Çinlə ABŞ arasındakı münasibətlər “texnoloji müharibə” mərhələsində
Bu
günlərdə texnologiya dünyasında ciddi qalmaqal yaşanmaqdadır. Belə ki, ABŞ
Çinin "Huawei” şirkətini, telefonlardakı
proqram təminatında yerləşdirdiyi xüsusi kodlar vasitəsilə məlumatları
oğurlamaqda və Çin hökumətinə ötürməkdə günahlandırır. Bu isə şirkətin dünya
üzrə istifadəçiləri arasında ciddi ajiotaja səbəb olub. May ayının ortalarında
ABŞ-ın ticarət naziri "Huawei” şirkətini Çin şirkətləri üçün Amerika
istehsalçılarının texnologiyalarına yolunu bağlayan "qara siyahı”ya salıb.
"Huawei”, eyni zamanda, müvafiq lisenziyası olmadan Amerika biznesi ilə iş görməyi
qadağan edən siyahıdadır.
Bir qədər
öncə Amerikanın "Google” şirkəti "Huawei”ə texniki dəstək verməyi və xidmət
göstərməyi dayandırmaq qərarına gəlib. Çinin İKT nəhəngi bundan sonra "Android”
proqram təminatından və "Google” şirkətinin tərəfdaşlarına göstərdiyi müxtəlif
xidmətlərdən istifadə edə bilməyəcək.
Bəs
görəsən ABŞ-ın ittihamları nə qədər əsaslıdır? Bu qadağalardan sonra istifadəçiləri
nə gözləyir? Məsələ ilə bağlı ekspertlərin rəyini öyrəndik.
Azərbaycan İnternet
Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz açıqlamasında bildirdi ki, uzun
illərdir ki, sözügedən şirkətin Çin hökuməti ilə iş birliyində olduğu
bildirilirdi: "Huawei” şirkətinin milyardlarla marketinq siyasəti və ucuz
məhsul satmasının da məhz hökumətin dəstəyilə baş tutduğu bildirilirdi.Şirkət
isə bunu təkzib edirdi. Belə görünür ki, ABŞ hökuməti artıq bunu isbat edib. Bu
məsələ əslində 5G reallaşanda gündəmə gəldi. Yəni məlumat oğurluğu məsələsi
zaman-zaman digər qlobal şirkətlərdə (FB, Apple, Google və s.) də olub. Amma 5G
gündəmə gələndən sonra məlum oldu ki, belə davam edərsə, "Huawei” öz avadanlıq
və proqramları, hədsiz böyük məlumat ötürmə sürəti ilə bütün əşyaları
inteqrasiya edə biləcək, bir sözlə 2-ci bir real dünyamıza nəzarət
edəcək.Odur ki, ABŞ təhlükəsizlik baxımından buna imkan verə bilməzdi. Güman
olunur ki, bundan sonra "Huawei”in qlobal dünyada hökmranlığına son qoyulacaq
və hansısa cərimələr və qadağalarla aşağı sırada olan bir şirkətə çevriləcək. "Azərbaycan
üçün təhlükə varmı” sualına gəlincə isə deyə bilərəm ki, bəli, təhlükə var.
Bizdə dövlət sektorunda "Huawei”in xüsusi çəkisi yetərincədir. Ucuz olduğu üçün
bəzi dövlət qurumları bu şirkətin sistemlərinə üstünlük verib. Bildiyim qədər "BakTelecom”un
(BTRİB) 80 faizi, "Aztelekom”un 70 faizi, hətta bəzi dövlət qurumlarının Data
Mərkəzləri tamamilə "Huawei” məhsulları üzərində oturub. Sanksiyalar hələlik "Huawei”
telefonlarla bağlıdır. Əgər sabah ABŞ sanksiyaları şirkətin bütün
avadanlıqlarına və proqramlarına şamil olunarsa, nə baş verəcəyini təsəvvür
etmək çox çətindir. Azərbaycan informasiya sahəsində çox ciddi təhdidlərlə
üzləşə bilər. Vaxtilə NRYTN yeni qurduğu Data Mərkəz də az qala "Huawei”
nəzarətinə keçirdi. Son anda "BestComp” şirkətinin çevik siyasəti ilə bu məsələ
sovuşub. Düşünürəm ki, bu hadisədən
sonra XDMX bütün dövlət İT sektorunu monitorinq və audit etməlidir. Bildiyim
qədəri ilə bizdə "Huawei” ilə daha çox əməkdaşlıq edən "Eurodesign” və "Ultra” şirkətləri
olub.Sanksiyalarla əlaqəli gözlənilən təhlükələrdən yayınmaq üçün hökumət
təcili B planı hazırlamalıdır. "Huawei”
şirkətinə qarşı ehtiyatlı olmağı tövsiyə edən İT mütəxəssisləri və şirkət
rəhbərlərini buradan alqışlayıram.Hökumətə də çağırış edirəm ki, onlara
dəyər versin və qorusun. Bu problem uzun zamandır ki, yalnız "Huawei” ilə
əlaqəli olub. Çinin çoxsaylı digər şirkətlərinin hökumətə məlumat ötürməsi ilə
bağlı hər hansı bir açıqlamalar olmayıb”.
Technote.az saytının təsisçisi Fərid Pərdəşünasbildirdi ki, yekun olaraq qəbul olunmuş qərar indi aktiv olan "Huawei”
cihazlarına şamil olunmur. Mövcud cihazlar "Google” servislərindən istifadə
edəcək və tətbiqlərini rahatlıqla yeniləyə biləcəklər. Lakin "Huawei”in bazara
təqdim edəcəyi yeni cihazların əməliyyat sistemi hələ də sual altındadır və
şirkət bununla bağlı qısa zamanda qərar qəbul etməlidir: "Bildiyimiz kimi, son
2 gündə texnologiya dünyası Amerika və Çin, şirkətlər tərəfində isə"Google”
və"Huawei”münasibətləri ilə silkələndi. Hər şey 16 mayda Donald
Trumpın ABŞ şirkətlərinin "Huawei” cihazlarından istifadəsinə
qadağa qoyması ilə başladı. Vəziyyət belə olunca, texnologiya dünyasını
sarsıdan qərar 4 gün sonra "Google” tərəfindəngəldi. "Google” "Huawei”
şirkətinə əməliyyat sistemi tərəfdən dəstək verməyəcəyini bildirdi və əməkdaşlığı
dayandırdı. Bu açıqlamadan sonra qlobal smartfon bazarının 20 faizinə sahib
olan "Huawei” istifadəçiləri smartfonlarında "Android”in dəstəyinin dayanacağından
qorxmağa başladılar."Google” şirkəti gələn sorğulara cavab olaraq Tvitter” səhifəsindən qoyulan qadağanın məhz
yeni "Huawei” cihazlarına şamil olunacağını bildirdi. Yəni əgər siz "Huawei”
smartfonu istifadəçisinizsə, smartfonunuzda "Google”un təqdim etdiyi
servislərin hər birindən istifadə edə biləcəksiniz və tətbiqləri yeniləmək
mümkün olacaq. Ardınca Cihazlarda "Google” servislərinin dayanmayacağı
təsdiq olunandan sonra istifadəçiləri düşündürən əsas sual isə "Huawei”in
flaqman seriyalarına Android yenilənmələrinin gəlib-gəlməyəcəyi oldu. Bu haqda
heç bir rəsmi açıqlama olmadığı üçün hər kəs artıq "Huawei”in Android
yenilənmələri ilə vidalaşacağını düşünürdü. Amma mayın 20-də ABŞ Ticarət Departamentinin
verdiyi yeni qərar məsələni bir qədər yumşaltdı. Belə ki, qərara əsasən "Huawei”
şirkəti 19 avqust tarixinə qədər, yəni 90 gün müddətində mövcud cihazlarını
texniki və proqram tərəfindən təmin etmək üçün Amerika şirkətləri ilə işləyə
biləcək. "Google” şirkətinin sözçülərinin 2 ay əvvəl verdikləri açıqlamaları
nəzərə alsaq, yeni əməliyyat sisteminin hazırlanması üçün "Huawei” ilə xüsusi
əməkdaşlıq edilirdi. Bütün bunları nəzərə alsaq, 3 ay ərzində "Huawei” yeni
əməliyyat sistemini cihazlarına göndərə bilər. Lakin gündəmdə qalan əsas
məsələ hələ də aktuallığını saxlayır. Belə ki, yeni təqdim olunacaq"Honor”
modelləri və qatlana bilən"Mate X”smartfonu üçün heç bir problem
görünmür. Lakin "Huawei” şirkətinin bu ilin payızında təqdim edəcəyi "Mate 30”
seriyası üçün əməliyyat sistemi hələ də sual altındadır. Şirkət ona verilən 3
ay müddətində problemləri həll etməli və mövcud cihazlarına dəstək göstərməlidir.
Bu müddət ərzində ABŞ və Çin münasibətlərinin yumşalacağı təqdirdə, bu gün
qəbul edilmiş qərara dəyişikliyin olacağı istisna edilmir”.
İqtisadçı alim Vüqar Bayramovsöylədi ki, bütün bunlar artıq ABŞ və Çin arasındakı ticarət savaşının
texnoloji müstəviyə keçməsindən xəbər verir: "Düzdür, "Huawei” şirkətinin
rəsmiləri son qərarın onların fəaliyyətinə təsir göstərməyəcəyini açıqladı.
Nəzərə almaq lazımdır ki, sözügedən şirkət dünyanın üç aparıcı mobil şirkətlərindən
biri hesab olunur. "Huawei” qlobal şirkət olduğuna görə, onun satış həcmləri də
kifayət qədər böyükdür. Amma istənilən halda
"Google” tərəfindən belə bir addımın atılması birmənalı şəkildə
sözügedən şirkətin satışına və eləcə də alıcıların sayına ciddi təsir edəcək.
Praktiki olaraq, şirkət kifayət qədər iddialıdır. Amma güman olunur ki, qərar
Çin şirkətinin satış imkanlarını xeyli məhdudlaşdıracaq. Şirkətin müştərilərinin sayında azalma
gözlənilir. Əslində bununla Çin və ABŞ
arasındakı münasibətlər texnoloji müharibə mərhələsinə qədəm qoydu. Bəzi
analitiklər Çin və ABŞ arasındakı münasibətlərin qısa zamanda bərpa olunacağını
söyləsələr də, iki ölkə arasındakı münasibətlərin yaxın vaxt ərzində
yaxşılaşacağı ehtimalı çox aşağıdır. Hesab edirəm ki, bu məsələdən sonra ticarət
savaşını daha da dərinləşdirəcək”.
Onu da
qeyd edək ki, Çinin telekommunikasiya nəhəngi "Huawei” şirkətinin qurucusu Jen
Çjenfey məsələ ilə bağlı açıqlama verib. O, ABŞ-ın onların gücünü düzgün
qiymətləndirmədiyini bildirib. "Biz ABŞ tərəfindən real nəzarəti hələ bir il öncə
hiss etmişdik. Amerikalı siyasətçilər hazırkı fəaliyyətləri ilə "Huawei”
şirkətinin gücünü düzgün qiymətləndirmirlər”, - deyə Jen Çjenfey mətbuata
müsahibəsində bildirib. 2018-ci ildə "Huawei” şirkətinin gəliri 105 milyard
dollar təşkil edib, xalis gəliri isə 8 milyard dolları keçib. Bu şirkət dünyada
ikinci ən böyük smartfon istehsalçısıdır.
Şəbnəm Mehdizadə