• cümə, 29 Mart, 00:03
  • Baku Bakı 7°C

“İnsan heyvan südü ilə bəslənməz” – Həkimlə söhbət

19.01.15 10:08 7860
“İnsan heyvan südü ilə bəslənməz” – Həkimlə söhbət
Uşaqları evimizn yaraşığı, qığıltılarını isə dünyanın ən gözəl himni adlandırırıq. Bəs evimizin yaraşığının sağlam böyüməsi üçün nələr edirik. Ən azı maariflənirikmi? Körpələrə baxım, onların qidalanmasından tutmuş yuxu rejiminə qədər suallarımızı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Yenidoğulmuşların intensiv terapiya və reanimasiya şöbəsinin müdiri Rüstəm Hüseynov cavablandırdı.
- Həkim, analar yeni doğulmuş körpələrə qulluq zamanı ən çox harada səhvə yol verirlər?
- Təkcə analar deyil, atalar da hələ körpə dünyaya gəlməmiş hazırlıqlı olmalıdırlar. Çünki bir canlıya həyat verirlər. Bu, böyük məsuliyyətdir və valideynlərin körpəyə qulluqla bağlı əvvəlcədən maariflənməsi şərtdir. Təəssüflər olsun ki, son illər maariflənmə sistemi zəifləyib. Düzdür, gənc xanımların uşağı saxlamağa həvəsi var, amma əziyyət çəkmək- maariflənmək istəmirlər. Kobud müqaisə olsa da, insan hansısa heyvanı, it, pişik, balıq və s. almamışdan əvvəl ədəbiyyatları oxuyur, İnternetdə axtarış verir, balığı hansı temperaturda, şəraitdə saxlayacağını, necə qidalandıracağını, hansı risklərin olduğunu və s. öyrənib sonra alır. Ailəyə uşaq gələndə isə məsuliyyət min qat artır. Uşaq doğulana qədər valideynlər həvəslə onun otağını hazırlayır, çarpayısını alırlar. Ancaq bu çarpayını otağın hansı tərəfində qoyacaqlarını, otağın hansı gücdə işıqlandırılacağını, pəncərələrin hansı səmtə baxacağını, otağın divarının hansı rəngdə olacağını, temperaturun necə tənzimlənəcəyini və s. bilmirlər. Valideynlər bunu hələ uşaq dünyaya gəlməmişdən öyrənməlidirlər ki, uşağı xəstəxanadan çıxaranda aciz vəziyyətdə qalmasınlar. Bir çox hallarda çarpayını elə qoyurlar ki, uşağın gözünün üstündə intensiv işıq yanır. Bu, uşaqlara ziyandır. Yaxud günün şüasının pəncərədən düz uşağın gözünə vurması çox böyük fəsadlara gətirib çıxarır. Sonra heç kim başa düşmür ki,fəsad nədən yarandı. Yaxud uşağın çarpayısını pəncərə ilə qapının arasına yelçəkən yerə qoymaq olmaz.
-Bəs körpənin olduğu otağın temperaturu neçə dərəcə olmalıdır?
- Bu, çox vacib məsələdir. Uşaqlarda ilk aylarda termorequlyasiya sistemi çox zəif inkişaf edir. Otağın temeraturunu bir balaca artıq edəndə, xüsusilə də vaxtından əvvəl doğulan uşaqlar üçün böyük fəsadlatra gətirib çıxarır. Bu zaman körpənin böyrəyinə, ürəyinə, ciyərinə ağır yük düşə bilər. Otaqda temperatur 22-25 dərəcədən çox olmamalıdır. Bir də görürsən, 30 dərəcə temperaturu olan otaqda, yaxşılıq etmək məqsədilə uşağın üstünü möhkəm basdırırlıar. Yaxud oğlunu idmançı görmək istəyən ata pəncərəni daim açıq qoyur. Bu zaman çoxlu geyim ilə körpənin bədənini qızdıra bilərsən, amma soyuq hava tənəffüs yollarında fəsadlara gətirib çıxara bilər.
-Bir az da uşaqların qidalandırılmasıdan danışardınız.
- Uşağın düzgün qidalandırılması Azərbaycanda böyük problemdir. Baxmayaraq ki, neçə illərdir, dövlətimiz körpələrin qidalanmasına aid bir neçə proqram qəbul edib. 14 əsr bundan əvvəl nazil olan Quranın Bəqərə surəsində yazılır ki, ana öz balasına 2 il süd verməlidir. 20-ci əsrin sonunda alimlər bunu təsdiq ediblər. 6 ay körpəyə yalnız ana südü verlməlidir. Yalnız 6 aydan sonra ana südü ilə yanaşı, südü kəsməmək şərti ilə əlavə qidalar verilir.
- Çox vaxt analar südlərinin olmamasından şikayətlənirlər…
- Azərbaycandan başqa tək-tək hansısa bir ölkədə uşağı yeni doğulan ananın südünün olub olmaması mövzusu müzakirə edilə bilər. Bu, gülüncdür. Əgər ana dünyaya uşaq gətiribsə, deməli, südü var və uşağı qidalandırması üçün yetərlidir. Süddən kəsilmə ya bisavad həkimlərin, ya da valideynlərin səhvi ucbatından baş verə bilər. Dünyada heç kim, insan da daxil olmaqla, məməliləri südsüz görməyib. Ancaq süni rejimlər, süni əmziklər uşağı süddən kəsir. Doğuşa aid protokolda belədir ki, ilk 2 saatda doğuş zalında körpə mütləq ananın döşünə qoyulmalıdır. Bu zaman döş vəzisi qıcıqlanır və ananın mərkəzi sinir sisteminə xəbər gedir ki, “ay ana, artıq mən doğulmuşam, sən süd “istehsal” etməyə başla”. Doğum evlərinin əksəriyyətində isə səbəbsiz yerə elə olur, uşağı ananın döşünə bəzən 2-3 gündən sonra qoyurlar. Körpəyə ilk gündən süni qida verilir və körpə üçün təbii olmayan hallar yaradırlar. Bir var uşaqda, anada hansısa problem ola, bir də var, heç bir problem olmadığı halda bunu edirlər. 20 ildən çoxdur dünyada sübut olunub ki, əmzik ziyandır. Çünki əsas səbəblərdən biri odur ki, əmzik uşağa əmmənin yerinə sormanı öyrədir. Döş vəzisi süngər kimi bir şeydir. Süngəri suya salıb çıxarıb əmzik kimi sormağa başlasan, su gəlməyəcək, sıxmalısan ki, su axsın. Boş əmzik verəndə, həmçinin süni qidanın hazırlandığı butulkanın başındakı əmziyi soranda əmmədə iştirak edən çənə əzələləri bir tərəfdə qalır, yalnız dodaq ətrafı əzələlər işləyir və uşaq sormanı öyrənir. Sonra həmin uşağı döşə qoyanda, o, gilənin ətrafından tutub süngər kimi sıxmır, yalnız gilədən tutur və sormağa başlayır. Ilk növbədə bu, ananı incidir. İkinci növbədə uşaq döşün giləsini sorduğundan süd vəzilərindən südü çəkmir, süd vəzilərdə qalır və hər gün süd axarlarının bir neçəsi tutulur. Nəticədə 2-3 aya ananın südü kəsilir. Buna görə də südlərinin kifayət qədər olmasını istəyirlərsə, ilk növbədə analar uşaqlarına süni əmzik verməsinlər. İkinci növbədə körpəyə nə qədər tez-tez döş versələr, süd bir o qədər çox yaranacaq. Ilk aylarda hətta uşaq sutkada 20-30 dəfə döşə gedə bilər, uşaq nə vaxt ağladı, döşə qoyulmalıdır ki, süd də kəsilməsin.
- Həkim, ən pisi odur ki, qadınların bir çoxu forma saxlamaq məqsədilə körpələrinə süd verməkdən imtina edirlər…
- Bütün dünyada analar uşaqlarını əmizdirəndə arıqlayırlar. Çünki bədəndən bir adam yox, iki nəfər qidalanır. Azərbaycanda isə uşaq əmizdirən analar kökəlir. Səbəb odur ki, ətrafdakıların hamısı anaya məsləhət verirlər ki, südü çox olmaq üçün çox da yeməlidir. Bu zaman isə orqanizmdə maddələr mübadiləsi pozulur və piylənmə gedir. Nəticədə ananın südü kəsilir. Əslində qadın ana olmamışdan əvvəlki həyat tərzini, qidalanma rejimini davam etdirməlidir. Analar bilməlidir ki, bədən ən yaxşı indikatordur: acdın gedib yeyirsən, susadın-içirsən.
- Ana südü və qarışıqlarla qidalandırılan uşaqlar arasında hansı fərqlər var?
- 21-ci əsrdə analara ana südünün süni qarışıqlardan üstün olduğunu izah etmək hesab edirəm ki, ananı savadsızlıqda ittiham etməkdir. Insan heyvan südü ilə bəslənməz. O demək deyil ki, qarışıqlarla bəslənənlərin 100 faizi də xəstə olacaq. Dünyada sübut edilib ki, qarışıqlarla bslənənlərin 70-80 faizində fəsadlar olur. Qarışıqlar əsasən inək və keçi südü ilə hazırlanır. Alimlərin araşdırmaları sübut edib ki, kobud heyvan zülalı yeni doğulmuşun bədəninə daxil olanda onun qaraciyərinə, böyrəyinə, ürəyinə, damarlarına və s. mənfi təsir edir. Süni qarışıqlarla qidalandırılan körpələrin xolestereni ilk günlərdən qalxır. Heyvan zülalı bizə yad olduğundan mübadilə proseslərini pozur, sonradan atereskleroz, işemiyalara, infarkta səbəb olur. Süni qida ilə bəslənən insanların hər 3 nəfərindən ikisi 40 yaşından sonra şəkərli diabetdən əziyyət çəkir, ömürləri qısalır, bir sıra orqanlarında böyük fəsadlar yaranır. Beyinlə, intellektlə bağlı maddələr yalnız ana südündə var. Buna görə də insan südü ilə böyüyənlərin intellektual potensialı, zəkası, dərrakəsi eyni şəraitdə qarışıqlarla böyüyən uşaqdan daha çoxdur. Həmçinin, ana bütün immunitetə cavabdeh faktorları övladına süd vasitəsilə ötürür. Buna görə ana südüylə qidalandırılanların immuniteti daha möhkəm olur.
Qeyd edim ki, dustaq koloniyalardakı uşaqlar, yeniyetmələr arasında araşdırma aparıblar. Məlum olub ki, onların 80 faizdən çoxu süni qida ilə bəsələnənlərdir. O uşaq ki, ana südü ilə böyüyür, o, həmişə sakit, təmkinli, mehriban, ağıllı olur. Onun anaya olan mehribançılığı ataya, nənəyə, bibiyə, xalaya, sonra da cəmiyyətə yayılır.
- Südlərinin artması üçün analar nə etməlidirlər?
- Südün artması üçün heç bir dərman, qida yoxdur. Ilk növbədə ana normal həyat tərzi keçirməli, normal istirahət etməlidir. Həm yatmağına, həm gəzməyinə, həm yeməyinə fikir verməlidir. Ana özünü hərşeydən məhrum etməməlidir ki, bu yemək qaz yaradır və s. Belə bir şey dünyada yoxdur. Bu, ancaq savadsız həkimlərin məsləhətidir. Ananın qida rasionu nə qədər zəngin olsa, onun südünün bol olacağına o qədər təminat var. Ananın orqanizmi elə qurulub ki, əgər hansısa bir maddə çatışmasa, insan bədəni südün keyfiyyətini korlamayacaq, ancaq südün miqdarı az olacaq. Ola bilər ki, paxlalılar köpü artırsın, ancaq onların tərkibində olan bitki zülalının xeyiri çox olduğundan, uşağın 15-20 dəqiqəlik narahatçılığına göz yummaq olar. Bəzi qidalara qadağalar, əmziklər, yeni doğulmuşun guya 6 saat gecə yatmalı olduğunu demək - bunlar hamısı ananın süddən kəsilməsinə gətirib çıxarır.
- Bəs övladlarını qarışıqlarla böyüdən valideynlərə nə məsləhət görərdiniz?
- Qarışıq hazırlayarkən analar diqqətli olmalıdırlar. Hər qarışığın özünün həll olma temperaturu var. Buna riayət etməyəndə qidanın tərkibindəki maddələr tam həll olmur. Yaxud elə qarışıq var ki, əvvəlcə qida tozu qaba tökülüb su əlavə edilir, bəzilərində isə əksinədir. Buna görə süni qidaların qablarının üzərində yazılanlara diqqət etmək lazımdır.
- Həkim, ilk 2-5 ayda uşaqlar qaz problemindən əziyyət çəkirlər. Bunu aradan qaldırmaq üçün yol varmı?
- Yeni doğulmuşun bağırsağı tam formalaşmadığından, həzm problemi olduğundan ilk aylarda qazdan əziyyət çəkir. Ancaq müəyyən ziyansız dərmanlar var ki, qazın qarşısını alır. Bir də klassik şüyüt, razyana, cirə suyu həzmə, köpə kömək edir. Bunların heç bir fəsadı yoxdur.
- Bəs körpənin yuxu rejimi necə olmalıdır?
- Ilk günlərdə körpə 20-22 saat yatır, sonra bu, 18, 16 saata düşür. Yəni tədricən azalır. Ancaq hər körpədə yuxu rejimi fərqli olur. Biri az, biri çox yatır, bir passiv, digəri aktiv olur. Ümumiyyətlə, insanlar ana bətnindəykən artıq bir-birindən fərqlənirlər. Ananın və uşaq həkiminin savadı olmalıdır ki, adi fizioloji halı pataloji haldan seçə bilsin. Bəzən valideynlər gəlirlər ki, uşaq gecələr yatmır, gözlərini açır, baxır. Bu zaman savadsız həkimlərimiz körpəyə lüminal, ketatifen və s. kimi yuxu gətirən dərmanları təyin edirlər və sonra fəsadları üzə çıxır. Körpəykən sakitləşdiriciləri çox qəbul edənlərin beynində onlar böyüyüəndən sonra bəzi pozulmalar, süstlük yaranır. Baxırsan savadlı uşaq, yeniyetmə və yaxud cavan adamdır, amma söhbət etdiyi yerdə fikri dağılıb başqa səmtə gedir. Lüminal hətta cinsiyyət hormonlarını da bədəndən xaric edir. Indiki qadınların sonsuzluğunun səbəbini araşdırsan, bəlkə də hansısa faizinin lüminaldan istifadəsi ilə əlaqələndiriləcək. Dünyanın heç bir ölkəsində lüminal bizim ölkədə işləndiyi qədər istifadə olunmur. Yalnız uşaqlarda qıcolmalarda müalicə məqsədilə istifadə edilir. Uşaq yatmır, sakitləşdirici dərman yazırlar. Uşaq yatmayanda onun səbəbini tapmaq lazımdır. Məsələn, ayağı ağrıyırsa, niyə başına dərman təyin edilməlidir.
- Həkim, digər ölkələrdə kəllədaxili təzyiq nadir uşaqlarda rast gəlinirsə, bizdə körpələrin əksəriyyətinə kəllədaxili təzyiq diaqnozu qoyulur...
- Elədir, heç bir millətdə uşaqların 80-90 faizinə kəllədaxili təzyiq diaqnozu qoyulmur. Ən pisi odur ki, mövcud olmayan kəllədaxili təzyiqi müalicə edir, uşağın orqanizmini lazımsız dərmanlarla zədələyirlər. Yaxud “timus vəzi” problemi də bizdə dəbdədir. Timus adi vəzdir və bütün körpələrdə var. Birində bir az böyük, birində balaca olur. Bizim bəzi “ professor”lardan fərqli olaraq, nə İngiltərədə, nə Fransada, nə Amerikada timus vəzisini müalicə etmirlər. Uşağınızda “timus var” ifadəsi anaya uşağının qulağı və ya burnu olmasını xəbər vermək deməkdir. Birinin qulağı bir az böyük, digərininki kiçik olar. Timus vəzisinin də fərqli ölçüləri problem deyil və bir ilin içərisində öz-özünə sorulub gedir.
- Bizdə əmgəyin balaca, böyük olmasına görə də həkimlər müalicə yazırlar...
- Təəssüf ki, həkimlərin çoxu elə bilir ki, ana öz körpəsi ilə qəbula gələn kimi həkim uşağın əmgəyinə baxıb, ölçülərinin balaca ya da böyük olduğu “faciəli xəbər”i anaya çatdırmalıdır. Allah körpənin başında əmgəkləri ona görə yaradıb ki, kəllə sümükləri hərəkətli olsun və doğuş zamanı başda sıxılma olanda heç bir problem yaranmasın. Doğulandan sonra isə əmgəyin tez, ya gec bağlanmasının problemi yoxdur. Orta hesabla 6-18 aya əmgək bağlanır. Nevropatoloqlar bir uşaq göstərsinlər ki, əmgəyi tez, ya gec bağlandığına görə sinir sistemində problem yaranıb. Yaxud pediatrlar timusa görə kiminsə problemlə rastlaşdığını göstərsinlər. 30 illik həkim praktikamada belə bir hallara rast gəlməmişəm. Timusu böyükdür deyə, uşaqları sünnətdən, peyvənddən saxlayırlar. Axı timusun sünnətə nə dəxli var? Timusun böyük olmasının problem yaradacağına keçmiş, köhnə rus ədəbiyyatında rast gəlmək olur. Bizim də həkimlərimizin əksəriyyəti yalnız rus dilini bildiyindən rus ədəbiyyatını oxuyurlar. İngilis, alman dilində yazılan ədəbiyyatları oxusalar, görərlər ki, dünya inkişaf edib və timus, əmgək problemi hazırda yoxdur.
