İnsanların ilham qaynağı olmaq istəyən aktrisa
Hande Erçel : "Kiçik bir şəhərdə böyüməyimə baxmayaraq, böyük arzularım vardı”
Son illər Türkiyədə çəkildiyi serialla məşhur
olan, ulduzu parıldayan sənətçilər kifayət qədədir. Onlardan biri də Hande Erçeldir.
Türkiyə kino sənayesinin yeni siması kimi təqdim olunan aktrisanı daha çox
"Güneşin kızları”, "Aşk laftan anlamaz”, "Siyah inci”, "Halka” seriallarından
daha yaxşı tanıyırıq. İndi isə Türkiyədə, eləcə də Azərbaycanda da kifayət
qədər tanınan aktrisa gündəm yaratmağa iddialı olan "Əzizə” serialına çəkilir.
Serialda baş qəhrəmanı - Əzizəni canlandıran aktrisa türk mətbuatına müsahibə
verib. "Elele” jurnalına danışan H.Erçel, ən böyük arzusunu - aktrisa olmaq istəyini
reallaşdırdıqdan sonra qarşısına, sadəcə, səviyyəli və keyfiyyətli layihələrdə
yer almağı hədəf qoyduğunu bildirib.
- Hande xanım, hansı istəklə aktyor olmaq qərarına gəldiniz?
Verdiyiniz bu qərardan nə qədər razısınız?
- Səhnədə
olmaq arzum hər zaman vardı. Özümü
tanıyandan hər işdə öndə olmağı sevmişəm.
Uşaqlığım bu xüsusiyyətimlə şəkillənib. Aktyor olmaqdan başqa ayrı bir sənət tapmadım,
çünki elə uşaqlıq istəyim məhz incəsənət sahəsi idi. Ən yaxşı bacardığım iş isə
aktrisalıqdır. Təhsil alacağım məktəbi belə, özüm seçdim. Çünki orada sənət dərsləri
daha çox keçirilirdi. Daha sonra aktrisa olmaq qərarına gəldim.
- Tanınmağın astanasında olduğunuz və aktrisalığa
başladığınız o dönəmləri necə xatırlayırsınız? Hansı hissləri keçirirdiniz?
- Açığı,
adımın, soyadımın tanınmasından başqa, özümlə bağlı böyük hədəflərim vardı. İnsanların
ilham qaynağı olmaq istəyirdim. Kiçik bir şəhərdə böyüməyimə baxmayaraq, böyük
arzularım vardı. "Əlindəki ilə kifayətlən” söylənilən qadınlara "daha artığını bacara
bilərsiniz” demək istəyirəm. Sənətimin gətirdiyi şanı-şöhrəti əvvəllər necə dəyərləndirəcəyimi
bilmirdim. Qarşıma məqsəd qoymalıydım və nəhayət bu məqsədin nə olduğunu
qərarlaşdırdım. O qərarla addımladım və indi öz məqsədimdən zövq alıram. Bir müddət
sonra necə göründüyümü deyil, nələr etdiyimi, hansı böyük layihələrdə yer
aldığımı, var olduğum gücün fərqinə vardım. İnancımı və enerjimi bütünlüklə buna
sərf etmişəm.
- Gələcəkdə necə xatırlanmaq və tamaşaçının yaddaşında
necə qalmaq istəyirsiniz?
- Geriyə
dönüb baxanda mənimlə birlikdə addımlayan insanları yanımda görmək istəyirəm. Fərqli
insanları birldəşdirən, fərqli düşünən insanları bir araya toplamaq niyyətindəyəm.
Bu gün necə ayaq üstəyəmsə, zamanı gələndə də bütün çətinlikləri gülərək qarşılamaq
arzusundayam.
- Aktrisalığın sizə qazandırdığı ən böyük
özəllikləri nələrdir?
- İstəyirəm
ki, edə biləcəyim hər şeyin ən yaxşısını edim. İçimdə nə qədər qadın xarakteri varsa,
bir-bir onları oynamaq düşüncəsi məni çox həyəcanlandırır.
- Böyük bir kütlə tərəfindən sevilirsiniz. Bu, necə
bir hissdir?
-
Tamaşaçıların sevgisini hər zaman hiss etmişəm. Sanki bu sənətə gəldiyim ilk
gündən onlar mənimlə birlikdə böyüyüb. Bir çoxu müxtəlif sənət sahibi olublar,
iş həyatına başlayıblar, ancaq buna baxmayaraq, məni izləməkdən imtina
etməyiblər. Hər addımımda yanımdadırlar. Onların nəzarətindən kənarda qalmaq
istəmirəm. Əllərini üzərimdən heç çəkməsinlər, çünki mənə gözəl hisslər bəxş
edirlər.
- Yeni serial
"Əzizə” gələn həftə efirlərdə olacaq. Bu dəfə tamaşaçı hansı Hande ilə qarşılaşacaq?
- Son zamanlar
rol aldığım seriallarda güclü və həyatında
böyük dəyişiklik yaradan qadınları oynamışam. Onlardan biri də Əzizədir. Başına
gələn bütün çətinliklərə müqavimət göstərən, özünü tanıyan bir xarakterdir. Təbii
ki, çox güclü tərəfi də var.
- Ssenaridə sizi özünə cəlb edən hansı cəhətlər oldu?
- Ssenarinin
ilk iki bölümünü nəfəs almadan oxudum. Açığı, ssenarini oxuyarkən "Görəsən indi
nə olacaq?” duyğusu məni rahat buraxmırdı. Əzizənin başına gələn hekayə, mənə, "bu
işdə mütləq mən olmalıyam” dedirtdi. Əzizənin hekayəsindəki maraq duyğusu məni çox
həyəcənlandırır.
- Gözlərinizdəki işıltı, enerji və tamaşaçının
diqqətini çəkən o məsum baxışlar ən çox nədən qaynaqlanır?
- İnsanlara
öz enerjimi ötürürəm. Hər zaman, bircə dəfə gülümsəməyin hər şeyi dəyişdirə biləcəyinə
inanmışam. Belə də olduğuna əminəm. Deyə bilmərəm ki, möhtəşəm uşaqlıq keçirmişəm,
amma çox möhtəşəm valideynlərə sahib olmuşam. Heç bir pis niyyəti olmayan, pislikdən
uzaq olan, danışıb gülməyi sevən insanların arasında böyümüşəm.
- Özünüzü beş kəlmə ilə necə tərif edərdiniz?
- Mənə görə,
insan özü üçün nə qədər gözəl sözlər desə, azdır. Ancaq özümü bir neçə fikirlə təsvir
etməliyəmsə, çox sakit, səbrliyəm. Müxtəlif duyğuların daşıyıcısıyam. Mənə görə, bu duyğular, sadəcə, zamana və məkana
görə dəyişir.
- Həyatınızda sizə yön verən, fərqli olduğunuzu hiss
etdirən biri varmı?
- Əlbəttə
ki, həyatımda belə insanlar çox olub. Hər zaman özümdən böyüklərlə yaxşı yola gedirdim.
Bu da uşaqlığımı üzərimdən daha tez atmağa nail olub. Özümdən böyüklərdən, dostluq etdiyim insanlardan bu gün də məsləhət
alıram.
- Sağlam həyat tərzi keçirmək üçün xüsusi bir rejiminiz
varmı?
- Uzun zamandır
idman məşğul olmuram. Keçmişdə sistemli şəkildə idman edirdim və bu günə qədər də
hələ itirdiyim kalorilərin təsiri keçməyib.
Amma yenidən böyük bir layihəyə başladığım üçün artıq yenə o sistemdən istifadə
etməliyəm. Bunun üçün idman ən gözəl vasitədir.
- Sizə görə, xoşbəxtlik nədir?
- Gözəl musiqi,
gözəl yeməklər, sevdiyiniz bir neçə insan və xatirələr. Mənə görə, xoşbəxtlik bu
qədər sadədir.
- Özünüzü nə zaman, hansı mövzuda daha uğurlu
hesab edirsiniz?
- Uğur və
uğursuzluq anlamı mənə görə insandan insana dəyişir. Özümü bütün gücümlə sərf
etdiyim bir işin nəticəsi uğurludursa və
orada mənim adım keçirsə, bu, mənim üçün bir uğurdur. Bir də, arzusunda olduğum,
mənim üçün sadəcə bir xəyal olan istəyimin birinə nail ola bilmişəmsə, yəni bu gün
aktrisa ola bilmişəmsə, bu, mənim üçün böyük uğurdur.
- Uşaqlığınızdan bəri saxladığınız və baxdıqca xatırladığınız
bir oyuncaq varmı?
- Mənim uşaqlıq
vərdişim əşya saxlamaqdır. "Bu əşyaların məndə böyük xatirələri var” deyə-deyə evimi
depoya çevirmişdim. Ta ki, anamın bir gün əsəbiləşib üsyan etdiyi zamana qədər.
Sizin sualınıza gəlincə isə mənim üçün hər əşyanın bir xatirəsi var. Ona görə, onlardan
imtina edə bilmirəm.
- Gündəlik geyiminizdə dəbdən istifadə edirsinizmi?
- Mənim üçün
dəb, özümü içərisində rahat hiss etdiyim geyimlərdir. Nə mövsümlük geyinən, nə də geridə qalan biriyəm. Mənə gözəl yaraşan hər cür
geyim geyə bilirəm.
- İzlədiyiniz filmlər içərisində baş rol aktyorların
hansının geyim tərzini daha çox bəyənirsiniz?
- Çox klassik
olacaq bəlkə, "Mister və Missis Smit” filmində
Ancelina Colinin hər geyiminə heyran qalıram.
- Təhsil aldığınız ənənəvi türk sənətlərindən ən çox
sevdiyiniz hansıdır?
- Xalça və
toxuma sənətini çox sevirəm. Bu, məni çox cəlb edir. Sanki bu sənət növlərinin hər
biri fərqli dövrü, fərqli hekayələri özündə əks etdirir. İşin içinə girəndə səni
o qədər sehrləyir ki, çıxa bilmirsən.
- Müəllimlər günündə dünyaya gəlibsiniz. Həyat hekayənizə
baxanda isə görünür ki, həyat sizə bir müəllim olub. 26 illik həyatınıza baxanda
ondan nə öyrənibsiniz?
- Açığı,
mən heç bu yöndən düşünməmişdim. Hesab edirəm ki, hələ çox zamanım var. Bəlkə zaman
məni nə vaxtsa öyrənən deyil, öyrədən edəcək. O da bu sənətin hansısa bir qolu olacaq.
- Həyat prinsipiniz nədir?
- Davam
et, heç zaman fikrindən daşınma.
Tərcümə
etdi: Xəyalə Rəis