• cümə axşamı, 28 mart, 19:14
  • Baku Bakı 13°C

İndoneziya səfiri ATU-nun qonağı olub

18.05.17 12:15 1149
İndoneziya səfiri ATU-nun qonağı olub
Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi beynəlxalq münasibətlərinin daha da genişləndirilməsi istiqamətində görüşləri, müxtəlif təşəbbüsləri davam etdirir. Bu fəaliyyət çərçivəsində ATU-nun rektoru, professor Gəray Gəraybəyli İndoneziyanın Azərbaycandakı Səfiri Husnan Bey Fananieni qəbul edib.
Görüşün əvvəlində Səfir Husnan Bey Fananie təmsil etdiyi ölkə və oradakı təhsil sistemi haqqında məlumat verib. Onun sözlərinə görə, adalar ölkəsi olan İndoneziyada 800-dən çox tayfa və etnik qrup yaşayır: "Burda əhali 500-dən çox dinə sitayiş edir. Dini ölkə olmasa da, İndoneziyada hər kəs inanclıdır. Ölkəmiz çox genişdir. Onun şərqindən qərbinə qədər olan məsafə Bakıdan Londona qədər olan məsafəyə bərabərdir. İndoneziya 34 əyalətdən ibarət, ən böyük sahilə malik olan ölkədir. Ekvator üzərində yerləşdiyindən İndoneziyada qar yağmır, nə çox isti, nə də soyuq olmur. Orada ya quru mövsüm olur, ya da yağışlı”.
Cənab səfir Fananie Azərbaycan xalqının çox mehriban, qonaqpərvər olduğunu bildirdi. O, hələ uşaqlıq illərindən ölkəmiz haqqında məlumatlı olduğunu, Azərbaycan ədəbiyyatı ilə tanış olduğunu dedi. Uşaq yaşlarında xüsusilə də Nizami Gəncəvinin əsərləri, "Leyli və Məcnun”u oxuduğunu söylədi.
Səfir Husnan Bey Fananie İndoneziyada fəaliyyət göstərən universitetlər və səhiyyə sistemi haqqında məlumat verdi. Onun sözlərinə görə, ölkəsində 400-ə yaxın universitet fəaliyyət göstərir. Bunların bir qismi də tibb sahəsi üzrə ixtisaslaşıb. Universitet və institutlarla yanaşı, İndoneziyada ixtisaslaşmış kolleclər və akademiyalar da fəaliyyət göstərir. İctimai universitetlərin hamısı dövlət tərəfindən maliyyələşir. İndoneziyada müxtəlif səviyyələr üzrə təhsil almaq mümkündür. İndoneziya universitetləri arasında dünyanın ən yaxşı 100 ali məktəbi sırasına düşənləri də var.
ATU rektoru, professor Gəray Gəraybəyli ətraflı məlumata görə səfir təşəkkürünü bildirərək gələcəkdə İndoneziya universitetləri ilə qarşılıqlı əlaqələrin sıxlaşdırılmasının tərəfdarı olduğunu qeyd etdi. O, istər təhsil, istərsə də səhiyyə sahəsində bu cür ölkə ilə təcrübə mübadiləsinin hər tərəfə faydalı ola biləcəyini vurğuladı: "Bizim ölkə İndoneziya qədər geniş deyil. Lakin Azərbaycan ali təhsil müəssisələri dünya üzrə nüfuzlu universitetləri arasına daxil olmaqdadırlar. Azərbaycan Tibb Universiteti ölkəmizdə yeganə tibb təhsili verən qurumdur”.
G.Gəraybəyli indiyədək dünyanın müxtəlif ölkələrindən olan universitetlərə əməkdaşlıq qurulduğunu qeyd edərək, bu sırada İndoneziyanın da adının olmasını istədiyini bildirdi: "İndoneziya universitetləri və ya klinikalarından nümayəndələr ATU-da mühazirə ilə çıxış edə bilərlər. Həmçinin, ATU mütəxəssisləri də öz təcrübələrini sizin ölkədə paylaşa bilərlər. düşünürəm ki, bu, hər iki tərəf üçün maraqlı və faydalı olardı”. G.Gəraybəyli ATU-nun ən çox əcnəbi tələbə qəbul edən universitetlərdən biri olduğunu da bildirdi. Qeyd olundu ki, hazırda universitetdə təhsil alan 7000 tələbədən təxminən 1500-dən çoxu xaricilərdir.
Daha sonra qarşılıqlı əməkdaşlığın əsasları ilə bağlı fikir mübadiləsi aparıldı. Görüşdə ATU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri İkram Rüstəmov, rektorun köməkçisi Ceyhun Məmmədzadə iştirak edirdilər.
banner

Oxşar Xəbərlər