• cümə axşamı, 25 aprel, 21:25
  • Baku Bakı 21°C

“İndi dərsə həvəslə gəlirik” - Fotolar

28.04.17 09:30 2336
“İndi dərsə həvəslə gəlirik” - Fotolar
Ölkə ərazisindəki qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı dövlət başçısı İlham Əliyevin ötən il verdiyi tapşırığa uyğun olaraq, ilk pilot layihə həllini tapır. Artıq layihə çərçivəsində 3 məktəb təhvil verilib. Təhsil Nazirliyinin modul tipli məktəblərdən ikisinin yerləşdiyi İsmayıllı və Göyçay rayonlarına təşkil etdiyi mediatur çərçivəsində jurnalistlər yeni tikililərlə yerində tanış olmaqla bərabər, kənd sakinləri, müəllimlər və şagirdlərin sevincinə şərik oldular.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verərək 2017-2018-ci illərdə 232 qəzalı məktəbin modul tipli məktəblərlə əvəz olunacağını bildirdi: "Bu ilin sonuna qədər 42 rayonda 100 məktəb təhvil veriləcək. Hazırda 17 rayonda 23 məktəbin quraşdırılmasına başlanılıb. May ayının sonunadək daha 19 məktəbin quraşdırılması nəzərdə tutulub. Bu, məktəblər quraşdırılacaq ərazilərdə yaşayan əhali üçün yaxşı təhsil mühitinin yaradılmasına xidmət edəcək”.

Dünya ölkələrinin təcrübəsini öyrənərək qəzalı məktəblərin modul tipli məktəblərlə əvəz olunması təklifini irəli sürdüklərini deyən Təhsil Nazirliyinin əsaslı tikinti-təchizat idarəsinin rəis müavini Fərhan Əliyev aparılan monitorinqlər və müraciətlərə görə 230-dan çox qəzalı və 100 nəfərdən az şagirdi olan məktəblərin siyahısını tərtib etdiklərini açıqladı. Modul tipli məktəblərin özəlliyindən danışan F.Əliyev tikilinin sinif və müəllimlər otağı, sanitar qovşağı, istilik sistemi ilə təmin edildiyini bildirdi: "Həmçinin məktəbdə video-müşahidə kamerası quraşdırılacaq. Bu tip məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, istilik itkisi digərlərindən iki dəfə azdır, rütubətlilik yoxdur, həmçinin qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır”. Məktəbin tikintisinin təxminən 30 günə başa gəldiyini deyən F.Əliyev istifadə olunan materialların yerli inşaat materialları olduğunu qeyd etdi: "Bu, həm də büdcəyə qənaət məqsədi daşıyır. Həmçinin məktəblərin tikintisi üçün yerli insanların qüvvəsindən istifadə olunub”.

9 şagird, 7 müəllim

Dəniz səviyyəsindən 1000 metr hündürlükdə, rayon mərkəzindən 20 km məsafədə yerləşən Yenikənd kəndini yerli sakinlər təbiətinə görə Azərbaycanın nadir guşəsi adlandırırlar. Kəndə aparan palçıqlı, narahat yollarla irəliləmək o qədər də asan deyil. Bu vaxta qədər şagirdlər kəndin köhnə, uçulub-sökülən, qəzalı məktəbində dərs keçiblər. İndi kənddə modul tipli məktəbin istifadəyə verilməsi isə onlara böyük sevinc yaşadıb. 150 nəfər sakini olan kənddə 8 məcburi köçkün ailəsi də yerləşib. Kəndin uşaqları isə öz bacarıqları ilə həmişə fərqləniblər. Aralarında elmlər doktoru, müəllimlər, həkimlər, hazırda ali məktəblərdə təhsil alanları var...

Kənddə yer alan modul tipli məktəb 5 sinif və bir direktor otağından ibarətdir. Kənd ümumi orta məktəbin direktoru Gülağa Abbasov yeni məktəbin tikilməsinə görə keçirdiyi sevinc hisslərini bizimlə bölüşdü: «İndiyə qədər uçuq-sökük məktəbdə dərs keçirdik. Müəllimlər də, şagirdlər də çox əziyyət çəkirdi. Qəzalı məktəbdə dərs keçmək hamımız üçün təhlükəli idi». Köhnə məktəb binasının 1950-ci ildə tikildiyini deyən direktor, 1994-1995-ci ildən məktəb statusu ilə fəaliyyət göstərdiyini söylədi: "Hazırki komplekt məktəbdə 9 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 7 müəllim məşğul olur”. Direktor gənc ailələrin kəndə qayıdışı ilə əlaqədar gələcəkdə şagirdlərin sayının artacağını da istisna etmədi: «Sakinlər kəndə qayıdır və təsərrüfatla məşğul olmağa başlayırlar. Təbii ki, onların da övladları bu məktəbdə təhsil alacaq. Bizim üzərimizə düşən vəzifə isə şagirdlərin təlim-tərbiyəsi ilə ciddi məşğul olmaqdır».

Sinif otaqlarında dərs keçən müəllimlərin və şagirdlərin sevincləri bizə də sirayət edir. İngilis dili müəllimi Laçın Məhərrəmova bu kəndə Bakıdan işləmək üçün gəldiyini bildirdi: «13 ildir ki, bu kənddə işləyirəm. İndiyə qədər qəzalı vəziyyətdə olan məktəbdə çalışırdıq. Yeni tipli məktəbin istifadəyə verilməsi bizi hədsiz sevindirib. İnanıram ki, bu, şavgirdlərin təhsilinin keyfiyyətinə də müsbət təsir edəcək”. Müəllimlərin bildirdiyinə görə, hazırda komplekt məktəbdə ibtidai sinifdən tutmuş, 9-cu sinfə qədər şagirdlər təhsil alır. Daha sonra onlar İsmayıllı rayonundakı tam orta məktəbə oxumağa yollanırlar.

İbtidai sinif müəllimi Qalibə Həmidova dərs dediyi komplekt sinifdə 5 şagirdin təhsil aldığını qeyd etdi: «İndiyə qədər məktəbimizin şəraiti olmasa da, yaxşı oxuyan şagirdlərimiz olub. Hazırda respublikanın tanınmış ali məktəblərində oxuyan şagirdlərimiz var. Yeni tipli məktəbi isə özümüz üçün böyük hədiyyə kimi qəbul edirik”.

Kənddə yaşayan şuşalı məcburi köçkün Nazilə Abbasova belə bir məktəbin tezliklə Şuşada tikilməsini arzuladı: «İnsan yaşlandıqca, doğulduğu torpaq onu daha çox çəkir. Mayın 8-i Şuşanın işğalı günüdür. Gün o gün olsun ki, biz belə yeni tipli məktəblərin açılışını Şuşada edək”.

7-ci sinif şagirdi Elşən Vəliyev də sevinc hisslərini bizimlə bölüşdü: «Yeni məktəbimiz çox rahatdır. İndiyə qədər təhlükəli məktəbdə oxuyurduq. Məktəbin özəl şəraiti bizi yaxşı oxumağa həvəsləndirir».

Kənd sakini Şakir Həkimov məktəbin tikintisini kəndin həyatında hadisə adlandırır: «60-a yaxın yaşım var. Sevinirəm ki, özüm oxumasam da, heç olmasa nəvələrim və kəndimizin uşaqları yeni tipli, rahat məktəbdə təhsil alacaqlar».

Ağdamın Abdal-Gülablı kəndindən olan Vüqar Zeynalov isə məktəbin tikintisində iş icraçısı kimi çalışıb. Çətin relyefə malik bir kənddə işləməyin o qədər asan olmadığını bildirən V.Zeynalov xüsusən uşaqların sevincindən həzz aldığını dedi: "Ən böyük sevinc elə uşaqların fərəhlənməyini görməkdir. Onlar böyük həvəslə dərsə gəlirlər”. Kəndin sakinləri, müəllimlər, valideynlər modul tipli məktəbin tikilib tez bir zamanda istifadəyə verildiyinə görə ölkə başçısına, Təhsil Nazirliyinə minnətdarlıqlarını bildirdilər.

Yenikənd kəndinin sakinləri, gözləri sevincdən gülən uşaqlar və müəllimlərlə vidalaşıb, Göyçaya – Yeniarx kənd tam orta məktəbin Hacağabəyli kənd sinif komplekti ilə tanış olmağa yollanırıq.

Qəzalı məktəbdən modul məktəbə

Göyçayın Yeniarx kəndinin 200-dən çox əhalisi var. Bu kənddəki köhnə məktəb şəraitinə görə heç də Yenikənddəki məktəbdən fərqlənmir. Modul tipli məktəbin ərazisində gəlişimizə sevinən sakinlər "şükür ki, uşaqlarımız bundan sonra yaxşı şəraiti olan məktəbdə təhsil alacaqlar” dedilər. "Köhnə məktəb qəzalı vəziyyətdə idi. Uşaqlar o şəraitdə dərs oxuya bilmirdilər”- deyən kəndin sakini Firəngiz Fətəliyeva uşaqların təhsil dalınca Yevlaxa gedib-gəlməsinin çətin oduğunu bildirdi: "Yevlaxa getməmək üçün kəndin bütün uşaqları uçulmaqda olan ibtidai məktəbdə dərs alırdılar. Bu isə təhlükəli idi».

Kənd sakini Əminə Kərimova da bütün ailə üzvlərinin köhnə məktəbdə təhsil aldığını bildirdi: «Yeni məktəbə görə çox sevinirik. Uşaqlar sevinclərindən nə edəcəklərini bilmirlər».

Yeniarx kənd məktəbinin direktoru Ayaz Babayev kənd uşaqlarının 4-cü sinifdən sonra rəhbərlik etdiyi məktəbdə oxuduqlarını bildirdi: «Köhnə məktəb çox bərbad idi. Kənd sakinlərinin müraciət və xahişlərini nəzərə alaraq, uşaqlar Yeniarx məktəbinə gedə bilmədikləri üçün oradan müəllim gələrək bu kənddəki qəzalı məktəbdə uşaqlarla məşğul olurdu». Məktəbin komplekt olması – müxtəlif siniflər üzrə şagirdlərin bir sinifdə dərs alması ilə bağlı sualı cavablandıran direktor eyni yaşda olan 2 şagird üçün sinif açılmasının "Təhsil haqqında” qanuna zidd olduğunu bildirdi: "Hazırda bir komplekt sinifdir. Çox güman ki, yeni tədris ilində uşaqların sayı çox olarsa, iki sinif əlavə etməklə, bir 3-cü, iki 4-cü sinif təşkil edə bilərik. Bununla bağlı Təhsil Nazirliyinə müraciət etmişik. Hazırda bir komplekt sinifdə 6-9 yaş arası 16 şagird təhsil alır. Əgər uşaqların sayı gələcəkdə artarsa, yəni hər sinifdə 8-10 şagird olarsa, bu məktəbə "İbtidai məktəb” satatusu veriləcək”.

Məktəbin 4-cü sinif şagirdləri Emil Xasıyev və İsmayıl Quliyev: «İlk dəfədir ki, belə gözəl məktəbdə oxuyuruq» - deyə sevinclərini bölüşürlər: "Köhnə məktəbimiz qaranlıq və soyuq idi. Orada oxuya bilmirdik, həmçinin dərsə gəlmək istəmirdik. İndi isə dərsə həvəslə gəlirik”.

Modul məktəbin 5 sinif otağı 40 nəfərlik şagirdə hesablanıb. Məktəbin həyətində içməli su hovuzu da tikilib.
Təranə Məhərrəmova
İsmayıllı-Göyçay


















banner

Oxşar Xəbərlər