• çərşənbə axşamı, 19 mart, 10:23
  • Baku Bakı 8°C

İnnovativ inkişaf siyasətin əsas istiqaməti kimi

21.05.20 16:18 5202
İnnovativ inkişaf siyasətin əsas istiqaməti kimi
Və ya sosial sahədəki islahatların təzahürü olan DOST

Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. Son illərdə icra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Bu baxımdan Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST Agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.

Qeyd edək ki, 2019-2025-ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Onlardan 5-i Bakıda, 26-sı regionlarda olacaq. Ümumilikdə, DOST mərkəzlərində "bir pəncərə” prinsipi ilə 2,8 milyon insana 132 xidmət göstəriləcək. Ötən il istifadəyə verilən 1 və 2 saylı Bakı DOST mərkəzlərində indiyədək 100 mindən çox şəxsə xidmət göstərilib, vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 96 faiz təşkil edib. "Könüllü DOST” proqramı üzrə artıq 300-dən çox könüllü, o cümlədən 22 yaşlı şəxs bu mərkəzlərə cəlb edilib.
Mayın 19-da isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ƏƏSMN-in tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər. Yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibə verən Prezident İlham Əliyev ölkəmizin bu sahədə də liderlik göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür. Onun sözlərinə görə, burada göstərilən xidmətlər sosial təminat sahəsində böyük bir yenilikdir və artıq bir neçə ölkə bu təcrübə ilə bağlı Azərbaycana müraciət edib. Prezident deyib ki, Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır: "Bu mərkəzlərin fəaliyyəti insanlara rahatlıq verəcək. Şəffaflıq istiqamətində önəmli addım, artıq özünü doğruldub. Eyni zamanda, burada tətbiq olunan innovasiyalar bizim gələcəyə baxışımızla tam uzlaşır. Çünki innovativ inkişaf bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə, DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması da nəzərdə tutulur”.


Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə mövzu ilə bağlı bildirib ki, ölkəmizin hüdudlarından kənarda Azərbaycan brendi kimi tanınan və öyrənilən "ASAN Xidmət”dən sonra Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan "DOST” adlanan daha bir innovativ xidmət növü vətəndaşların əsl dost ünvanına çevrilib. Onun fikrincə, keyfiyyət və şəffaflıq prinsipləri əsasında vətəndaşlara xidmətlər təqdim edən, onların inamını və rəğbətini qazanan DOST mərkəzləri qısa müddət ərzində Azərbaycanın yeni brendi olmağı bacarıb. Deputat qeyd edib ki, dövlət başçısı İlham Əliyevin sistemli şəkildə həyata keçirdiyi sosial siyasətin, Azərbaycan vətəndaşının firavan yaşayışını və vətəndaş məmnunluğunun təmin edilməsinin davamı olan 3 saylı DOST mərkəzinin istifadəyə verilməsi, əhaliyə, xüsusilə sosial cəhətdən həssas qruplara dövlət sosial xidmətlərinin "bir pəncərə”dən operativ və şəffaf çatdırılmasına töhfədir: "Vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edilən 3 saylı DOST mərkəzinin paytaxtın Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinin ixtiyarına verilməsi dövlət orqanının xidmətlərindən istifadəni daha əlçatan etməklə yanaşı, vətəndaş-məmur münasibətlərində birbaşa təması minimuma endirəcək. Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü "bizim siyasətimizin əsasında Azərbaycan vətəndaşının rifahı dayanır” prinsipi əsasında fəaliyyət göstərən, minlərlə vətəndaşın əsl dostu ünvanına çevrilməyi bacaran DOST mərkəzləri sosial xidmət funksiyaları ilə qısa müddət ərzində qazandığı nüfuzu daha da artacaq, Azərbaycan brendi kimi dünyada tətbiq olunacaq”.


Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva da hesab edir ki, növbəti DOST mərkəzinin istifadəyə verilməsi ölkəmizdə sosial sahədə aparılan islahatların təzahürüdür. Deputat bildirib ki, bu gün məlum səbəblərdən dünyada az qala iqtisadiyyatların çökdüyü, bütün layihələrin icrasının dayandırıldığı bir vaxtda, Azərbaycanda növbəti DOST mərkəzinin açılması və yeni iş yerlərinin yaradılması böyük hadisədir. Onun sözlərinə görə, bu, həm də ölkəmizin gücünün, Prezidentimizin iradəsinin və qətiyyətinin göstəricisidir: "Mərkəzdə 130 nəfərdən çox işçi və "Könüllü DOST” proqramı üzrə 50 könüllü çalışacaq. Mərkəz gün ərzində 500, il ərzində isə ümumilikdə, 150 mindən artıq vətəndaş qəbul edə biləcək. Bunlar vətəndaş məmnunluğunun təmin edilməsi üçün görülən böyük işlərdir. Dövlət başçısının da dediyi kimi, bu, çox gözəl sosial təşəbbüsdür. Azərbaycan bu sahədə də liderlik göstərir. DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər