• cümə, 29 Mart, 13:02
  • Baku Bakı 14°C

İnna Kostinanın “Təsadüf” adlı fərdi sərgisi keçiriləcək

14.04.17 12:15 1556
İnna Kostinanın “Təsadüf” adlı fərdi sərgisi keçiriləcək
14 aprel – 2 may tarixlərində Azərbaycan Xalça Muzeyində Azərbaycanın əməkdar rəssamı İnna Kostinanın "Təsadüf” adlı fərdi sərgisi keçiriləcək. Sərgidə 48 ədəd batika nümunəsi təqdim olunacaq. Bu əsərlər rəssamın isti və soyuq batika texnikaları ilə yaratdığı "Simurq” və "Təsadüf” silsilələrindən olan rəsm nümunələridir.
Qeyd edək ki, İnna Kostina 90-cı illərin sonu – 2000-ci illərin ortalarınadək batika texnikası ilə "Simurq” mövzusunda silsilə əsərlər yaradıb. Simurq quşu fantastik quş olmaqla, türkdilli xalqların mifologiyasında çox məşhur bir varlıq idi. "Simurq” silsiləsi Azərbaycanın orta əsrlər miniatür sənətini və qotik kilsələrin monumental şəbəkələrini xatırladır. Bu "Səmavi” sənətdir. 2016-cı ilin oktyabr ayında isə rəssamın "İstidir, qaqaş” adlı sərgisi keçirilib. İ.Kostina yaratdığı silsilə əsərlərində gündəlik həyatın reallıqlarını qrotesk formada əks etdirir. Bu silsilədən olan rəsmlərdə qadın və kişi obrazları öz dolğun həyatlarını yaşayırlar. Ancaq bu həyat cismani varlığın yeknəsəq ritmlərinin alatoranlığında keçir. Bu iki layihədən sonra Kostinanın yaradıcılığında növbəti çevriliş baş verib. Rəssam iki silsilədən olan elementləri birləşdirərək, "Təsadüf” adlı yeni batik silsiləsi yaradıb. Burada mifoloji Simurq quşu yerə enərək, gündəlik həyatın sevimli və cazibədar qəhrəmanları bizim müasirlərimizin yaşadığı torpağa öz mistik enerjisini ötürür. Bu silsilədə Mif və Reallıq varlığın vahid axınında qovuşurlar.
banner

Oxşar Xəbərlər