir, yanlışlığa yol verirəm. Çünki istedadlı insanları məhv edən, vaxtından tez qəbrə sürükləyən heç də araq olmayıb. O insanları şəraba meylləndirən yaşadıqları mühit olub.”
40 ya­şı­nın ta­ma­mın­da yaz­dığı «Ömür keç­di ya­rı­dan» şe­irin­də həy­atın çə­tin­lik­lə­ri­ni qeyd edə­rək ya­zır­dı:

Ha­mar düzən­lik­də uçan bir külək
Sıl­dı­rım dağ­la­rı qar­şı­da bil­sin!..
İn­di ya­şa­dığ­ın bir ömür gə­rək
Ömrünü so­nra da ya­şa­da bil­sin!


Nə vaxtsa hardasa oxuduğum və çox sevdiyim bu misralar da sən demə, Sərdar Əsədə məxsus imiş. Onu bizim nəsil tanımırdı ki. O nəsildən oxuduğumuz şairlər arasında onun adına rast gəlməmişik, çünki həyat ona ölümündən sonra da haqsız davranıb.

Bağladı günəşi dağın qarına,
Yaydı yalmanını atdı şəlalə.
Dözməyib düzlərin intizarına
Zirvədən özünü atdı şəlalə.


Çox gözəl deyilib eləmi? Onu müəllifi haqqında çox az adam nə isə bilir. Çox az adam bilir ki, bu misralar Sərdar Əsədə məxsusdur. Dövrünün şairlərindən çox fərqli, çox da talesiz Sərdar Əsədə.

Şəlalənin məğzini, obrazını dörd misra ilə yaradan şairin başqa bir şeirində oxuyuruq.

Gün düşdü duyğular pəncərəsinə,
Səhər müjdəsinə açıldı qapı-
Qanadlı sorğular üstümü aldı!
Yuxusuz gecədən mənə nə qaldı:
Qızaran gözlərin rahat əzabı,
Razı vərəqlərə boşalan sinə,
Dolu külqabı..

Nə gözəl deyilib. Misralarından intihar hiss olunmur. Düzdür, qəmli misraları da var, amma onlar çox həzin, şair ürəyinin yanğısından xəbər verir, əksinə həyat eşqi aşılayır.

Yanağı gündən allanır,
Bir xəzəllə sığallanır,
Kirpiyindən şeh sallanır,
Buzları qışda ağlayır.

Donub görünməz qorxuya,
Susub cavabsız sorğuya,
Ayılmaz, gedib yuxuya,
Gözləri huşda ağlayır.

Görmür özü gündüzünü,
Döndərib dostdan izini,
Əliylə örtüb üzünü,
Heykəli daşda ağlayır.

Gözəl ailəsi olub. Xanımı özünün sevib-seçdiyi imiş. İxtisasca filosofdur. Bir qızı bir oğlu var. O, intihar edəndə uşaqlar kiçik olublar. Dünyada hamıdan çox anasını sevərmiş.

Ay illər, səninlə gəl qucaqlaşım,
Məsum körpəliyi yenə anırıq.
Nədənsə üstümdə durmayır başım -
Yenəmi beşikdə yırğalanırıq?!

Ana, nə deyirdin sən qulağıma,
Bəlkə söyləyirdin yaman kürəm mən,
Mənə deyirdin ki, qaç qucağıma,
Hələ də yanına yüyürürəm mən!...


Anasını, xanımını, övladlarını gözü yaşlı qoymağa necə qıydı bəs? Niyə qıydı?
Bəlkə, uzun illər idi xəstə yatan bacısına maddi yardım edə bilməməsi onu incidirmiş? Axı, nə vaxt saf ziyalının pulu olub?

Gündoğandan günbatana

Ölümünə 4 il qalmış bunları yazıb: "Özüm olmadığım təqdirdə mənim arxivim Məmməd Araz, Ələkbər Salahzadə, İsa İsmayılzadənin diqqətli qayğısı ilə açıla bilər. Sərdar Əsəd. 17.XII. 1971".
1975-ci ilin iyulunda, 46 yaşının tamamına az qalmış intihar edir. Səssiz-səmirsiz heç kimə heç nə demədən. Bəlkə də demək istədiyindən, amma dinləyən olmadığından.
Çingiz Əlioğlunun dedikləri: "Sərdar Əsədi 1972-ci ildə tanımışam. Çox istedadlı, həddən artıq saf qəlbli insan idi. İnsanlara çox inanırdı. Şeirdə dil üslubuna fikir verən, dilin dərin qatlarını açmağa çalışan bir şair idi. Məndən əvvəlki nəslin nümayəndələrindən bir olan Səradar Əsəd mənə müəllim düşürdü. Həm fiziki cəhətdən, həm də təbiətcə güclü adam idi. İsti, səmimi münasibətlərimiz vardı. Mənə qarşı xüsusi diqqəti vardı. Bunun müqabilində mənim onun qarşısında ağır günahım var. Görünür, biz onun ruhi-psixoloji vəziyyətinə diqqət yetirməmişik. Bir dəfə "Ulduz” jurnalına getmişdim. Sərdar Əsəd də orda idi. Bu getmək istəyəndə Siyavuş Sərxanlıya dedi ki, məni bir az yola sal. Siyavuş da dedi ki, əlimdə işim var. Mən də İsa İsmayılzadə ilə söhbət edirdim. Sərdar mənə müraciət etdi ki, bəlkə məni Rəssamlar İttifaqına qədər yola salasan. Mənim də gənc, başqalarına qarşı o qədər də diqqətli olmayan, daha çox özünü sevən yaş dövrümdür. Dedim, ay Sərdar müəllim, budu buradır də yola salmağa nə ehtiyac var. Başa düşmədim ki, niyə bunu yola salmalıyam, günün günorta çağıdır. Sərdar müəllim sakitcə çıxıb getdi. Həmin günün səhəri onun intihar xəbəri yayıldı. Bu xəbər məni çox sarsıtmışdı. Təhər-tövründən sağlam adam təsiri bağışlayan bu adamı intihara nə vadar etdi? Yeri gələndə gözəl yumor hissi vardı və eyni zamanda çox ciddi adam idi. "Qurd qapısı”nda dəfn olundu, möhkəm qar yağırdı. Anasının üstünə lopa-lopa qar yağa-yağa ağı deyib ağlamağı indiyə qədər hafizəmdən silinməyib. Sonra onun xatirəsinə bir şeir yazdım belə qurtarırdı o şeir:

Ağ yollara qar yağır
Gündoğandan günbatana.
Çağır anam, hey çağır
Gündoğandan günbatana.


O vaxtdan içimdə ağır bir günah gəzdirirəm. Bəlkə, bir sözü varmış, bəlkə, dinlənməyə ehtiyacı varmış, dinləsəydik intihar etməzdi. Ölümündən sonra onun şeirlərindən ibarət "Dağları aşdı sellər” adlı kitabını çap etdirdim. Çox tanınmış bir şairə kitabı rəyə yolladıq. Adını çəkmirəm, rəhmətə gedib, zəng edib nəşriyyat rəhbərinə demişdi ki, beləsinin kitabını çap etmək lazım deyil. Mənə çox təsir etdi. Bütün imkanlarımdan istifadə edib o kitabı çap etdirməklə elə bilirəm günahımı bir faiz yumuşam. Onun şeiri Azərbaycan poeziyasının 40-cı qapısıdır. Hələ tam açılmamış, kəşf edilməmiş. Dövrünün şairlərindən tamamilə fərqli üslubu vardı”.
Sərdar Əsədlə Əli Kərim çox möhkəm dost olublar. Onların talelərində, həyata, dünyaya şair baxışında doğmalıq çoxdu.
Sərdar Əsəd də Əli Kərim kimi söz heykəli yonurdu, yüzilliklər boyu qəlibdən qəlibə keçən sözü bir də sığallayır, tutiyə kimi əzizləyir, tapılmaza çevirirdi. Sərdar Əsəd də sağlığında qədr-qiymət adlı bir insaf gözündən keçə bilmədi. Tənqidçilər susdular. O yerdə ki, Sərdar Əsəd görünməliydi, o yerdə ortabablar, miyanələr meydan suladılar.
Əli Kərim 38, Sərdar Əsəd 46 il yaşadı.
Əli Kərim iyunun 30-da, Sərdar Əsəd iyunun 29-da dünyasını dəyişdi. Sözləri, taleləri yaxın şairlərin ölümü də yaxın oldu.

Gedəni gəlməz olur,
Hey fikir daşıyanlar.
Dünyada ölməz olur
Əzabla yaşayanlar.


"Çinar” şeiri var, çox gözəl şeirdir. Cəbrayılın simvolu olan mərkəzdəki çinar ağacına həsr edib.

Bu dünyaya hər gələn
Bir şeyə baxıb gedir.
Çinarım bu da bir ömürdü
Mən də sənə baxıram.


Özündə çinar əzəməti olan bu adam niyə...
Kim deyə bilər ki, psixoloji durum onu bu addımı atmağa vadar edib. Namuslu bir ziyalı ömrü yaşayırdı. Təbii ki, maddi sıxıntıları, ailə qayğıları vardı. Deyilənə görə heç vaxt nədənsə şikayət etməzmiş.
Seyran Səxavət: "Mən onu tanıyanda hələ Füzulinin dağ kəndində yaşayırdım. "Cərrah ürəyi” adlı poemasını oxuyub tanımışdım onu. O kitab kənddə əl-əl gəzirdi, hamı oxuyurdu. Sonralar tale elə gətirdi bir redaksiyada, bir otaqda oturduq. Gözəl insan idi. Həyatda, küçədə-bayırda baş verənlər hamısı bunun içindən keçirdi. Küçədə bir maşın toqquşurdusa ağrısını Sərdar Əsədin qəlbi çəkirdi. Son dərəcə saf adam idi. Dünyanın o başına qoşulub gedə biləcəyin bir adam idi. Yaxşı kişi idi. Gözəl bilirdi dilimizi. Şeirlərində, yazılarında bu özünü göstərirdi. Son dərəcə həssas qəlbi vardı. Onun da bəlasına gəldi elə. İnsan qəlbi daşıya biləcəyindən artıq yük götürəndə insan çökür. Nə qədər yükləmək olar ürəyi. O qədər yüklədi ki, axırda o yüklərdən azad olmaq üçün qəlbinin fəaliyyətinə son qoydu. O intihar edəndə mən İranda idim. Qəriblikdə bəd xəbərin ağrısı birə beş artır. O da ola yaxın, əziz adamın itkisi, özü də elə itki.”

Ürək… Bu dörd hərfdən ibarət sözün arxa planında nələr yatmır. "Ürək ağrısı”, "ürək çırpıntısı”, "ürəkdən gələn söz”, "Ürəkdən gülmək”, "ürəkdən kədərlənmək”, yaxud filankəsin böyük ürəyi var, ürək…ürək, filankəs ürəyindən getdi. Ən dəhşətlisi də budur. Ürək ucbatından həyatdan getmək.
Ramilə Qurbanlı
banner

Oxşar Xəbərlər