• çərşənbə axşamı, 16 aprel, 10:24
  • Baku Bakı 14°C

İnternet və TV-dən qaçmaqla yüksək bal toplamaq məqbuldurmu?

29.07.16 10:57 4897
İnternet və TV-dən qaçmaqla yüksək bal toplamaq məqbuldurmu?
Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin "Bu nəticəni əldə etmək üçün 2 il gecə-gündüz çalışdım. İmtahana hazırlaşdığım üçün televizor və sosial şəbəkələrdən uzaq qalmışdım. Çünki onlardan istifadə edəndə günün çox hissəsi gedir” kimi fikirləri indi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Yüksək bal toplayan həmin abituriyentlərə "Halal olsun, imtahanlara bu cür hazırlaşmaq lazımdır” deyənlərlə yanaşı, "İnternet və TV-lərsiz dünyagörüşü məhdudlaşır” deyənlər də çoxdur. Ayrı-ayrı vaxtlarda şagirdlərin sosial şəbəkələrdə vaxt keçirməsinin və ümumən internetin yeniyetmələr və azyaşlılar üçün ziyanı barədə məqalələr yazdığımızdan müzakirələr diqqət çəkdi: "Şagirdlər təhsil dövrlərində internetlə və ya telekanallarla təmasda olmalıdırlarmı? Yoxsa özlərini bütün texnologiyalardan təcrid edib diqqətlərini yalnız fənn hazırlıqlarına və gündəlik dərslərə yönəltməlidirlər?” Məsələyə tibbi münasibəti kənara qoyaraq pedaqoji və psixoloji yanaşmanı önə çəkməyə çalışdıq.
Əgər 2 il internetdə olmayıbsa...
Söhbətləşdiyim valideynlərdən biri – jurnalist Azər Nuriyev dərs dövründə övladının mobil telefon, planşet və kompyuterdən istifadəsinə qadağa qoyduğunu deyir: "Hazırda tətil olduğu üçün planşetdən istifadə etməyə icazə verirəm. Dərs başlayan kimi yalnız öz dərsləri ilə məşğul olmalıdır. Çünki texnologiyalar uşaqların fikrini dərsdən yayındırır”.
Təhsil ekspertlərinin məsələyə münasibəti isə fərqlidir.
Son günlər ən uğurlu xəbərlərdən birinin abituriyentlərin yüksək bal toplaması barədə yayılan xəbərlər olduğunu bildirən Əməkdar müəllim Almaz Həsrət iki il İKT-dən istifadə etməməyi məktəbdə dərslərin düzgün qurulmaması ilə əlaqələndirir: "700 bal toplayanlara sual olunubmuş ki, necə olub ki, bu uğuru qazanmısınız? Cavablarında bildiriblər ki, TV və internetdən uzaq olublar. Burada bir neçə anlaşılmazlıq meydana gəlir. Əgər 2 il internetdə olmayıbsa, deməli, məktəbdə 2 il dərs keçilməyib? Axı indi müəllimlər dərslərin tətbiqində İKT və internetin imkanlarının yüksək təsirini göstərməklə sinifdə təşkil etdikləri dərslər ilə bağlı gözəl-gözəl fikirlər bildirirlər, müsahibələr verirlər. Əgər sinifdə yüksək bal alan şagird deyirsə ki, 2 il İKT-dən, internetdən istifadə etməmişəm, deməli, məktəbdə dərslər düzgün qurulmayıb. O zaman 10-11-ci siniflərdə dərslərin keçirilməsi metodikasına nəzarət artırılmalıdır: müəllimlər dərslərini necə keçir, yoxsa onlar yalnız testlərin əzbərlənməsinə daha böyük önəm veriblərmiş?”
Ekspertin fikrincə, 2 il ərzində TV-dən məhrum olmaq dünyada və Vətənimizdə baş verən ən mühüm hadisələrdən tam xəbərsiz olmaq deməkdir: "2 il TV izləməyən şagirdin hansı dünyagörüşü ola bilər?” Əgər o şagird TV-dəkı xəbərlərə 2 il ərzində baxmırsa, onda hansı nəzəriyyənin formalaşmasına nail olmaq olar? Heç birinin. Mən 2 il TV, internet, İKT-dən uzaq olanların dünyagörüşlərini hansısa bir adada 1 il qalan adamın biliyi ilə eyniləşdirərdim. Çünki şagirdlərimiz, övladlarımız hərtərəfli olaraq bir vətəndaş kimi yetişdirilməlidir. Əgər onlar Milli qəhrəmanlarımızın şücaətini əks etdirən filmlərə, məlumatlara, sənədli görüntülərə, Azərbaycanın son illər ərzində inkişafına dair hazırlanmış çarxlara, xəbərlərə baxmırlarsa, o zaman onlarda milli dəyər və milli şüurun, dünyagörüşünün formalaşmasına çətin ki, nail olmaq olar”. Ekspert hesab edir ki, biz şagirdlərimizi yüksək bal toplamağa hazırlamamalıyıq: "Biz övladlarımızı Vətənini sevən, torpağına bağlı olan, tam həyata hazır olan, milli şüura malik sağlam, dürüst bir vətəndaş kimi hazırlamalıyıq”. Ekspertin fikrincə, təkcə yüksək bal toplayan abituriyentlərə təriflər deyilməməlidir. Həmçinin aşağı bal toplayanların ruhlandırılmasına ehtiyac var: "Elə sanırlar ki, övladımızı yalnız o zaman diqqətə alırıq ki, onun balı yüksək olsun. Hamı da elə məhz onların adlarını çəkir, məhz yalnız onlara tərif yağdırırıq. Fikirləşək görək bu, doğrudurmu? İnternetdə, sosial şəbəkələrdə, ailədə, ətrafda yalnız onlara – yüksək bal toplayana əhsən deyirik... Sual olunur, bəs qalan abituriyentlər bizə lazım deyilmi? Gərəksiz oldularmı? Niyə onların balı aşağı düşdüyündən onlara da bu imtahanlara qatılma münasibətləri ilə xoş sözlər yazılmasın, deyilməsin? Nədən biz onları unutmalıyıq? Axı cəmiyyətimiz ancaq elə bu 600-700 bal (sayları çox deyil) toplayanlardan ibarət deyil”. Bu gün cəmiyyətimizə bütün Azərbaycan üzrə orta məktəb məzunları olan yeni gəncliyin gəldiyini qeyd edən ekspertin fikrincə, aşağı bal toplayan abituriyentlərə ilk gündən "siz uğursuzsunuz”, "siz bacarıqsızsınız” deməklə hansı stimulu vermiş oluruq? "Diqqət etmisinizsə, 700 bal toplayanların adi danışıq dillərində sərbəstlik yox idi... Yüksək bal toplayanların danışıqlarından onların praktik biliklərinin çox az olduğu açıq görünürdü. Yüksək biliklidir deyib, sərbəst fikir bildirməyə sanki çəkinirdilər. Ancaq ən aşağı bal toplayanlara danışmağa söz verin, əksəriyyətinin çox gözəl ədəbi dildə və sərbəst olaraq öz fikirlərini necə səlist bildirdiklərinin şahidi olacaqsınız. Zatən ən yaxşı işlərdə çalışanların statistikasını araşdırsanız, görəcəksiniz ki, qəbulda aşağı bal toplayanlar ali məktəbi bitirdikdən sonra daha mükəmməl yerlərdə işlə təmin olunurlar. Çünki onlar birtərəfli deyil (yalnız test öyrənənlər), hərtərəfli inkişaf etmiş, həyati bacarıqları yüksək olan övladlarımızdır”.
Həm dərs, həm də TV və internet
Psixoloq Aydan Talıbova isə şagirdlərin dərslə bərabər internetə marağına və TV-ləri seyr etməsinə simbioz yanaşmağa çalışır: "Əslində uşaqlar internetdə seyr etdikləri oyunlar və filmlər zamanı onların aludəçisinə çevrilir və fikirləri yayınır. Bu da onların dərsdən yayınmalarına səbəb ola bilər. Ancaq biz onları düzgün istiqamətləndirə bilərik. Biz demirik ki, uşaq heç zaman internetə daxil olmasın. Çünki internet onların dünyagörüşünün artmasına səbəb olur. Sadəcə, onlar zamanlarını düzgün bölməlidirlər”. Psixoloqun fikrincə, valideynin uşağı üzərində nəzarəti güclü olmalıdır: "Əgər uşaq bütün vaxtını internetin qarşısında keçirərsə, o, dərsinə meyllənməyəcək. Uşağa yalnız «oxu» deməklə də ona dərsləri sevdirmək olmaz. Əgər uşaq sevdiyi bir ixtisasa yönlənibsə və seçdiyi peşəni sevirsə, təbii ki, həm internetdə vaxt keçirə bilər, həm də dərsinə vaxt ayıra bilər”. Psixoloqun fikrincə, internetə maraq uşaqlıq dövründən başlayır. Belə ki, bəzən valideynlər uşaqlarını ələ almaq üçün «filan işi gör, sənə telefon və ya planşet alacağıq» deyirlər. Valideynlər bunu rüşvət kimi edəndə bu, uşağın beynində qalır: "Əgər uşaqlıq dövründən valideyn bunu uşaqda düzgün şəkildə tənzimləyə bilirsə, uşağın daim internetə meyllənməsi təbii şəkildə olur. Həmçinin, şagirdləri düzgün istiqamətləndirmək müəllimlərin də üzərinə düşür. Əks halda, internet qabağında oturduqları müddət onlara mənfi təsir göstərə bilər. Valideyn isə övladına nəzarət etməyi bacarmalıdır ki, o, internetdə hansı proqrama baxır, nə ilə məşğuldur. Ancaq bu o demək deyil ki, uşaq internetə aludədirsə, ali məktəbə daxil ola bilməyəcək. Sadəcə, o uşağı düzgün yönləndirmək lazımdır. Əgər düzgün istiqamətlənsə, uşaq internetdən də istifadə edəcək, ali məktəbə də daxil olacaq”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər