Hər keçən gün daha da inkişaf edən texnologiyalar həyatımızın ayrılmaz
hissəsinə çevrilib. Bu gün hamı, xüsusilə də gənclər istədikləri məlumatı əldə
etmək üçün sosial şəbəkələrdən, internetin təqdim etdiyi digər vasitələrdən
istifadə edirlər. Bəziləri bloq yaradaraq insanların daha çox maraqlandığı
mövzulara dair araşdırmalar edir və ən asan üsulu onlara göstərməyə çalışırlar.
Bu istiqamətdə populyarlıq qazananlar qısa zamanda fenomenə çevrilirlər. "Fenomen”
rubrikamızın ilk qonağı radio və televiziya aparıcısı, bloqer Turanə
Hüseynlidir. O deyir ki, bu gün fenomen olmaq o qədər də çətin deyil.
- Sizcə, tamaşaçılar
Tutunu, yoxsa videobloqer Turanəni daha çox sevir?
- Tamaşaçılar ilk olaraq məni MAG verilişinin
aparıcısı Tutu kimi tanıdı. Uzun müddətdir ki, radio aparıcısı da deyiləm. Heç "Oralar”dakı
Turanə də deyiləm. İndi İctimai Televiziyanın səhər aparıcısı Turanəyəm. Səhərimi
tamaşaçılarla birlikdə "Sabahınız xeyir”lə açıram.
- Səhər-səhər bu
qədər müsbət enerjiyə sahib olmağın hər hansı bir yolu varmı?
- Hər şey insanın daxilindən başlayır. Heç zaman beynimin
içərisinə neqativ zərrəciklərin daxil olmasına imkan vermirəm. Sahib olduğum müsbət
hadisələri göz önümə gətirib, içimdəki neqativ enerjini çıxarmağı bacarıram. Ətrafımda
bədbin, neqativ, daim pis düşünən, başqaları haqqında qeybət edən insanlar yoxdur.
Adi rəfiqəmlə görüşəndə işlərimizdən, gələcək planlarımızdan danışırıq. Bu da məni
hər zaman müsbətə kökləyir. Çalışıram ki, dostlarımla oturanda ancaq özümüzdən danışaq.
Belə olanda insanın başı ancaq özünə qarışır. İnsanın beyni özü ilə məşğul olanda,
"mən nə edim ki, xoşbəxt, uğurlu olum?” kimi düşünəndə, orda başqa məsələlərə yer
qalmır. Beynində özünə aid yer olmayan insanların beyni o qədər boş olur ki, ancaq
düşünürlər, "görəsən nə edim?” və başlayırlar başqaları haqqında danışmağa.
- Qeyd etdiniz ki,
hər kəs sizi ilk olaraq Tutu kimi tanıyıb. Bəs Tutunun Turanəyə çevrildiyi proses
çoxmu çətin oldu? - Biz Fariz və Xəyalə ilə
üçlükdə MAG verilişinə başlayanda "MZ
Production”ın rəhbəri Üzlüfət xanım dedi ki, Fariz, Xəyalə və Turanə efir üçün
çox uzun addır. Nə Farizi Fafa edə bilərik, nə də Xəyaləni Xaxa. Sənin adını
qısaltmalayıq. O gündən sonra mən Tutu olaraq efirə çıxdım. Artıq
öz adımı unutmuşdum. Kimsə mənə Turanə deyəndə şübhələnirdim ki, görəsən məndən
inciyibmi? Bir dəfə rəfiqəm dedi ki, Tutu başında keçi olan balaca qız idi, indi
artıq böyümək vaxtıdır.
- Və siz ondan sonra
böyüməyə çalışdınız? - MAG-dan ayrılanda artıq böyümüşdüm. Hoppanaraq "salam
gənclər” deyib studiyaya girə bilmirdim. Tutudan Turanəyə keçmək mənim üçün bir
az çətin oldu. İndi də uzun müddətdir dostluq etdiyim iki ən yaxın rəfiqəm mənə
Tutu deyə müraciət edir.
- Bəs zamanın tələbindənmi
videobloqerliklə məşğul olmağa başladınız?
- İçimdə bir tələbat var idi. O zaman bizdə çox az adam
özünə şəxsi bloq açmışdı. Düzdür, "İntagram” səhifəmdə kifayət qədər izləyicim vardı.
MAG-dan ayrılandan sonra televiziyalardan çoxlu təkliflər almağa başladım. Mənim
arzum əgər bir "talk şou” aparıcısı olmaqdırsa, o yerə gedən yolda hər şeydən keçən
biri deyiləm. Misal üçün, "talk şou” aparıcısı olmaq üçün şou nümayəndələri ilə
dostluq edib, onlarla yaxınlıq etməyə çalışan tip deyiləm. Həmin dönəmlər kənara
çəkildim və şou proqramları, kolbasa-sosiskalı reklamları qəbul etmədim. Müxtəlif
reklam agentlikləri ilə çalışıb, marketinq, PR işini öyrəndim. Daha sonra Araz FM-də
radio aparıcı olaraq ilk debütümü etdim və Avto FM-də çalışdım. Radioda işlədiyim
dövrdə başa düşdüm ki, mən daha çox video ilə bağlı bir layihə istəyirəm. Əgər bunu
televiziyada edə bilmirəmsə, "Youtube” mənə bu şansı verir. Həmin ərəfələrdə Gənclər
Fondu müsabiqə elan etmişdi. Müsabiqəyə "Əlfəcin” adlı bir layihə verdim. Əlfəcin
kitabın vərəqləri arasına qoyulan, xatırlatma üçün olan bir kağız parçasıdır. Hətta
bu gün mənə Əlfəcin Turanə də deyirlər. Bu layihəyə şəxsiyyətinə, fikirlərinə hörmət
etdiyim müxtəlif sahələrdə çalışan məşhur simalardan DJ Fateh, Bəhram
Bağırzadə, Azər Qərib, Sevda Ələkbərzadə və Elxan Qaraqanı dəvət etdim, onlarla
kitabarası söhbətlər etdim. Youtube-da etdiyim bu layihə çox uğurlu oldu. Qrand
layihəsi olduğu üçün böyük maliyyə tələb edirdi və bunun davamını gətirə bilmədik.
22 yaşımda özüm komanda toplayıb, həyata keçirdiyim layihə idi. Düşünürəm ki, indi
oturub o keyfiyyətdə layihə edə bilmərəm.
- Video
hazırlayanda bloqunuz üçün mövzuları necə seçirsiniz? - İnternet resurslarından yararlanıram. Nəyisə araşdırmağı
çox sevirəm. Bloqun adını ona görə "Turanə hazırlayır” qoymuşdum ki, hər şeyi
ilk dəfə hazırlayırdım. Misal üçün, həyatımda ilk dəfə toyuq ləvəngisi
hazırlamışdım. Mən onu anamda görmüşdüm, ancaq hazırlamamışdım. Hər kəs o
ləvəngini çox bəyənmişdi. İlk dəfə təcrübəmi kamera qarşısında sınamışdım. İnanıram
deyə bu məndə uğurlu alınır. Alınmasa, insanları inandırıram ki, bu, həqiqətən
yaxşı şeydir və insanlar o zaman inanırlar.
- Bloqunuza gələn
şərhləri oxuyursunuz? - Əlbəttə ki, oxuyuram. Əvvəl MAG-da çalışanda, sosial
şəbəkədə şəkillərimizi paylaşanda altından haqqımda "nə eybəcər qızdır”
yazılmışdı. Mən onu oxuyanda oturub ağlayırdım (gülürük). Böyüdükcə başa düşdüm
ki, insan nə qədər bekar olmalıdır ki, başqa birisi haqqında pis rəy yazmağa
zamanı olsun. İndi həmin insanlara ancaq xoşbəxtlik arzulayıram ki, kaş o qədər
məşğul olsunlar ki, belə şeylərə vaxt sərf etməsinlər. Hətta sizə deyim ki, iş agentlikləri
ilə axtarışlar etməyə başladım ki, onları yönləndirim, gedib işləsinlər. Çox
şükür ki, izləyicilərim mənə ağır sözlər, mədəniyyətsiz şərhlər yazmırlar.
Bəylər belə mənə çox ehtiyatla şərh yazırlar. Hətta kompliment yazanda da bunu
ehtiyatla edirlər. Düşünürəm ki, mən izləyicilərlə aramda o sərhədi qoya bilmişəm. Elə xanım deyiləm ki,
kimsə mənimlə rahatlıqla zarafat eləsin. Şükür ki, məni olduğum kimi tanıya
biliblər.
- Sizin
fəaliyyətinizə nəzər yetirəndə görürük ki, hər işlə bir az məşğul olmusunuz.
Məsələn, musiqi, rəqs, videobloqerlik, radio aparıcılığı və sair.
- Çünki çılğınam, enerjiliyəm. Həyatda hər şeyin dadına
baxmağı xoşlayıram. O dönəmlərdə həyatda nə istədiyimi bilmirdim və hər şeyin dadına
baxmaq istəyirdim. Mətbəx bloqu yaratmaq istəyirdim, yaratdım. "Əlfəcin” layihəsini həyata keçirmək istəyirdim, etdim. Bunların hamısının
həyatıma qatqıları oldu. Uşaqlıqda rəssamlıq, heykəltəraşlıq, pianino, skripka,
rəqs və xorla məşğul olmuşam. Və mən aparıcı olduqda, indiyə qədər öyrəndiyim
bu sənət növlərinin hər biri mənə lazım oldu. Misal üçün, aparıcısı olduğum verilişə
rəssam qonaq gələndə onunla sərbəst şəkildə danışır, musiqiçi ilə dialoqa girə bilirəm.
Hər şeyin ən yaxşı bilicisi deyiləm, ancaq hər şeydən məlumatlı olmağı sevirəm.
- Uğursuzluq sizi heçmi
izləməyib? - Mənim həyatımda səbəbsiz yerə uğursuzluq olmayıb.
Yadımdadır ki, 2017-ci ildə rəfiqəmlə Starbox-a bir iş üçün müraciət etməyə
getmişdim. Son qəpiyimlə evdən çıxmışdım ki, bəlkə bu iş alınar. Oradan imtina
cavabı alanda, oturub hönkür-hönkür ağlamışdım. Hansı ki, mən insanların içərisində
heç vaxt ağlamaram və bu baxımdan kompleksim var. Deyirdim ki, "bu qədər də uğursuzluq
olmaz”. Onda başımı qaldırıb dedim ki, "Allahım, bu qədər uğursuzluğun bir mükafatı
olmalıdır”. Bir ay keçməmiş, "Oralar” layihəsinə təklif aldım və dünya səyahətinə
çıxdım. Ondan sonra həyatımda hər hansı bir uğursuz gün yaşayanda, səbirlə keçirirəm,
özümü motivasiya edirəm, deyirəm bu da keçəcək, səni çox gözəl bir həyat gözləyir.
- İstərdim içinizdəki
rəngli dünyaya səyahət edək və bizi daim şən, pozitiv olan Turanə ilə daha
yaxından tanış edəsiniz. - Özümü olduğum kimi sevirəm. 9-cu sinfə qədər çox ciddi
bir şagird olmuşam. Hər zaman ön partada oturan, iki hörüyü olan, 5 qiymət alan,
ciddi bir qız olmuşam və 9-cu sinfə qədər heç zaman gülməyi bacarmamışam. 9-cu sinifdən sonra
xarakterim ciddi şəkildə dəyişdi.
- Sizi güldürən səbəb
nə oldu? - Bilmirəm. Böyüdükcə özümdən sıxıldım. Daha sonra kimya-biologiya
təmayüllü liseyə keçdim. Başa düşdüm ki, əslində mən şən bir insan imişəm. Məktəb
illərində valideynlərim mənə "sən böyük qızsan” deyirdilər. Düşünürdüm ki, böyük
qız hər zaman ağır olmalı, danışıb-gülməməlidir. İndi isə içimdəki bütün Turanələri
sevirəm. Ən çox daxilimdə iki Turanə var ki, onları daha çox sevirəm. Onlardan biri
Turanə xaladır, o hər an mənə deyir ki, "bunu etmə, uşaq deyilsən”. Bir də 18 yaşlı
Turanə. O, keçi hörüklü, şən, pozitiv, istədiyini deyən, istədiyi kimi əylənən,
küçədə rəqs edən və hər an yerindən və zamanından asılı olmayaraq mahnı oxuyan
biridir.
- Bəs onlardan
hansını daha çox sevirsiniz?
- Balaca Turanəni. Çünki o çox şirindir. Gün keçdikcə
özümü daha çox sevməyə başlayıram. Öz düşüncələrimi, saçımı, bədən üzvlərimi.
Çünki insan özünü sevdikdən sonra istədiyi kimi yaşamağa başlayır. Bunun üçün
də ilk növbədə insanın içi rəngli olmalıdır. Məsələn, mən bu gün yenə də rəssamlıqla
və rəqslə məşğulam. İçimdəki o rəngli dünyamı özüm istədiyim kimi doldura bilirəm.
Özümü heç zaman tək hiss etmirəm. Əgər bu gün özüm tək çıxıb kinoya gedirəmsə, bu
mənim üçün özümlə keçirdiyim zamandır və öz dünyamda xoşbəxtəm. Bu dünya ona görə
rəngli qalıb ki, heç zaman özümü məcbur etməmişəm ki, işlə, pul qazan. İnsanın həyatındakı
o məcburi işlər onun ruhunu ağırlaşdırır, rənglərini soldurur.
- Bəlkə də fərqiniz
bundadır? - Məncə, hamı fərqlidir. Bizim barmaq izlərimiz nə qədər
fərqlidirsə, insanlar da o qədər fərqlidir. Mən öz iç səsimi dinləyirəm. Məhz
bunun üçün həyatda daha cəsarətliyəm.
- Özünüzü fenomen hesab
edirsinizmi? - Əsla. Deyim ki, bu gün fenomen olmaq o qədər də çətin
deyil. Kimin "İnstagram” səhifəsinə baxırsan, hər kəs ulduzdur. Sosial şəbəkədə
məşhur olmaq o qədər də çətin deyil. Əgər gözəl, yaraşıqlısansa və brend geyinirsənsə,
maraqlı söhbətlər edirsənsə, sən artıq məşhursan. Bu gün Azərbaycanda bloqerliyin
haqqını verən xanım bloqerlər kifayət qədərdir. Bu insanlar kifayət qədər araşdırmalar
edirlər. Blogerlik işi həqiqətən də çətindir. Onları işlərində dəstəkləyirəm. Mənim
onlardan fərqim ondadır ki, televiziyada çalışan və kifayət qədər sosial mediada
tanınan gəncəm. Məsələn, Taleh Yüzbəyov fenomendir, ancaq mən yox.
- Son olaraq müsahibə
almaq, yoxsa vermək çətindir? - Müsahibə vermək daha rahatdır, çünki heç kim mənim
sözümü kəsmir (gülürük).