• cümə, 26 Aprel, 03:32
  • Baku Bakı 16°C

“İnter” komandası “Atalanta” ilə ev oyununda xal itirib

12.01.20 09:00 775
“İnter” komandası “Atalanta” ilə ev oyununda xal itirib
İtaliya A Seriyasının 19-cu turunun mərkəzi qarşılaşmasında turnir cədvəlinin hazırkı lideri "İnter” doğma azarkeşlər önündə "Atalanta” komandasını qəbul edib.
AZƏRTACxəbər verir ki, qarşılıqlı hücumlarla müşahidə olunan görüşdə qalib müəyyənləşməyib - 1:1. Oyunda hesabı erkən qolla - 4-cü dəqiqədə "İnter” açıb. Lautaro Martinez Romelu Lukakunun ötürməsini qolla tamamlayıb. Qonaqlar oyunun əsas vaxtının başa çatmasına 15 dəqiqə qalmış hesabı bərabərləşdiriblər. Robin Qosens komandasını məğlubiyyətdən xilas edib. "Atalanta” oyunun sonlarında qələbə qazanmaq üçün ideal şans əldə edib. Matçın 87-ci dəqiqəsində Luis Muriyel 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Bu heç-heçədən sonra "İnter” xalların sayını 46-a çatdıraraq "Yuventus”u bir xal geridə qoyub və birinci sıraya yüksəlib. "Neradzurra” cari mövsümdə 12 oyunu da məğlubiyyətsiz başa vurub. "Atalanta” isə 35 xalla beşinci yerdə qərarlaşıb.
Turun digər görüşlərində "Milan” səfərdə cari mövsümdə inamlı oyunu ilə diqqət çəkən "Kalyari” komandasını 2:0 hesabı ilə məğlub edib. "Milan” klubunun yeni transferi Zlatan İbrahimoviç ilk dəfə olaraq start heyətdə yer alıb və debütünü qolla qeyd edib. Bu qələbədən sonra "Milan” 25-ci xalını qazanaraq turnir cədvəlində yeddinci pilləyə yüksəlib. "Kalyari” 29 xalla beşinci yerdədir.
Turun maraq doğuran digər oyunlarından biri "Olimpiko” stadionunda keçirilib. Çempionluğa iddialı "Napoli” səfərdə "Latsio” klubuna məğlub olub - 0:1. Hazırda "Napoli” 24 xalla onuncu, "Latsio” isə 42 xalla üçüncü yerdə qərarlaşıb.
Turun əksər oyunları yanvarın 12-də keçiriləcək. Bu turun mərkəzi qarşılaşmasında "Yuventus” səfərdə "Roma” ilə üz-üzə gələcək.
banner

Oxşar Xəbərlər