• cümə, 29 Mart, 14:53
  • Baku Bakı 14°C

“İnsan nəyisə çox istəyəndə ona nail olur” – Uğur hekayəsi

16.02.15 05:15 6626
“İnsan nəyisə çox istəyəndə ona nail olur” – Uğur hekayəsi
Deyir ki, uğur qazanmağın birinci şərti insanın nə istədiyini bilməsidir. Onun fikrincə, insan istəyində israrlı olmalıdır. Lazım gəlsə, bir işin arxasınca beş dəfə getməlidir ki, istədiyinə nail olsun. Müsahibimiz Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektoru, müasir tarix üzrə fəlsəfə doktoru Vazeh Əsgərovdur.
- Vazeh bəy, orta məktəbi bitirdikdə, niyə məhz fransız dilini seçdiniz?
- Oxuduğum məktəbdə valideynlərim mənə dərs deyib. Atam fizikadan dərs deyib və bir müddət sinif rəhbərim olub. İlk fransız dili müəlliməm kimi anam bu dili mənə sevdirib. Fransızca heç nə anlamasam da, 5 yaşımda artıq fransızca şeirlər deyirdim. Bu dili sevsəm də, ixtisas seçimi zamanı fransız dili mənim üçün maraqlı olmayıb. Çünki əhatəmdə fransız dili biliciləri olan qohumlarım kifayət qədər idi. Mən daha çox hüquq, politologiya, tarix sahəsində təhsil almaq istəyirdim. Amma ixtisas seçimi zamanı anamın xahişi ilə lap sonda fransız dili ixtisasını yazdım və buraya qəbul oldum.
- Tələbəykən Fransanın Azərbaycandakı səfirliyində də çalışmısınız. Belə bir yerdə çalışmaq çoxlarının arzusudur. Bir tələbə buna necə nail oldunuz?
- Mən 3-cü kursda oxuyarkən Fransanın Azərbaycandakı səfirliyi regionlarda fransız dili dərsləri təşkil edirdi və fakültə dekanlığın təqdimatı ilə mən də aktiv tələbə kimi həmin kurslara qatıldım. Qısa müddətli müqavilə ilə səfirlikdə işləməyə başladım. Sonra müqavilənin müddəti uzadıldı və 4-cü kursda da işimə davam etdim. Burada müəllim kimi çalışırdım və böyük təcrübə topladım. Universiteti bitirəndən sonra hərbi xidmətə yollandım və xidmətimi başa vurduqdan sonra Fransa səfirliyindən məni yenidən işə dəvət etdilər. Buna görə də hərbi xidmətdən qayıdandan bir gün sonra səfirliyin mədəniyyət şöbəsində direktor müavini kimi işə başladım. Burada bir il çalışdım.
- Maraqlıdır, niyə səfirlikdəki iş yerinizi tərk etdiniz?
- Gənc olduğuma görə daha çox axtarışlar edirdim. Daha dinamik, hərəkətli iş axtarırdım. Həm də yarımştat işlədiyim üçün məvacib məni qane etmirdi. Başqa fransız təşkilatlarından iş dəvəti alan kimi səfirliyi tərk etdim. Lakin sonralar qısamüddətli müqavilələrlə daha bir neçə il səfirliklə əməkdaşlıq etdim.
- Fransa səfirliyini tərk etsəniz də, bir müddət sonra Fransaya təhsil almağa yollandınız...
- Dediyim kimi, uşaqlıqdan fransız dilinə həvəsim olub. Çalışmışam ki, bu dilin dərinliklərinə yiyələnim, fransızlar kimi danışım, onların mədəniyyəti ilə yaxından tanış olum. Bunları arzulayan insan kimi təbii ki, fikrimdən Fransaya bir dəfə də olsa, səfər etmək keçirdi. Səfirlikdə işlədiyim dövrdə bir çox insanların Fransaya getməsi üçün sənədlərinin hazırlanmasına yardım etməyimə baxmayaraq, düşünürdüm ki, hələ Fransaya getməyə hazır deyiləm.
2003-cü ildə İsveçin Azərbaycanda fəaliyyət göstərən bir şirkətində çalışırdım. Həmin dövrdə ailə qurmağa hazırlaşırdım. Ailə quracağım xanım fransız dili mütəxəssisi idi və mənimlə eyni universitetdə oxumuşdu. Biz həyatımızı bir az dəyişdirmək üçün ailə qurandan sonra Fransaya getməyi planlaşdırırdıq. Çox böyük həvəslə olmasa da, hər ikimiz sənədlərimizi hazırlayıb Fransadakı universitetlərə göndərdik. Hər ikimiz Robert Şuman Universitetindən dəvət aldıq. İyulda artıq bildik ki, Fransada təhsil alacağıq. 2003-cü ilin oktyabr ayında biz Fransaya gələndə 10 gün idi ki, ailə həyatı qurmuşduq. Fransada çox çətin, təlatümlü və eyni zamanda çox maraqlı bir həyat yaşadıq. Əvvəlcədən məni o qədər çətin həyat gözləyəcəyini bilsəydim, yəqin, oraya getməzdim.
- Təhsil haqqınızı özünüz ödəyirdiniz?

- Fransada oxuduğum müddət ərzində özüm özümü maliyyələşdirmişəm. Daha çox işimə diqqət ayırmalı idim ki, ailəmi təmin edə bilim. Amma bildiyiniz kimi Fransa, Almaniya, Avstriya və s. Avropa ölkələrində təhsil haqqı çox deyil. İllik 500-600 avro civarında olan illik ödəməyə sığorta, tələbə kartı, mədəniyyət və idman kartları və digər ödəmələr daxildir. İlk birinci il yoldaşıma 190 avro universitet təqaüdü verilirdi. Bu, o qədər böyük rəqəm olmasa da, həmin dövr bizə kömək oldu. Ümumiyyətlə isə Fransada bir tələbənin ay ərzində dolanışığı üçün 650-700 avro pul tələb olunur.
- O zaman iş tapana kimi xeyli əziyyət çəkmisiniz yəqin...
- Elədir. Fransaya gedən kimi iş tapacağımı düşünürdüm. Amma bilmirdim ki, iş tapmaq o qədər də asan deyil, uzun prosedur tələb edir. İşə çox ehtiyacım var idi, dərsdə oturanda ancaq dolanışığım haqqında düşünürdüm. Heç cür beynimi dərsə cəmləyə bilmirdim. Amma əmin oldum ki, insan nəyisə çox istəyəndə ona nail olur. Fransadakı dostlarım mənə iş tapmağın yollarını göstərdilər. Noyabrın sonunda mən artıq özümə “qara iş”, yəni sənədsiz-filansız iş tapdım. Yanvar ayından isə məni Strasburqdakı liseylərin birinə imtahan prosesinə nəzarətçi götürdülər. 4 il ərzində həmin liseydə işlədim. Onu da qeyd edim ki, Fransada qəbul olduğum işlərdə məni bir aylığına işə götürürdülər, amma sonradan bu vaxt uzadılırdı. Bunun səbəblərindən biri fransız dilində çox səlis danışmağım idi. Məəttəl qalırdılar ki, bu dili harada bu qədər səlis öyrənmişəm. Tələbə dostlarımın çoxu Mopassanın, Viktor Hüqonun dilində danışdığımı deyirdilər. Onlara mənim adi danışıq dilində deyil, daha çox ədəbi dildə danışmağım qəribə gəlirdi.
- Deyəsən, məktəb illərindəki arzunuzu Fransada reallaşdırdınız və magistratura pilləsində hüquq ixtisasına daxil oldunuz?
- Mənim hüquqa nə qədər həvəsim olsa da, artıq ailə məsuliyyətim var idi. Düşünürdüm ki, Fransaya gedəndən sonra bir il nə əldə edəcəyiksə, onunla da geri qayıdacağıq. Yəni bir il Fransada qalmağı planlaşdırırdıq. Amma bu, 10 il çəkdi. Bir il hüquq oxudum. Bir ildən sonra qarşımda iki seçim var idi. Ya Azərbaycana qayıtmalı, ya da burada qalmalıydım. Gördüm ki, burada həm işləmək, həm də oxumağım üçün böyük imkanlar var. Düşündüm ki, işlədiyim üçün hüquq fakültəsində təhsilimi davam etdirə bilməyəcəyəm. Çünki bu fakültədə işləyə-işləyə oxumaq o qədər də asan deyildi. Mənim qarşımda ambisiyam bu cür bölünmüşdü; ilk növbədə özümü və ailəmi dolandırmalı və eyni zamanda təhsilimi davam etdirməli idim. Buna görə daha yaxşı bildiyim dilçilik sahəsində təhsilimi davam etdirmək qərarına gəldim. Magistr təhsilindən sonra 2007-ci ildə mən və yoldaşım sahəmizi dəyişərək sosial elmlər departamentində doktoranturaya yazıldıq.
- Xaricdə təhsil alan gənclərimizin əksəriyyəti ya biznes sahəsinə gedir, ya bank sektoruna maraq göstərirlər, amma siz təhsil sahəsində işə başladınız. Elmə, təhsilə marağınız bu qədərmi böyükdür?

- Qeyd edim ki, Azərbaycan Dillər Universitetinə daxil olanda müəllimlik peşəsinə marağım yox idi. Yenə də hüquq, tarix məni özünə çəkirdi. Müəllimliyə olan marağımı ilk dəfə 3-cü kursda pedaqoji təcrübəyə gedərkən hiss etdim. Auditoriyaya daxil olanda anladım ki, müəllimlik mənə qanla keçib. Babam, nənəm, atam, anam, xalalarım da müəllim olub. Buna baxmayaraq, müəllim olmaq istəmirdim. Çünki həmin dövrdə müəllimin məvacibi aşağı idi. Düşünürdüm ki, ixtisasımı dəyişəcəyəm.
- Bəs necə oldu ki, Azərbaycan Dillər Universitetində işə başladınız?
- Azərbaycana qayıdanda harada işləyəcəyimi düşünməmişdim. Dostlarım ailəmlə qayıtmağımı və əvvəlcədən iş tapmağımı məsləhət görürdülər. Lakin düşünürdüm ki, əcnəbi bir ölkədə çətinliklərə sinə gəlmişəmsə, öz vətənimdə bu, heç vaxt çətin ola bilməz. Universitetin rektoru Səməd Seyidovun burada işləməyimdə rolu danılmazdır. Doktorluq işimi müdafiə etməzdən 1 il əvvəl təsadüfən Səməd Seyidov Fransada çalışdığım hotelin qonağı idi. Səməd müəllimdən doktorluq işimdə münsiflər heyətində təmsil olunmağını xahiş etdim. O, Bakıya qayıdandan sonra tanışlıq üçün işimi ona yolladım və müdafiəmdə iştirak etdi. Əgər Səməd müəllim müdafiəmə qatılmasaydı, ya ümumiyyətlə, müdafiə edə bilməyəcək, ya da istədiyim nəticəni almayacaqdım. Ermənipərəst münsiflərin mənə tikanlı sözlər deməsi, dolaşdırmaq istəməsi, onlara cavabım və Səməd müəllimin məni müdafiə etməsi çox kömək oldu. Müdafiədən sonra Səməd Seyidov məni və yoldaşımı Azərbaycan Dillər Universiteti ilə əməkdaşlığa dəvət etdi. Bu, Səməd müəllimin mənə və digər həmkarlarıma etdiyi ilk iş təklif deyildi. Düşünürəm ki, bu insanın simasında Azərbaycan Dillər Universitetində işləmək özü bir xoşbəxtlikdir.
- Birbaşa Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektor vəzifəsinə gəldiniz?
- Xeyr, universitetin Elmi hissə strukturu nəzdində Gənc Tədqiqatçılar Assosiasiyası yaradıldı və məni oraya rəhbər təyin etdilər. Bir ay keçmədi ki, Səməd Seyidov məni özünə müşavir təyin etdi. Bu, çox məsuliyyətli, maraqlı və eyni zamanda çətin bir iş idi. Bir ildən sonra 2014-cü ildə tədris işləri üzrə prorektor vəzifəsinə təyin olundum.
- Fransada həm də ictimai fəaliyyət göstərmisiniz. Fransadakı Azərbaycanlı Tələbələr Assosiyasiyasının prezidenti, Strasburq Azərbaycan Evinin həmtəsisçisi və İdarə Heyətinin üzvü olmusunuz. Bundan əlavə, Strasburqda olduğunuz müddətdə müxtəlif tələbə və diaspor təşkilatlarında fəaliyyət göstərmiş, Azərbaycan həqiqətlərinin fransız ictimaiyyəti arasında yayılmasında fəallıq nümayiş etdirmisiniz. Həmçinin Fransada fəaliyyət göstərən xarici və yerli tələbə cəmiyyətlərinin fəal üzvü, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyasının bülleteni olan AZER-İNFO-nun baş redaktoru olmusunuz. Ermənilərin çoxluq təşkil etdiyi bir ölkədə ictimai fəallıq göstərmək çətin deyildi ki?
- Əlbəttə, asan deyildi. Ermənilər bizim təşkil etdiyimiz bütün işləri pozmağa can atırdılar. 2003-cü ilə qədər biz ermənilər üçün o qədər də böyük hədəf deyildik. Çünki onların on illərlə formalaşmış diasporları var idi. Bizim fəaliyyətimiz, varlığımız onları o qədər də narahat etmirdi. Amma sonradan türk təşkilatları, eləcə də digər təşkilatlarla əməkdaşlıq etməyimiz, onları bizim mədəni nümayişlərə dəvət etməyimiz erməniləri qıcıqlandırmağa başladı. Meriyadan icazə alıb keçirdiyimiz mitinqlərdə iğtişaşlar törətməyə cəhd edirdilər ki, problem yaransın və meriya bizə mitinq keçirmək üçün bir də icazə verməsin. Hazırlıqlı olduğumuzdan, təbii ki, istədiklərinə nail ola bilmirdilər.
Fransadakı təşkilati fəaliyyəti bir neçə kəlmə ilə demək çətindir. Hər halda bu işdə əziyyəti keçmiş çoxlu tələbə dostlarım və daima bizə dəstək olan dostlarımız var idi. Əminliklə deyə bilərəm ki, mən bu işi sevə-sevə görür və əlimdən gələni etməyə çalışırdım ki, Azərbaycanın səsi həmişə yaxşı yerlərdən gəlsin. 500 nəfərlik tələbə yeməkxanasında dünyanın müxtəlif nöqtələrindən gəlmiş tələbələr bizim aş-qaranı yeyirlərsə, üstündən ayranımızı içib şəkər çörəyinin dadına baxırlarsa və arxa fonda sərgilənmiş Azərbaycanı əks etdirən guşəni görür və klassik musiqimizə qulaq asırlarsa, tələbə üçün bundan böyük fəxarət hissi nə ola bilər ki...
-10 il Fransada yaşamış birisi kimi bir fransızı necə təsvir edərdiniz?

- Fransız deyəndə ilk olaraq gözümün qarşısında böyük bir mədəniyyət durur. Onlar italyanlardan, ingilislərdən, ispanlardan çox fərqlidirlər. Adi bir fransız, italyan və alman hotelə girib eyni şeyi tam fərqli soruşacaqlar. Fransızların vəzifə sahiblərində də, fəhləsində də bir zadəganlıq var.
Digər avropalılar kimi fransızlar da gəlmələri soyuq qarşılayırlar. Amma onların içərisinə girmək üçün bir mərhələ var ki, onu keçəndən sonra sənə çox doğma yanaşırlar. Fransada yaşadığım dövrdə fransızların isti münasibətinin sayəsində özümü heç vaxt kənar adam saymadım. Çünki mən onların dilində danışırdım. Həmçinin mənsub olduğum xalqın mədəniyyətini unutmamaq şərtilə, o ölkəyə inteqrasiya etmişdim.
- Övladlarınız yəqin Fransada dünyaya gəliblər. Oranın vətəndaşıdırlar?
- Bəli, hər 2 övladım Fransada dünyaya gəlib. Amma Fransa vətəndaşı deyillər. Fransada torpaq hüququ deyilən bir şey var. İnsan o torpaqda doğulubsa, o torpağa haqqı çatır. Onlar doğulandan sonra başqa ölkəyə köçsələr, həddi-buluğa çatandan sonra o dövlətə qayıdıb vətəndaşlıq hüququ alıb yaşaya bilərlər. Bir də bizdən fərqli olaraq, uşaqlara viza kartı 1 illik deyil, 5 illik verilir.
- Fransa kimi bir ölkədə təhsil almısınız. İstədiyiniz pillədəsinizmi?
- Doğrusu, bu barədə düşünməmişəm. Azərbaycanda hansısa vəzifəyə təyin olunmaq iddiam olmayıb. Vətənə xeyirli ola biləcəyim sahədə xidmət göstərmək üçün qayıtmışam. Fransada da qala bilərdim. Çünki 10 ildən sonra uyğunlaşdığım bir ölkəni ailəmlə birlikdə tərk etmək, qeyri-müəyyən həyata qayıtmaq o qədər də asan deyildi. Yalnız ölkəmə xidmət etmək üçün belə bir addım ata bilərdim.
- Uğur sirriniz nədir?
- Uğur qazanmağın birinci şərti insanın nə istədiyini bilməsidir. Uğur qazanmaq insanın taleyi, qismətidir. Amma xarakter də uğur qazanmaqda çox böyük rol oynayır. Fransızlardan öyrəndiyim bəzi şeylərdən biri də odur ki, mən sübut etməliyəm ki, həqiqətən nəyisə istəyirəm. İstəyimdə israrlı olmalıyam, bir işin arxasınca lazım gəlsə, beş dəfə getməliyəm ki, istədiyimə nail ola bilim. Özünə inamlı və işlədiyin sahədə savadlı olmaq da əsas prinsipimdir. Balaca bir şey də bilsən, onu mükəmməl bilməlisən. Uğur qazanmaq üçün əzmkar olmaq lazımdır.
Son olaraq qazandıqlarıma görə valideynlərimə minnətdar olduğumu bildirmək istərdim. Məhz onların mənə aşıladığı xüsusiyyətlər, verdiyi tərbiyə, təhsilin sayəsində bu pillədəyəm. Uzun illər fikirləşmişəm ki, valideynlərin borcundan necə çıxmaq olar. Sonra anlamışam ki, valideynin borcundan çıxmaq mümkünsüzdür. Valideyn səni dünyaya gətirib, sən valideyni təzədən dünyaya gətirə bilməzsən. Sən valideynlərinə olan borcunu öz övladlarının qarşısında ödəməlisən.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər