• cümə, 29 Mart, 19:32
  • Baku Bakı 14°C

“İnsanın işi ona azadlıq, bir də xoşbəxtlik gətirməlidir” – Uğur hekayəsi

03.02.17 11:00 4170
“İnsanın işi ona azadlıq, bir də xoşbəxtlik gətirməlidir” – Uğur hekayəsi

Onun fikrincə, təhsil və təcrübə ən böyük iki elementdir ki, insanlar ona arxalanaraq, irəli gedə bilərlər. Düşünür ki təhsil və təcrübə olmasa, insanlar zahirən möhkəm görünsələr də, daxilən boş olacaqlar. Müsahibimiz Seymur Rəsulovdur. O, Amerikanın EBSCO şirkətində regional menecerdir, şirkət məhsulunun dünyanın 26 ölkəsindəki satışına məsuldur.

- Dünya Bankında, Böyük Britaniyanın Azərbaycandakı səfirliyində, ADA Universitetində çalışmısınız. Sonra necə oldu ki, Qətərdə işləməyə başladınız?
- ADA-da işlədiyim ikinci il Qətər Fondundan iş təklifi gəldi. Hamı elə bilirdi ki, avtobioqrafiyam o qədər yaxşı olub ki, sözügedən qurum özü məni axtarıb tapıb. Halbuki, dəfələrlə Qətər Fondu və xaricdəki digər qurumlara anket göndərmişdim. Yalnız Qətər Fondundan cavab gəldi və məni telefonla müsahibə etdilər. Çox həvəsli, pozitiv idim. Müsahibəni o qədər bəyəndilər ki, üz-üzə görüşə ehtiyac görmədilər. Sadəcə, mənim müsahibə olunduğum elektron resursların və data bazanın idarə edilməsi vakansiyasına 3 illik iş təcrübəsi lazım idi. Həmin sahə üzrə təcrübəm isə sıfır idi. 2 milyon əhalisi olan Qətər üçün elektron resursların və data bazanın qurulmasını nəzərdə tuturdular. Bu, çox böyük layihə idi və sıfırdan başlamaq lazım idi. Onlar elə bir adam axtarırdılar ki, təcrübəsi olsun, hansısa ölkə üzrə bu işi əvvəllər həyata keçirsin. Mən onlara edə biləcəyim, gerçəkləşdirmək istədiyim layihələr haqqında məlumat verdim. Layihələri necə həyata keçirəcəyimi təsvir etdim, detallı danışdım. Onların xoşuna gəldi və mənə şans verdilər. 6 aylıq sınaq müddəti olmaq şərtilə işə götürdülər və 2012-ci ilin oktyabrında artıq Qətərdə, Doha şəhərində idim. Qeyd edim ki, Qətər Fondu Amerikanın ən yaxşı 10 universitetini Qətərə gətirib və filiallarında qətərli tələblərə təhsil verirlər. Eyni diplom, eyni müəllimlr, eyni təhsil, amma əsasən ödənişsiz. Regiondan olan tələbələr isə təqaüd proqramları ilə bu universitetdə təhsil ala bilirlər. 5 min işçisi olan Qətər Fondunun məqsədi o idi ki, bütün ölkə üzrə hər kəs elektron resurslara, tədqiqat məlumatlarına çıxış əldə etsinlər. Mənim vəzifəm isə bunu sıfırdan həyata keçirmək idi. Orada işə başlayanda 100-150 istifadəçisi olan data bazanı 1 il ərzində 7 minə qaldırdım. Cəmiyyətin müxtəlif sosial qrupları ilə işləməklə bu nəticəyə gəlib çıxa bildim.


- Son, ənənəvi sualımız: uğur sirriniz nədədir?
- Bu yaxınlarda bir nəfərdən soruşdum ki, xoşbəxtlik necə bir şeydir. O, mənə cavab verdi ki, xoşbəxtlik subyektivdir, bəlkə də məni xoşbəxt edən şey səni qorxudar. Məlum oldu ki, mənim üçün xoşbəxtlik nəsə uğur əldə etməkdirsə, onun üçün at sürməkdir. Həqiqətən də, bəlkə mən atlara yaxınlaşmaqdan qorxaram. Bu baxımdan mənə elə gəlir ki, uğurun da sirri subyektivdir. Mənim indiyədək əldə etdiklərim bir holdinqin icraçı direktoruna heç nə kimi görünə bilər. Bu, tamamilə təbiidir. Yaxud, bir tələbənin 650 bal yığaraq, əldə etdiyi uğur mənim üçün kiçik görünə bilər, düşünərəm ki, həyata hələ təzə başlayır, bundan sonra onu daha çətin sınaqlar gözləyir. Amma insan ən kiçik uğurunu qeyd edə, sevinə bilirsə, bu özü də bir uğurdur. Buna görə həmişə seminarlarımda deyirəm ki, insan gərək özünü heç vaxt başqaları ilə müqayisə etməsin. Başqaları ilə müqayisə edəndə, insan çox tez həvəsdən düşür. İnsan özünü dünənki özü ilə müqayisə etməlidir. Dünən nə edirdim, bu gün fərqli nə etmişəm, bu gün yeni nə öyrənmişəm və sabah nə edə bilərəm.
Lalə MUSAQIZI


banner

Oxşar Xəbərlər