• cümə, 29 Mart, 09:52
  • Baku Bakı 5°C

"İnsanın ən böyük rəqibi özüdür" - Fotolar

01.02.17 09:30 2393
"İnsanın ən böyük rəqibi özüdür" - Fotolar
Tanınmış bəstəkar və söz yazarı Günel Sərdarqızı uzun müddətdir ki, Türkiyə şou-biznesi ilə çalışır. Onun yazdığı mahnılar tez bir zamanda hitə çevrilir. "Çapkın kelebek”, "Yok öyle dünya”, "Təcrübə” adlı mahnıları isə dillər əzbərinə çevrilib. Günel Sərdarqızı təşkilatçı və prodüser kimi də fəaliyyətini genişləndirib.

O, bəstə və söz daxil olmaqla mahnının aranjemanı, yüksək səviyyəli klip çəkilişləri, konsert və televiziya layihələrinin həyata keçirilməsini təşkil edən prodakşnın rəhbərlərindən biridir. MG adlanan prodakşnda G.Sərdarqızının tərəfdaşı türkiyəli rejissor və bəstəkarın meneceri Mustafa Sarıkayadır. Bu prodakşn bir neçə ildir ki, Azərbaycan şou nümayəndələri ilə də əməkdaşlıq edir. Günel artıq konsert və layihələrini öz prodakşnının adı altında həyata keçirmək istədiyi üçün belə bir addım atdığını da mətbuata bildirmişdi. İndiyədək layihələrini həmişə fərqli şirkət və kompaniyaların adı altında həyata keçirib. Belə olan halda, işinin şaxələndiyini və başqasının adına çıxdığını bildirmişdi.

İndiyədək M.Sarıkaya ilə reallaşdırdığı layihələr sırasına türkiyəli müğənnilər Özcan Deniz və Mahsun Kırmızıgülün Yaşıl Teatrda, Fərhad Göçerin Heydər Əliyev Sarayında, eləcə də Bengü, Hadisənin Bakıda təşkil edilən son konsertləri, bir çox reklam rolikləri, o cümlədən sevilən müğənni Elnarə Xəlilovanın "Gentleman”, "Ha ha”, son günlərin ən çox dinlənilən və izlənilən "Dayan” mahnısına çəkilən kliplər, İradə İbrahimovanın "Bu aralar” mahnısının ekran versiyası və s. işlər daxildir.

Qeyd edək ki, M.Sarıkaya Türkiyədə Tarkan, Kenan Doğulu, Sertap Erener, Demet Akalın, Sıla, Murat Boz, Hadisə kimi məşhur müğənnilərlə çalışır. O, həmçinin Sting, Ricky Martin, Spice girls, Black ice peace, Farel Uillams, PSY, Lady Gaganın Türkiyədəki konsertlərinin rejissoru olub.
Bu günlərdə Türkiyənin tanınmış mətbuat orqanı olan "Vatan” qəzetinə müsahibə verən azərbaycanlı bəstəkar şou aləmindəki yerindən danışıb. Türk şou-biznes nümayəndələri ilə iş birliyinə başlayan bəstəkarın müsahibəsi Türkiyə mətbuatında maraqla qarşılanıb.
Müsahibəsində indiyə qədər şou nümayəndələrinin əksəriyyətini məhz onun səhnəyə gətirdiyini deyən Günel Sərdarqızı özünə mahnı hazırladığını da qeyd edib. Aranjemançı İsgəndər Paydaşla önəmli bir layihəyə imza atdıqlarını bildirib.
İlk olaraq özü haqqında məlumat verən Günel deyib ki, isti yay günlərində, avqustda dünyaya gəlib və məhz buna görə də isti ölkələri sevir: "Kökümüz azəridir. Anam ədəbiyyat müəllimidir, atam isə hüquqşünas. Ailəmizdə heç kim peşəkar musiqi ilə məşğul olmayıb. Mən də ilk olaraq musiqiyə hobbi olaraq baxmışam. Belə ki, 7 yaşımdan piano təhsili almağa başlamışam. Musiqiyə bağlı olmağıma baxmayaraq, hər zaman məni solfecio dərslərinə güclə göndərirdilər. Mənə bu dərs çox darıxdırıcı gəlirdi. Ona qədər həyatımı sərbəst yaşamışdım. Məktəb həyatından sonra da hər şey mənə maraqlı gəlməli idi. Bu xüsusiyyətim heç zaman dəyişmədi. Böyüdüm, məktəbi bitirdim. İxtisas seçiminə gələndə, musiqi seçmə şansım haradasa yox idi. Ailəmdə heç kim musiqi ilə məşğul olmurdu. Anamın, qardaşımın, dayımın pianoda ifa etməklərinə baxmayaraq, onlar bu işə hobbi kimi baxırdılar. Bizim ailədə yaxşı şərtlərlə yetişdirilmiş hər bir insan ən azından bir musiqi alətində çala bilməlidir fəlsəfəsi var. Məktəbi bitirdikdən sonra "rus dili və ədəbiyyatı” ixtisasına yiyələnsəm də, özümü orda artıq hiss edirdim. Ondan sonra Xarici Dillər Universitetində ingilis dili tərcüməçiliyində ixtisasımı davam etdirdim və magistr təhsili aldım. Bu illər ərzində içimdəki musiqi sevdası susmadı. Təhsil aldığım məktəbin marşını yazmağa başladım və yazdım da. Bu da çox böyük ajiotaja səbəb oldu. Təhsil aldığım məktəbin və universitetin məşhur şagirdi olmuşdum. Bu da mənə ikiqat məşhurluq gətirdi. Özümü ulduz kimi hiss edirdim. Özümə inamım artmağa başlamışdı və həyatdan nə istədiyimi bilirdim. Yazmağa davam etdim. Həmin ərəfələrdə söz yazarlığım o dərəcədə inkişaf etmədiyi üçün anamdan kömək istədim. Bir müddət mahnılarımın sözlərini anamın gözəl şeir kitablarından alırdım. Ancaq şeirlərlə yazdığım mahnıların uyğunlaşmayan nüansları olurdu. Anam ədəbiyyatçı olduğu üçün şeir yazarkən ədəbi sözlərdən istifadə edirdi. Ancaq mən pop musiqilər yazırdım. Onun üçün daha gənc janra xitab etməm lazım idi. Yavaş-yavaş sənətçilərlə işləməyə başladım. 2002-2005-ci illərdə anamdan başqa heç kimdən güc ala bilmədim, var gücümlə yoluma davam etdim. O dövrlər yaşım az olduğu üçün "böyüklər məni o qədər də ciddiyə almırdı”. Bir müddət "o əsmər, zəif qız” deyə haqqımda danışdılar. İllər keçdikdən sonra həmin "böyük bacı və qardaşlar” məni Azərbaycanın ən tanınmış aranjemançısı və təşkilatçısı Yaşar Baxışın yanında görəndə, yaxınlaşıb dedilər ki, bəlkə bizə uyğun mahnınız ola? Düşündülər ki, əgər Yaşar bəy Günellə çalışırsa, demək ki, burda nəsə var. İllər keçdikdən sonra həmin əsmər, zəif qız Günel Sərdarqızıya çevrildi. Tez-tez müraciət edilən, axtarılan oldu”.
Müsahibəsində "Bir çox şou nümayəndələrini səhnəyə gətirmisinizsə, bəs indi nə üçün özünüzə albom hazırlamırsınız” sualına cavabında isə bəstəkar deyib ki, yaxın zamanlarda yeni bir mahnı ilə tamaşaçılarını sevindirəcək: "Əslində bununla bağlı mənə çox suallar verilib. Özümə də bir mahnı hazırlayıram, bunu da ilk kəs sizə deyirəm. Aranjemançım İsgəndər Paydaşla işə davam edirik. Bu istiqamətdə onun fikirləri mənim üçün çox önəmlidir. Mahnıların bəzilərini onunla dinlədik, o mənə "et” dedikdən sonra rahat nəfəs aldım. Bunun gözəl bir iş olacağına cani-könüldən inanıram. İndiyə qədər öz sənətçilərimizə etdiklərimdən də üstün bir layihə olmalıdır. Mən müsbət enerjimə güvənərək bu günlərəcən gəlib çıxmışam. Hazırda bu yolda addımladığım dostumdan da bu enerjini alıram”.

Ailələrinin seçdiyi sənətə münasibətinin heç də müsbət olmadığını dilə gətirən bəstəkar, qarşıya qoyduğu məqsədinə çatdığını deyib: "Bu sənəti seçdiyimi biləndə, ailəmin mənimlə münasibəti heç də yaxşı olmadı. "Sənin buna ehtiyacın yoxdur, gül kimi sənətin var, musiqi sənəti sənin üçün deyil” söyləyirdilər. Amma mən soyadımı deyil, ləqəb olaraq atamın adını götürdüm və yaradıcılığıma davam etdim. Hər zaman inandığım və sevdiyim işlərlə məşğul olmaq istədim. Peşman da deyiləm. Hazırda valideynlərim məni dəstəkləyirlər. Çox şükür ki, qorxularını onlara yaşatmadım. Hər zaman qarşıma yaxşı insanlar çıxdı”.

Günel sənət əhlinin cəmiyyətdə daha çox diqqət çəkdiyini, eyni zamanda onların həyatlarının ajiotaj yaratdığını bildirib: "Sənətçilər cəmiyyətin izlədiyi, maraqla gözlədikləri insanlardır. Bu gün hər bir insan ailə qurub ayrıla bilər. Ancaq bunu bir sənətçi edərsə, böyük bir ajiotaja səbəb olar. Yəni insanların təbii ehtiyacı olan eşqi yaşadığı zaman onu örnək alan bir cəmiyət var”.
Mahnı yazarkən telefonunun onun üçün əvəzolunmaz funksiya daşıdığını deyən bəstəkar, uğurunun sirrini də açıqlayıb: "Normalda mahnı yazarkən telefonumda səsləri qeyd edirəm. İnsanlarla hər şeyimi paylaşıram, ancaq tək səs qeydlərimdən başqa. Onu da məndən başqa heç kim anlamaz deyə gizlədirəm. Heç kəsin anlamadığı o pişik mırıltılarından ortalığa böyük işlər çıxır. Yəni bəlli bir yer, məkan, zaman yoxdur, mahnı bəstələməyim üçün. Mənim üçün işin keyfiyyəti hər şeydən önəmlidir. Bəzən olur ki, bir mahnı dinləyirəm, müxtəlif klipləri izləyirəm, ancaq müəlliflərinə o qədər də əhəmiyyət vermirəm. Sonra biri gəlib deyir ki, filankəsin mahnısını dinlədinmi? O zaman xəbərsiz olduğumu deyirəm və amma görürəm, sən demə, dinləmişəm onu”.
Bəstəkar "İkinci dəfə dünyaya gəlsəydiniz, yenə bu sənəti seçərdinizmi” sualına da cavab verməli olub. Günel Sərdarqızı bildirib ki, ikinci dəfə dünyaya gəlsəydi, yenə bu sənəti seçərdi. Ancaq: "Solfecio dərslərini qaçırmamaq şərti ilə. Əgər sənətçi olmasaydım, böyük ehtimal ki, stilist, moda ustası olardım. O da incəsənətin bir qoludur. Daxilimdə incəsənətə böyük maraq var. Göz və qulaq zövqü mənim üçün çox önəmlidir. Misal üçün, dadlı yeməkləri bir-birindən ayıra bilmirəm. Yeməkdən heç nə anlamıram”.

Türkiyədə sənətçi olmağın çətinliyindən də danışan bəstəkar, hədəflərini bəlli edib: "Türkiyədə hər bir sənət çətindir. Sənətçi olaraq böyük ölkədə, böyük şou arenasında tanınmaq çox çətindir. O qədər çoxluq içərisində tanınmaq heç də asan deyil. Bunun üçün geniş çevrən olmalıdır ki, işlərini tanıda biləsən. Bu da sənətçidən maddiyyat tələb edir. Sabahın təməlini bu gün qoyuruq. Ona görə də bu günü yaxşı dəyərləndirməli və yaxşı toxumlar əkməliyik. Əgər bu gün gözəl bir iş etdimsə, sabah da bunun davamı gəlməlidir. İnsanın ən böyük rəqibi özüdür. Əgər özünə qalib gələ bilsən, hər şeyə sahib olarsan. Bu gün səhrada ölüm-qalım savaşı verən bir insan bir damla suya ehtiyac duyur. Biz isə su kranını açıq buraxırıq. Deməyim odur ki, sahib olduğunuz hər şey üçün, hətta aldığınız nəfəs üçün şükür etməyi bilməlisiniz”.

Bəstəkarımız bir qadın musiqiçi kimi ən böyük şəxsi təcrübəsini də məhz türk tamaşaçıları ilə bölüşüb: "Mənim üçün işin ən önəmlisi nə qədər müsbət enerjili olmağımdır. Getdiyim yerlərdə danışdığım insanlarla onu qorumağa çalışıram. Əgər bu gün özümü kifayət qədər enerjili hiss etmirəmsə, öz guşəmə çəkilib insanlara bu mənfi enerjini ötürmürəm. Həmin gün mesajlara, telefon zənglərinə cavab vermirəm, heç kimlə görüşmürəm”.
Xəyalə Rəis





banner

Oxşar Xəbərlər