• cümə, 29 Mart, 10:15
  • Baku Bakı 5°C

İndi Bakını yalnız Parislə müqayisə etmək olar

08.06.13 09:20 1791
İndi Bakını yalnız Parislə müqayisə etmək olar
Rusiya teatr incəsənəti tarixində Məmməd Ağayev kimi ikinci belə bir adam yoxdur. Bunu Baxruşinski muzeyi də təsdiqləyir. Orada teatr adamları demək olar ki, hər şeyi tanıyırlar. Ona Rusiya Federasiyasının Əməkdar İncəsənət işçisi adı veriləndə Mükafat Komissiyası Məmmədin əmək tərcümeyi-halının mərhələlərini iki dəfə öyrənib. Montajcı, baş inzibatçısı, direktor köməkçisi, direktor müavini, nizam-intizam direktoru və nəhayət, Satira teatrının direktoru.
- Məmməd Hüseynoviç, belə çıxır ki, siz teatr karyerasının bütün pillələrini keçərək sıravidən general rütbəsinədək xidmət etmisiniz?
- Hə, ona görə məni aldatmaq çox çətindir. Əgər nəsə işləmirsə, mən bilirəm. Bilirəm ki, özüm onu necə yoxlaya bilərəm.
- Şirvintlə münaqişə etmirsiniz? Teatrın bədii rəhbəri və direktoru – bu, bir pliətənin iki sahibi kimidir…
- Biz çox dostyana işləyirik. Mən böyük Pluçetlə 15 il işləmişəm, onun məktəbini keçmişəm. Ondan sonra Aleksandr Anatolyeviç gəldi. O, bədii rəhbər idi. Amma bir çox yaradıcı sualları birlikdə həll edirdik. Çətinliklər olur, tamaşanı buraxanda həmişə nəsə çatışmır, nəsə rejissorun xoşuna gəlmir və ya bədii rəhbər nəyisə bəyənmir. Ümumilikdə isə böyük problemlər yoxdur. Mən fəxr edirəm ki, bizim teatrımız Moskvada hazırda ən yüksəkqazanclı teatrdır və mən bunu rəsmən deyirəm.
- Siz artistləri nəzərdə tutursunuz?
- Hamısını – xadimələri, qaravulçuları… Mükafatları saymasam, 30 min rubldan az almırlar. Bizdə əməkhaqqı yoxdur. Artistlər isə rəsmən 100 mindən 500 min rubla qədər qazanırlar.
- O qədər pullar hardandır? Varlı sponsorlardan?
- Mən sizə rəsmən elan edirəm ki, bizim heç vaxt sponsorlarımız olmayıb. Biz heç zaman kiminsə qarşısında alçalmamışıq. Biz özümüz qazanırıq. Bizdə tamaşalar 30-50 min dollara qədər başa gəlir. Biz istirahətsiz olaraq hər gün oynayırıq. Göz dəyməsin, zalımız tamaşaçı ilə dolu olur. Ona görə də kollektiv üçün bizdə bütün şərait yaradılıb. Bir direktor kimi mənim üçün fərqi yoxdur ki, qarşımdakı kimdir – xadimə, montajçı, yoxsa Xalq artisti.
- Siz milliyyətcə azərbaycanlısınız. Öz tarixi vətəninizdə olursunuzmu?
- Əlbəttə, mən tez-tez Bakıya gedirəm. Şəhərin necə dəyişdiyini görürəm və bununla fəxr edirəm. Mənə elə gəlir ki, Bakı bu gün dünyada ən gözəl şəhərdir. İndi onu yalnız Parislə müqayisə etmək olar. Şəhərdə bütün teatr binaları təmir olunub. Heç bir respublikada belə bir şey yoxdur ki, artistlər ömürlük hər ay 3000 ABŞ dolları – prezident mükafatı alsınlar. Azərbaycan prezidenti, Heydər Əliyevin oğlu atasının işini davam etdirir. O, çox ağıllı, təhsilli insandır. İndi ona nə qədər böhtanlar atırlar. 34 il Rusiyada yaşayan bir azərbaycanlı kimi bu, mənim üçün xoşagəlməzdir və bunları uydurma hesab edirəm. Çatışmazlıqları hər yerdə tapmaq olar. İnsanlara yaxşıları söyləmək lazımdır.
- Bəs Satira teatrı Bakıya qastrol səfəri edib?
- Daim gedirik. Orada Rusiya teatrını çox gözəl qarşılayırlar. Bizim bütün artistlərimiz belə qastrolları arzulayır. Hətta, fəhlələr də «Bakıya nə vaxt gedirik?» - deyə soruşurlar. Mən sizə bir tarixçəni danışım: bir gün Bakıya qastrola gəldik. Mehmanxana hamı üçün bağlandı, amma yalnız bizə xidmət edirdilər. Restoranlar sutka ərzində pulsuz işləyirdi. Axşam Mixail Derjavinlə şəhərə getdik. Amma Aleksandr Şirvindt otaqda qaldı. Biz axşam yeməyi yedik və 3 saata qədər şəhəri dolaşdıqdan sonra gecə otelə qayıtdıq. Ofisiant bizi padnosda mineral su ilə qarşıladı. Mən fikirləşdim ki, yəqin Aleksandr Şirvindt içmək istəyib. «Suyu kimə aparırsan?»-deyə ofisiantdan soruşdum. «Cənab Yermolayev içmək istədi»-deyə cavab verdi. Təsəvvür edin, gecə saat 3-də səhnə montajçısı öz otağına mineral su gətirilməsini xahiş edib. Məgər bunu unutmaq olar? Bizim istənilən artistimizdən "Hara qastrola getmək istyirsiniz?”- deyə soruşsanız, onlar xorla cavab verəcəklər – Bakıya. Amerikaya, Almaniyaya, İsrailə yox - Azərbaycana.
- Mən Bakıda bir neçə dəfə olmuşam. Şəhərin qədim küçələri ilə gəzməyimi, adamlarla dolu "Azərbaycan” kinoteatrını yaxşı xatırlayıram. Ölkənin dinamik inkişafı adamda xoş hisslər doğurur.
- Ölkənin inkişafında sıçrayış baş verir. İncəsənət də inkişafdadır. Mən "Evronews”a baxanda ingilislərin Azərbaycan muğamına necə maraqla qulaq asdıqlarını görürəm. Mən bununla fəxr edirəm. Azərbaycanın xalq musiqisi ifaçıları, pianoçular, müğənnilər xarici ölkələrə səfərlərə gedirlər. Bütün bunlar prezidentin xidmətidir. Mən siyasətlə heç vaxt məşğul olmamışam, ancaq nə zaman ki, internetdə, qəzetlərdə Azərbaycan prezidentinin əleyhinə yönələn sifarişli yazıları oxuyuram bu, mənə pis təsir edir. O, kimlər üçün çalışır? Ən yaxşı "Evrovizion” müsabiqəsi Bakıda keçirildi. Azərbaycan rəssamlarının sərgiləri daima Moskvada, Parisdə, Amerikada keçirilir. Azərbaycan musiqiçiləri nüfuzlu festivallarda iştirak edirlər.
- Heydər Əliyev Fondu Qəbələdə Beynəlxalq musiqi festivalı təşkil edir. Mən bu nağılı gördüm: dağlarda mədəni vahə qurulub. Sakinlər, uşaqlar qonşu rayonlardan avtobuslarla gələrək açıq havada Avropanın ən yaxşı musiqi ifaçılarının klassik musiqilərinə qulaq asırlar.
- Bax, görürsünüz – dağlarda, kənddə belə şərait yaradılıb. Prezident bunu şəxsən özü üçün edir? Bütün bunların hamısı ölkə üçün, xalq üçündür. Elə orada – Qəbələdə musiqi alətlərini hazırlayan, alman istehsalının filialı olan zavod da tikilib.
- Bakıdan Qəbələyə qədər biz avtomobillə getdik. Təbiətin füsunkar gözəlliyi vardı. Amma məni bir sürücü kimi yollar heyran etdi.
- Əlbəttə, yalnız Almaniyada belə yollar və körpülər var. Bəs Bakıdakı yeraltı keçidlər? Mərmərdən düzəldilib, eskalatorla düşürsən, eskalatorla qalxırsan. Belə şəraiti hətta, dünyanın zəngin otellərində görə bilməzsən. Bizdə isə küçə keçidlərindədir. Bütün bunlar prezident İlham Əliyevin xidmətləridir. Mən hesab edirəm ki, Azərbaycan onun dövründə 20-30 il irəli addımlayıb. Bu ölkədə böyük işlər yaranır. Prezident bunları özü üçün eləmir, ölkə üçün, xalq üçün edir.
"Literaturnaya qazeta”dan çevirdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər