AZE | RUS | ENG |


“İnsanın işi ona azadlıq, bir də xoşbəxtlik gətirməlidir” – Uğur hekayəsi

“İnsanın işi ona azadlıq, bir də xoşbəxtlik gətirməlidir” – Uğur hekayəsi
Seymur Rəsulov: “Təhsil və təcrübə ən böyük iki elementdir ki...”


Onun fikrincə, təhsil və təcrübə ən böyük iki elementdir ki, insanlar ona arxalanaraq, irəli gedə bilərlər. Düşünür ki təhsil və təcrübə olmasa, insanlar zahirən möhkəm görünsələr də, daxilən boş olacaqlar. Müsahibimiz Seymur Rəsulovdur. O, Amerikanın EBSCO şirkətində regional menecerdir, şirkət məhsulunun dünyanın 26 ölkəsindəki satışına məsuldur.
 
- Dünya Bankında, Böyük Britaniyanın Azərbaycandakı  səfirliyində, ADA Universitetində çalışmısınız. Sonra necə oldu ki, Qətərdə işləməyə başladınız?
- ADA-da işlədiyim ikinci il Qətər Fondundan iş təklifi gəldi. Hamı elə bilirdi ki, avtobioqrafiyam o qədər yaxşı olub ki, sözügedən qurum özü məni axtarıb tapıb. Halbuki, dəfələrlə Qətər Fondu və xaricdəki digər qurumlara anket göndərmişdim. Yalnız Qətər Fondundan cavab gəldi və məni telefonla müsahibə etdilər. Çox həvəsli, pozitiv idim. Müsahibəni o qədər bəyəndilər ki, üz-üzə görüşə ehtiyac görmədilər. Sadəcə, mənim müsahibə olunduğum elektron resursların və data bazanın idarə edilməsi vakansiyasına 3 illik iş təcrübəsi lazım idi. Həmin sahə üzrə təcrübəm isə sıfır idi. 2 milyon əhalisi olan Qətər üçün elektron resursların və data bazanın qurulmasını nəzərdə tuturdular. Bu, çox böyük layihə idi və sıfırdan başlamaq lazım idi. Onlar elə bir adam axtarırdılar ki, təcrübəsi olsun, hansısa ölkə üzrə bu işi  əvvəllər həyata keçirsin. Mən onlara edə biləcəyim, gerçəkləşdirmək istədiyim layihələr haqqında məlumat verdim. Layihələri necə həyata keçirəcəyimi təsvir etdim, detallı danışdım. Onların xoşuna gəldi və mənə şans verdilər. 6 aylıq sınaq müddəti olmaq şərtilə işə götürdülər və 2012-ci ilin oktyabrında artıq Qətərdə, Doha şəhərində idim. Qeyd edim ki, Qətər Fondu Amerikanın ən yaxşı 10 universitetini Qətərə gətirib və filiallarında qətərli tələblərə təhsil verirlər. Eyni diplom, eyni müəllimlr, eyni təhsil, amma əsasən ödənişsiz. Regiondan olan tələbələr isə təqaüd proqramları ilə bu universitetdə təhsil ala bilirlər. 5 min işçisi olan Qətər Fondunun məqsədi o idi ki, bütün ölkə üzrə hər kəs elektron resurslara, tədqiqat məlumatlarına çıxış əldə etsinlər. Mənim vəzifəm isə bunu sıfırdan həyata keçirmək idi. Orada işə başlayanda 100-150 istifadəçisi olan data bazanı 1 il ərzində 7 minə qaldırdım. Cəmiyyətin müxtəlif sosial qrupları ilə işləməklə bu nəticəyə gəlib çıxa bildim.
 
 

- Qətərdə işəyəndən sonra Amerikada təhsil aldınız, yoxsa əvvəl?
- Yaxın Şərq ölkələrində işləmək üçün təhsil çox vacibdir. Hələ Qətərə gəlməmiş, Britaniya səfirliyində işləyəndə Amerikada İllinoys Universitetində kitabxanaçılıq və informasiya elmləri ixtisasına qəbul oldum. Təhsilimi başa vurub, Amerikada təcrübə proqramı keçəndə ADA Universitetindən iş təklifi aldım. O vaxt kitabxanaçılıq və data bazanın idarə edilməsi üzrə mənim bildiyim proqramı Azərbaycanda bilən yox idi. ADA kitabxana qururdu və elə bir adam axtarırdılar ki, onların gətirəcəyi sistemi işlədə bilsin. Təcrübə proqramını başa çatdırıb Azərbaycana  qayıdan kimi işə başladım.
 
- Hazırda Dubay mərkəzi EBSCO şirkətinin 26 ölkə üzrə satış təmsilçisisiniz. Necə oldu EBSCO-da işə başladınız? Özünüzmü müraciət etdiniz, yoxsa onlar dəvət etdilər?
- Qətər Fondunda 2 il işləyəndən sonra sıxılmağa başladım. Bir işdən sıxılmağa başlayanda orada məhsuldar olmadığımı düşünürəm. Buna görə də yenilik axtarmağa çalışıram. Bəzi insanlar yeniliyi saç, geyim stilini, getdiyi yerləri dəyişməkdə, mən isə işimi dəyişməkdə görürəm. Qətər Fondunda sıxıldığımı hiss edəndə başqa vakansiyalara müraciət etməyə başladım və Dubayda "Springer” şirkətində Məkəzi Asiya, Qətər və İran üzrə regional satış meneceri vakansiyasında işləmək təklifi aldım. "Springer” elm, texnologiya və tibb üzrə dünyanın lider şirkətidir. Alman nəşriyyatıdır və Dubayda ofisləri var. Şərtlər çox yaxşı olduğu üçün dərhal təklifi qəbul etdim və Dohadan Dubaya köçdüm. Amma bir il sonra başa düşdüm ki, ərəblərə uyğunlaşa bilmirəm. Komandada üç nəfər ərəb var idi, bütün günü ərəbcə danışırdılar. Anladım ki, bunlar mənə görə öz danışıq tərzlərini dəyişməyəcək, ərəbcə danışmağa davam edəcəklər. Bir il sonra şərtlər yaxşı olmasına, yeni iş tapmamağıma baxmayaraq, işimdən ayrılmağa qərar verdim. Bu həyat təcrübəsindən başa düşdüm ki, pul hər şey demək deyil. Ayda 10 min dollara yaxın əmək haqqı ala bilərsən, amma bu, o demək deyil ki, hər şey yaxşıdır. Maaşı ayda bir gün alırsınız, amma hər gün əzab çəkirsiniz. İşdən çıxandan sonra nə edəcəyim barədə düşündüm. Dedim, bəlkə Azərbaycana qayıdım, burada böyük bir tikinti şirkətindən iş təklifi almışdım. Amma çox keçmədi, Amerikanın EBSCO şirkətindən regional menecer vakansiyasına iş təklifi gəldi, bu dəfə çalışacağım ölkələr daha çox idi. Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya, İsrail, Türkiyə və İran olmaqla 26 ölkə ilə işləməliydim. İş təklifini qəbul etdim. Bu iş mənə böyük xoşbəxtlik gətirdi. Çünki işin spesifik qrafiki, geyim tərzi, ofisi, təzyiqi yoxdur. Mənə elə gəlir ki, insan karyera pilləsində irəlilədikcə, onun sərbəstliyi də artır. Mən son 5 ildə qazandığım iş təcrübəsində belə qənaətə gəldim ki, insanın işi ona azadlıq, bir də xoşbəxtlik gətirməlidir. Pul üçüncü mərhələdədir. Əgər bir insan işdə azaddırsa, istədiyi vaxt ofisə girib çıxa bilirsə, meneceri ilə istədiyi şəkildə dərdini bölüşürsə, bu, xoşbəxtlikdir.
 


- 26 ölkədə satışa baxırsınız. Bir ayın neçə gününü ölkədən kənarda olursunuz?
- İndiyə kimi 26 ölkədən cəmi birinə - Omana getməmişəm. Əksər vaxt ölkədən kənarda oluram. Məsələn, yanvar ayında 24 gün səyahətdə olmuşam. İnsan çox ölkəyə gedəndə təyyarədən və hoteldən bezir. Bir də ailən üçün çox darıxırsan. Bu işimin mənfi tərəfləridir. Amma elə mənfi cəhətlərdir ki, onlardan şikayət edə bilmərəm (gülür – L.M.).
 
- Ay ərzində, dediyiniz kimi, təyyarədə çox olursunuz. Hava limanlarında vaxtınızın səmərəli keçməsi üçün nə edirsiniz?
- Tranzit vaxtlarda bir az stresli olursan, təyyarəyə vaxtında çatmağa çalışırsan. Amma sonradan İnternetdə axtarış nəticəsində öyrəndim ki, elə kredit kartları var ki, onlar sizə biznes loungelərə (biznes zallara) çıxış imkanı verir. Aeroportlarda tranzitlərdə olanda şərt deyil ki, gedib balaca, quru oturacaqlarda  oturasınız. İndi biznes zallar imkan verir ki, hava limanında üzünüzü təraş edəsiniz, köynəyinizi ütüləyəsiniz, pulsuz yeməklərdən istifadə edəsiniz, internetə qoşulasınız. Ən çox Doha, Dubay və Hamad hava limanlarından istifadə edirəm. Bunlar hamısı yaxşı biznes zallarla təchiz olunub. Hava limanlarında vaxtımı səmərəli keçirmək üçün əsas işim məqalələr yazmaqdan ibarətdir. Nəsə oxuyanda oxuduğuma köklənə bilmirəm. Buna görə də daha çox audiokitablara  qulaq asmağı xoşlayıram.
 


- Almaniya və Dubayda TEDx konfransında çıxış etmisiniz...
- Çoxları elə bilir ki, TEDx-ə çıxmaq çox asandır. Amma bilmirlər ki, Almaniyada TEDx-ə qəbul olunana kimi haradasa, 20-dən çox TEDx-ə müraciət etmişdim və bütün ölkələrdən rədd cavabı almışdım. Almaniyadakı TEDx-də çıxış etməyimdə sözügedən ölkədə təhsil alan tələbə Emin Quliyevin rolu oldu. Eminin sayəsində Almaniyadakı TEDx iştirakçıları mənim "Linkedin”dəki profilimə baxmışdılar, məqalələrimi bəyənmişdilər, "Youtub”da bir neçə çıxışımı izləmişdilər. Buna görə də TEDx-də şıxış etməyim üçün müraciət etdilər. Almaniya TEDx-ində belə bir qayda var ki, çıxışçılar müəyyən təlimləri keçəndən sonra səhnəyə buraxılırlar. Mən də həmin təlimlərdən keçdim. TEDx Dubayda isə tələbələr özləri Almaniyadakı çıxışımı görüb, məni oraya dəvət etmişdilər. Bu ilin iyunun 3-də isə TEDx Ekvadorda çıxışım olacaq. Artıq təlimlər başlayıb.
 
- TEDx-in birində sözün sehrindən danışmısınız. İnsanı sözlə necə dəyişmək olar?
- Həyat yoldaşımın xalasının qudası İngiltərədə yaşayır və məni 1-2  dəfə toyda görmüşdü. Bir dəfə yemək ətrafında görüşdük. O xanım məni uzaqdan çağırdı. Heç adını da bilmirdim. Dedi ki, çox yaraşıqlı oğlansan, amma çox kökəlmisən. Burada bir rozental effekt var. Hansı ki, TEDx-də danışıram. Bir müsbət, bir mənfi olur, amma müsbətlə də  yekunlaşdırırsan. Dedi, yaraşıqlı oğlansan, boyun hündürdür, amma diqqəti cəlb edəcək qədər kökəlmisən. Səhər saat 5-də sizə zəng gələndə necə oyanırsınızsa, bu, məndə eyni effekti yaratdı. Bir az yuxumu qaçıran kimi oldu. Bəzən sözlər insana elə təsir edir ki, insanın həyatını, spesifik davranışını dəyişə bilir.     
  
 

- Deyəsən, həyat yoldaşınızın yemək bişirməyinə də sözün sehri ilə nail olmusunuz?
- Ailə qurandan sonra həyat yoldaşım bir neçə dəfə istədiyi yeməyi bişirməyə cəhd göstərdi, amma alınmadı. Həvəsdən düşdü. O, elə bilirdi ki, ailə həyatı qurdusa, gündə 3 dəfə yemək bişirmək qadının borcudur. Amma mən elə fikirləşmirəm. Düşünürəm ki, mətbəxdə özüm nəsə tapıb yeyəcəyəm. Xanımımdan gündə mənə 3 dəfə yemək hazırlamasını gözləmirəm. Mən ona izah etməyə çalışdım ki, yaxşı yemək bişirir, ola bilsin, bu yeməkdə alınmır. Özümdən misallar çəkdim ki, bir neçə dəfə yeməyi necə yandırmışam. Tələbə vaxtı soğandağı  yandırdığıma görə, insanlara qapqara sup hazırladığımı danışdım. Bu da onu müsbət yönə dəyişdirdi. Mənə elə gəlir ki, insanlar öz uğursuzluqlarını başqaları ilə bölüşəndə onlar da rahatlayırlar. Səninlə eyni səviyyədə olduqlarını düşünür və bu da onlara müsbət əhval-ruhiyyə bağışlayır.
 
-  İnsanları təkcə uğursuzluğunuzu paylaşanda dəyişmək olur, yoxsa gözəl sözlərlə də bu, mümkündür?
- Mənə elə gəlir ki, gözəl sözlərin rellıqla əlaqəsi olmalıdır. Məsələn, mən deyə bilərəm ki, siz aya uçacaqsınız, dünyanın ən yaxşı riyaziyyatçısı olacaqsınız. Mənə elə gəlir ki, dediklərinizin reallıqla əlaqəsi olmalıdır və onu nə iləsə əlaqələndirməlisiniz. Siz bir ayaq üstə arxaya nə qədər gedə bilərsiniz? Təbii ki, inandığınız qədər. Çünki çox getsəniz, yıxılacaqsınız. Bir də var, möhkəm divara söykənirsiniz. Bu, çox vacibdir. Buna görə də dediyiniz sözlər reallığa nə qədər yaxın olsa, o qədər yaxşı olar.
 


- İlk növbədə iş adamı, həyat yoldaşısınız, yoxsa ata?
-  2012-ci ildə bu sualı versəydiniz, cavabım tamamilə fərqli olardı, 2014-cü ildə də fərqli olardı. İndi isə deyərdim ki, birinci həyat yoldaşı, ikinci ata, sonra iş adamıyam. Çünki mənim üçün ailəmin yanında olmaq vacibdir. Mən başqa ölkələrdə olanda onlar üçün çox darıxıram. Çünki övladımın böyüməyini görə, həyat yoldaşıma dəstək ola bilmirəm. Təzə vərdiş tapmışam. Düşünürəm ki, insan əlindəkilərə görə yaradana təşəkkür etməlidir. Mən hər gecə yatanda birinci övladım və həyat yoldaşımın, ikinci özümün sağlam olmağıma görə, sonra isə başqalarında olmayıb, məndə olanlara görə yaradana təşəkkür edirəm. Məsələn, Dohada olanda xidmətindən istifadə etdiyim taksi sürücüsü ilə söhbətləşdim. Məlum oldu ki, 10 ildir, Dohadadır. Hindistanda üç qızı var. Ancaq ildə cəmi bircə dəfə bir ay onları görə bilir. Belə bir həyat tərzi mənim üçün  çox çətin olardı. Görəndə ki, insanlar ailəsinə pul göndərmək üçün sutkada 15-16 saat taksi sürürlər, öz həyatıma baxıb yaradana şükür edirəm.
 
- Yoldaşınız, övladınız tez-tez xaricə səfər etdiyinizə görə şikayətlənmirlər?
- Oğlumun 2 yaşı var. Hələ şikayətlənməyi bilmir. Yoldaşım isə məni dəstəkləyir. İmkan olduqca, onları da özümlə aparıram. Məsələn, balacam dəfələrlə Dubayda, Türkiyədə, İsraildə, Beyrutda olub. Düzdür, körpə ilə harasa getmək bir az çətindir. Amma aparırıq, çünki istəyirəm ki, həm həyat yoldaşım mənim getdiyim yerləri görsün, həm də balaca indidən səyahət etməyə öyrəşsin. Çünki insan nə qədər çox səyahət edirsə, o qədər özünə əmin böyüyür.
  


- Seymur bəy, işinizdən əlavə, tez-tez gənclərimizlə görüşür, müxtəlif mövzularda onlara treyninqlər keçir, həm də kouçiunqlə məşğul olursunuz. Qısa olaraq gənclərimizi oxumağa, təhsil almağa, işləməyə necə həvəsləndirərdiniz?
- Qeyd edim ki, kouçinqi mən hobbi kimi həyata keçirirəm, məqsədim pul qazanmaq deyil. Bizim əsas məqsədimiz gəncləri bir araya gətirmək  və həvəsləndirməkdir. Mənə elə gəlir, təhsil və təcrübə ən böyük iki elementdir ki, insanlar ona arxalanaraq irəli gedə bilərlər. Təhsil və təcrübə olmasa, insanlar zahirən möhkəm görünsələr də, daxilən boş olacaq.
 
- Çox gözəl natiqlik qabiliyyətiniz var. Həm azərbaycanca, həm də ingiliscə gözəl danışırsınız. Natiqlik anadangəlmə istedaddır, yoxsa sonradan qazanıla bilər?

- Düşünürəm ki, insanlar buna bir neçə seminardan sonra nail ola bilərlər. Sadəcə, buzu qırmaq və auditoriya qarşısına çıxıb fikrilərinizi ifadə etmək, utancaqlığı aradan qaldırmaq lazımdır ki, mesajlarınız da güclü olsun. Səmimi şəkildə danışa bilsəniz, insanları özünüzə dost görsəniz - istər auditoriya qarşısında, istərsə də səmimi söhbətlərdə - sizin danışığınız təsirli olacaq, nitqiniz də gözəl alınacaq.
 


- Son, ənənəvi sualımız: uğur sirriniz nədədir?
- Bu yaxınlarda bir nəfərdən soruşdum ki, xoşbəxtlik necə bir şeydir. O, mənə cavab verdi ki, xoşbəxtlik subyektivdir, bəlkə də məni  xoşbəxt edən şey səni qorxudar. Məlum oldu ki, mənim üçün xoşbəxtlik nəsə uğur əldə etməkdirsə, onun üçün at sürməkdir. Həqiqətən də, bəlkə mən atlara yaxınlaşmaqdan qorxaram. Bu baxımdan mənə elə gəlir ki, uğurun da sirri subyektivdir. Mənim indiyədək əldə etdiklərim bir holdinqin icraçı direktoruna heç nə kimi görünə bilər. Bu, tamamilə təbiidir. Yaxud, bir tələbənin 650 bal yığaraq, əldə etdiyi uğur mənim üçün kiçik görünə bilər, düşünərəm ki, həyata hələ təzə başlayır, bundan sonra onu daha çətin sınaqlar gözləyir. Amma insan ən kiçik uğurunu qeyd edə, sevinə bilirsə, bu özü də bir uğurdur. Buna görə həmişə seminarlarımda deyirəm ki, insan gərək özünü heç vaxt başqaları ilə müqayisə etməsin. Başqaları ilə müqayisə edəndə, insan çox tez həvəsdən düşür. İnsan özünü dünənki özü ilə müqayisə etməlidir. Dünən nə edirdim, bu gün fərqli nə etmişəm, bu gün yeni nə öyrənmişəm və sabah nə edə bilərəm.
Lalə MUSAQIZI

 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.6942
GBP 1 İngilis funt sterlinqi 2.1858
TRY 1 Türk lirəsi 0.4759
KWD 1 Küveyt dinarı 5.5856
SEK 1 İsveç kronu 0.1942
EUR 1 Avro 1.8627
CHF 1 İsveçrə frankı 1.7155
USD 1 ABŞ dolları 1.7025