• cümə, 29 Mart, 05:52
  • Baku Bakı 7°C

“İnsan geriyə baxanda önünü görmür” – Sadə peşə adamı

17.04.17 13:00 2667
“İnsan geriyə baxanda önünü görmür” – Sadə peşə adamı
Zəhmətkeşdir. Həyat onun üzünə 22 yaşından sonra gülməyə başlayıb. Bu yaşa qədər isə çətinliklərlə mübarizə apararaq, qarşısına məqsəd qoyaraq gəlib. O, hamı kimi dostları ilə əylənə bilməyib, universitetdə oxumaq arzusu olsa belə, arzusuna çatmayıb. Dostları, sinif yoldaşları əylənərkən, o, ailə yükünü hələ uşaqlıqdan balaca çiyinlərində daşıyıb. Amma zəhməti, əzmi, məqsədi bu yolda onun işığı olub və bugünkü həyat tərzinə görə keçmişinə minnətdardır.

Müsahibimiz çətinliklərdən qaçan, hər zaman həyatdan narazılıq edən gənclərə örnək olan Sərxan Zülfüqarovdur.
"Günə 1500 manat qazanırdım”
Sərxan 1990-cı ildə Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 9-cu sinfə qədər məktəbin seçilən şagirdlərindən olan müsahibimiz 15 yaşından işləmək məcburiyyətində qalıb: "Ailədə dolanışığımız çox çətin idi. 2 bacım, bir anam var idi. Atam müəyyən səbəblərə görə xarici ölkədə idi. Qayıda bilmir və bizə də kömək edə bilmirdi. Ona görə mən 14 yaşımda Müəllimlər İnstitutunun bufetində işləməyə başladım. Günə 1500 manat (bir "məmməd” və bir "nizami”) qazanırdım. O qədər çətinlikdə yaşayırdıq ki, məktəbdə oxumağa belə vaxtım olmurdu. Dərsdən icazə alırdım, işləmək, pul qazanmaq, evə bir tökə çörək apara bilmək üçün qaçırdım. Ehtiyac üzündən işləməyə məcbur oldum. 1-2 il belə işlədim. Universitetin bağlı olduğu müddətlərdə fəhlə işləyirdim. Ustanın əlinin altında palçıq qarışdırır, ona kömək edirdim”.
Mühafizəçi, satıcı, təmizləyici, növbə rəisi...
Daha sonra mühafizəçi, satıcı, təmizləyici işləməyə başlayıb. Otelə düzəldikdən sonra isə növbə rəisi vəzifəsinə qədər qalxıb. Deyir ki, universitetə qəbul olmaq arzusu olsa da, bu istəyi elə arzu olaraq da qalıb: "Ali təhsilim yoxdur. Sadəcə gördüklərim və istədiklərim əsasında inkişaf etməyə çalışıb, normal işə düzəldim. Məktəbdə 9-cu sinfə qədər əlaçı olmuşam. Dərslərimi yaxşı oxuyurdum . Ən istəkli şagirdlərdən idim. Məktəbin KVN komandasında çıxış edirdim. Bir neçə dəfə rayon birincisi oldum. Anam çox istəyirdi ki, universitet bitirib, yaxşı yerlərdə işləyim. Amma bu, mənə nəsib olmadı. Çünki artıq 9-cu sinfi belə çətinlik çəkərək oxuyurdum. Müəllimlərim də mənə çox təkan verir, valideynlərim də dəstək olurdu. Ancaq eyni zamanda, işləmək lazım idi. 10-11-ci sinifdə məktəbə qovulmamaq üçün gedirdim. Amma attestat imtahanımı öz biliyim sayəsində vermişəm”.

Sərxan rus və ingilis dillərini təkcə çalışaraq, mükəmməl şəkildə öyrənib. Dil bilməsi, bacarıqlı olması onu ətrafındakı insanlardan fərqləndirib: "Nənəm rus olduğu üçün evdə bizimlə rus dilində danışırdı. Özü Azərbaycan dilini mükəmməl bilirdi, sadəcə, bizi məcbur edirdi ki, hansısa xarici dili öyrənək. Rus dilini nənəmlə danışaraq öyrəndim. İngilis dilini isə oteldə çalışarkən iş yoldaşlarımla, xarici qonaqlarla söhbətləşərək və öz üzərimdə çalışaraq öyrədim. Dilləri bildikdən sonra ali təhsilim olmasa belə, məni oteldə müəyyən vəzifələrdə işə götürdülər. Təmizləyici işlədiyim yerdə növbə rəisi, qeydiyyatçı vəzifəsinə qədər yüksəldim”.
"Çətinliyə təslim olmadım”
Müsahibimiz hazırda işlədiyi "Şamaxı Palace” otelində bağban kimi işə düzəlib. Daha sonra yenidən təmizləyici kimi işləməyə başlayıb. Hazırda isə otelin qeydiyyat şöbəsində çalışır. Deyir ki, insan qarşısına əngəllər çıxsa belə, əgər həqiqətən istəyirsə, istədiyi hər şeyə nail ola bilər: "Mən təsəvvür etməzdim ki, nə vaxtsa oteldə işləyim. Düşdüyüm mühit, ailə vəziyyətimdəki çətinliklər məni bu yerə gətirdi. Çətinlikdən çıxmaq məqsədilə gecə-gündüz işlədim. 22 yaşımda həmyaşıdlarım əylənəndə, əsl gənclik yaşayanda mən yer silib, qonaq otağı təmizləyirdim. Paltar qatlayırdım. Amma məqsədim ailəmi çətin vəziyyətdən çıxarmaq idi. Məqsədimə çatdım da. Hazırda işlədiyim vəzifəyə əziyyətlə gəlsəm də, işimi sevirəm və zövq alıram. Hətta sentyabr ayında ayın ən yaxşı işçisi də seçildim. Buna görə sertifikat da aldım, əlavə pul ilə də mükafatlandırıldım. Düşdüyüm mühit, həmin mühitdən çıxmaq üçün mübarizə aparmaq, həyatda məğlub olmamağa çalışmaq məni bir addım önə aparıb. Çətinliyə təslim olmadım. Düşdüyüm çətinlikdən çıxmaq üçün əlimdən gələni etdim”.
"Halal pul qazanmaq ayıb deyil”
Sərxan deyir ki, bir dəfə təmizləyici işləyərkən gördüyü işdən utandığı üçün özünü danlayıb: "Düzünü desəm, bir dəfə işimdən utandım. Özüm özümü danladım, topladım. Birinci dəfə yeri silməyə gedəndə çox utandım. Bu işi edə bilməyəcəyimdən çəkindim. Sonra özüm özümlə söhbət edib toparlanmışam və yenidən işimə davam etmişəm. Bəziləri üçün bu, gülməli bir şey ola bilər. Amma bu, yaşadığım reallıqdır. Fikrimi toplayıb işimə davam etdim. Sonra özümü tərbiyələndirmişəm ki, bu işdir, sən işləməlisən, vəziyyətdən çıxmalısan, halal pul qazanmaq ayıb deyil. Ehtiyaclarını ödəmək məcburiyyətindəsən. Bundan sonra gördüyüm işi özüm özümə ayıb bilməmişəm”.
Keçmişimə minnətdaram...
Sərxan deyir ki, 17-18 yaşında arzuladıqlarını həyat ona indi verir: "Nə yalan deyim, mən də istəmişəm gəzim, əylənim. Amma həyat tədricən indi istədiklərimi mənə nəsib edir. Mən oteldə təmizləyici işləyəndə tanıdığım yaşıdlarım, sinif yoldaşlarım işlədiyim yerdə əylənib, xoş vaxt keçiriblər. Çox istəmişəm ki, mən də nə vaxtsa belə bir yerə sırf istirahət etmək məqsədi ilə gedim və buna da nail olmuşam”.

Müsahibimiz düşünür ki, yer silsən belə, yenə də ən yaxşısını etməyə çalışmalısan: "Çox adam bəzi işlərdə işləməyi özünə sığışdırmır. Halal çörək qazanmaq ayıb deyil ki... Ehtiyacı olan insanlar olub, mən iş təklif etmişəm, bəyənməyiblər, işləməyiblər. Mənə həyatda heç kim təkan verməyib. Bir tikə çörək qazanmaq ailəmin yükünü daşımaq üçün sevə-sevə iş tapıb işləmişəm. Düzdür, universitet arzuma çatmadım. Bu xəyal olaraq qaldı. Amma anlayıram ki, insanın uğur qazanmasının əsas şərti zəhmətkeş olmaqdır. Mən bugünkü həyatıma görə keçmişimə minnətdaram. Bu yerə gəlmək üçün yuxusuz qalmışam, çox əziyyət çəkmişəm, əzmkar olmuşam . Heç vaxt geri dönüb baxmamışam. Çünki insan geriyə baxanda önünü görmür. Tək məqsədim irəli getməkdir”.
"Bir saniyənin içində insanın həyatı dəyişə bilər”
Sonda həyatından narazı gənclərə məsləhət verən həmsöhbətimiz vurğuladı ki, həyatda insanın mübarizə aparması, öz istədiklərinə özü nail olması çox gözəl hissdir: "İnsan nə qədər çətin vəziyyətdə olsa da, heç vaxt təslim olmamalıdır. Həmişə irəli getməlidir. Həyatdır, bir saniyənin içində dəyişə bilər. Bu, mənim həyatımda baş verdiyi üçün buna inanıram. Gənclər irəli getmək üçün çalışsınlar. Çox şəxslər tanıyıram ki, "iş yoxdur”, "işləyə bilmirəm”, "konturum yoxdur”, " pulum yoxdur” kimi fikirlərlə beyinlərini doldurur, amma olduqları vəziyyətdə də qalırlar. Çalışmaq lazımdır ki pul qazanıb istədiklərini ala biləsən. Hər şey çox çalışmağın altında gizlənib. Əsas odur halal pul qazanırsan. İşin ayıbı olmur. Qarşına məqsəd qoyub, onun ardınca getməlisən”.

Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər