• şənbə, 20 Aprel, 11:19
  • Baku Bakı 14°C

Çinin Cənubi Qafqaza marağı güclənir

07.11.19 19:35 2366
Çinin Cənubi Qafqaza marağı güclənir
Rəsmi Pekinin maraq dairəsində daha çox Azərbaycan və Gürcüstandır

Əsrlərdir ki, Cənubi Qafqaz fövqəldövlətlər arasında mübarizə meydanı olub. Bölgədə Qərblə Rusiya arasında nüfuz savaşına yeni oyunçular, məsələn Çin də qoşulub. Son dövrlər Pekinin Cənubi Qafqaza maraq və diqqəti artıb. Karnegi Fondunun hazırladığı "Belt and Road and Beyond: China Makes İnroads İnto South Caucasus” başlıqlı məqalədə vurğulanır ki, Çinin son illər Cənubi Qafqaz regionu ölkələri ilə əməkdaşlıq miqyası artıb. Bu da Pekini regiona təsir etmək imkanı olan dövlətlərdən birinə çevirib.
Materialda vurğulanır ki, "Ermənistan, Azərbaycan və Gürcüstanı Çinin xarici siyasət istiqamətinin prioritetlərindən biri adlandırmaq olmaz. Onlar Çin Xalq Respublikası ilə birbaşa sərhədlərə malik deyillər və iqtisadi əməkdaşlıqları yüksək templə inkişaf etsə də, elə də əhəmiyyətli səviyyədə deyil. Lakin Cənubi Qafqaz Çinin qlobal nəqliyyat infrastrukturu və investisiyalar strategiyası çərçivəsində onun üçün maraq kəsb edir”. Müəllif ardınca yazır ki, məhz bu səbəbdən Çinin xarici işlər naziri Van İ bu ilin may ayında hər üç Qafqaz ölkəsinə səfər etdi. Dörd il bundan əvvəl isə Çin hər üç Qafqaz respublikası ilə onların "Böyük İpək yolu iqtisadi dəhlizi” təşəbbüsündə iştirakı ilə bağlı sənəd imzalayıb. 2017-ci ildə isə postsovet məkanında ilk dəfə olaraq Gürcüstanla azad ticarət barəsində sənədə imza atıldı. Razılaşmanın da məqsədi ikitərəfli ticarətin inkişaf etdirilməsi idi və artıq bu ticarət 2002-2015-ci illər ərzində 80 dəfə artıb. Hazırda Çindən Gürcüstana məhsul ixracı yüksək olsa da, qarşı tərəfdən bu, baş vermir. Lakin Gürcüstan da öz məhsullarının Çin bazarına ixracının artırılmasına müvəffəq olub. Praktiki olaraq sıfırdan başlayan Çin hazırda ölkənin ixrac sahəsində tərəfdaş ölkələri içərisində onluğa düşüb. 2018-i ildə gürcü ixracının 5 faizi məhz onun payına düşüb. Çinin daha çox maraq göstərdiyi ölkələr sırasında Azərbaycan da var. Regionla ümumi ticarət dövriyyəsinin 40 faizi məhz Azərbaycanın payına düşür. Çinin CTIEC Group dövlət şirkəti Bakıda nəhəng Norm sement zavodunun inşasında iştirak edib. Rəsmi Pekin eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmaq marağını da gizlətmir. Bununla da Avropaya çıxış əldə etməyə çalışır. Lakin bir sıra siyasətçi və ekspertlərin ayrı-ayrı bəyanatlarına baxmayaraq, Cənubi Qafqaz Çindən Avropaya əhəmiyyətli dərəcədə tranzit ərazisinə çevrilməyib. Bir çox məsələlər bəyannamələr formasında qalıb, lakin bu o demək deyil ki, vəziyyət dəyişməyəcək.
O ki qaldı Ermənistana – işğalçılıq siyasəti üzündən blokada vəziyyətinə düşən bu ölkənin imkanları xeyli məhduddur. İnfrastruktur proqramları o qədər də güclü deyil – dörd sərhəd ölkədən yalnız Gürcüstan və İranla sərhədləri açıqdır. Bu səbəbdən də Yerevan bir sıra regional logistik və enerji layihələrində iştirak etmir. Erməni ekspertləri hesab edir ki, buna baxmayaraq, Ermənistan əvvəlkitək Pekin üçün Tehran və Avrasiya İqtisadi İttifaqını bir-birinə bağlayan halqa rolunu oynaya bilər. İxrac nöqteyi-nəzərindən Çin Ermənistan üçün Rusiyadan sonra ikinci tərəfdaş dövlətdir.
Məqalədə daha sonra bildirilir ki, "Cənubi Qafqaz Çin üçün təkcə iqtisadi səbəblərdən əhəmiyyətli deyil. Artıq Pekin neçə illərdir ki, Çin Sintzyan-Uyğur muxtar vilayətində radikal qruplaşmalara qarşı mübarizə aparır. Yaxın Şərq ilə yaxınlıq səbəbindən Qafqaz regionu bu təhlükə ilə mübarizədə əhəmiyyətli rol oynayır. İŞİD terror qruplaşmasının əsas fiqurlarının Pankisi dərəsinə axışdıqları bildirilir. Bəzi məlumatlara görə, Gürcüstanın 200-ə yaxın vətəndaşı İŞİD-lə əməkdaşlıq edib.
Müəllif onu da vurğulayır ki, Cənubi Qafqaz dövlətlərinin Çinlə əməkdaşlıq etmək üçün öz səbəbləri var. Gürcüstan və Azərbaycanın əraziləri işğal altında olduğu üçün bu, xüsusi əhəmiyyət kəsb edir. Çin hər iki dövlətin ərazi bütövlüyünü müdafiə edib. Nəzərə alaq ki, Çinin özünün də Tayvan, Tibet və Sintzyan problemləri var və Pekin də hər hansı bir xarici müdaxilənin əleyhinədir. Tbilisiyə səfəri zamanı Çin XİN rəhbəri də bildirib ki, Gürcüstanın ərazi bütövlüyünün tərəfdarıdır. Gürcüstan və Azərbaycan da cavabında Çinin ərazi bütövlüyünün qorunmasını dəstəklədiklərini bildiriblər. Prezident İlham Əliyev nazirlə görüşdə bildirib ki, "bizim ölkə vahid Çini dəstəkləyir və bu mövqe dəyişməyəcək”.
Məqalədə dərhal bildirilir ki, Bakı dünya birliyi ilə eyni siyasət yürüdür. Lakin Tbilisi və Pekinin yaxınlaşmasına Qərbdən tənqidlər səslənir. Məsələn, XİN rəhbərinin Tbilisiyə səfəri ABŞ tərəfindən qəzəblə qarşılanmışdı. Bu səfərin üstündən bir ay sonra ABŞ-a səfər edən gürcü baş nazir Mamuka Baxtadze burada dövlət katibi Mayk Pompeo tərəfindən Çin və Gürcüstan arasında iqtisadi planlar olması səbəbindən tənqid olunmuşdu. Amerikalı diplomat Çin və Rusiyanı "Gürcüstanla heç bir işi olmayan yalançı dostlar” adlandırmışdı. Müəllifin qənaətincə, Ermənistanda Çinə münasibətdə ən müxtəlif hədəflər var. Regional inteqrasiyadan və gürcü-rus münasibətlərinin dinamikasından asılı olan, ən əsası, Rusiya ilə sərhəddən məhrum olan Ermənistan bütün istiqamətlər üzrə beynəlxalq əlaqələrini gücləndirməyə çalışır. Ümumiyyətlə isə, hər üç ölkə üçün Çin Qərb və Rusiyaya alternativ rolunu oynayır. Tbilisi, Bakı və Yerevan Moskva, Vaşinqton və Brüssel arasında mütəmadi və əbədi mübahisələrdən artıq usanıblar. Bu kontekstdə Pekin hər üç gücə bir mümkün əks kimi nəzərdən keçirilir. Cənubi Qafqaz ölkələrinin qənaətincə, Qərb Rusiya ilə qarşıdurmaya getməyə başladıqdan sonra regionun ərazi bütövlüyünün obyektiv cəhətdən qorunması imkanlarını itirib. Son 20 il ərzində Rusiya və Qərb status-kvo və təftişçilik prinsiplərinə, dövlətlərin ərazi bütövlüyünün qorunması və s. məsələlərə mövqelərini dəyişiblər.
Sonda isə vurğulanır ki, Çinin regionda başlıca oyunçu olması barədə danışmaq çox tezdir. Asiya üzrə ekspert Stanislav Tarasov "Vesntik Kafkaza”ya açıqlamasında bildirib ki, "Çin Cənubi Qafqazda ölkələrlə iqtisadi münasibətləri diplomatik kəşfiyyat formasında həyata keçirir. Pekinin etnosiyasi münaqişələrin həllində iştirak şansı sıfıra bərabərdir. Çinin qənaətincə, Rusiya regionda pozitiv rol oynaya bilər. Bu səbəbdən də Rusiya və Gürcüstan arasında problemlər məhz bu iki dövlət arasında həllini tapmalıdır – Çin onların işinə qarışmayacaq”.
Ən əsası, Çinin region ölkələrinin daxili işlərinə qarışmamaq istəyi onu hər üç dövlət üçün arzuolunan tərəfdaşa çevirir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər