• cümə, 19 Aprel, 03:38
  • Baku Bakı 18°C

Çinli turistləri itiririk

05.02.20 18:29 2902
Çinli turistləri itiririk
Mütəxəssislər digər Asiya ölkələri ilə əlaqələri genişləndirməyi təklif edirlər

Son vaxtlar bütün dünyada müzakirələrə səbəb olan mövzulardan birincisi Çində yayılan koronavirusdur. Virus ölkənin bütün sferalarına ciddi təsir göstərib. Xüsusilə də ölkənin iqtisadi həyatını geriləməyə doğru aparır. Artıq bütün turizm obyektləri bağlanıb. O cümlədən Böyük Çin səddi, Pekindəki imperator sarayı, Şanxaydakı əyləncə mərkəzlərinin fəaliyyəti qeyri-müəyyən vaxta qədər dayandırılıb. Çin hökuməti koronavirusun qarşısını almaq üçün yanvarın 24-dən daxili, 27-dən isə xarici turizm səfərlərini məhdudlaşdırıb.
Məlumat üçün bildirək ki, yalnız 2019-cu il ərzində 170 milyon Çin vətəndaşı xaricə səyahət edib. Çinli turistlər həm saylarına, həm də xərclədikləri məbləğə görə dünyanın əsas turistləri sayılırlar. Hər ay Çindən Azərbaycana 2000 turist gəlir. Çində yayılan koronavirusa görə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinə Çinə apardıqları turistləri məlumatlandırmaq tapşırılıb. Məlum olduğu kimi ölkələrin əksəriyyəti Çinlə olan turizm əlaqələrini bir müddətlik dayandırıb. Belə ki, hava reyslərinin bir çoxu ləğv edilib.

Görünən odur ki, virus sadəcə Çinin deyil, ümumiyyətlə, Çinlə əlaqəsi olan digər ölkələrin də turizm sektoruna ciddi təsir edəcək. Maraqlıdır, bu hadisə bizim turizm bazarına necə təsir edəcək, itirilən turist sayını necə tənzimləmək olar?

Turizm üzrə ekspert Müzəffər Ağakərimov qeyd edir ki, virusun geniş şəkildə yayılması həm gəlmə, həm də getmə turizmə mənfi təsir göstərəcək: "Son günlər Çinə gedənlərin də, Çindən gələnlərin də sayında ciddi azalma müşahidə edilir. Əlbəttə, ilk növbədə sağlamlığa önəm vermək lazımdır. Bunun üçün profilaktik tədbirlər görülməlidir. Hazırda Çinə getmək əvəzinə, digər ölkələrə səfər etmək daha məqsədəuyğundur. Eyni zamanda, çalışmaq lazımdır ki, xüsusilə xəstəliyin daha geniş yayıldığı ərazilərdən gələn turistlərə məhdudiyyətlər qoyulsun. Turizmin inkişafına mənfi təsir göstərən bir sıra hallar var. Bunlara zəlzələ, təbii fəlakətlər daxildir. Elə bu xəstəliyin yayılması da fors-major hallardandır. Bu, sadəcə bir ölkəyə yox, ümumiyyətlə dünya turizminə mənfi təsir edir. Turizm şirkətləri məsələyə xüsusi həssaslıqla yanaşmalıdırlar. Ola bilər ki, vətəndaşın xəbəri olmasın, amma Çinə getmək istəyən şəxsi turizm şirkəti məsələdən xəbərdar etməlidir”.

"Luna Travel” turizm agentliyinin direktoru Rəhman Quliyevin sözlərinə görə, Çindən gələn turistlərin sayında kəskin azalma var: "Artıq bir aya yaxındır ki, dünya mətbuatı Çindəki virusdan yazır. Qaçılmaz haldır ki, bu hadisə turizmə təsir göstərəcək. Təəssüf ki, hazırda virus epidemiyasının nə zaman aradan qaldırılacağı ilə bağlı bir məlumat verilmir. Bu da istənilən halda insanları uzun müddətli olaraq Çinlə bağlı plan qurmamağa sövq edir. Çünki hər kəs ilk olaraq sağlamlığını düşünməlidir. Ola bilər ki, kimsə işi, biznesi, təhsili üçün Çinə getməyi planlayırdı, amma indiki halda belə bir addım atmaq düzgün deyil. Bütün gedişlər və gəlişlər ləğv edilməlidir. Düzdür, Çinin ölkəmizdəki turizm bazarını itiririk, amma sağlamlıq hər şeydən vacibdir. Mən məsləhət görərdim ki, yeni bazarlara qucaq açmağa hələ tələsməyək. Çünki bu xəstəliyin hansı ölkələrdə konkret yayıldığı bəlli deyil. Yaxşı olar ki, virusun yayıldığı coğrafiyanı araşdırıb tam müəyyən etdikdən sonra başqa ölkələrdən turist cəlb etməyə başlayaq. İnanın, elə ölkələr var ki, orada hansısa virusun yayılmasını gizlədirlər. Çünki bilirlər ki, bu onların iqtisadiyyatına ciddi zərbə vura bilər. Ona görə bu məsələdə diqqətli olmaq lazımdır. Düşünürəm ki, alternativ turizm bazarı axtarmaq əvəzinə, bir az səbrli olub virusun aradan qalxmağını gözləyək”.

"New Era” turizm şirkətinin rəhbəri Elçin Rüstəmov bildirir ki, digər Asiya ölkələri ilə əlaqələri genişləndirmək olar: "Tək bizim ölkə ilə deyil, bir çox ölkə ilə birbaşa uçuşlar dayandırılıb. Türkiyədə uçuşlar fevral ayının 9-dək dayandırılmışdı, amma ayına sonuna qədər uzadıldı. Eynilə bizdə də reyslər dayandırılıb və nə zaman açılacağı da bəlli deyil. Virusun təhlükəlilik dərəcəsi çoxdur. Ona görə iqtisadi olaraq nə qədər ziyan olsa da, uçuşların dayandırılması doğru qərardır. Hətta mən təklif edərdim ki, Çinlə olan istənilən nəqliyyat əlaqəsi tamamilə dayandırılsın. Açığı, məncə, ölkəmizdə çinli turizm bazarı elə də yüksək deyildi. Yəni düşünmürəm ki, baş vermiş hadisə bizim turizm bazarının inkişafına ciddi zərbə vursun. Hazırda Asiyanın digər ölkələri ilə əlaqələrimiz daha genişdir. Məsələn, Pakistan, Hindistandan gələn turistlərin sayı daha çoxdur, nəinki Çindən gələnlərin. Adlarını qeyd etdiyim turizm bazarlarını da alternativ kimi böyütmək olar”.

Günel Azadə
banner

Oxşar Xəbərlər