- Bir çox valideynlər 3-4 aylıq uşaqlarını televizorun qarşısına qoyurlar. Uşaq üçün rənglər, dəyişən kadrlar maraqlı olduğundan diqqətlə televizorda göstərilənləri seyr edir. Bunun fəsadları varmı?
- Nəinki televizor, 2-3 yaşlı uşaqların əlinə planşet, telefon verirlər. Dörd yaşına qədər uşaqların nə televizor, nə də dediyim cihazlarla təmasda olması düzgün deyil. Ümumiyyətlə, elektron əşyalar olan yerdə müsbət ionlar yaranır. Bu da sinir, endokrin və s. sistemlərdə fəsadlara gətirib çıxarır. Bundan başqa, televizorun işığı uşağın gözünə mənfi təsir edir. Uşağın dərrakəsi kadrların tez-tez dəyişməsini qəbul etmir. Ekrana yeni kadr gəldiyi halda, uşağın fikri köhnə kadrda qalır. Sonra uşaq ikinci kadrı həzm etmək istəyəndə üçüncü kadr gəlir. Kadrları sona qədər tuta bilmədiyindən nəticədə beyində böyük stress problemi yaranır. Ancaq uşaqlara rəngli şəkilləri göstərmək olar. Çünki gözləyirsən 1-ci şəkili tam dərk edir, sonra kitabı vərəqləyirsən, ikinci şəkilə baxır.
- Pediatrların əksəriyyəti uşaq anadan olandan 20 gün, 1 ay sonra ona dərman formasında D vitamini məsləhət görürlər. Bu, nə dərəcədə vacibdr?
- Ana südündə D vitamini az olduğundan məsləhətdir.
- Valideynlər çox vaxt yeni doğulmuş körpələrinin qəbizlikdən əziyyət çəkdiyini deyirlər...
- Qəbiziyi çox adam düzgün başa düşmür. Qəbizlik bayıra gec-gec getmək demək deyil. Ana südünün süni qidadan bir üstünlüyü də ondan ibarətdir ki, ana südünün şlaqı çox az olur, bədənə tam sorulur. Buna görə də ana südü ilə qidalanan uşaqlar bayıra 2-4 gündən bir gedir. Əgər uşağın nəcisi sarı rəngdə, yumşaq, sıyıq kimidirsə, qarnı ağrımırsa, köp vermirsə, lap 5 gündən bir bayıra getsə də, qorxusu yoxdur. Ola bilər insan hər gün bayıra getsin, amma bərk getsin - qəbizlik budur.
- Həkim, hələ də bəzi valideynlər özlərindən böyüklərin məsləhəti ilə körpələrini bələyirlər. Uşağı bələmək düzgündürmü?
- Araşdırma zamanı bələnmiş uşaqların xarici qulaq keçəcəyi, qida borusu, mədəsi, düz bağırsağında temperaturu ölçüblər və məlum olub ki, bələkdə olanda qan dövranı yaxşı hərəkət etmədiyindən uşağa soyuq olur. Uşaq özünü ancaq sərbəst hərəkəti ilə qızdıra bilir. Hərəkət məhdudlaşanda kalori, istilik əmələ gəlmir. Bələkdəki uşaq isinmək üçün şəkər deposunu parçalamağa başlayır. Bu zaman şəkər aşağı düşür və uşağın beynində, zəkasında, intellektində problem yaranır. Çünki beyin hüceyrələri şəkərin azlığına ən həssas hüceyrələrdir. Bələnməmiş uşaq hərəkətləri ilə öz bədənini qızdırdığından depoda olan şəkərə ehtiyacı olmur.
- Həkim, bu sahənin gələcəyi ilə bağlı nə deyərdiniz?
- Ümidvaram ki, valideynlərin maariflənməsi, tibb içşilərinin savadlanması, professional səviyyəsinin yüksəlməsi körpələrimizin, gələcəyimizin sağlamlığını təmin edəcək. Ümidvaram ki, Azərbaycan tibbi heç bir ölkə üçün gülünc hədəf yox, nümunə olacaq.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər