AZE | RUS | ENG |


“İnqilab”dan “Azərbaycan”a doğru

“İnqilab”dan  “Azərbaycan”a doğru
Qəzet və jurnalların da uğurlu və uğursuz taleyi olur

Mənə elə gəlir ki, qəzetlərin, jurnalların da taleyi insanların taleyi kimidir. Kimisi uğurlu, kimisi uğursuz. Bəlkə də kimlərsə mənim bu fikrimlə razılaşmaz. Amma bu, doğrudan da belədir.  Qarşımda Sovet dövründə fəaliyyət göstərən olan "Maarif və mədəniyyət”, "İnqilab və mədəniyyət”, "Hücum” jurnallarının bir necə sayı var. Onların əksər saylarını sakit vərəqləmək mümkün olsa da, sakit oxumaq qeyri-mümkündür.   Dövrün siyasi-ədəbi ab-havası, (əslində hikkəsi), "prokuror iddiası”nı xatırladan, oktyabrın kiçik qardaşı aprel inqilabının "gözəllik”lərini vəsf edən saysız-hesabsız məqalələr, çıxışlar...
 
Tədqiqatçı alim Rasim Tağıyev yazır: "Azərbaycan Xalq Maarif Komissarlığı 1922-ci ilin oktyabr ayının 14-də olan iclasda respublikada maarif işçilərinə, müəllimlərə kömək etmək, ədəbiyyatın, elmin, incəsənətin inkişafına yardım göstərmək məqsəd ilə "Maarif” adlı aylıq jurnalın nəşr olunacağını qərara aldı”.
 
Amma arxiv sənədlərindən və dövrü mətbuat da çap olunan materiallarından belə aydın olur ki, materiallar vaxtında toplanmadığı və mətbəə təşkili işi yubandığı üçün jurnal həmin il çıxmır. Jurnal ədəbi qanunlarla deyil, siyasi göstərişlər, mülahizələr əsasında işləyən ədəbi mühitimizə "Maarif və mədəniyyət” adı ilə 1923-cü ilin 28 yanvarında gəldi. Gəlişinə sevinən Mustafa Quliyev yazırdı: "Ümid edirik ki, bu məcmuə ümumazərbaycan ədib və mühərrirlərinin fikri ittihadına, ədəbiyyatımızın tədqiq və intişarına yardım edəcəkdir”. Təəssüflər ki, publisist yanıldı. "Ədəbi mühakimələrin” ocağına çevrilən jurnal, Azərbaycanın düşünən beyinlərinin qəniminə çevrildi.
 
"Sosializm, kommunizm quruculuğu ilə bağlı olan, Lenin ideyalarını təbliğ edən jurnal 1923-1927-ci illərdə "Maarif və mədəniyyət”, 1928-ci ilin yanvarından 1936-cı ilin martınadək "İnqilab və mədəniyyət”, 1936-cı ilin iyunundan 1941-ci ilin mayınadək "Revolyusiya və kultura”, 1941-ci ilin iyunundan 1946-cı aprelinədək "Vətən uğrunda”, 1946-cı ilin mayından  1952-ci ilin dekabrınadək yenə də "İnqilab və mədəniyyət” adı ilə nəşr edilmiş, 1953-cü ildən isə "Azərbaycan” adı ilə nəşr olunur”.

Ad dəyişir, məzmun isə qalır. 1928-ci ilin yanvarından jurnal Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin orqanı kimi "İnqilab və mədəniyyət” adı ilə fəaliyyətini davam etdirir. "Bizim üsulumuz Marksın dialektik materializmi, yolumuz dünya inqilabı, bayrağımız Lenin, son məqsədimiz kommunizimdir”   deyən proletar yazarlarımız, Azərbaycanda hər şeyə inqilab yolu ilə nail olmağı qarşısına məqsəd qoydular.            
 
"Azərbaycan Sovet Yazıçılar İttifaqını hər cür əksinqilabi millətçi, müsavatçı, tör-töküntüdən təmizləyəlim!” hökmü ilə 1936-ci ilin martında "Revolyusiya və kultura” adı altında fəaliyyətini davam etdirən jurnal sosializm işinə sadiq olmayan "xalq düşməni” axtarışına çıxaraq pantürkist, müsavatçı "agentlər” aşkarlamağa nail oldu. Bu ədəbi mühakimə rolunu oynayan yazıları bolşevik diktaturasının ədəbiyyata, mətbuata, ədəbi mühitə münasibətinin qabarıq təzahürü kimi qiymətləndirmək olar. Sosializmin nailiyyətlərini "görməyən” H.Cavid, Ə.Cavad, S.Mümtaz, H.Sanılı, M.Müşfiq, Ə.Yusif və onlarla, yüzlərlə vətənpərvər, millətsevər yazarlarımızı jurnalın bolşevik yazarları hədəfə aldı.        
 
Tədqiqatçıların yazdığına görə, 1936-37-ci illərdə "Revolyusiya və kultura” jurnalının çox az sayları çap edilib. R.Tağıyev yazır: "1937-ci ildə jurnalın cəmi üç nömrəsi nəşr olunub”. Amma bu az saylar sayı-hesabı bilinməyən nurlu zəkalarımızı söndürməyə, ocaqları qaraltmağa, ömürləri qırmağa yol açdı. Proletar üslubunun yeganə yaradıcılıq üslubu olaraq işlədilməsini tələb edən jurnal, elə öz yazarları arasında sinfi düşmən axtarışına çıxdı. "Sənət öz yollarını özü yaratmalıdır. Marksizm metodları sənətin metodları deyil” deyənlərə qənim kəsilənlər zorən yeni "sənət” axtarışına çıxdılar. Bunun təbliğinə "İnqilab və mədəniyyət” öz səhifələrində inqilab yolu ilə başladı. Zorən yaranan, siyasi amillərdən irəli gələn faktorlar bu "sənəti” əsl sənətə çevrə bilmədi. İnqilaba xidmətə sövq edilən "sənət” nəticədə təkcə ədəbiyyatımızı, mətbuatımızı, mədəniyyətimizi deyil, Azərbaycanımızı proletarlaşdırmaq uğrunda amansız, şiddətli, rəhimsiz bir mübarizəyə, mücadiləyə yönəldi. Diktaturanın yaratdığı xof, qorxu, təhdid, təzyiq jurnalın məğzinə hopdu. Jurnalın yazarları "yeni nəsr”, "yeni təfəkkür” uğrunda qələmi köklədilər.
 
Azərbaycan SSRİ-nin tərkibinə daxil olduqdan sonra milli mətbuat ənənələrini əvvəlki kimi davam etdirmək mümkün olmasa da, bununla belə, 70-80-ci illərdə respublikamızda onlarla qəzet və jurnallar çap olunurdu ki, onların özünəməxsus üslubu və mövzu istiqaməti formalaşdı. Onlar sovet dönəmindən çıxan, bu gün də mətbuat bolluğunda öz populyarlıqlarını, nüfuzlarını qoruyub saxlamağa çalışmış və qismən buna nail olmuşlar. 1960-70-ci illərdə həmin nəşrlər qismən öz ideya-siyasi xəttində müəyyən dəyişikliklər etmiş, sovet rejimi və kommunist ideologiyasının buxovlarından azad olmağa can atmış, 1990-cı ildən sonra isə müstəqil Azərbaycanın azad mətbuatı sıralarında layiqli yerini tutmuşlar. Onlardan biri də 1953-cü ilin yanvarından "Azərbaycan” adı ilə çıxmağa başlayan ədəbi-bədii orqandır. Sözsüz ki, "Azərbaycan” jurnalının tarixi Azərbaycan Sovet ədəbiyyatının, Sovet jurnalistikasının tarixidir və onun bir parçasını özündə əks etdirir. Bu tarix yaxşı da olsa, pis də olsa onu özümüz yazmışıq. Amma nə yaxşı ki, "Azərbaycan” bu gün müstəqil, azad Azərbaycanın adına layiq bir mətbuat orqanıdır.
 
Doğrudur, "Azərbaycan” məzmununda birdən-birə "inqilab” edib yeniliyə nail ola bilmədi. Yenə də bir müddət "sosializm quruculuğunun ölkəmizdə tərəqqisi və yüksəlişinə” xidmət etdi. Amma tədricən Azərbaycanın adına layiq olmağa can atdı və buna nail də oldu.
 
1956-cı ildən sonra  xeyli dərəcədə genişlənən jurnal publisistikası 1960-80-cı illərdə geniş vüsət aldı. 1960-80-ci illərdə jurnalistikanın, ədəbiyyatın milli oyanışında, yeni nəslin formalaşmasına səbəb olan  jurnal, 1980-cı illərdə "Azərbaycan milli ideologiyasının, mətbuat tarixinin az öyrənilən sahələrinin araşdırılması yolunda da ilk addımlarını atdı. Əksər tədqiqatçılar keçid dövrünün istənilən sahəsini öyrənmək üçün mənbə kimi məhz bu orqana istinad etməyi məsləhət görür.
Hörmətli oxucum! Yəqin indi mənimlə razılaşarsan ki, qəzet və jurnalların da insanlar kimi uğurlu və uğursuz taleyi olur!
          
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001