• cümə axşamı, 28 mart, 14:17
  • Baku Bakı 16°C

İncirlik hərbi bazası bağlanır?

07.01.17 09:00 914
İncirlik hərbi bazası bağlanır?
Türkiyədə baş verən son terror hadisələri, Suriyada yaşananlar Birləşmiş Ştatlarla Türkiyə arasında gərginliyi artırıb. Rəsmi Ankara Birləşmiş Ştatları terrorçu qruplaşmalara qarşı mübarizədə Ankaraya lazımi dəstəyi göstərməməkdə günahlandırıb. Gündəmə İncirlik bazası da gəlib. Belə ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyəyə dəstək verməyən ölkələrin bazada qalmalarının mənası yoxdur: "Türk xalqı ABŞ hərbçilərinin İncirlik bazasında davam edən mövcudiyyətinin lüzumluluğunu sual edir”. O deyib ki, bazadan istifadə edən ölkələr Türkiyənin əməliyyatlarına dəstək verməlidir. Bununla belə, Çavuşoğlu ABŞ-ın Türkiyənin "mühüm müttəfiqi” olaraq qaldığını deyib.
Nyu-Yorkda BMT baş katibi Antonio Quterreş ilə görüşündən sonra gündəmə dair açıqlama verərək, Əl-Baba istiqamətli əməliyyatda Türkiyəyə dəstək verməyən ölkələri tənqid edən Çavuşoğlu deyib ki, humanitar böhranın həlli üçün daha fəal cəhd göstərilməlidir. "Biz İŞİD-ə qarşı önəmli mübarizə aparırıq, amma son zamanlarda koalisiyanın havadan dəstəyini görmürük. Madam, İŞİD ilə mübarizə etmək üçün koalisiya qurduq, Türkiyə də fiziki məkanlar təmin etdi, bəs nə üçün dəstək olmursunuz? Məqsəd nədir, nə istəyirsiniz? Hal-hazırda Rakkadan Əl-Bab istiqamətində gələn İŞİD ünsürləri var, bununla bağlı məlumatları veririk, bəs nə üçün vurmursunuz?” - deyə xarici işlər naziri sual edib.
Onunla yanaşı, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın da bəyan edib ki, Ankara Adana vilayətində yerləşən İncirlik hərbi hava bazasını bağlamaq səlahiyyətinə malikdir. "Biz həmişə demişik ki, belə bir hüququmuz var. Lakin biz əvvəlcə şərtləri qiymətləndirməliyik” - deyə o, Türkiyənin Kanal 24 televiziyasına bildirib. Anadolu agentliyi yazır ki, Kalının bu bəyanatı Ankaranın ABŞ koalisiyasının Suriyada İŞİD-ə qarşı əməliyyatlardakı rolunu sorğu-sual etdiyi vaxta təsadüf edib. Kalın deyib ki, Türkiyənin Suriyanın Əl-Bab şəhərini İŞİD-in əlindən almaq əməliyyatında ABŞ Ankaraya lazımi dəstəyi vermir. "Türkiyə bu regionda terrorçu dəhlizin yaradılmasına yol verməyəcək”, - deyə Ərdoğanın köməkçisi bildirib.
Bir çox Qərb təhlilçiləri deyir ki, rəsmi Ankaranın "terrorçu dəhliz” dedikdə, "kürd dəhlizini” nəzərdə tutması sirr deyil. Bu mənada Türkiyə İŞİD-ə qarşı mübarizədə ABŞ-dan lazımi dəstəyi ala bilmədiyini deyəndə, təbii ki, kürd separatçılarla mübarizəni daha çox nəzərdə tutur. Digər tərəfdən, ABŞ PKK-nı terrorçu təşkilat saysa da, Suriya kürdlərinin YPG birləşmələrini İŞİD-ə qarşı ən səmərəli döyüş qüvvəsi hesab edir. Ankara haqlı olaraq hesab edir ki, YPG də PKK-nın tayıdır. Vaşinqton isə fərqli düşünür. ABŞ-ın mövqeyinə görə, PKK kürdləri Türkiyənin, YPG kürdləri isə Suriyanın problemidir. Məhz buna görə də Türkiyə ABŞ-dan öz istədiyi şəkildə dəstək almadığına görə narazıdır.
Qərb təhlilçiləri Çavuşoğlunun belə ehtiyatlı tənqidini Ankaranın düşdüyü qibtəolunmaz vəziyyətlə izah edirlər. "The Guardian” yazır ki, "Hələbi alıb Əsədə təhvil verəndən sonra əl-qolu açılmış Rusiya” indi öz bombardmançı təyyarələri ilə Türkiyənin Əl-Bab əməliyyatını havadan dəstəkləyir. Bu, Rusiyaya ABŞ-ı regiondan vurub çıxarmaq üçün lazımdır. Təhlilçilərin fikrincə, Suriyada yaranmış Türkiyə-Rusiya alyansının limiti var və bu limit, çox güman ki, Əl-Babın İŞİD-dən təmizlənməsi ilə başa çatacaq. Türkiyə rəsmiləri bildirirlər ki, Ankara və Moskva Suriyanın gələcəyini vahid dövlət şəklində görürlər və bu, Türkiyənin siyasətinə cavab verir. Lakin Ankara bu "vahidliyə” Türkiyə və Kremlin yanaşmasındakı fərqin üstünü vurmur. Türkiyə Suriya ərazisində hər hansı kürd muxtariyyətinin yaradılmasını qeyri-mümkün hesab edir, Moskva isə bir neçə dəfə bildirib ki, Əsəd hökumətinin tabeçiliyində və "vahid Suriyada” milli azlıqların muxtariyyəti məsələsi müzakirə oluna bilər. Rusiya bunu sadəcə olaraq demir, həm də konkret addımları ilə göstərir. Suriya kürdlərinin xəyali Rojava dövlətinin Moskvada qeyri-rəsmi nümayəndəliyinin olması buna parlaq misaldır. Rəcəb Tayyib Ərdoğanın üzləşdiyi dilemma ağrılıdır.
Yeri gəlmişkən, ABŞ prezidenti olacaq Donald Trump da Suriyada Rusiyanın apardığı siyasəti dəstəklədiyini bildirib. Suriya kürdlərinin dəstəklənməsi də bu siyasətin içərisindədir. Əksər ekspertlər hesab edirlər ki, bütün bu səbəblərə görə "Suriya qazanı” yanvarın 20-dən sonra yenidən qaynamağa başlayacaq. Amma hələlik Ankara ABŞ-ı qorxutmaqda davam edir. "Hürriyet” qəzetinin yazdığına görə, müdafiə naziri Fikri Işık da İncirlik hərbi hava bazasının lazımlığı barədə sual verənlərə qoşulub. ABŞ bildirib ki, onun İncirlikdəki pilotlu-pilotsuz təyyarələri Suriyada hava zərbələrini davam etdirirlər. Amma görünür, bu zərbələrin hədəfi Ərdoğanın ürəyindən keçənlər deyil.
Bu arada, Türkiyə baş nazirinin müavini Numan Kurtulmuşun ötən günkü açıqlaması aləmi bir-birinə vurub. "Əvvəldən indiyə qədər Suriya siyasətində böyük yanlışların olduğuna inananlardanam”, - deyən Kurtulmuş əlavə edib ki, Türkiyə hər şeyə rəğmən, Əsəd rejiminin yanında olmayacaq. O, Ankaranın əvvəllər buraxdığı səhvləri düzəltməyə çalışdığını bildirib.
Rəsmi Vaşinqton da İncirlik məsələsinə aydınlıq gətirib. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Peter Kuk ölkəsinin və onun rəhbərliyindəki İŞİD-ə qarşı mübarizə aparan koalisiyanın Türkiyənin Adana vilayətindəki İncirlik bazasından istifadə etdiyinə görə minnətdar olduğunu və bunun davam etməsinə ümidini dilə gətirib. Kuk xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Fikri İşığın "ABŞ-ın İncirlik bazasından istifadə edib Türkiyənin Əl-Bab əməliyatlarına dəstək verməməsinin düşündürücü məqam olduğu” barədəki sözlərinin xatırladılması qarşısında İncirlik bazasının çox önəmli olduğunu və koalisiyanın bundan minnətdarlıq duyduğunu vurğulayaraq, "Türkiyə ilə görüşlərimiz davam edir” söyləyib: "Bununla bağlı detalları açıqlaya bilmərik. İncirlik bazasından əməliyyatlar həyata keçirilir və bunların davam etməsini istəyirik”.
Azər
banner

Oxşar Xəbərlər