• cümə axşamı, 25 aprel, 23:25
  • Baku Bakı 21°C

“İngiltərədə hər fürsətdə Qarabağdan danışıram” – Həmyerli

26.11.16 11:36 2495
“İngiltərədə hər fürsətdə Qarabağdan danışıram” – Həmyerli
Bakalavr təhsilini Türkiyədə alıb, magistratura üçünsə İngiltərəni seçib. Məqsədi xaricdə ali təhsil almaq olub. Amma xaricdə təhsil alsa da, fəaliyyətini ölkəmizdə davam etdirmək niyyətindədir. Deyir ki, yaxşı təhsil alıb, Azərbaycanda çalışmaq, ölkəmizin inkişafına öz töhfəsini vermək istəyir. Müsahibimiz hazırda Oksford Universitetinin Rusiya və Şərqi Avropa Elmləri fakültəsində magistr təhsili alan Mirbəhram Əzimbəylidir.
Qeyd edək ki, Mirbəhram Əzimbəyli 1994-cü ildə Bakı şəhərində dünyaya göz açıb. 2011-ci ildə Türk Dünyası Bakı Atatürk liseyindən məktəb birincisi olaraq məzun olub. "Qarabağ harayı" adlı yazısı ilk dəfə 2001-ci ildə "525-ci qəzet"də çap olunub. 2006-cı ildə "Bir çocuğun dünyasından səslər" adlı ilk kitabı işıq üzü görüb. 15 yanvar 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinə (AYB) qurumun ən gənc üzvü olaraq qəbul edilib. "Səssizliyin harayı” adlı ikinci kitabı 2009-cü ildə nəşr olunub.

"Xaricdə təhsil almağı özüm istəmişəm”


Fəaliyyətinə görə müxtəlif illərdə "Ümid işığı”, "İlin gənci” mükafatlarına layiq görülüb, Prezident təqaüdü ilə mükafatlandırılıb. 2011-ci ildə yüksək balla Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTÜ) Beynəlxalq münasibətlər fakültəsinə daxil olub və bu il oranı fərqlənmə diplomu ilə bitirib. Hazırda isə Oksford Universitetində magistr təhsili alır.
Deyir ki, xaricdə təhsil alacağı universitetləri seçərkən əsas diqqəti təhsil müəssisələrinin akademik göstəricilərinə verib: "Xaricdə təhsil almağı özüm istəmişəm. Bunun səbəbi təhsil aldığım ali məktəblərin akademik göstəriciləri ilə əlaqəlidir. İstər Türkiyədə oxuduğum ODTÜ, istər "Erasmus” proqramı çərçivəsində bir semester təhsil aldığım Niderlandın Leiden Universiteti, istərsə də İngiltərədə Oksford Universiteti dünyada tanınmış ali məktəblərdəndir. Eyni zamanda, bu universitetlərdə müraciət etdiyim proqramlar və müəllim heyəti də bu seçimimdə mühüm rol oynadı. Xaricdə təhsil müxtəlif mədəniyyətlərlə, fərqli düşüncələrlə tanış olmağa imkan verir”.

"Problemlərim daha çox maddiyyatla bağlıdır”


M.Əzimbəyli bildirdi ki, vətəndən kənarda yaşayan hər kəs müəyyən çətinliklərlə üzləşir. O, akademik təhsil, ya da mühitə öyrəşmək baxımından hər hansı bir problemlə üzləşmədiyini, təhsil həyatı boyunca qiymətlərinin hər zaman yüksək olduğunu deyir: "Bakalavriatı da fərqlənmə diplomu ilə bitirmişəm. Səmimi cavab vermək lazımdırsa, bir tələbə kimi problemlərim daha çox maddiyyatla bağlı olur. Təhsil haqqını və kirayəni ödəmək, kitabları almaq, ərzaq üçün ucuz mağazanı axtarıb tapmaq...”
Ölkələrimiz arasında mədəni fərqlilik olsa da, bu fərqliliyə öyrəşmək də onun üçün çətinlik yaratmayıb: "Aydındır ki, tarixi nöqteyi-nəzərdən biz fərqli siyasi, iqtisadi və sosial inkişaf mərhələlərindən keçmişik. Ona görə də fərqləri sadalayıb bitirmək olmaz. Ancaq ümumilikdə, burada gündəlik həyatda individuallığa əhəmiyyət verirlərsə, bizdə cəmiyyət, toplum kifayət qədər önəmli rol oynayır. Azərbaycan mədəniyyətinin zənginliyi ondadır ki, biz həm Şərqin, həm də Qərbin xüsusiyyətlərini özümüzdə daşıyırıq. Azərbaycanlılar tarix boyunca bu sivilizasiyalara böyük töhfələr veriblər. Bizim milli kimliyimiz həm Qərbi, həm də Şərqi Avropa mədəniyyətlərini, eləcə də İslam sivilizasiyasını təhlil etməyə, bu fərqli mədəniyyətlərdən olan insanlarla xoş münasibətlər yaratmağa imkan verir. Ona görə də İngiltərədəki fərqlilikləri anlamaq, mühitə öyrəşmək mənim üçün çətin olmadı”.

"Fərqli ölkələrin insanlarıyla dostlaşmaq gözəl təcrübədir”

İngiltərədə təhsil alması həm həmin ölkə, həm də universitetlə bağlı bir çox məqamları özü üçün kəşf etməsinə gətirib çıxarıb: "Qlobal çağırışların Birləşmiş Krallığa, daha doğrusu, cəmiyyətə göstərdiyi təsirləri müşahidə etmək mənim üçün çox maraqlı oldu. Miqrant axını və beynəlxalq terror mövcud iqtisadi məsələlərin fonunda toplumda müxtəlif fikirlərin yaranmasına səbəb olub. Oksford haqqında isə onu deyə bilərəm ki, bura bir tərəfdən nə qədər müasir və tələbələri ilə əlaqədar olaraq beynəlxalq şəhərdisə, bir o qədər də tarixidir. Burada küçələr, muzeylər, universitet binaları şəhərin tarixindən danışır”.
M.Əzimbəyliyə görə, fərqli mədəniyyətlərlə tanış olmaq, dünyanın fərqli ölkələrindən insanlarla dostlaşmaq gözəl təcrübədir. Eyni zamanda bu, imkan yaradır ki, öz xalqını, öz mədəniyyətini xaricdə təbliğ edəsən. O bildirdi ki, Türkiyədə oxuduğu müddətdə Azərbaycanla əlaqəli bir çox tədbirlərdə iştirak edib, Ankarada tələbə dostlarıyla birgə Azərbaycan günləri təşkil edib: "Bir gənc yazar olaraq, Türkiyə mətbuatında bir sıra şeir və esselərimlə çıxış etmişəm. Oksfordda istər dərs prosesində, istərsə də konfranslarda, tələbə görüşlərində Dağlıq Qarabağ məsələsini hər zaman gündəmə gətirirəm. Mənim burada elmi işim də məhz Rusiyanın Dağlıq Qarabağ siyasəti ilə bağlıdır. Rusiya demişkən, bu yaxınlarda rus kilsəsinin təşkil etdiyi xeyriyyə tədbirində erməni icması da iştirak edirdi. Onlar iddia edirdilər ki, nəinki Qarabağ, hətta Naxçıvan da ermənilərindir. Mən tarixi və siyasi arqumentlərlə onların fikirlərinin cəfəng olduğunu, İrəvanın əzəli Azərbaycan torpağı olduğunu isbat etdim. Qəzəblənib, masanı tərk etdilər... Ermənilər, həqiqətən, çox aktivdirlər. Şəhərdəki ən bahalı tədbir zallarını kirayə götürüb, hamıya açıq pulsuz tədbirlər keçirərək öz ideyalarını təbliğ etməkdə mahirdirlər”.

"Təhsilim bitdikdən sonra mütləq evə - Azərbaycana qayıdacam”


Müsahibimiz digər ölkələrdəki gənclərlə Azərbaycan gənclərini müqayisə etdikdə, həmvətənlərimizin potensialının daha çox olduğunu bildirdi: "Azərbaycan gənclərinin güclü potensiala malik olduqlarını düşünürəm. Azərbaycanlı gənclər bir neçə dildə danışır, uşaqlıqdan incəsənətlə və idmanla məşğul olurlar. Ancaq təəssüf ki, bəzi obyektiv və subyektiv səbəblərdən bizim gənclərimiz tez-tez bir sıra çətinliklərlə üzləşirlər. Bu problemlər olmasa, azərbaycanlı gənclər Avropadakı cavanlardan daha böyük naliyyətlər əldə edə bilərlər”.
M.Əzimbəylinin sözlərinə görə, İngiltərədə Azərbaycan əsasən neft ölkəsi kimi tanınır. Eyni zamanda müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etməyimiz, xüsusilə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi oradakı gənclər arasında böyük marağa səbəb olub. Mirbəhram ona İngilətərədə Azərbaycanla bağlı ən çox Qarabağ haqda suallar verildiyini deyir: "Qarabağla bağlı çox suallar verirlər. Təəssüf ki, ermənilər belə bir ictimai fikir yarada biliblər ki, azərbaycanlılar öz hərbi gücü ilə onları təzyiq altında saxlayır. Mən onlara izah edirəm ki, Azərbaycanda minlərlə erməni yaşayır, bizdə milli və dini zəmində heç bir konflikt yoxdur. Biz sadəcə, öz ərazi bütövlüyümüzün bərpasını tələb edirik. Açığı, mən ona üzülürəm ki, bizim diaspora Qarabağ məsələsində xaricdəki siyasətçilərlə əlaqələr yaratsa da, ümumi ictimai fikrə o qədər də təsir edə bilməyib. Bizlər - xaricdə oxuyan gənc tələbələr Azərbaycanın dövlət maraqlarını burada hər fürsətdə təbliğ etməli, Azərbaycan həqiqətlərini, Qarabağ həqiqətlərini Qərbin düşünən gənc beyinlərinə transfer etməliyik. Burada mənimlə birgə xarici ölkələrin vitse-prezidentlərinin, deputatlarının, nazirlərinin, elita nümayəndələrinin övladları da oxuyur. Mən yaxşı başa düşürəm ki, onlar sabah öz ölkələrində mühim vəzifələr tutacaqlar. Mən o dostlarıma hər fürsətdə Qarabağın işğalından danışıram”.
Müsahibimiz təhsilini bitirdikdən sonra ölkəmizə qayıdıb, burada fəaliyyət göstərmək istəyir: "Magistraturadan sonra doktoranturanı oxumaq, Qarabağla bağlı elmi tədqiqatımı davam etdirmək istəyirəm. Ədəbi yaradıcılıq baxımından da Qarabağ mövzusunda roman yazmağı planlaşdırmışam. Ancaq təhsilim bitdikdən sonra mütləq evə - Azərbaycana qayıdacam. İş fəaliyyətimi məmləkətimdə davam etdirməyi düşünürəm”.

Aygün Asimqızı


banner

Oxşar Xəbərlər