• cümə axşamı, 28 mart, 18:28
  • Baku Bakı 13°C

İnqilabi romantizmin sonu

19.07.19 20:39 21218
İnqilabi romantizmin sonu
Ermənistanda mövcud hakimiyyətə qarşı bölgələrdə etirazlar pik həddə çatır. Aksiyalar və kütləvi etirazlar, yolların bağlanması artıq Paşinyan hakimiyyəti üçün normaya çevrilib. İcevanda baş verən toqquşmanı isə pik nöqtə saymaq olar. Burda polislə qarşıdurma, kütləvi həbslər Paşinyanın bir illik hakimiyyəti dövründə ən ciddi qarşıdurma hesab edilir.
"1in.am” saytı yazır ki, ilk növbədə inqilabdan sonra yaşanan ən ciddi böyük qarşıdurmanın səbəbləri tapılmalıdır: "Ölkənin xaotik hallardan uzaq durması üçün hadisələrin nədən baş verdiyi araşdırılmalıdır”. Nəşr yazır ki, ilk baxışdan, insidenti törədən vətəndaşlara qarşı sərt qərarlar zəruridir. Burada söhbət yaxşı təşkil olunan "odun mafiyası”ndan gedir. Müəllif yazır ki, ətraf sakinlərin yeganə qazanc yeri məhz meşələrdəki odunları satıb dolanmaq olub. Lakin məsələ ondadır ki, aksiyada yüzlərlə insan iştirak edir, bu da minimum ona işarədir ki, Ermənistanda idarəçilik effekti minimal həddədir, hökumət isə reallıqdan qaçır. "İcevanda baş verən dramatik hadisələr inqilab komandasında böhranın ciddi indikatorudur. Özü də ən maraqlısı odur ki, Paşinyana simvolik zərbə məhz doğulduğu ərazidən vurulur. Paşinyan ötən gün "Azadlıq” radiosunun efirində hər vəchlə öz komandasını təmizə çıxarmağa və bütün problemlərin komandasında olmadığını iddia etməyə çalışdı”, - deyə nəşr yazır. Maraqlı olan həm də odur ki, İcevanda polislərə hücum "Sasna Çrer” qruplaşmasının polis alayına hücumunun üçüncü ildönümü günü baş verib. Bu həm də hücum edənləri əfv edən Nikol Paşinyana bir cavabdır. Beləliklə, inqilabın romantizm mərhələsi başa çatıb və insanlar artıq Paşinyanın və onun komandasının gözəl şüarlarına inanmırlar. Əgər nəticələr çıxarılmazsa, onda idarə olunan kütləvi etirazlardan yaxın günlərdə qaçmaq mümkün olmayacaq. Özü də ən böyük miqyaslarda.
Başqa bir erməni saytı - "Aysor.am” yazır ki, yolların bağlanması Nikol Paşinyanın "məxməri inqilab”ının irsidir: "O da hakimiyyətə məhz yolların bağlanması və dövlətin paralic edilməsi yolu ilə gəlib. Hakimiyyətə təzyiq etmək metodunu əsas qayda kimi götürən əhali artıq bir ildir ki, öz hüquqlarının tələbi ilə magistral yolları bağlayır. Seçimləri də azdır - Ermənistanı ətraf aləmlə bağlayan yeganə arteriya Gürcüstana gedən avtomobil və dəmir yolu xəttidir.
"İcevanda biz sosial üsyanın şahidi olduq”. Bu sözləri "news.am”ın əməkdaşı ilə söhbətində "Əriklər ölkəsi” partiyasının sədri Zaruhi Postancyan bildirib. Onun sözlərinə görə, kütləvi qarşıdurma və etirazlar hakimiyyətin verdiyi vədləri yerinə yetirməməsi səbəbindən baş verib. "Bundan əlavə, ölkədə ciddi reqress qeydə alınıb. Belə bir vəziyyətdə sosial partlayış qaçılmaz idi. Əsas və gündəlik tələbat məhsulları bahalaşır, yeni iş yerləri mövcud deyil, ölkədən kapital axını artır, iri investisiyalar yoxdur”, - deyən partiya sədri əlavə edib ki, bunlar ölkə üçün həm də geosiyasi nəticələr baxımından ciddi problemdir. Z.Postancyan bildirib ki, əgər əvvəl hakimiyyətin təzyiqi siyasi opponentlərə qarşı idisə, indi artıq öz xalqna qarşı çevrilib: "Bütün günahkarları məsuliyyətə cəlb etmək gərəkdir. Bu, Robert Koçaryan və Serj Sarkisyana, eləcə də Levon Ter-Petrosyana aiddir. Hakimiyyətin ən böyük səhvi o oldu ki, qanunla insanları mühakimə etmədi. Nikol Paşinyan Koçaryanın siyasi cəhətdən təqib olunan şəxsə çevrilməsi üçün əlindən gələni etdi”. O, aydınlıq gətirib ki, sosial üsyanın qarşısını almaq üçün səslənn bəyanata baxmayaraq, hakimiyyətin uğur əldə etmək üçün resursları yoxdur.
"İcevanda baş verən hadisələr hakimiyyətin institusionallaşmasının məntiqi nəticəsidir”. Bu sözləri isə Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İsgəndəryan bildirib. Onun sözlərinə görə, insident, sözsüz ki, hakimiyyətin reytinqinin aşağı düşməsinə gətirib çıxaracaq. "Lakin hadisələrə daha geniş kontekstdə baxmaq gərəkdir. İnqilabdan sonrakı dövrdə inqilabın harada baş verməsindən asılı olmayaraq tipik hallar baş verir. İlk növbədə bu, elit təbəqənin qəfil dəyişimindən yaşanır. Və bu proses evolyusiya ilə deyil, inqilabi yolla baş verir. Bu da hakimiyyətin institusionallaşması dərəcəsinin aşağı düşməsinə gətirib çıxarır. Hakimiyyətin repressiv addımlara legitim monopoliyası imkanları azalır. Nəticədə polis, digər dövlət institutları əhalinin gözündə daha az legitim qurumlara çevrilir. Sadəcə ona görə ki, bir qədər əvvəl əhali bütün ölkə səviyyəsində siyasi dəyişikliklərin şahidinə çevrilib. İnqilab gec-tez dayanır və onun ardınca da hakimiyyətin institusionallaşması artıq yeni şəraitdə ortaya çıxır. Biz bütün bunları həyatın ən müxtəlif sahələrində, məsələn, İcevandakı kimi üzə çıxmasında görürük”. Poitoloq əlavə edib ki, "İcevanda baş verən hadisələri ümumi vəziyyətin büruzəsi kimi nəzərdən keçirmək gərəkdir. Yəni, yolları bağlamaq legitimdir, etirazları dağıtmaq isə qeyri-legitim. Belə hallar hakimiyyətin institusionallaşması başa çatana qədər davam edə bilər”, - deyə fikrini tamamlayıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər