İnsanların ürəyini vərəqləyə bilən bəstəkar
Musiqi elə bir aləmdir ki, burada duyğular danışır.
Sanki musiqi insanın içində yaşayır: sevinən, kədərlənən, arzuya qovuşan
məqamlarında, başqa sözlə desək, o daim bizimlədir.İnsanın sənətə aidiyyatı
elə bir sərvətdir ki, onu İlahi hər kəsə bəxş etmir. Təsadüfi deyil ki,
istedada malik olan insanı "Allah tərəfindən seçilmiş”, "taleyin istəklisi”
adlandırırlar. Elə sevimli bəstəkarımız, əməkdar incəsənət xadimi Tahir Əkbər
kimi. Bir neçə gün öncə bəstəkarla bağlı üzücü bir xəbər aldıq. Sevimli
bəstəkarımızın insult keçirdiyi və səhhətinin o qədər də qənaətbəxş olmağını
eşitdik.
Təəssüf ki, insult Tahir müəllimin sağlıq durumuna
ciddi zərər vurub. Onu da nəzərə alaq ki, bu onun keçirdiyi 3-cü insultdur. 1
saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən, sonradan
Respublika Diaqnostika
Mərkəzinə köçürülən Tahir Əkbərin vəziyyəti hazırda sabit ağırdır.
Qeyd edək ki, Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
göstərişi ilə əməkdar incəsənət xadiminin müalicə xərcləri fond tərəfindən
ödəniləcək.
"Hər an nəsə bir dəyişiklik olacağını gözləyirik”
Bəstəkarla əlaqə saxlamağa çalışdıq. Tahir
müəllimin nömrəsini yığıb dəstəyi özünün qaldırmasını arzuladıq. Dəstəyi isə
həyat yoldaşı qaldırdı. Bəstəkarın halını xəbər aldıq. Öyrəndik ki, T.Əkbərin
vəziyyəti ağır olaraq qalır: "Tahir müəllimin vəziyyəti stabildir. Nə o tərəflik,
nə də bu tərəflikdir. Tahir sizinlə danışa bilməyəcək. Hələ ki onu iynə ilə
yatızdırırlar. Bəstəkarımızın vəziyyəti ilə Birinci vitse-prezidentimiz
Mehriban xanım yaxından maraqlanır. Ona böyük
təşəkkürümüzü bildiririk. Nə yaxşı ki, sənətə, sənətkara qiymət verən
dövlətimiz var”.
Aybəniz Əkbər bildirdi ki, həkimlər bəstəkarın
vəziyyəti ilə bağlı geniş açıqlama vermirlər: "Həkimlər heç nə demir. Biz də
hər an nəsə bir dəyişiklik olacağını gözləyirik. Həkimlər deyir ki, onun vəziyyətinin
stabil qalmağı ümidvericidir. Allahdan ümid kəsilməz”.
Tahir Əkbərin həkimi, Respublika Neyrocərrahiyyə
Xəstəxanasının baş həkimi Kabus Dadaşov mətbuata açıqlamasında bildirib ki, hazırda
bəstəkarın vəziyyəti normaldır, huşu başındadır. Xəstəxanaya sabit-orta
vəziyyətdə gətirilib. Onun sözlərinə görə, hazırda əməliyyat üçün hazırlıqlar,
müayinələr aparılır: "Tahir Əkbərin ürəyində də problemlər var. Kardioloq icazə
versə, əməliyyat olunacaq. Diaqnoz ikitərəfli xroniki baş-beyin substral
hematomadır. Əməliyyat vacibdir. Vəziyyətindən asılı olaraq, ən azı bir həftə,
on gün xəstəxanada yatmalıdır”.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyevanın bəstəkarla maraqlanması, onun bütün müalicə xərclərinin Heydər
Əliyev Fondu tərəfindən ödənilməsi haqda tapşırıq verməsi Tahir Əkbərin
ailəsində böyük sevinclə qarşılanıb. Hələ bir il bundan öncə T.Əkbərlə söhbətimiz zamanı o, səhhətindən
giley-güzar edərək, dərmanlarını almağa imkanı olmadığını deyirdi: "İlyarım
əvvəl əməliyyat olunmuşdum. İndi məlum oldu ki, başqa bir xəstəliyim var. Bir
müddətdir qızımın təhsil haqqını ödəyə bilmirəm, həyəcan keçirirəm. Düşünürəm
ki, mən bunu hardan alıb ödəyəcəm. Bütün problemlər yığıldı, nəticədə halım
pisləşdi. Dərmanlarımı almağa belə çətinlik çəkirəm. Eləsi var ki, bahadır, ala
bilmirəm. Bir az da borclarım var. Sağalım, hamısını ödəyəcəm”. Bu fikirləri
səsləndirən Tahir müəllimə dövlətin sahib çıxması, onun xərclərini öz üzərinə
götürməsi ailəsi üçün böyük dəstəkdir.
Tahir Əkbəri insanlara sevdirən musiqisi
Bəstəkarın səhhətinin pisləşməsi nəinki bizi, onu
sevən tamaşaçıları da məyus edib. Azərbaycan musiqi aləmində öz sözünü deyən
bəstəkar yaradıcılığı və gözəl insani xasiyyəti ilə böyük hörmət qazanıb. Hər
dəfə onunla söhbət edəndə mənə gəncliyindən danışar, gənc ikən necə
çalışqan olduğundan, hansı
çətinliklərdən keçdiyindən bəhs edərdi. Bəstələrinə gəlincə isə, onu hər
gördüyümdə sual edirdim ki, ən çox hansı əsərini sevir. Cavabı belə olurdu: "Qızım,
o bəstələr mənim övladım kimidir. Onların hamısı mənə əzizdir. Beynimdə yeni
layihələrim çoxdur. İnşallah, onları həyata keçirəndən sonra konkret olaraq
sənə mənim üçün doğma olan əsərimin adını çəkəcəm”. O mənə bir söz vermişdi.
İnanıram ki, gün gələcək, Tahir müəllim o sözün üstündə duracaq. Çünki bu günə
qədər Tahir Əkbər verdiyi sözlərin arxasından qaçmayıb. Tanrım onun verdiyi bu
sözün də arxasında dayanmağına yardımçı olar, inşallah.
Tahir müəllim müxtəlif janrlarda - xor musiqisi,
simfonik və kamera əsərləri yaradıb. "Simfonik rənglər”, ilahiyyat mövzusunda
yazdığı "Amin" əsəri Azərbaycan professional musiqisində yeni janrlar sayılır. "Dərdin
alım”, "Heç küsməyin yeridirmi”, "Əzizim”, "Amin”... Şövkət Ələkbərova, Zeynəb
Xanlarova, Elmira Rəhimova və digər sənətkarların ifasında səslənən bu mahnılar
dünyanı dolaşıb. Çoxları onun musiqilərini xalq mahnıları kimi tanıyıb. Əslində
bu da bəstəkarın böyüklüyüdür. Bəstələdiyi mahnılar xalq dilinə, xalq ruhuna o
qədər yaxın olub ki, o mahnılar xalq mahnıları qədər sevilib.
Bəstəkarın bəstələdiyi onlarca mahnını hətta türk müğənniləri də ifa ediblər.
Nəşə Karaböcək bəstəkarın "Heç küsməyin yeridirmi?” mahnısı ilə hər zaman
repertuarını bəzəyib. Bəstəkarın "Amin” mahnısı müğənni Brilyant Dadaşovanın
ifasında Norveçdə Nobel mükafatının 100 illiyi ilə əlaqədar olaraq diskə
salınıb və dünya xalqlarını sülhə çağıran bu disk Avropada yayılıb. Şanxayda
keçirilən 8-ci Beynəlxalq Asiya müsabiqəsində Tahir Əkbərin "El oğlu, hay
ver...” əsəri 26 ölkədən finala çıxan qaliblərdən biri olub. Bu mahnı dünya
azərbaycanlılarına ünvanlanan və onları həmrəyliyə çağıran əzəmətli bir
əsərdir. Bunun davamı kimi Dünya Azərbaycanlılarının 2-ci qurultayı ərəfəsində
ulu öndərimiz Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Həmrəylik" himni xor və
simfonik orkestrin ifasında səslənib.
Tahir Əkbər Azərbaycan mədəniyyətinin çox sevilən simalarından biridir. Bundan
əlavə, o, hamının sevimli bəstəkarıdır. O, musiqinin bir çox janrında əsərlər
yazsa da, yaradıcılığının böyük hissəsini mahnılar və romanslar təşkil edir.
Onun əsərləri milli dəyərlərə söykənir.
Dostları Tahir müəllim haqqında bildirirlər ki, mahnı
yaratmaq hər adama nəsib olmur. Mahnını o adamlar yazır ki, insanların
ürəklərini vərəqləyə bilsin. Əgər biz o mahnıları daim zümzümə ediriksə, daim o
mahnılar qulağımızda səslənirsə, demək, qəlbimizə yol tapıb və sevilib.
Bəstəkarın bu ilin mart ayında 70 illik yubileyi
təntənəli şəkildə keçirilmişdi. Oraya tanınmış sənət adamları, bəstəkarın
dostları, ziyalılar toplaşmışdı. Onun yubiley gecəsindəki çıxışı isə bu günə
qədər xatirimdədir. Çıxışında həyat eşqi ilə dolu olduğunu aydın hiss etdirirdi:
"70 yaş az deyil. Fikirləşəndə görürsən ki, ömrünün çoxu gedib, qalan hissəsi
isə Allahın ümidinədir. Mən ömrümün qalanını da səmərəli keçirmək istəyirəm. Arzum
budur ki, yaşım yazacağım əsərlərlə ölçülsün. Həm də mən istəməzdim ki,
əsərlərim mənimlə birgə qocalsın. Onların daim cavan qalmasını istəyərəm”.
Yazıb-yaratmaq eşqi səngiməyən bəstəkar
Tahir müəllimin doğum günü yanvarın 20-nə təsadüf
edir. Həmişə deyir ki, onu həmin gün təbrik etməyim. Axı həmin gün xalqımız
matəm saxlayır. Matəm günündə ad günü keçirməyi özünə sığışdırmır, Tahir
müəllim.
Yaradıcı insanlar hər zaman gənc ruha sahibdirlər.
Bunu Tahir müəllimin bəstələrindən də sezmək mümkündür. O deyirdi ki, 70 il
yaşasa da, yaşamaqdan doymayıb. Hələ də yaratmaq, yeni musiqilər yazmaq
eşqindədir. Axı niyə də olmasın? Kim bilir, Azərbaycan musiqi tarixində bir də
Tahir Əkbər olacaqmı? Məncə, olmayıb, olmayacaq da. Çünki onun musiqiləri
insanların qəlbinə xitab edib. Tahir müəllim Azərbaycan musiqi mədəniyyətinə
çoxlu gözəl və xalqımız tərəfindən qəbul edilən əsərlər təqdim edib. O əsərlər
hər zaman sevilir və sevilməkdə də davam edəcək.
Bu günlər sevimli bəstəkarımızın xəstələnməsi
xəbəri bizləri çox üzür. Amma dövlətimiz, dəyərli həkimlərimiz Tahir müəllimin
sağalması üçün gərəkli bütün addımları atırlar və bundan sonra da atacaqlar.
İnanırıq ki, o, tezliklə sağalaraq xalqımız üçün yenə də gözəl əsərlər
yaratmaqda davam edəcək. Allah şəfa versin!
Xəyalə Rəis