• cümə axşamı, 25 aprel, 06:13
  • Baku Bakı 14°C

İngilis dili müəllimləri Londonda səfərdə olublar

29.03.17 14:55 764
İngilis dili müəllimləri Londonda səfərdə olublar

Təhsil Nazirliyivə "British Council” təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilən "İcmalar üçün ingilis dili” layihəsi çərçivəsində ümumtəhsil müəssisələrində dərs deyən bir qrup ingilis dili müəllimi Böyük Britaniyanın paytaxtı London şəhərində səfərdə olublar.
Səfərdə Təhsil Nazirliyinin əməkdaşı Orxan Abbasov, "British Council” təşkilatının layihə meneceri Flora Poladova, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarının 10 ingilis dili müəllimi iştirak edib.
Səfərin əsas məqsədi Böyük Britaniya ekspertlərinin təcrübəsini və mövcud müasir tədris resurslarından istifadə qaydasını öyrənərək qarşılıqlı müzakirələrdə iştirak etmək, ümumtəhsil müəssisələrində dərs deyən ingilis dili müəllimlərinin peşəkar inkişafına nail olmaqdır.
Müəllimlər üçün təlimlər təcrübəli və peşəkar təlimçilər tərəfindən aparılıb. Təlim prosesində dərsin planlaşdırılması, müvafiq tədris resurslarının seçilməsi, müasir öyrənmə və tədris metodologiyaları, pedaqoji prosesin idarə edilməsi, praktik tədris bacarıqlarına yiyələnmə və digər sahələr üzrə müəllimlərə kompetensiyalar aşılanıb.
Təlimin sonunda hər bir müəllimin bacarıqları fərdi şəkildə qiymətləndirilib və müvafiq tövsiyələri əks etdirən nəticələr təlim iştirakçılarına təqdim edilib. Müəllimlərə beynəlxalq səviyyəli sertifikatlar verilib.
Təlim səfərinin özəl cəhətlərindən biri də hər bir müəllimin ingilis ailələrində qalması, həmin ailələrdə onlar üçün şəraitin təmin edilməsi, ingilis dili daşıyıcıları ilə birbaşa ünsiyyət imkanlarının yaradılması olub. Müəllimlər bir həftə müddətində ingilis ailələlərində yaşamaqla həmin xalqın adət-ənənəsi və mədəniyyəti ilə tanış olub, eyni zamanda qaldıqları ailələrə Azərbaycan mədəniyyəti və milli dəyərləri barədə məlumatlar veriblər.
Qeyd edək ki, Təhsil Nazirliyi və "British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində 2016-cı ilin aprel ayındanBPvə onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihəsindəki tərəfdaşları tərəfindən maliyyələşdirilən "İcmalar üçün ingilis dili” layihəsi həyata keçirilir. Məşğulluq səviyyəsini qaldırmaq üçün Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarındakı müəllimlərin ingilis dili və tədris bacarıqlarının inkişaf etdirilməsi yolu ilə icma üzvlərinə birbaşa keyfiyyətli tədrisin təmin olunması məqsədi daşıyır.
Layihə çərçivəsində sözügedən rayonlar üzrə 10 ümumi təhsil müəssisəsini təmsil edən 75 ingilis dili müəllimi "British Council” təşkilatının xüsusi təlimçiləri tərəfindən keçirilən 15 günlük (120 saat) təlimdə iştirak ediblər. Təlim iştirakçıları arasındanseçilmiş müəllimlər öz icmalarında 150-dən artıq icma üzvünün iştirak etdiyi kurslarda 120 saatlıq ingilis dili tədris ediblər.
banner

Oxşar Xəbərlər