AZE | RUS | ENG |


İnsan zəlidən elə yapışıb ki...

İnsan zəlidən elə yapışıb ki...
Azərbaycandan xaricə kütləvi şəkildə zəli satılması, təbiətdə onun kökünün kəsilməsi təhlükəsini aktuallaşdırıb

Tibbdə ən məşhur müalicə üsullarından biri də hirudoterapiya - zəli ilə müalicədir. Hippokratın dövründən tətbiq edilən bu üsul müasir tibb elminin də vaz keçilməyən müalicə metodlarındandır. Lakin zəli canlı olduğu üçün onun çox istifadəsi təbiətdə tükənməsinə gətirib çıxara bilər. Xeyli vaxtdır ki, bununla bağlı müxtəlif fikirlər səsləndirilirdi.

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov iki gün öncə trend-ə açıqlamasında bildirib ki, Zoologiya İnstitutu vəhşi təbiətdən zəli ovlamaq istəyən iş adamlarının müraciətinə bundan sonra müsbət cavab verməyəcək. Zəlinin CİTEZ-in siyahısına salındığını deyən E.Yusifov bildirib ki, hazırda respublikada satılan zəlilərin hamısı təbiətdən toplanılır. İş adamları zəlilələri daha çox Rusiyaya, Türkiyəyə, Avropa ölkələrinə satırlar.

"5 ildən sonra tibbi müalicə üçün zəli tapılmayacaq”

İnstitut direktoru əlavə edib ki, zəliləri süni surətdə çoxaldaraq, istənilən qədər satmaq olar. Amma onun vəhşi təbiətdən ovlanaraq satılması düzgün deyil: "Mən həftədə 2 dəfə məktub alıram ki, hansısa iş adamı 20-30 min zəli toplamaq istəyir. Sahibkarlar onları süni şəraitdə çoxaltmağa tənbəllik edirlər, ona görə də gedib göllərdən yığır və xaricə aparıb satırlar”.

E.Yusifov bildirib ki, əgər zəlilərin vəhşi təbiətdən ovlanması davam edərsə, Azərbaycanda 5 ildən sonra tibbi müalicə üçün zəli tapılmayacaq: "İnsanlar əvvəllər "Zoo” kombinatda süni surətdə artırılan zəlidən istifadə edirdilər. Amma sonradan həmin struktur dağıdıldı. Hazırda respublikada satılan zəlilərin hamısı təbiətdən yığılır. Bu isə təhlükəlidir. Çünki zəli bilirsiniz ki, qan soran canlıdır. O, hansısa canlının qanını soraraq ondan infeksiyanı götürə bilər və bu da sonradan insana keçə bilər”.

"Ərazidən elə miqdarda zəli götürülməlidir ki...”

Sadalanan problemlə bağlı bu yaxınlarda ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla da görüşdüyünü deyən E.Yusifov nazirin bu problemə çox həssas yanaşdığını söyləyib: "Artıq ETSN də bunun qarşısını alacaq. Qaydaya görə, zəlini xaricə apardıqda, gömrük orqanlarında iş adamlarından ilk növbədə ETSN-nin sənədlərini tələb edirlər. ETSN də zəlilərin mövcud sayı, kvotası ilə bağlı rəyin verilməsi üçün bizə müraciət edir. Biz isə yerdə vəziyyəti dəyərləndirib ona mütəxəssis rəyi veririk ki, həmin ərazidən nə qədər zəli götürmək olar. Ərazidən elə miqdarda zəli götürülməlidir ki, təbii sistem özünü bərpa etsin və sonradan onun kökünün kəsilməsi riski yaranmasın. ETSN bizim rəyimiz əsasında öz qərarını açıqlayır. Biz də İnstitutun Elmi Şurasında bu məsələni qaldırdıq ki, zəlilərin təbiətdən ovlanmasına müsbət rəy, başqa sözlə, icazə verməyəcəyik. Çünki zəlilərin sayı artıq kritik həddə çatır. Şuranın bu iclasından sonra nazirin qəbulunda oldum və o da bunu dəstəklədi”.

E.Yusifov qeyd edib ki, əgər institut rəy verməsə, zəlilərin vəhşi təbiətdən toplanması prosesi istər-istəməz dayandırılacaq: "Əlbəttə, qanuni yolla dayandırılacaq, amma qeyri-qanuni yolla dövriyənin necə olacağını biz artıq bilmirik. Əsas odur ki, talançılığın müəyyən bir hissəsinin qarşısını alacağıq, zəlini təbiətdən götürüb aparıb satmaq elə də asan olmayacaq. Bu, həm də ona görə yaxşıdır ki, sahibkarları zəliləri süni şəkildə artırmağa sövq edəcəyik”.

E.Yusifov artıq Zoologiya İnstitutunda laborator şəraitdə, Mingəçevirdəki təcrübə dayaq məntəqəsində isə açıq şəraitdə zəlilərin çoxaldılması üçün işlərə başladıqlarını söyləyib. Onun sözlərinə görə, hazırkı dövrdə zəlilərin çoxaldılması o qədər də asan deyil: "Çünki bu, artıq unudulmuş təcrübədir. Ancaq bu, inkişaf etsə, ölkəmiz üçün də gəlir əldə edilmə yerləri artar, çünki xarici ölkələr bizim zəliləri çox həvəslə alırlar”.

"Zəli zəhərli olmur, amma zərərliləri ola bilər”

Hirudoterapiya ilə məşğul olan Aynur Əhmədova deyir ki, o, müalicə üçün istifadə etdiyi zəlini xüsusi tibbi bazalardan alır. Çünki orada tam təhlükəsiz, tibbi prosedurlar üçün yararlı zəlilər olur. Onun sözlərinə görə, apteklərdə bəzən çox keyfiyyətsiz zəlilər satılır: "Bəzən əhali bilmir deyə, aptekdən alır. Bu zaman isə keyfiyyətli olmayanları da qarşılarına çıxır. Tibbi zəlilərin alt hissəsi yaşıl xətli olur. Qara, qəhvəyi xətli olan zəlilər də var. Onlar tibbi zəlilər deyil, müalicə üçün yararsızdırlar. Ona görə də hər yerdən zəli almaq olmaz. Mən tibbi bazalardan götürürəm”.

A.Əhmədova bildirdi ki, zəli zəhərli olmur, amma zərərliləri ola bilər. Bu da onların yaşadıqları yerdən asılıdır: "Zəlinin özündən buraxdığı maddənin tərkibində 80-90 ferment var. Onların bir çox təsirləri var. Zəhərli yox, zərərli olanları ola bilər. Niyə zərərli ola bilər? Çünki o zəlilərin çoxu bataqlıqda yaşayır, durğun göllərdə olurlar. Çirkli sulardan zəlinin daxilinə zərərli ola biləcək maddələr də daxil ola bilər. Göldən birbaşa tutub istifadə etdikdə, onun xeyirli maddələri ilə yanaşı, ziyanlı olanları da qana ötürülmüş olur. Ona görə zəlilər təbiətdən toplandıqdan sonra xüsusi bazalarda saxlanmalıdır, suları dəyişdirilməlidir. Onlar tam təmizləndikdən sonra tibbi cəhətdən yararlı ola bilər”.

"İşlənmiş zəlinin apteklərə satılması halları da olur”

Mütəxəssis deyir ki, zəlini evdə kor-koranə istifadə etmək düzgün deyil. Çünki əks təsirləri olur: "Zəlinin düzgün istifadəsi mütəxəssis işidir. Həkim tam zərərsiz zəlini hardan almalı olduğunu bilir. Ona görə həkim pasientə zəlini hardan almalı olacağını deyir, yaxud özü alıb gətirir. Elə pasient var ki zəlidən qorxur, iyrənir, amma müalicəni etdimək istəyir. Biz də ona kömək edirik. Bir neçə dəfə olub ki, zəli müalicəsi etdiyimiz insanlar sonradan gedib özləri zəli alıb evdə istifadə ediblər. Hətta uşaqlarına belə istifadə edənlər olub. Sonra gəlib deyirlər ki, üzü şişib, qızartı yaranıb, infeksiyalaşıb. Amma tam əmin olunmayan yerdən zəli almaq düzgün deyil. Çünki işlənmiş zəlinin apteklərə satılması halları da olur. Bunu tam əminliklə deyirəm. Ona görə əmin olduğumuz yerdən almaq lazımdır. Yanlış müalicə qızartı, temperatur, şişkinlik, göyərmələr, yaranın gec sağalması kimi fəsadlara gətirib çıxarır. Bir xoşbəxtliyi var ki, zəlinin tərkibi zəhərli fermentləri də öldürür. Ona görə çox pis nəticələrə, ölümcül hala səbəb olmur. Bir-iki həftəyə yaralar özü sağalmağa başlayır”.

A.Əhmədova onu da bildirdi ki, zəli tapmaqda hər hansı problem yoxdur. Zəlilərin nəslinin kəsilməsi ilə bağlı hələ ki ona informasiya daxil olmayıb.

"Nəslinin kəsilmə ehtimalı çoxdur”

Zəli satışı ilə məşğul olan Elnur Əliyev deyir ki, zəlinin toplanıb, satışa çıxarılması xüsusi bir prosedurdan keçir: "Mən özüm cənub bölgəsindənəm. Əsas cənub bölgəsindən əldə edilsə də, ümümilikdə bütün bölgələrimizdən zəli toplanılır. Bu işlə xüsusi məşğul olanlar var. Onlar zəliləri toplayıb, bu sahədə ixtisaslaşan kəndlərə verirlər. Həmin kəndlərdə isə xüsusi göllər olur. Toplanan zəlilər o göllərdə bir müddət saxlanılır, sonra istifadə edilir. Göldə zəlilər artır. Göldən çıxarılanda isə dərmanlanır. Bunu isə hər adam bilmir. Bu işlə məşğul olanlar zəlilərin hansı halda zərərsiz olduğunu bilirlər. Zəlini bankaya tökəndə hərəkət edirsə, normaldır, əgər xəstədirsə, hərəkətsiz olacaq, yapışıb bir yerdə qalacaq. Bu kimi məsələləri hər kəs bilmir”.

E.Əliyevin sözlərinə görə, zəlinin klinikalarla yanaşı, fərdi alıcıları da olur. Amma mütəxxəssis müalicəsini məsləhət görür: "Zəlinin ziyanı yoxdur. Lakin daha xeyirli olması üçün xüsusi nöqtələr var. Bunu bilən mütəxəssis olmalıdır”. 

Müsahibim zəlinin nəslinin kəsilmə ehtimalının böyük olduğunu bildirdi: "Azərbaycanda olan yaşıl zəli keyfiyyətli olduğu üçün tələb çox olur. Tələb olduğu üçün bizdə həddindən artıq çox toplanır. Ona görə nəslinin kəsilməsi ehtimalı çoxdur. Əvvəllər zəlilərin lap böyük olanlarını yığırdılar, amma indi balacalarını da yığırlar, böyüməyə qoymurlar”.

Aygün Asimqızı


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6539
GBP 1 İngilis funt sterlinqi 2.2653
TRY 1 Türk lirəsi 0.4424
KWD 1 Küveyt dinarı 5.6250
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 1.9983
CHF 1 İsveçrə frankı 1.7166
USD 1 ABŞ dolları 1.7001